Bəşəri tərəqqiyə
aparan lider
Bu gün Azərbaycan inkişaf və sabitlik
dövrünü yaşayır. Lakin geriyə dönüb
ötən əsrin doxsanıncı illərinin tənəzzül
və çaşqınlıq dövrünə baxdıqda və
həmin tənəzzüldən tərəqqiyə doğru
gedən mürəkkəb proseslərin bütün
dramatizmini təsəvvürümüzdə
canlandırdıqda, qısa bir dövr ərzində misli
görünməmiş tarixi təkamülün əsas
müəllifi və “baş qəhrəmanı” Heydər Əliyevin
azman şəxsiyyəti bütün qüdrəti ilə
gözümüz önündə ucalır. Biz harada idik və
hara gəlib çıxdıq?! Biz kim idik və kim olduq?! Səksəninci
illərin sonu – doxsanıncı illərin əvvəllərində
Azərbaycanın həlli görünməyən
müdhiş problemləri və eyni zamanda, bu ölkənin
ictimai-siyasi həyatından təcrid edilmiş böyük
bir şəxsiyyəti vardı – Heydər Əliyev. Onu həmin
taleyüklü zamanda ona görə Azərbaycandan qoparıb
təcrid etmişdilər ki, Azərbaycanın
özünü dünyadan qoparıb təcrid etsinlər və
ölkəmizi sonrası bilinməyən kataklizmlər
burulğanına yuvarlatmaqla onun milli müstəqillik
ideallarını, ərazi bütövlüyü uğrunda
mübarizə hədəflərini birdəfəlik dəfn
etsinlər. Heydər Əliyev isə həmin tarixi zamanın
yeganə siyasət dühası idi ki, bu təhlükəli
niyyətlərin özünü birdəfəlik dəfn etməyə
qadir oldu.
Heydər Əliyev Azərbaycan
tarixinin bu həlledici anında özünü Vətəninin
harayına yetirən Sərkərdə olaraq onu uçurumun
lap qırağında tutub saxladı və ona bir daha heç
zaman düşmən iradəsinə təslim olmamaq
görkünü verdi. Heydər Əliyev Azərbaycan ətrafında
hörümçək toru kimi qurulmuş böyük bir
riyakarlıq tələsini sındırdı və ölkəmizin
bir daha çaşqınlıqlara uğramadan,
yabançı təsirlərlə yolundan sapmadan özünəməxsus
bir siyasi realizmlə müstəqil dövlət quruculuğuna
start verdi. Bu – Azərbaycanın Heydər Əliyev
potensialı idi. Heydər Əliyevin Azərbaycan
potensialını oyatmaq, səfərbər etmək, istiqamətləndirmək,
onu tükənməz yaradıcı enerjiyə çevirmək
missiyasını şərəflə yerinə yetirməsi isə
artıq tarixin milli taleyimizə yazdığı real salnamədir.
Heydər Əliyevin
yenidən hakimiyyətə gəlişi ilə ölkəmizin
düşdüyü çıxılmaz vəziyyətə
son qoyuldu, ulu öndərin böyük siyasi məharəti ilə
uzunmüddətli sabitləşmənin, müasir milli
dövlətçilik prinsiplərinin təməli
yaradıldı, ölkəmizin daxili və xarici siyasəti
bir-birini tamamlayan davamlı strateji məqsədlər üzərində
quruldu, Azərbaycan tədricən özünə
güclü etibarlı dostlar qazandı, global siyasi səhnədə
bir sıra rəqib mövqeləri kifayət qədər
neytrallaşdırdı, bir sözlə, milli inkişaf yolunda
sabit irəliləyiş və sıçrayışlı hərəkət
üçün bütün ilkin zəruri şərtləri
həyata keçirdi. Bu isə ölkənin siyasi rəhbərinə
imkan verdi ki, beynəlxalq arenada daha qətiyyətli manevrlər
edə bilsin. Ancaq unutmayaq ki, Heydər Əliyev bu böyük
siyasi təcrübəni SSRİ kimi nəhəng bir dövlətin
rəhbərlərindən biri kimi qazanmışdı. Ümumiyyətlə,
XX əsrin əlli-altmışıncı illəri – Heydər
Əliyevin dövləti idarəetmə məharətinin
formalaşmasında həlledici rol oynamış bir mərhələ
kimi xarakterizə edilə bilər. Çünki məhz bu illərdən
sonra respublika rəhbərliyində yüksəlişi, etimad
qazanması Heydər Əliyevə imkan vermişdi ki, sovet
dövlətçiliyinin genezisinə, mürəkkəb,
ierarxik strukturuna, üstünlük və zəifliklərinə,
praktikasının incəliklərinə bələd olsun. Heydər
Əliyev bu zaman həm də SSRİ ilə rəqabətdə
olan dünyanın böyük dövlətlərinin təcrübəsini
öyrənir, ikiqütblü dünyanın perspektivlərini
düşünür, gələcək qlobal kataklizmləri və
bəşəriyyətin inkişaf yollarını analiz
edirdi. Onun bu dövrdəki fəaliyyətinin Azərbaycan
miqyasına sığmadığı hələ o zaman bəlli
idi. Məhz bu miqyasın “təhlükəsini” nəzərə
alaraq, onu Azərbaycandan kənarda saxlamışdılar. Heydər
Əliyev bu niyyətləri alt-üst etməyi ilə ölkəsini
dünyanın mütərəqqi siyasi maraqlarının
ön cinahına çevirdi. Müstəqil Azərbaycanı
qurmaq – artıq Heydər Əliyevin siyasi fəaliyyətində
yeni bir meydanın açılması demək idi. Yetmiş
yaşlı ulu öndər tükənməz bir gənclik
enerjisi ilə Azərbaycanı yenidən yaratmağın
böyük yolunu başladı.
1990-93-cü illərdə
dünyanın siyasi meydanında Azərbaycanın yeri yox dərəcəsində
idi. SSRİ-dən yenicə ayrılmış bu ölkə
Qafqazın siyasi coğrafiyasında müxtəlif qlobal və
regional güclərin qarşıdurmasını tənzimləyə
bilmir, oriyentirlərini itirərək tez-tez bu və ya digər
qüvvənin təsiri altında məhvərindən
çıxır və hər addımında bir qədər
də itkiyə məruz qalırdı (bu itkilərin içərisində
ən böyüyü – Qarabağ!). Heydər Əliyev Azərbaycanı
“yedək siyasətinin” əlindən aldı və onu müstəqil
siyasəti olan bir dövlətə çevirdi. Heydər Əliyev
bununla da dünyanın siyasi proseslərinə təsir edən
bir şəxsiyyət olduğunu təsdiq etdi. O, Azərbaycanın
siyasi iradəsindən asılı olmayaraq dünyada cərəyan
edən prosesləri məhz Azərbaycanın xeyrinə,
ölkəmizin siyasi-iqtisadi maraqlarının mütləq nəzərə
alınmalı olduğu istiqamətə yönəltdi. “Azərbaycan
heç bir ölkənin təsiri altına düşməyəcəkdir.
Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir
Prezident kimi mənim siyasətimin əsas ana xəttidir” (Heydər
Əliyev.
“Müstəqillik yolu”, Bakı, 1997, s. 22) – müasir Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyev öz milli siyasətinin
əsas istiqamətini ölkəmizin ən çətin
günlərində də məhz belə bir qətiyyət və
əminliklə bəyan edirdi. Dövlət
suverenliyi uğrunda mübarizənin bütün məsuliyyətini
çiyinlərinə almış ulu öndər ölkəsinin
vətəndaşlarını bu amal ətrafında birləşdirərək,
onların güclü milli birliyini yaratmaq qüdrətində
idi.
Müasir Azərbaycan
dövlətçiliyinin banisi Heydər Əliyev bu
sarsılmaz mövqeyini ölkəmizdə də,
dünyanın hər bir nöqtəsində də, xüsusilə
ən yüksək beynəlxalq kürsülərdən dilə
gətirirdi: “Dövlət müstəqilliyinə nail olmaq Azərbaycan
xalqı üçün tarixi hadisədir və o, öz
dövlət müstəqilliyini qoruyub saxlamaq və möhkəmlətmək,
Azərbaycanın hər hansı bir digər dövlətin
hakimiyyəti və tabeliyi altında bir daha olmaması
üçün bu müstəqilliyin pozulmasına yol verməmək
əzmindədir”. Heydər Əliyev BMT-də akkreditə
olunmuş dünya dövlətlərinin daimi nümayəndələri
– səfirləri ilə görüşdəki
çıxışında (Nyu York, BMT binası, 29 iyul 1997)
müasir sivilizasiyalı dövlət
anlayışının ən düzgün və mükəmməl
tərifini verərək, ölkəsində azərbaycanlılarla
yanaşı, bir çox digər millətlərin nümayəndələrinin
də yaşamasını, Azərbaycan vətəndaşlarının
milliyyətindən asılı olmayaraq bərabərhüquqlu
olmasını, bununla da respublikamızın milli siyasətinin
nə qədər humanist və dünyəvi olmasını
beynəlxalq ictimaiyyətə çatdırırdı.
Heydər Əliyev
Azərbaycanın bir müstəqil dövlət olaraq
bütün maddi və mənəvi potensialını səfərbər
etməklə onun ayrı-ayrı istiqamətlər üzrə
inkişaf imkanlarını müəyyənləşdirdi,
xüsusilə milli intellektual enerjini yönəltməyi və
məharətlə idarə etməyi bacardı. O, rəhbəri olduğu
ölkənin vətəndaşını – həmvətəni
azərbaycanlını bu həqiqətə inandıra bildi
ki, sənin əcdadların Avrasiyanın ən mürəkkəb
bir regionunda, həm də böyük imperiyaların göz
dikdiyi həssas siyasi coğrafiyada çoxəsrlik dövlətçilik
təcrübəsi olan bir məmləkət, getdikcə zənginləşən
və zənginləşdikcə də kökündən
ayrılmayan bir mədəniyyət miras qoyublar, onu nəinki
yalnız qorumaq, həm də müasir dünyanın ən
inkişaf etmiş dövlətləri statusunda tanıtmaq,
onun elm və mədəniyyətini çağdaş
dünyanın ən mütərəqqi tendensiyalarında irəlilətmək
məsuliyyətin və missiyan var. Ulu öndər hər
şeydən öncə bu missiyanın mənəvi təməlini
– Liderə inamı yaratdı. Sonra həmin
missiyanın reallaşması üçün vacib şərt
olan milli konsolidasiya zərurətini irəli sürdü.
Heydər Əliyev ciddi bir səylə
çalışırdı ki, təqribən 90 il Rusiya
imperiyasının, 70 il Sovet İttifaqının tərkibində
yaşamış Azərbaycanın müstəqillik
immunitetini nəinki möhkəmlətsin, onun suveren dövlət
hüquqlarına beynəlxalq ehtiramı yaratsın, həm də
Azərbaycanın bir çox mühüm qlobal məsələlərdə
önəmliliyini, hətta liderliyini, “birinciliyini” bir gerçəklik
olaraq təsdiq və etiraf etdirsin. Halbuki,
çoxları istəyirdi ki, Xəzər regionunda qlobal layihələrin
həyata keçirilməsini Azərbaycana diktə olunan,
başqa dövlətlərin iradəsi ilə baş tutan bir
fəaliyyət kimi təqdim etsinlər. Heydər Əliyev
isə sübut etdi ki, həmin layihələrin start
ideyası məhz Azərbaycana məxsusdur və bu ideya
müasir dünya siyasəti və iqtisadiyyatının qlobal
inkişaf məntiqi, beynəlxalq birliyin iradəsi ilə
uzlaşdığı üçün onun
reallaşmasının qarşısını almaq, nə qədər
canfəşanlıq edilsə də, mümkün olmayacaq. Yaxın tarix böyük siyasətçinin nə qədər
uzaqgörən olduğunu bu məqamda da təsdiqlədi.
İyirminci əsrin son,
iyirmi birinci əsrin isə ilk onilliyində Cənubi Qafqaz və
Xəzər regionunda baş verən tarixi-siyasi proseslərin
getdikcə Azərbaycanın xeyrinə dəyişməsi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında ölkə inkişafının dönməz
xarakter alması, bu gün dövlətimizin
yürütdüyü siyasətin dünyada qlobal əməkdaşlığa
böyük meydan açan pozitiv siyasət kimi dəyərləndirilməsi
Heydər Əliyev kursunun çox ciddi rasional dayaqlara malik
olduğuna danılmaz bir sübutdur. Tarixi zaman və qlobal məkan
koordinatlarında Azərbaycan dövlətinin yerini və
rolunu dəqiq müəyyən etməyi bacaran dahi lider Heydər
Əliyevin milli müstəqillik siyasəti həm də o
böyük məqsədi daşıyır ki, sürətlə
transformasiya olunan və ağırlıq mərkəzini dəyişən
bu qlobal məkanda, geopolitik münasibətlərin sürətli
dinamikasında Azərbaycanın özünəməxsus
siyasi mədəniyyət praktikasının formalaşdırdığını
göstərsin. Bu məqsəd, həm də
dünyada Azərbaycana münasibəti düzgün
formalaşdıran bir siyasətin effektiv proseslərini
hazırlayır.
Hazırda Azərbaycan
dünyanın ən böyük enerji nəqli layihənlərinin
həyata keçirildiyi bir ölkə timsalında nəinki
özünün, eyni zamanda daxil olduğu Qafqaz və Xəzər
regionunun dünya birliyinə inteqrasiyasında, Heydər Əliyevin
qeyd etdiyi kimi, Şərq – Qərb əməkdaşlığında
mühüm rol oynayır. Qlobal siyasətdə
Azərbaycan bu gün artıq dünyanın ən
mühüm geopolitik mərkəzlərindən biri hesab
edilir.
Ümummilli
lider Heydər Əliyev qlobal inteqrasiya proseslərində Azərbaycanın
məhz belə önəmli iştirakının siyasi
texnologiyalarını yaratdı, onun qarşılıqlı
faydalanmaya əsaslanan mexanizmlərini irəli sürdü. Cəsarətlə demək
olar ki, ulu öndər Heydər Əliyev həm ölkə, həm
region, həm də dünya miqyasında ümumbəşəri
humanist məqsədlərin konvergensiya nöqtəsini tapan və
bu məqamdan müxtəlif fəaliyyət yönlərini
istiqamətləndirən, qlobal siyasət və qlobal iqtisadi
maraqlarla milli siyasi-iqtisadi maraqların optimal
uzlaşmasını yaradan mahir siyasətçi idi. Məhz belə olduğu üçün “Əsrin
müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan layihəsi
reallığa çevrildi. Neft və qaz nəqli,
nəqliyyat və kommunikasiya üzrə digər mühüm
layihələrin həyata keçirilməsinə geniş
perspektivlər açıldı. Azərbaycan
indiki inkişaf səviyyəsinə çatdı, “regional
liderlik” statusu qazana bildi. İnkişafın
“Azərbaycan modeli” beynəlxalq siyasi-diplomatik leksikona daxil
oldu. Bakı-Tbilisi-Ceyhan layihəsinə start veriləndə
rəqib qüvvələr belə bir yanlış rəy
yaratmağa çalışırdılar ki, guya bu beynəlxalq
konsorsiumda Azərbaycanın mənafeləri o qədər də
nəzərə alınmamışdır. Amma sonrakı real
proseslər göstərdi ki, bu belə deyil, “Əsrin
müqaviləsi”ndə nəinki Azərbaycanın iqtisadi
maraqları kifayət qədər nəzərə
alınıb, ümumiyyətlə, “Bakı-Tbilisi-Ceyhan” Azərbaycanın
mülkiyyətidir, Azərbaycan dövlətinə, Azərbaycan
xalqına məxsusdur.
Müasir
dünya siyasətinin yaradıcılarından olan Heydər Əliyev
qloballaşma proseslərinin ümumən beynəlxalq birliklə,
Azərbaycanla və onu əhatə edən regionla
bağlı bütün başlıca tendensiyalarına fəal
münasibətini bildirir və həmin tendensiyaların dərinləşərək
dünya birliyini gücləndirməsinə
çalışırdı. O, siyasi fəaliyyətinin bu istiqamətində
həmişə dünya təcrübəsindən
çıxış edirdi: “Dünya təcrübəsi
göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq,
təcrübə mübadiləsi olmadan, səylər və
ehtiyatlar birləşdirilmədən, təkbaşına
iqtisadi tərəqqiyə nail ola bilməz”.
Heydər Əliyevin “Tərəqqi
strategiyasında” beynəlxalq təcrübə mübadiləsinin
daim inkişaf etdirilməsi və bunun üçün yeni
vasitələrin tapılması olduqca vacibdir. Ulu öndər qlobal inteqrasiyanın elə bir yolunu
ümumbəşəri nailiyyətlərin qazanılmasına
doğru aparan yol hesab edirdi ki, onun alternativi yoxdur – bu yol beynəlxalq
hüquq çərçivəsində, normal rəqabət
mühitində, iqtisadi innovasiyaların
qarşılıqlı mübadiləsi, təşviqi şəraitində
dünya dövlətlərinin bərabər inkişaf
strategiyalarını özündə birləşdirən
yoldur. Heydər Əliyev beynəlxalq birliyi,
dünyanın hətta müəyyən konfliktdə olan
siyasi-iqtisadi güclərini məhz bu yolun
reallığına və perspektivlərinə inandıraraq həmin
gücləri bir araya gətirə bildiyi üçün “Əsrin
müqaviləsi” kimi qlobal layihə baş tutdu. Heydər Əliyevin bu tarixi təşəbbüsü
nəinki onun siyasi karyerasında parlaq bir səhifədir, həm
də bu, onun iki əsrin qovşağında beynəlxalq
iqtisadi və siyasi təhlükəsizliyə, qlobal əməkdaşlığa,
Avrasiya sülh proseslərinin məhz Azərbaycan
koordinatlarında möhkəm dayaqlar tapmasına böyük
töhfəsidir. Azərbaycan rəhbəri Heydər Əliyev
və ABŞ Prezidenti Bill Klinton 29 yanvar 2000-ci il
Davos görüşündə bu layihənin beynəlxalq əhəmiyyətini
bir daha bəyan edərək, “Əsrin müqaviləsi”indən
başlanan uğurlu əməkdaşlığın həm hər
iki ölkənin, həm də bütövlükdə
dünya iqtisadiyyatının inkişafında irəliyə
doğru mühüm bir addım olduğunu qeyd etmişlər.
Bill Klinton söyləmişdir: “Mən əminəm ki, Xəzər
hövzəsi ölkələrinin zəngin neft
ehtiyatlarının dünyanın aparıcı neft şirkətləri
ilə birgə işlənilməsi regionun bütün
dövlətlərinin inkişafına xidmət edəcək,
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin
suverenliyi və müstəqilliyinin daha da möhkəmləndirilməsinə
töhfə verəcəkdir. Onu da deməliyəm
ki, Bakı-Ceyhan və Transxəzər boru kəmərləri
kimi nəhəng layihələrin həyata keçirilməsində
Azərbaycan aparıcı rol oynayır”.
Heydər Əliyev
Böyük İpək yolunun bərpa edilməsi layihəsinə
də məhz Azərbaycan dövlətinin maraqları
prizmasından yanaşır, onun əsas əhəmiyyətini
qlobal əməkdaşlığı yeni bir mərhələyə
keçirməsində görürdü: hesab edirdi ki,
Böyük İpək yolunun bərpa edilməsi, TRASEKA
proqramının həyata keçirilməsi Avropa Birliyi məkanından
başlayıb Qafqazdan, Xəzər dənizindən keçməklə
Mərkəzi Asiyaya uzanacaq – Şərqlə Qərbi, Avropa
ilə Asiyanı birləşdirəcək bu nəqliyyat dəhlizi
gerçəkliyə çevrilərək həmin regionda
yaşayan xalqların rifahının yüksəlməsinə
böyük töhfə verəcəkdir. Ötən
10 illik dövr müdrik siyasətçinin dediklərini təsdiq
etdi. Artıq Azərbaycan həm iqtisadi, həm də mədəni
baxımdan Böyük İpək yolunun “mənzil-qərargah”ına çevrilmişdir. Ümummilli lider Heydər
Əliyevin bir şəxsiyyət olaraq müdrikliyi və
uzaqgörənliyi, eyni zamanda, dünyanın böyük siyasətçiləri
ilə (deməli, həm də Qlobal siyasətlə) təmas
yaratmaq, fikir mübadiləsi aparmaq, siyasi proseslərə təsir
imkanları əldə etmək məharəti getdikcə Azərbaycana
pozitiv münasibətin davamlı səmtini və dönməz
xarakterini müəyyənləşdirmişdir.
Heydər Əliyev
dünya siyasi tarixinin inkişaf qanunauyğunluqlarını
mükəmməl bilən, tarixi proseslərin mahiyyətini dərindən
anlayan və anladan, tarixi gerçəkliyin öz məntiqindən
çıxış etməyi bacaran bir mütəfəkkir
siyasətçi olaraq bəşəriyyətin təkamül
və tərəqqi yoluna baxır və onun ana xətlərini,
aparıcı tendensiyalarını dəyərləndirirdi. Ümummilli
liderimizin siyasi dünyagörüşü və fəaliyyəti
o istiqamətə yönəlmişdi ki, bu yöndə
planetar birliyin yalnız qarşılıqlı əlaqələri
intensivləşdirməklə qlobal iqtisadi rifaha, siyasi-mədəni
əməkdaşlığa stimul yarada biləcək
tendensiyaları təşviq edilir. Böyük
siyasətçi belə bir ciddi məramla qlobal, regional və
milli maraqların birləşdirilməsini ən yeni dünya
tarixində planetar humanizmi dərinləşdirən spesifik əlamətlər
kimi səciyyələndirirdi. Heydər Əliyev
Azərbaycanın bu prosesdəki yerini müəyyən edir,
ölkəmizin siyasi-iqtisadi həyatı üçün zəruri
olan strategiyanı yaradırdı.
Əgər Azərbaycan
xalqının böyük alimi Lütfi Zadə “Qeyri-səlis
məntiq” nəzəriyyəsini yaratmışdırsa, bu
xalqın dahi oğlu Heydər Əliyev, əslində, “qeyri-səlis
məntiqlə” idarə olunan dünyada baş verən ziddiyyətli
proseslərin həlli yollarını aramağa, “qeyri-səlis”
dünyaya “səlis” məntiq verməyə, dünya nə qədər
“nahamar”, məntiqə sığmaz olsa da, ondakı
nizamyaradıcı başlanğıcı qüvvətləndirib
siyasi fəaliyyətin mahiyyətinə çevirməyə
çalışırdı. Buna görə də
ulu öndər Heydər Əliyev dünyanı daim konflikt
rejimində saxlayan səbəblərə bu və ya digər
formada – bəzən açıq şəkildə, bəzən
də diplomatik yolla münasibətini bildirirdi. Böyük siyasətçi dövlətləri və
xalqları müharibələrə sürükləyən,
müxtəlif cəmiyyətləri daim ziddiyyətlər
burulğanına salan ilkin konflikt determinantlarını
arayır və onların üzə çıxarılaraq
aradan qaldırılması üçün qlobal səylərin
birləşdirilməsinə çalışırdı.
Heydər Əliyevin
bütün həyatı boyu qazandığı böyük
təcrübə onun siyasi iradəsinin belə bir cəhətini
möhkəmləndirmişdi ki, hər hansı bir problemin həllində
ümumbəşəri humanist dəyərləri, həqiqət
mövqeyini müdafiə etsin. Azərbaycan
xalqının köklü ənənələri ilə
bağlı olan bu xarakterik xüsusiyyətlər Heydər Əliyevin
siyasi fenomenində ən parlaq şəkildə öz əksini
tapır. Heydər Əliyev insanları,
xalqları, dövlətləri konflikt rejimindən
çıxarmağa, müharibə və qarşıdurma
situasiyalarından çəkindirməyə, cəmiyyətdaxili
ziddiyyətləri aradan qaldırmağa yönələn
siyasi texnologiyaların yaradıcılarındandır. Ulu öndər yaxşı bilirdi ki, bu problemlərin
həll edilməsinin ən optimal yolu insanların
yaradıcı fəaliyyətini bəşəriyyətin
qazandığı tarixi və müasir təcrübə əsasında
daim genişləndirmək, onun meydanını planet
miqyasına qədər böyütmək gərəkdir.
Heydər Əliyevin böyük siyasi səyləri
həm öz xalqını, həm də bütün bəşəriyyəti
yalnız tərəqqiyə aparan yolların
axtarışına köklənmişdir.
Heydər Əliyev
qurucusu olduğu müasir Azərbaycan dövlətinin beynəlxalq
münasibətlər sistemində nüfuzlu mövqe
qazanması üçün ilk təməlləri yaradan bir
siyasətçi idi. O, qloballaşan dünyada rəhbəri olduğu ölkəni
hər cəhətdən modernləşməyə,
aparıcı siyasi, iqtisadi, elmi-humanitar texnologiyalara yiyələnməyə
can atan və buna qadir olan, eyni zamanda daxil olduğu regionu bu
pozitiv istiqamətə stimullaşdıran bir dövlət
olaraq təqdim edə və tanıda bilmişdir. Onun islahatlar strategiyası müasir dünyanın
qlobal modernləşmə strategiyasının ayrılmaz bir
hissəsidir. Heydər Əliyevin beynəlxalq
miqyaslı fəaliyyətindəki bu prinsipial mövqeyi
dünyanın böyük siyasi xadimləri də dönə-dönə
təsdiq etmişlər.
Heydər Əliyevin
müəyyən etdiyi böyük yaradıcı siyasət
bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən əzmkarlıqla davam etdirilir və
uğurlu nəticələri ilə dövlətimizin beynəlxalq
nüfuzunu daha da yüksəldir. Heydər Əliyev
kursunda qarşıya qoyulmuş məqsədlər ona görə
realdır ki, onlar həm Azərbaycan, həm də dünya
inkişafının koordinatlarını müvafiq müstəvidə,
qanunauyğun şəkildə birləşdirə bilir.
Bu gün yeni dünya nizamında Azərbaycan bu
mütərəqqi istiqaməti qüvvətləndirən bir
demokratik ölkə statusunda öz mövqeyini daha sabit, daha
dayanıqlı edir.
Biz ulu öndərimizin 87-ci
ildönümünü böyük ehtiramla qeyd etdiyimiz bir
vaxtda onun siyasi fəaliyyətinin bütün zənginliyini və
dərinliyini, güclü bir məntiqlə gələcəyə
hesablandığını dərk edərək, həm də
düşünürük – ABŞ-ın keçmiş
Prezidenti Corc Buş əbəs yerə deməyib: “Heydər Əliyev
Cənubi Qafqazda uzun müddət ərzində ən əsas
şəxsiyyət olmuşdur”. Biz isə Heydər Əliyevin
həmvətənləri və müasirləri kimi
böyük qürur hissi ilə deyə bilərik ki, Heydər
Əliyev Cənubi Qafqazdan bütün dünyaya yayılan
Qlobal Təkamül Strategiyasınin Azərbaycanlı müəllifidir,
Müstəqil Azərbaycan dövləti isə onun şah əsəridir.
Cavanşir FEYZİYEV,
fəlsəfə doktoru
Xalq qəzeti.- 2010.- 12 may.- S. 7.