Heydər Əliyev Azərbaycanda aqrar sahənin inkişafına xüsusi diqqət və qayğı göstərirdi

 

Danılmaz faktdır ki, Azərbaycan xalqının tərəqqisi, sosial-iqtisadi, elmi-mədəni inkişafı, müstəqilliyimizin qorunub saxlanılması, ölkə daxilində ictimai-siyasi sabitliyin yaradılması, demokratik təsisatların bərqərar edilməsi, gənc və müstəqil dövlətimizin beynəlxalq aləmdə layiqli yer tutması, onun regional mərkəzə çevrilməsi kimi digər yüzlərlə tarixi əhəmiyyətli proseslər məhz Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır.

 

Ulu öndərimiz Azərbaycanda sənayeləşmənin kütləviləşməsi, regionlara yayılması, milli şüurun inkişafı, vətəndaşlara dövlətçilik ənənələrinin aşılanması, azərbaycançılığın ideoloji-siyasi konsepsiya halına gətirilməsi və milli birliyin başlıca təminatçısı qismində ictimai şüurda aparıcı mahiyyət kəsb edən əsas faktor səviyyəsinə qədər yüksəldilməsi və s. kimi yüzlərlə tarixi vəzifələri reallaşdırmışdır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993—2003-cü illərdə də həyata keçirilən tədbirlər bir tərəfdən ölkədə siyasi hərc-mərcliyin, anarxiyanın, vətəndaş qarşıdurmasının, sosial narazılıqların, mənəvi aşınmanın, ərazi işğalının qarşısını almaqla yanaşı, başqa bir tərəfdən dövlət institutlarının yaradılması, onların fəaliyyəti, mexanizmlərinin bərpa edilməsi, demokratik təsisatların formalaşdırılması, mədəni-humanitar dəyərlərin, mənəvi meyarların, milli özünüdərkin bərpası, eyni zamanda, maddi-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadi dirçəlişin təməlinin qoyulması ilə müşahidə edildi.

Heydər Əliyevin fəaliyyətində aqrar-iqtisadi siyasət də özünəməxsus yer tutmuşdur. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969—1982-ci illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında (1970-ci il)”, “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi haqqında (1975-ci il)”, “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında (1976-cı il)” kimi tarixi qərarlar qəbul olunmuş, respublika üçün mühüm əhəmiyyət kəsb edən Sərsəng, Madagiz, Araz, Arpaçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar-Cibir magistral kanalları, Naxçıvan MR-də üç pilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi-Muğan və Cənub-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. kimi yüzlərlə obyektlər tikilib istifadəyə verilmişdir.

1969—1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə sovet hakimiyyəti dövrünün əvvəlki 50 ili ərzində qoyulan vəsaitdən 2 dəfə artıq vəsait yönəldilmişdir. Həmin illərdə aparılmış geniş quruculuq işləri sayəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdır.

Respublikada güclü istehsalat bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat, layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı sahəsi, su axınını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları, su anbarlarından ibarət etibarlı meliorasiya və su təsərrufatı kompleksi yaradılmışdır.

Ümummilli liderimiz aqrar sahəyə xüsusi diqqəti və köməkliyi nəticəsində ölkəmizdə kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. 1983-cü ildə Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə artmışdı. Bitkiçilik üzrə bu göstərici 2,6 dəfə, heyvandarlıq sahəsində isə 1,7 dəfə artmışdır.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi inkişafının ən uğurlu nəticələri kənd təsərrüfatının ayrı-ayrı sahələrində, xüsusilə pambıqçılıqda öz əksini tapırdı. Bu dövrdə kənd təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, bu sahədə istehsal 2,5 dəfə artmışdı. Bundan başqa, ittifaq miqyasında istehsal olunan pambıq ipliyinin 9,6 faizi, ipək xammalının 11,7 faizi məhz Azərbaycanın payına düşürdü.

Bu yerdə diqqəti bir məqama yönəltmək istərdim. O illərdə aqrar sahədə uğurlar əldə edilməsinin bir səbəbi ulu öndərin tez-tez rayonlara getməsi, kəndlərdə görüşlər keçirməsi, insanların qayğıları ilə ciddi şəkildə maraqlanması, eyni zamanda onların əməyinin yüksək şəkildə qiymətləndirilməsi idi. Bütün bunlar kənd adamlarının torpağa, zəhmətə bağlılığını daha da artırır, istehsal göstəricilərinin ildən-ilə yüksəlməsinə müsbət təsir göstərirdi. Faktlara diqqət yetirək. 1982-ci ildə 1969-cu ildəki 573,9 min tona qarşı 1211,3 min ton taxıl, 299,4 min tona qarşı 558,9 min ton pambıq 272 min tona qarşı 1815,6 min ton üzüm, 372 min tona qarşı 916,7 min ton tərəvəz, 24,5 min tona qarşı 57 min ton tütün, 52,2 min tona qarşı 345 min ton meyvə və giləmeyvə istehsal olunmuşdur.

1970—1982-ci illərdə orta illik məhsuldarlıq əvvəlki 13 ilin məhsuldarlığından taxıl üzrə 1,9 dəfə, pambıq üzrə 1,8 dəfə, tütün üzrə 2 dəfə, tərəvəz üzrə 1,6 dəfə, meyvə üzrə 1,4 dəfə, üzüm üzrə 2 dəfə, çay yarpağı üzrə 2,3 dəfə çox olmuşdur.

Respublikada üzümçülüyün inkişafında daha böyük uğurlar əldə edilmişdir. Üzüm istehsalında respublikanın xüsusi çəkisi keçmiş ittifaqda 1969-cu ildəki 6,5 faizə qarşı 1982-ci ildə 23,2 faiz təşkil etmişdir.

Ulu öndərimiz ittifaq rəhbərliyində olan zamanlarda da meliorasiya və su təsərrüfatı sahəsinə qayğısını əsirgəmirdi. Onun bilavasitə köməkliyi Baş Mil-Muğan kollektorunun, Vayxır su anbarının, Şəmkir maşın kanalının və onlarla digər obyektlərin tikintisi ilə bağlı məsələlərdə öz əksini tapmışdır.

1991-ci ildə Sovet İttifaqı dağılandan və Azərbaycan müstəqillik əldə edəndən sonra ölkə qarşısında iqtisadiyyatın zamanın tələblərinə uyğun yenidən qurulması kimi həyati əhəmiyyətli problem dayanırdı. Sovet İttifaqında planlı təsərrüfat sisteminin dağılması digər respublikalar kimi, Azərbaycanı da ağır iqtisadi böhrana salmışdı. Respublikanı bu böhrandan çıxarmağın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını yeni iqtisadi əsaslarla bərpa etmək idi. Bunun da həyata keçirilməsi üçün, ilk növbədə, torpaq islahatları aparılmalıydı.

Xatırladım ki, əsası məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Culfa rayonunun Şurut və Gal kəndlərində həyata keçirilməklə qoyulan torpaq islahatları o, respublika Prezidenti seçiləndən sonra bütün ölkəyə tətbiq edildi. Bu proses dünyada analoqu olmayan bir şəkildə, yəni torpaqların pulsuz olaraq əvəzsiz pay kimi vətandaşlara verilməsi ilə həyata keçirildi. 1995-ci ildən başlayaraq torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı mükəmməl hüquqi baza yaradıldı, 52-dən artıq fərman, sərəncam və digər hüquqi aktlar hazırlandı.

Onun təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza formalaşdırıldı. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanunu, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Torpaq Məcəlləsi”, Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Torpaq Məcəlləsi” və digər hüquqi — Normativ aktlar ölkədə torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli fərmanından sonra islahatların həyata keçirilməsi prosesi daha da sürətləndi.

Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daim marağına səbəb olmuş, bu sahədə Azərbaycanda yaradılan hüquqi baza dərindən öyrənilmiş, prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Həmin məqsədlə Ukrayna, Rusiya, Belorusiya, Qazaxıstan və digər dövlətlər Azərbaycan təcrübəsindən yararlanmaq qərarına gəlmişlər.

Aqrar islahat nəticəsində 2239 kolxoz, sovxoz və s. kənd təsərrüfatı müəssisəsi ləğv edilərək onların bazasında müxtəlif təşkilati-hüquqi formalı təsərrüfatlar yaradılmışdır. 2002-ci ilin sonuna ölkədə 1959 kənd təsərrüfatı müəssisəsi, o cümlədən 1022 kollektiv müəssisə, 363 kiçik müəssisə, 157 kənd təsərrüfatı istehsalı kooperativi və s. mövcud olmuşdur. Bunlardan başqa, kənd təsərrüfatına xidmət göstərən 25 aqroservis müəssisəsi fəaliyyət göstərmişdir.

Ümummilli liderimizin bilavasitə rəhbərliyi və iştirakı ilə torpağın özəlləşdirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi və nəhayət, torpaq islahatı haqqında Qanunun qəbul olunması hadisəsinin özü bazar iqtisadiyyatına keçid istiqamətinə atılmış cəsarətli addımdır və göstərdiyimiz kimi, MDB məkanında olan ölkələr üçün parlaq təcrübə nümunəsidir.

Torpağın özəlləşdirilməsi sayəsində 857,6 min ailə və yaxud onların 98,1 faizi öz torpaq paylarına sahib olmuşdur. Orta hesabla bir ailəyə 1,6 hektar, cəmi isə 1375,5 min hektar torpaq sahəsi verilmişdir. Torpaq payı almış ailələrdən 2589-u kəndli (fermer) təsərrüfatı kimi rəsmi qeydiyyatdan keçmişdir.

İslahatın əvvəlindən bəri 23,5 min yük avtomobili (onların ümumi sayının 91,3 faizi), 28,4 min traktor (94,2 faiz), 20 min pambıqyığan maşın (98,3 faizi) və 3,9 min taxılyığan kombayn (97,3 faizi), habelə 4,1 min iribuynuzlu mal-qara tövləsi (99,4 faizi) və 2,4 min qoyun yatağı (98,9 faizi) özəlləşdirilərək kənd təsərrüfatı istehsalçılarının sərəncamına verilmişdir. Bütövlükdə kənd təsərrüfatında 1889,5 milyard manatlıq əmlak özəlləşdirilmiş, 809,8 min nəfər və ya onların 96,4 faizi əmlaka sahib olmuşlar.

Sözün əsil mənasında, becərdiyi torpağın və əmlakın həqiqi sahibinə çevrilmiş Azərbaycan kəndlisi məhsul istehsalı sahəsində ilbəil yüksək nəticələr əldə etmişdir. Göstərilən dövrdə kənd təsərrüfatının ümumi məhsulunun 18,2 faiz artımı təmin edilmişdir. Bu zaman, ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mühüm nailiyyətlər qazanılmış və ələlxüsus taxıl, kartof, habelə bostan məhsulları istehsalı sahəsində rekord göstəricilər əldə edilmişdir. Belə ki, 2002-ci ildə 2,2 milyon ton taxıl, 694,9 min ton kartof və 330,3 min ton bostan məhsulu istehsal edilməklə 1993-cü ilə nisbətən onların istehsal həcmi müvafiq olaraq 1,9; 4,6 və 7 dəfə artmışdır. Tərəvəz və meyvənin istehsal həcmləri də ilbəil artmışdır.

Məhsuldar mal-qaranın sayının dinamik şəkildə artması əsas heyvandarlıq məhsullarının istehsal həcmini artırmağa imkan vermişdir. 2002-ci ildə kəsilmiş çəkidə ət istehsalı 124,6 min tona, süd istehsalı 1119,8 min tona, yun istehsalı 11,8 min tona çatmaqla 1993-cü ilin səviyyəsini 34,7; 40,2 və 22,6 faiz üstələmişdir.

Müharibə və digər səbəblərlə əlaqədar qaramal və davarın baş sayında yol verilmiş azalma ötən son 10 il ərzində tədricən aradan qaldırılmış və ölkə tarixində onların sayı ən yüksək həddə çatmışdır.

2002-ci ilin sonuna ölkədə 2,2 milyon baş qaramal, 7 milyon baş qoyun və keçi mövcud olmuşdur. Bütün bunlar əhalinin yerli məhsul hesabına ərzaqla təminatını xeyli yaxşılaşdırmış və kəndlinin rifahının yüksəldilməsinə kömək etmişdir.

Torpaq islahatlarının, habelə aqrar sektorda aparılmış digər köklü islahatların nəticəsidir ki, respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarında hər il dinamik artım müşahidə edilməkdədir. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan kənd təsərrüfatı məhsullarının idxalçısından ixracatçısına çevrilib.

Ölkəmizdə aqrar sahənin inkişafında daha böyük naliyyətlərin əldə edilməsi üçün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir. Regionların inkişafının sürətləndirilməsi ilə bağlı ölkə başçısının imzaladığı mühüm fərmanlar aqrar sahənin inkişafına da böyük təkan vermiş, bu bölmədə çalışan insanlar üçün əlverişli şəraitin yaradılmasına səbəb olmuşdur.

Sadalanan faktlardan göründüyü kimi, bu gün respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni və ideoloji həyatının bütün istiqamətlərində olduğu kimi, aqrar sektorda da ulu öndərimiz Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilməkdədir. Bu ardıcıllıq və prinsipiallıq isə Azərbaycan Respublikasının dinamik inkişafının əsasıdır.

 

 

Qəmbər ABDULLAYEV,

Azərbaycan Dövlət Aqrar

Universitetinin kafedra müdiri,

professor

 

Xalq qəzeti.- 2010.- 12 may.- S. 5.