Qəribsəyən akkordlar
Eldar Ryazanovun
"Stalker" filmindəki
musiqi nədənsə
həmişə qulağımda
səslənir. "Bayatı-Şiraz"ın ətrafa yayılan dalğaları bəzən yaxından, bəzən də uzaqdan mübhəm bir məkandan eşidilir. Musiqi sanki bütün varlığıma hakim kəsilir, real həyatdan uzaqlaşıb
elə o həzin ifanın, tarın pərdəsindən
qopan musiqi dalğasının üstündə
tamam ayrı, fərqli bir dünyaya üz tutursan. Bu ecazı
unutmaq olmur, onun əhatə dairəsi səni daima çulğalayıb
öz haləsindən
kənara buraxmır. Burası da bəllidir ki, bu musiqi - məhz
"Bayatı-Şiraz" muğamı filmin uğurunu artırır, sövq-təbii olaraq filmi seyr edənlərin
yaddaşlarında həkk
olunmasına əvəzsiz
töhfəsini verir.
Fevral ayının
qarlı bir günündə pəncərədən
çölə baxır, narın-narın yağan qarı
seyr edirdim. Birdən "Bayatı-Şiraz"ın sədaları
ləngər vura-vura yerə enən qar dənələrinin
içindən eşidilməyə başladı. Çox qəribə
idi. O musiqi tarda deyil, elə o qar kimi ağ piano dillərindən
qəlbimə süzülürdü. Bu dəstgah deyil,
muğamın yeni bir sintezi, oranjemanı idi. Və qəribəsi
də onda idi ki, bir neçə dəqiqə keçmiş
şirmayı dillərdə gəzən barmaqlar sanki
sustaldı və bir anlıq ifaya pauza verdi. Sonra
"Rast"ın pianoda yeni variasiyaları səslənməyə
başladı. Əsl möcüzə idi. Bu musiqiləri mən
düz 19 il bundan öncə Xaricdə Yaşayan Həmvətənlərlə
Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti -
"Vətən" cəmiyyətinin xətti ilə
İsveçdə olanda eşitmişdim. Onda da elə fevral
ayı idi, hər tərəf bəmbəyaz qar içində
pərdələnmişdi. Nədən belə oldu, bilə
bilmədim. Bu bir sirri-xuda idi. Əslinə qalsa, o bənzərsiz
ifa, dəstgahlara yeni kolorit gətirən, bəzən
adamın düşünmədiyi, xəyalına belə gətirmədiyi
variasiyalar, modulyasiya və ifa manerası 19 il mənimlədir
və şübhəsiz həyatımın sonuna kimi məni
müşayiət edəcək.
İsveçdəki
diasporumuzun fəallarından olan jurnalist Əlirza Qəzvinzadə
ilə Naxçıvandan ümummilli liderimiz Heydər Əliyevin
görüşündən yenicə dönmüşdük. 1991-ci
il fevral ayının ilk günləri idi.
Naxçıvandakı M.Ə.Rəsulzadə küçəsi,
ev 75, mənzil 38-dəki görüşün hələ də
təsiri altında idik.
Jurnalist Əlirza Qəzvinzadə
"Vətən" cəmiyyətinin dəvəti ilə Azərbaycana
gəlmişdi. Bu o vaxt idi ki, ölkə ictimai-siyasi hadisələrin
burulğanında çalxalanırdı. Bir yandan daxili
çəkişmələr, ölkəni parçalamaq cəhdləri,
digər tərəfdən Kremlin bizə qarşı olan
haqsızlıqları və bu haqsızlıqlardan doğan
xalqımıza, torpağımıza qarşı olan təcavüzlər
ölkəmizi çox ağır dilemma qarşısında
qoymuşdu. Torpaqlarında ədalətsiz müharibə gedən
(baxmayaraq SSRİ hələ mövcud idi) Azərbaycan
ağır günlərini yaşayırdı. Hələ
qabaqdakı dəhşətli faciələriQarabağ və ətrafındakı
bölgələrimizin işğalını, Xocalı qətliamını
heç kim ağlına da gətirmirdi. Belə bir vaxtda qədim
yurdumuz Naxçıvan hər tərəfdən təcrid
olunmuş, ən ağır günlərini
yaşayırdı. Elə o ağır dövrdə
ümummilli liderimiz Heydər Əliyev Moskvadan
Naxçıvana dönmüşdü.
Xaricdə Yaşayan Həmvətənlərlə
Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti -
"Vətən" cəmiyyəti rəyasət heyətinin
sədri Elçin Əfəndiyev Əlirzaya tövsiyə
etdi ki, Naxçıvana getsin. Hökmən Heydər Əliyevlə
görüşüb, onun keçdiyi siyasi yol, ölkəmizi
irəlidə nələr gözlədiyini, Moskvanın
xalqımıza qarşı olan təcavüzkar siyasəti barədə
İsveçdəki "Azərbaycan" radiosu (rəhbəri
elə Ə.Qəzvinzadə idi) üçün geniş
müsahibə alsın. Elçin müəllim Ə.Qəzvinzadəni
səfər ərzində müşayiət etməyi mənə
tapşırdı.
Naxçıvana
günortadan ötmüş çatdıq. Hər tərəf
qarla örtülmüş, soyuq adamın iliyinə işləyirdi.
"Təbriz" mehmanxanasında yerləşəndən
sonra şəhərə çıxdıq. Küçələrdə
təkəmseyrək adam vardı. Az-az maşınlar gözə
dəyirdi. Dükan-bazar demək olar ki, işləmirdi. Gecəni
mehmanxananın soyuq divarları arasında oturduğumuz yerdə
adyala bürünərək, səhəri dirigözlü
açdıq. Vilayət Partiya Komitəsinin birinci katibi Afiyəddin
Cəlilov (Allah ona rəhmət eləsin)
olmadığından bizi müavini Bəhruz müəllim
qarşıladı. Elçin müəllimin
tapşırığını, Heydər Əliyevlə
görüşmək istəyimizi ona çatdırdıq.
Günortaya yaxın son
dərəcə mədəni, ilk görüşdən sanki
çoxdan tanıdığın bir adamla - mədəniyyət
naziri Fəttah Heydərovla görüşdük. O, bizi şəhərdən
çox da uzaqda olmayan yeməkxanaya apardı. "Qaz 24"
"Volqa" maşınını özü
sürürdü. Bizə əla nahar verəndən sonra
mehmanxanaya qayıtdıq. Fəttah müəllim
inzibatçının telefonundan Heydər Əliyevə zəng
vurdu və axşamtərəfi yuxarıda yazdığım
ünvanda böyük dövlət xadimi Heydər Əliyevlə
görüşdük. Vasif Talıbov (hazırda
Naxçıvan Ali Məclisinin sədri) bizi çox səmimi
bizi qarşılayıb otağa dəvət etdi. İllər
boyu ekranlardan, qəzet- jurnallardan, bəzən də tədbirlərdə
gördüyümüz bir insanla - Heydər Əliyevlə
üz-üzə durmuşduq. Otaq elə də isti deyildi.
Çilçıraqdakı lampalar evi zəif
işıqlandırır, otağın başında qoyulan
"Rubin" markalı televizorun ekranı cərəyanın
gücü çatmadığından kadrları kölgə
kimi göstərirdi. Masanın arxasında qabaq-qənşər
oturduq. "Vətən" cəmiyyətindən gəldiyimi
bilib Elçin müəllimi və İlyas Əfəndiyevi
soruşdu. İlyas müəllimlə tez-tez
görüşdüyümü, keyfinin yaxşı
olduğunu və Elçin müəllimin şəxsi
tapşırığına əsasən
görüşünə gəldiyimizi diqqətinə
çatdırdım. Çöhrəsinə təbəssüm
qondu.
Söhbətimiz dörd
saata qədər çəkdi. Görüşün
axırında Əlirzaya dönə-dönə
tapşırdı ki, Azərbaycan naminə fəal
olmalısınız, onun haqq səsini dünyaya
çatdırmaq üçün sizdən çox şey
asılıdır. Onunla xatirə şəkli çəkdirdik.
Çox təəssüflər
olsun ki, "Azərbaycan" mehmanxanasında qalan Əlirza
bir gün gəldi ki, deməzsən, Naxçıvanda çəkdirdiyimiz
lenti fotoaparatın içindən çıxarıb
aparıblar. Ağıla gəlməyən bu işə və
onun sual dolu gözlərinə baxanda çiyinlərimi
çəkməklə cavab verdim.
Elçin müəllim
Əlirzanı və məni kabinetinə dəvət etdi. Naxçıvandakı
görüşlərimiz barədə məlumatı diqqətlə
dinləyəndən sonra mənə bildirdi ki, "Vətən"
cəmiyyətinin İsveçdə keçiriləcək tədbirinə
ezam olunursan və gedəcək nümayəndə heyətinə
rəhbərliyi sənə tapşırıram. Bu
böyük məsuliyyət idi, digər tərəfdən o zaman,
sovet dövründə Skandinaviyada olmaq hər adama qismət
olan iş deyildi.
- İsveçə
Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan
ulduzu" instrumental ansamblı gedəcək. O ölkədə
yaşayan həmvətənlərimizin arzu-istəyini nəzərə
alaraq, fikirləşdim ki, həmvətənlərlə
görüşə Gülarə xanımın
başçılıq etdiyi musiqi qrupu getsə daha münasib
olar. Onunla özüm danışmışam...
Elçin müəllimin
bu təklifi hər ikimizin ürəyincə oldu.
İlk konsertimiz
fevralın 16-da Stokholmun böyük saraylarından olan Folket
Hüsdə (Xalq Evi) oldu. Konsert böyük anşlaqla
keçdi. Aparıcı Milli Dram Teatrının aktyoru Əli
Nur idi. O axşam onun ifasında o dövr üçün
yasaqlanmış (həm də "təhlükəli")
Şəhriyarın, M.Arazın, X.R.Ulutürkün şeirləri
həmvətənlərimizi sanki ovsunlamışdı. Bir tərəfdən
Gülarə xanımın, onun rəhbərlik etdiyi
ansamblın salona gətirdiyi Azərbaycan ab-havası, digər
tərəfdən də Əli Nurun mübariz ruhlu, Vətən
səpkili söylədiyi (özü də necə) şeirlər
çoxunu kövrəltmiş, göz yaşları
yanaqlarında şırımlanmışdı.
Həm Stokholmda, həm
də Malmö və Höteburqda keçən konsertlərin
sonunda həmvətənlərimiz səhnəyə
çıxaraq yorulub əldən düşənə qədər
rəqs edirdilər. Bu mənzərəni görən
Gülarə xanım bir dəfə məndən soruşdu:
- Çox qəribədir,
başa düşə bilmirəm, bu qədər oynamaq nədəndir?
Gülarə xanım bu
sualı elə-belə vermirdi. Onda güclü müşahidə
qabiliyyəti vardı. Sualı da ciddi idi.
Sövq-təbii cavab
verdim:
- Gülarə xanım,
bunlar elə-belə oynamaq xətrinə qol götürüb
rəqs etmirlər. Onları pərən-pərən yad
ölkələrə səpələyən tarixin
hökmünü öz rəqslərində məzəmmətləyirlər.
O, heç nə demədən
gözlərini bir az da geniş açaraq xeyli üzümə
baxdı. Onda fikirləşdim ki, bəlkə Gülarə
xanım sözümün ciddiliyinə tam əmin olmaq
üçün mənə belə baxır. Sonradan o,
üzünü yana çevirdi, oynayanları yenicə
görürmüş kimi diqqətlə onların rəqslərini
- əsasən də ayaqqabılarını
çıxarıb ayaqlarını yerə döyəcləyən
gənc və gözəl qadını izləməyə
başladı.
Qaldığımız yer Stokholmun 20 km-də idi. Hər cür
şəraiti olan böyük ikimərtəbəli
mülkün birinci mərtəbəsi ixtiyarımıza
verilmişdi. Çox
da böyük olmayan salonun başında kiçicik bir səhnə də vardı. Çöldə aram-aram qar yağırdı. Elə o səhnəyə
qoyulmuş pianodan ətrafa seyrək ağcaqayın meşəsinə
və aralıda yolun altında olan buz bağlamış
gölə tərəf
həzin bir musiqi axırdı. Eşitmədiyim yeni-yeni improvizələr, musiqinin
poetik-dramaturji inkişafı,
ifaçının böyük
estetik zövqü, təzə çalarlar sanki musiqinin yeni modelini yaradırdı.
Fikir vermişdim, axşamlar qonaq çağırıldığımız evlərdə (bəzən
həmvətənlərimiz bizi qonaq aparmaq
üstündə bir-biriləri
ilə höcətləşməli
olurdular, sonradan dəstəni bölüb
evlərə göndərirdim
ki, narazılıq olmasın) bəzən elektropiano tapıb gətirərdilər. Flora Kərimova
və Yalçın Rzazadə gözəl ifalarla soydaşlarımızın
qəriblik buzunu əridərdilər. Sözsüz
ki, evdə bizdən başqa təşrif gətirənlər
olurdu. Bəzən oturacaq çatmadığından
yerdə oturub musiqiyə qulaq asırdılar. Gülarə
xanım arada solo çalardı. Vay o günə ki, ifası zamanı kimsə yerində cınqırını çıxaraydı.
O saat çalğını
saxlayıb üzünü
oturanlara tutardı və ciddi, bir az da
əsəbi halda deyərdi:
- Qulaq asın, bunu sizin
üçün çalıram. Baxın görün
musiqimiz nələrə
qadirdir?! Bu, "Rast"ın
yeni variasiyasıdır.
Düz deyirdi Gülarə xanım. Deyə bilmərəm oturanlar tam mənada onu təfərrüatıyla
başa düşürdülər,
ya yox. Amma
bu "Rast"ın onun ifasında yeni modeli idi.
Dinləyicidə emosional
təsirin yüksəlməsinə
müvəffəq olurdu
Gülarə xanım.
(Çox heyiflər olsun ki, o musiqini
biz bu gün eşidə bilmirik).
Bəli, bu salonda bir
Gülarə xanım vardı, bir də onun baş-başa
verib ifa etdiyi piano. Nələr çalmırdı
o (və necə)! Arabir başını yuxarı qaldırıb
sol tərəfindəki pəncərədən
yağan qara baxır, əlləri qeyri-ixtiyari olaraq pianonun dilləri üstündə cövlan
edirdi. Bu ara yağan qar da sanki yerə
düşməyə can atmırdı.
Pəncərənin önündə
aşağı enən
dənəciklər qəfildən
yuxarı qalxıb oynaşa-oynaşa, havada cövlan edərək tələsmədən aram-aram
yerə enirdilər.
Bir gün tezdən oyanıb çölə çıxdım.
Sakitlikdə ətrafda
gəzmək qərarında
idim. Gözümə
inanmadım. Gülarə
xanım bayırda üzü meşəyə
tərəf dayanmışdı.
Qalın şalını
belinə dolamış,
əllərini də şalın içinə
salmışdı. Bir
yerdə olduğumuz günlərdə onun belə tezdən durmasını görməmişdim.
- Sabahınız
xeyir, Gülarə xanım! Nə əcəb sizdən belə ertə durmusunuz?!
O, yerindən
qımıldanmadı. Birdən
çiyinlərinin tərpəndiyini
hiss etdim. Tez qabağa yeriyib onunla üz-üzə durdum. Gülarə xanım için-için
ağlayırdı. Onun
bu görkəmi mənə çox pis təsir etdi. Nəhayət, səsi boğula-boğula
dedi:
- Adili yuxuda görmüşəm.*
Onu xəstə qoyub çıxmışam.
Qızlardan da nigaranam. Neçə gündür səslərini
eşitmirəm.
Əlirza gələn
kimi xahiş etdim ki, Gülarə xanıma Bakı ilə
danışmaq üçün şərait yaratsın. Düzü, onun bu qədər kövrək olduğunu bilmirdim. Bir az keçməmiş Gülarə xanımın
çöhrəsində təbəssüm
gördüm. Evdə
hər şey qaydasında idi. Gözəl sənətkarın
bir məziyyətindən
də söz açmaq istəyirəm.
Olduqca həlim bir insan idi.
Dedi-qodu ilə arası yox idi. Bir-birimizə elə isinişmişdik ki, ona simsar
olan adam kimi, uzun illərin
dostu kimi mənə müraciət
edirdi.
İsveçdə
keçən tədbir soydaşlarımızın
toy-bayramına çevrilmiş, xatirələrində
böyük iz buraxmışdı. Səfərimiz başa
çatanda bizi ötürməyə gələnlərin
ardı-arası kəsilmirdi.
Hamı "Vətən"
cəmiyyətinə, onun
rəhbərliyinə razılığını,
təşəkkürlərini bildirirdilər.
Bakıya dönəndən
sonra günlərin birində iş telefonum zəng çaldı. O idi - Gülarə xanım. Məni evinə dəvət edirdi. Azadlıq prospektindəki,
dəmiryol vağzalından
çox da uzaq olmayan evinə
yollandım. Üçüncü
mərtəbəyə qalxıb,
açıq qapıdan
içəri girdim. Ansamblın bütün üzvləri - Minirə Yusifli, Çingiz Babayev, Kamil Cəlilov, Esmira Babayeva, Natiq Nuriyev, Tariyel Abbasov, Ferdinand Əhmədov
və İsveçdəki
həmvətənlərimizdən (onlar Bakıya tədbirə gəlmişdilər)
bir neçəsi Gülarə xanımgildə
idilər. Özü oturub bizimlə söhbət edir, Minirə və Esmira, bir də
ansamblın gənc üzvləri süfrə
açıb, ləziz
yeməkləri, içkiləri
masanın üstünə
düzürdülər. Sanki Gülarə xanım öz evində deyil, özü bu evə qonaq
gəlmişdi. Bəzən
ondan bir şeyin yerini soruşanda deyirdi ki, məndən niyə soruşursunuz, özünüz qoymusuz, özünüz də tapın. Sonradan bəlli oldu ki, Gülarə xanım məşqlərini
öz evində edir və ansamblın
üzvləri çoxdan
bu evin sıra
nəfərinə çevrilmişdilər.
"Stalker" filmindəki musiqi dediyim kimi, həmişə
qulağımda səslənir.
On doqquz il bundan öncə əziz Gülarə xanımın təkrarsız
ifaları isə daima mənimlədir.
Gülarə xanım o
virtuoz ifaçılardan idi ki, yaratdığı "Dan
ulduzu" instrumental ansamblı Azərbaycanın musiqi
şöhrətini dünyanın neçə-neçə
ölkəsinə ərməğan etmiş, mədəni-mənəvi
irsimizin layiqli təmsilçisinə çevrilmişdi. Bu
gün də lentlərin yaddaşlarında özünə
yer almış ifalarına baxanda, elə o təzəliyin, o
yeniliyin, modern bir ansamblın, başlıcası isə
Gülarə xanımın arada başını
qaldırıb təbəssümlü üzünü görəndə
deyirik: nə yaxşı bunlar var və nə yaxşı ki,
gözəl sənətkarın məndə olan xatirə
şəkilləri, video lenti musiqisi kimi onun
varlığından xəbər verir.
Əkrəm QAFLANOĞLU
Xalq qəzeti.- 2010.- 16 may.- S. 7.