2010-cu ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının ötən dövrdə ardıcıl şəkildə həyata keçirilməsi sosial-iqtisadi inkişafın davamlılığını təmin etmiş, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında mühüm rol oynamışdır. Bu səmərəli idarəetmənin nəticəsidir ki, hazırda dünya ölkələrində davam edən maliyyə böhranına baxmayaraq, Azərbaycanın iqtisadi qüdrəti və beynəlxalq nüfuzu getdikcə artır. Bu inkişafda özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri ictimai həyatımızın bütün fəaliyyət istiqamətlərində əsaslı nailiyyətlərin əldə olunmasını təmin etmişdir. Həyata keçirilən irimiqyaslı islahatların nəticəsidir ki, artıq bu gün Naxçıvan Muxtar Respublikası aqrar bölgədən sənaye regionuna çevrilmişdir.

 

Əvvəlki dövrlərdə olduğu kimi, 2010-cu ilin birinci rübündə də sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlər muxtar respublikanın ictimai və iqtisadi həyatının daha da inkişaf etdirilməsinə, hərtərəfli tərəqqiyə nail olunmasına ciddi əsaslar yaradır. Bütün bunlar isə, ilk növbədə, iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsulun artımında öz ifadəsini tapmışdır. Belə ki, 2009-cu ilin yanvar-mart aylarında Naxçıvan MR-də ümumi daxili məhsul istehsalı 162 milyon manat təşkil edirdisə, cari ilin müvafiq dövründə bu göstərici müqayisəli qiymətlərlə 21 faiz artaraq 197 milyon manatdan çox olmuşdur. Hesabat dövründə adambaşına düşən ümumi daxili məhsulun həcmi də 75 manat artaraq 491 manat təşkil etmişdir.

 

Sənaye

 

Muxtar respublikada investisiya axınları və sərbəst sahibkarlıq fəaliyyəti üçün yaradılmış əlverişli mühit yerli xammal və material resurslarının sənaye istehsalına cəlb edilməsində, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, ümumilikdə şəhər və rayonlarımızın sürətli inkişafında mühüm rol oynamaqdadır.

Sənaye müəssisələrinin işinin bərpası, istehsal olunan məhsulun həcminin və çeşidinin artırılması istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi kimi 2010-cu ilin yanvar-mart aylarında 69 milyon 849 min 500 manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən 16,9 faiz çoxdur. Sənaye məhsulunun 91,2 faizi məhsul istehsalının, 8,8 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 9 milyon 956 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 59 milyon 892 min 700 manatlıq məhsul istehsal olunması sahibkarlıq mühitinin formalaşmasına, qeyri-dövlət sektorunun inkişafına göstərilən qayğının nəticəsidir. Son dövrlər ərzində istifadəyə verilən sənaye təmayüllü istehsal-infrastruktur layihələri muxtar respublikada sənaye məhsulunun strukturunda müsbət meyilli ciddi dəyişikliklərə əsaslı zəmin yaratmışdır. 2010-cu ilin yanvar-mart ayları ərzində ümumilikdə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 11 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmişdir.

Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 58 layihə üzrə, o cümlədən su elektrik stansiyasının inşası, sement, beton, metal profil, metal boru, döşəmə üçün parket, güzgü, müxtəlif geyim paltarlarının istehsalı və kimyəvi təmizləmə sahəsi, nəşriyyat və poliqrafiya məhsulları istehsalı sahəsi, çörək və şirniyyat məhsulları, ət və süd məhsulları, balıqçılıq təsərrüfatları, quşçuluq təsərrüfatları, məişət evləri, ticarət mərkəzləri, soyuducu anbarlar, istixana kompleksləri, taxıl emalı və digər bu kimi istehsal və xidmət sahələri qurulmaqdadır.

 

Tikinti-quruculuq işləri

 

Naxçıvan Muxtar Respublikasında yeni sosial infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi, müasir yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi və bərpası, əlillərin, şəhid ailələrinin və digər bu kimi əhali qruplarının yeni evlərlə təminatı son nəticədə sakinlərin yaşayış səviyyəsinin davamlı yüksəlişinə xidmət edir. Hazırda muxtar respublikada insanların normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi davamlı olaraq yüksəldilir, zəruri infrastruktur layihələri həyata keçirilir, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunur. Məhz bu baxımdan son illər iqtisadi inkişafda diqqəti cəlb edən əsas amillərdən biri də ümumi daxili məhsul istehsalında tikinti-quraşdırma işlərinin xüsusi çəkisinin davamlı yüksəlişidir.

2010-cu ilin yanvar-mart ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 78 milyon 178 min 500 manat həcmində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz və ya 19 milyon 973 min 300 manat artıqdır. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 44,1 faiz artaraq 71 milyon 803 min 600 manat olmuşdur. Bu isə əsas kapitala yönəldilmiş investisiyanın 91,8 faizini təşkil edir.

2010-cu ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasında tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 98 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 213 obyektin isə tikintisi və ya əsaslı təmiri davam etdirilməkdədir.

Dövlət idarəetməsinin səmərəli təşkili prosesini sürətləndirən mühüm amil kimi inzibati binaların inşası və yenidən qurulması ötən dövr ərzində də diqqət mərkəzində saxlanılmışdır. 2010-cu ilin yanvar-mart ayları ərzində muxtar respublikada ümumilikdə 6 inzibati binanın inşası başa çatdırılmış, 9 inzibati binanın isə tikintisi hazırda davam etdirilir.

Muxtar respublikada sosial-iqtisadi sahədə davamlı inkişafı təmin etmək, tarazlı regional inkişafa və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədilə kompleks islahatlar həyata keçirilməkdədir. Bu islahatların mühüm bir istiqaməti isə muxtar respublikanın mərkəzi ilə yanaşı, digər yaşayış məntəqələrində, kənd və qəsəbələrdə infrastruktur quruculuğu tədbirlərinin sürətləndirilməsindən, əhaliyə dövlət qayğısının bütün hallarda tam əhatəliliyinin təmin olunmasından ibarətdir. Bu məqsədlə cari ilin ilk rübü ərzində də kənd və qəsəbələrdə ictimai həyatın daha da yaxşılaşdırılması üçün quruculuq tədbirləri həyata keçirilmişdir.

Muxtar respublikada mənzil-kommunal təsərrüfatı sektorunda xidmətlərin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi, mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidən qurulması, etibarlı su təchizatının təşkili, su və kanalizasiya sistemlərinin yenilənməsi üzrə mobil mexanizmlər formalaşdırılmışdır. 2010-cu ilin ilk rübü ərzində 14 yaşayış binasının əsaslı təmiri başa çatdırılmış, 8 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənmiş, 4 qazanxanada isə təmir işləri aparılmışdır. Bundan əlavə, 14 yaşayış binasında əsaslı təmir, 8 yaşayış binasında isə liftlərin quraşdırılması işləri hazırda davam etdirilir.

 

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

 

Aqrar-sənaye kompleksi muxtar respublika iqtisadiyyatının əsas sahələrindən biridir.

Son illər aqrar sektorda çalışanlara müxtəlif təyinatlı güzəştli kreditlərin verilməsi, yeni texnika və avadanlıqların alınıb gətirilməsi, meliorativ tədbirlərin həyata keçirilməsi, satış yarmarkalarının təşkili bu sahəyə olan marağı xeyli artırmışdır. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, buğda istehsalçılarının maddi marağının artırılması və onların stimullaşdırılması ilə əlaqədar olaraq əkilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi işləri davam etdirilməkdədir. Həmçinin, hər hektar sahə üçün tələb olunan mineral gübrələrin 50 faiz güzəştlə satışı həyata keçirilir.

Aqrar sektorda yüksək iqtisadi fəallığı təmin edən amillərdən biri isə kənd təsərrüfatı üzrə maşın və mexanizmlərin sayının tələbata uyğun olaraq artırılmasından ibarətdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 25 ədədi 2010-cu ilin yanvar-mart aylarında olmaqla cəmi 479 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2010-cu ilin yanvar-mart aylarında gətirilən texnikalardan 13 ədədi lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ötən dövr ərzində məhsul istehsalçılarına ümumi dəyəri 1 milyon 401 min manatdan çox olan 3 min 600 tona yaxın azot gübrəsi paylanmışdır.

Kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi, məhsul istehsalçılarına dövlət yardımı və müxtəlif layihələr üzrə kreditlərin verilməsi muxtar respublikada əkinçiliyin inkişafına öz müsbət təsirini göstərməkdədir. Belə ki, Naxçıvan Muxtar Respublikasında 20 aprel 2010-cu il tarixə 11608 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 1702 hektar çoxdur.

Muxtar respublikada heyvandarlıq kənd təsərrüfatının prioritet sahələrindən biridir. Cari ilin ilk rübü ərzində də mal-qaranın baş sayı və heyvandarlıq məhsullarının istehsalı ənənəvi olaraq sabit templə artmaqda davam etmişdir.

2010-cu il aprelin 1-i tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 105 min 775 baş, qoyun və keçilərin sayı isə 641 min 937 baş olmuşdur ki, bu da ötən ilin eyni dövrünün səviyyəsini müvafiq olaraq 1,4 və 1,6 faiz üstələyir. Heyvandarlıqda baş sayının artımı öz növbəsində heyvandarlıq məhsullarının qənaətbəxş artımını şərtləndirmişdir. Belə ki, 2010-cu ilin ilk rübü ərzində muxtar respublikada diri çəkidə 4735,2 ton ət, 11216,8 ton süd istehsalı olmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 1,5 və 1,1 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasında maldarlıqla yanaşı, quşçuluğun da inkişafı diqqət mərkəzində saxlanılmışdır. 2010-cu ilin yanvar-mart aylarında quşçuluq sahəsində 2 təsərrüfat subyekti fəaliyyətə başlamış, ətlik və yumurtalıq istiqamətində 6 müxtəlif quşçuluq təsərrüfatlarının yaradılması işləri hazırda davam etdirilir.

Zəngin su ehtiyatları muxtar respublikada balıqçılığın inkişafı və qiymətli balıq növlərinin yetişdirilməsi üçün də əlverişli şərait yaradır. 2010-cu ilin birinci rübündə 1 balıqyetişdirmə təsərrüfatı istifadəyə verilmiş, 1 balıqyetişdirmə təsərrüfatının yaradılması isə hazırda davam etdirilir. Bütövlükdə isə həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikanın kənd təsərrüfatında əldə olunmuş dinamik inkişaf templəri qorunub saxlanılmışdır. Belə ki, 2010-cu ilin yanvar-mart aylarında 14 milyon 877 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.

Muxtar respublikada ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün mühüm tədbirlər reallaşdırılır. Su hövzələrinin, havanın, torpağın təbii keyfiyyətinin qorunması, tullantı sularının təmizlənməsi, çirklənmiş torpaqların rekultivasiyası, meşə və yaşıllıqların salınması fasiləsiz olaraq həyata keçirilir. Bu işlərin davamı kimi cari ilin yaz əkini mövsümündə muxtar respublika üzrə 206 hektar sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilmiş, 250 mindən çox ağac və bəzək kolları əkilmişdir.

 

Nəqliyyat, rabitə və energetika

 

Son iki il ərzində dünya iqtisadiyyatının inkişaf tempini əngəlləyən iqtisadi böhrana baxmayaraq, muxtar respublika iqtisadiyyatının davamlı inkişafının mənfi təsirlərdən səmərəli mühafizəsi nəqliyyat kompleksinin işinə də müsbət təsir göstərmiş və cari ilin yanvar-mart ayları ərzində bütün növ nəqliyyat vasitələri ilə 2 milyon 314 min 400 ton, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çox yük daşınmışdır. Bu dövr ərzində sərnişin daşınması 15,1 faiz artaraq 14 milyon 194 min 500 nəfər təşkil etmişdir.

2010-cu ilin ilk üç ayı ərzində muxtar respublikada avtomobil yollarının inşasına və əsaslı təmirinə, dəmir yolu nəqliyyatının inkişaf perspektivləri nəzərə alınaraq bu sahədə mövcud infrastrukturun yeniləşdirilməsinə və hava nəqliyyatı işinin təkmilləşdirilməsinə ümumilikdə 10 milyon manatdan artıq investisiya yönəldilmişdir.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin əvvəlindən muxtar respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, rabitə və informasiya texnologiyaları sahəsi üzrə də artım müşahidə olunmuşdur.

Cari ilin yanvar-mart ayları ərzində rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 8 milyon 42 min 300 manat və ya 2009-cu ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 21,4 faiz çox xidmət göstərilmişdir. Bu müddət ərzində mobil rabitə xidmətinin həcmi 6 milyon 839 min 300 manat olmaqla 2009-cu ilin müvafiq dövründəki göstəricini 22,9 faiz üstələmişdir.

İstehsalçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunması, infrastrukturun təkmilləşdirilməsi enerjidən istifadə haqlarının tam həcmdə yığılmasına da müsbət təsir göstərmişdir. Belə ki, 2010-cu ilin ilk rübündə istehlak olunan 3 milyon 651 min manat dəyərində 60 milyon 859 min kilovat saat elektrik enerjisinin müqabilində 3 milyon 664 min 600 manat vəsait toplanmış, ödənilmə faizi 100,4 faiz olmuşdur.

Enerji təhlükəsizliyini təmin edən mühüm amillərdən biri də muxtar respublikanın təbii qazla tam təmin olunmasıdır. Təbii qaz təminatının bərpası layihəsi çərçivəsində muxtar respublika üzrə əhali təsərrüfatlarına qaz çəkilişi başa çatdırılmış, 77 min 334 abonent təbii qazla təmin olunmuşdur. Hazırda yeni inşa olunan mənzil və fərdi evlərə qaz çəkilişi davam edir. Qarşıdakı dövr üçün muxtar respublikada tikilməsi nəzərdə tutulan böyük həcmli qaz anbarları qış aylarında muxtar respublikanın təbii qazla fasiləsiz təmin edilməsi üçün geniş imkanlar yaradacaqdır.

 

Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq səviyyəsi

 

Ölkədə sahibkarlıq fəaliyyətinin inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq muxtar respublikada biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama qaydalarının sadələşdirilməsi məqsədi ilə “bir pəncərə” prinsipinin tətbiqi həyata keçirilir. Sərəncamın icrası nəticəsində təkcə 2010-cu ilin ilk üç ayı ərzində muxtar respublika üzrə 25 hüquqi və 398 fiziki şəxs qeydiyyata alınıb ki, bu da iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir.

Muxtar respublikada sahibkarlığa dövlət maliyyə köməkliyi üzrə səmərəli mexanizm formalaşdırılmışdır ki, bu mexanizm sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin əsas mənbəyi kimi çıxış edir. 2010-cu ilin yanvar-mart aylarında muxtar respublikada sahibkarlara 9 milyon 383 min 862 manat həcmində güzəştli kreditlər verilmişdir.

Naxçıvan Muxtar Respublikasında yerli istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın, müasir infrastrukturun, əlverişli investisiya mühitinin yaradılmasına və iqtisadiyyata cəlb olunan sərmayələrdə muxtar respublikanın daxili resurslarının payının artırılmasına yönəldilmiş kompleks iqtisadi islahatlar yeni iqtisadi uğurları təmin etməkdədir. Bu gün muxtar respublikada 286 növdə məhsul istehsal olunur ki, onun da 107 növü ərzaq, 179 növü qeyri-ərzaq məhsullarıdır. 88 növdə ərzaq, 153 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə 241 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.

Muxtar respublikanın iqtisadi və sosial həyatında müşahidə olunan müsbət meyillərin daha da möhkəmləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması istiqamətində reallaşdırılan islahatlar son nəticədə əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsinə və yeni iş yerlərinin açılmasına şərait yaradır. 2003-cü il oktyabr ayının 1-dən 2010-cu il aprel ayının 1-dək Naxçıvan Muxtar Respublikasında 42629 yeni iş yeri yaradılmışdır ki, onun da 27734-ü və ya 65,1 faizi daimi iş yerləridir. 2010-cu ilin birinci rübündə açılan 814 iş yerinin isə 601-i və ya 73,8 faizi daimi iş yerlərinin payına düşür.

 

İstehlak bazarı

 

Naxçıvan Muxtar Respublikasında mövcud ticarət və xidmət sistemi həm təşkilati-funksional cəhətdən, həm də sivil qaydalara uyğunlaşma yönündə uğurla inkişaf edir. Hazırda pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin artımı həm istehlak bazarının müxtəlif çeşidli əmtəə və xidmət resursları ilə təminatının artması, həm də əhalinin alıcılıq qabiliyyətinin yüksəlişi fonunda müşahidə olunmaqdadır. 2010-cu ilin birinci rübündə muxtar respublikanın istehlak bazarında əhaliyə 118 milyon 154 min 200 manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Əmtəə satışının və pullu xidmətlərin real həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz artmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi isə 16,1 faiz yüksəlmişdir.

 

Xarici ticarət, maliyyə sektoru

 

Muxtar respublikanın ixrac potensialının səmərəli reallaşdırılması, özəl sektorda ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması, istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi və maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətlərində zəruri tədbirlər həyata keçirilir. 2010-cu ilin ilk rübündə muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 29 milyon 285 min 600 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır ki, bu da 2009-cu ilin müvafiq dövründəki səviyyəni 7,5 faiz üstələyir. Muxtar respublikanın xarici ticarət dövriyyəsində 2010-cu ilin yanvar-mart aylarında ixracın həcmi idxalı üstələmiş və 18 milyon 137 min 200 Amerika Birləşmiş Ştatları dolları həcmində müsbət saldo yaranmışdır.

Dünyada başa çatmamış iqtisadi böhran qlobal ticarətə, sərnişin və yük daşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurmuş, maliyyələşdirmə imkanlarını azaltmışdır ki, bunun da nəticəsində bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül yaranmışdır. Belə əlverişsiz xarici mühit amillərinə baxmayaraq, ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən düşünülmüş və çevik iqtisadi siyasət büdcə daxilolmalarının davamlı artımını təmin etmiş, bütün sosial proqramlar və tədbirlər fasiləsiz icra olunmuşdur. 2010-cu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə ümumilikdə nəzərdə tutulandan 17,5 faiz çox vəsait daxil olmuşdur.

Cari ilin ötən rübü üzrə sosial-iqtisadi inkişafın yüksək dinamikası bir daha sübut edir ki, Naxçıvan Muxtar Respublikası sürətli inkişaf tempini qoruyub saxlamaq üçün bütün potensial imkanlarını səfərbər edir, daha uğurlu nəticələrə və yeni-yeni nailiyyətlərə doğru inamla irəliləyir. Möhkəm qətiyyət, gərgin əmək və müdrik ideologiyaya sadiqliyin vəhdətindən doğan bu uğurlar və nailiyyətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini sübuta yetirməklə muxtar respublikanın nurlu sabahının, sakinlərimizin daha da firavan gələcəyinin qarantıdır.

Səhifə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatı əsasında hazırlanmışdır.

 

 

Xalq qəzeti.- 2010.- 13 may.- S. 4.