Krımdan Berlinədək uğurla keçilmiş döyüş yolu

 

Böyük Vətən müharibəsi keçmiş SSRİ ölkələri xalqlarının taleyində unudulmaz tarixi hadisədir. Müharibənin davam etdiyi 1941-1945-ci illərdə bütün sovet respublikaları kimi, Azərbaycan da keçmiş ümumi vətən üçün özünün maddi və mənəvi imkanlarını səfərbər etmiş, faşizm üzərində qələbə qazanılması naminə əlindən gələni əsirgəməmişdi. Yüz minlərlə azərbaycanlı gənc sovet qoşunlarının tərkibində ayrı-ayrı döyüş cəbhələrində rəşadətlər göstərmiş, Şimali Qafqaz cəbhəsindən tutmuş Berlinə qədər böyük bir qəhrəmanlıq yolu keçmişdi. Və təbii ki, o qanlı-qadalı illər qurbansız ötüşməmiş, minlərlə həmvətənimiz döyüşlərdə öz canlarını fəda etmişdi.

 

Müharibədən sağ-salamat qayıdanlar isə hər il mayın 9-da həm faşizm üzərində qələbənin ildönümünü qeyd edir, həm də keçmiş döyüş yoldaşlarını minnətdarlıq hissi ilə xatırlayırlar. Və artıq 65-ci ildir ki, qəhrəman Azərbaycan oğulları özlərinin tarixi qələbəsini qeyd edirlər. Hər il olduğu kimi, bu il də Azərbaycanda qələbənin ildönümü dövlət səviyyəsində qeyd edildi, artıq ahıl yaşlarına çatmış keçmiş döyüşçülər dövlətin qayğısı ilə əhatə olundular.

1925-ci ildə Qubada anadan olmuş, Zaqatala Pedaqoji Texnikumunu bitirmiş, 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və elə həmin ilin oktyabrında vətənin müdafiəsinə yollanmış Rəşid Məmməd oğlu Şıxəliyev də o illərdə Berlinə qədər şərəfli bir döyüş yolu keçmiş fədakar həmvətənlərimizdəndir. Bu gün onun sinəsini ən müxtəlif döyüş orden və medalları bəzəyir. Keçdiyi döyüş yolu haqqında isə Rəşid müəllim xüsusi həvəslə söz açır, sanki bir-birindən maraqlı xatirələri ilə özünün əlçatmaz gəncliyinə qovuşmaq istəyir, cəbhə yoldaşlarını böyük məhəbbətlə yada salır, müharibədən sonra onlarla uzun illər yazışdığını qeyd edir.

Rəşid Şıxəliyevin xatırlamalarına görə, 1942-ci ilin oktyabrında, hələ BDU-nun birinci kursunda təhsil alarkən bir gün evə qayıdanda hərbi komissarlıqdan çağırış vərəqəsi gəldiyini görüb və göstərilən vaxtda komissarlığa gəlib. Buradan onu hərbi xidmət üçün Gürcüstandakı kiçik avaisiya mütəxəssisləri məktəbinə göndəriblər. Burada 6 ay təhsil alıb, müxtəlif növ hərbi təyyarələrin sirlərini öyrənib. Nəticədə aviasiya motorçusu ixtisasına yiyələnib və kiçik çavuş (serjant) rütbəsi alıb. Sonra az bir müddət Hacıqabuldakı hərbi hissədə xidmət etdikdən sonra onu yenidən Gürcüstandakı Vaziani hərbi hissəsinə göndəriblər. Burada da lazımi təlimləri keçdikdən sonra Rəşid Şıxəliyev özünün döyüş yoldaşları ilə birgə ön cəbhəyə, döyüşən ordu sıralarına yola salınıb. Onun xidmət etdiyi hərbi təyyarələr Hitler aviasiyası ilə ilk döyüşlərə Taman yarımadasında başlayıb. Qəhrəman təyyarəçilərin müvəffəqiyyətli döyüşləri nəticəsində tezliklə yarımada düşməndən azad edilib. Rəşid müəllim, eyni zamanda, Kerçin, Krım yarımadasının azad edilməsində də yaxından iştirak edib.

Onun xatırlamalarına görə, faşistlərin işğalı altında olan Kerç şəhərinin azad edilməsi uğrunda böyük hava döyüşləri aparılıb. Ümumiyyətlə, Krımda düşmənin ən təcrübəli, ən qəddar təyyarəçiləri döyüşüb. Onların üzərində qələbə qazanılması sovet təyyarəçiləri üçün heç də asan başa gəlməyib. Sovet təyyarəçiləri əsasən gənclərdən ibarət olub, yalnız az sayda Moskva və digər yerlərdə döyüşmüş təyyarəçilərin müəyyən qədər təcrübəsi olub. Bununla belə, igid döyüşçülərin inadlı müqaviməti və rəşadəti sayəsində həmin ərazilər də tezliklə hitlerçilərdən azad edilib. Təkcə Rəşid Şıxəliyevin xidmət etdiyi alay (polk) həmin döyüşlərdə düşmənin 70 təyyarəsini vurub.

Krım uğrunda döyüşlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, təcrübəli təyyarəçi Pavel Mixayloviç Kavozinin göstərdiyi şücaətlər haqqında Rəşid müəllim böyük həvəslə danışdı. O, bir gecə hava kəşfiyyatına çıxaraq içində düşmənin 18-20 nəfər yüksək rütbəli zabitinin olduğu xüsusi nəqliyyat təyyarəsini məhv etmiş və ancaq yanacağı tükənərkən yerə enməyə macal tapmışdı. Bir neçə gündən sonra sovet döyüşçüləri öyrənmişdilər ki, Almaniyada həmin general və polkovniklərin ölümü ilə bağlı matəm elan olunub.

Rəşid Şıxəliyev və onun əsgər yoldaşları hava döyüşlərində olan təyyarələrin uçuşa hazırlanması, təmiri, yanacaqla, yağla və s. təzhiz edilməsi ilə məşğul olublar. Onun sözlərinə görə, sülh dövründə bir təyyarə motorunun çıxarılaraq yenisi ilə dəyişdirilməsi üçün 4-5 gün vaxt lazım olur, ancaq müharibə dövründə gənc Rəşid və dostları bu işi 3-4 saat ərzində görüblər. Və bu işləri qarlı-şaxtalı qış gecələrində görmək böyük çətinliklə başa gəlib. Ümumiyyətlə, özünün xidmət etdiyi illər ərzində Rəşid Şıxəliyev 185 döyüş təyyarəsinin uçuşa hazırlanmasını həyata keçirib. Krımda göstərdiyi xidmətə görə o, “Döyüş xidmətlərinə görə” medalı ilə təltif edilib.

1944-cü ilin aprelində Krımın azad edilməsindən sonra Rəşid müəllimin xidmət etdiyi polk Ukraynanın azadlığı uğrunda döyüşlərə göndərilib. Poltava ətrafında gedən qanlı döyüşlərdə iştirak ediblər. Ukraynanın azad edilməsindən sonra isə onları 1945-ci il yanvarın 14-də 2-ci Belorusiya cəbhəsinin tərkibində Sovet İttifaqı marşalı Rokossovskinin komandanlığı altında Keniqsberqin (sonradan Kalininqrad) müdafiəsinə göndəriblər. Bu şəhər uğrunda döyüşlərdə qırıcı təyyarələrə 250 kiloqramlıq bombaların qoşulmasına başlanılıb. Bu iş də istər zabit, istərsə də əsgər heyəti üçün böyük çətinliklə həyata keçirilib. Bu qayda ilə döyüşə çıxan qırıcıların da iştirakıyla 2-ci Belorusiya cəbhəsi, nəhayət, 1945-ci il aprelin 9-da Keniqsberqi azad edib. Bu döyüşlərdə İl markalı təyyarələr xüsusilə fərqlənib. Onlar əsasən alçaqdan uçaraq düşmən mövqelərinə sərrast zərbələr endirərək qələbəni yaxınlaşdırıb. Sonralar İl-10 tipli və digər qırıcı təyyarələr döyüşə çıxıb.

Rəşid Şıxəliyev özünün döyüş yolunda Polşanın, Şimali Pribaltikanın və Berlinin azad edilməsində də yaxından iştirak edib. Bu istiqamətdə bir çox şəhərlər faşist köləliyindən azad edilib. Pribaltikanın şimalındakı Allenştayn şəhərinin azad edilməsindən sonra isə onların alayına həmin şəhərin adı verilib. Bundan sonra alay belə adlanıb: “Suvorov ordenli 66-cı qırıcı Allenştayn aviasiya polku”.

Rəşid müəllim xatırlayır ki, müharibədə olmazın çətinliklər çəkiblər. Ancaq düşmən üzərində qələbə əzmi ilə döyüşüblər. Gecələr faşist təyyarələri uğuldayaraq göydən başlarına bombalar yağdırıb, bəzən bütöv bir armadanın hücumu qarşısında qalıblar. Hər an ölümlə qarşılaşıblar. Təbii ki, yerdən düşmən təyyarələrini vurub salmağa həmişə cəhdlər göstərilib. Ancaq düşmən də öz işini görüb. Bir gün eşidiblər ki, qonşu alaya hücum zamanı düşmən təyyarələri bütün hərbi hava texnikalarını məhv edib, yüzlərlə təyyarədən cəmi 7-si salamat çıxıb. Rəşid Şıxəliyev müharibə başa çatdıqdan sonra hərbçi olmaq qərarına gəlir və Aşqabaddakı hərbi aviasiya məktəbinə daxil olur. 1950-ci ildə məktəbi bitirdikdən sonra həyatını hərbi aviasiya ilə bağlayır, zabit kimi keçmiş SSRİ-nin bir sıra şəhərlərindəki hərbi hissələrdə, Almaniyada hərbi desant təyyarələrində xidmət edir. O, ümumilikdə 4500 saat uçuşda olub, 60 dəfə paraşütlə tullanıb.

Rəşid Şıxəliyev vətən qarşısında xidmətlərinə görə “Böyük Vətən müharibəsi” ordeni və 23 medalla təltif olunub. O, istər keçmiş Sovet İttifaqında, istərsə də müstəqil Azərbaycanda Böyük Vətən müharibəsi iştirakçılarına göstərilən qayğı və diqqətdən də razılıqla danışdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müharibə iştirakçılarına həmişə hörmətlə yanaşdığını, Azərbaycan Prezidenti İlham Əliyevin də bu yolu inamla davam etdirdiyini, qələbə günlərində onlarla görüşərək böyük diqqət və qayğı göstərdiyini dedi. Veteran döyüşçü bu səmimiyyətinə görə dövlət başçısına minnətdar olduğunu bildirdi.

 

 

Paşa Əmircanov

 

Xalq qəzeti.- 2010.- 13 may.- S. 7.