Həyatını xalqına həsr etmiş dahi insan

 

Ümummilli liderimiz, Azərbaycanın dünyaya bəxş etdiyi dahi şəxsiyyət Heydər Əliyevin həyatı doğma xalqına, canından əziz bildiyi Vətəninə, soydaşlarına xidmət etmək nümunəsidir. Onun şərəfli ömrünün bütün dövrləri buna əyani sübutdur. Ulu öndərimizin "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır" - ifadəsi ömrü boyu bu böyük insanın başlıca məfkurəsi həyata keçirdiyi bütün işlərdə əsas ideyası olmuşdur.

 

Dahi öndər hələ Azərbaycana rəhbərliyinin birinci dövründə - 1969-1982-cit illərdə bütün varlığı ilə sevdiyi xalqının xoşbəxt gələcəyi naminə əlindən gələni əsirgəməmişdir. Qısa müddət ərzində ümummilli liderimiz Azərbaycanı o vaxtkı SSRİ-nin geridə qalmış, aqrar bölgəsindən güclü sənaye respublikasına, elm, mədəniyyət və təhsil sahələrində böyük nailiyyətlərin əldə olunduğu çiçəklənən bir diyara çevirmişdi. Bugünkü müstəqil Azərbaycanın təməli məhz Heydər Əliyev dühası, uzaqgörənliyi və böyük zəhməti sayəsində təşəkkül tapmışdır.

1993-cü ildə ölkəmizin başını qara buludlar alanda, Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalanda xalqımız yeganə ümid yerinə - dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyevə üz tutdu, ona pənah gətirdi. Doğma xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndərimiz tez bir vaxt ərzində səriştəsiz rəhbərlərin "fəaliyyəti" nəticəsində məhv olan Azərbaycanı, sözün əsl mənasında, həyata qaytardı. Ümummilli liderimiz öz zəngin idarəçilik təcrübəsi, əzmkarlığı və prinsipiallığı sayəsində qısa müddətdə ölkəmizdə sabitliyi bərqərar etdi, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatımızı labüd fəlakətdən xilas etmək üçün təcili tədbirlər görməyə başladı. Heydər Əliyev Azərbaycanın yeni neft strategiyasının müəllifi oldu, bütün çoxsaylı maneələrə və təzyiqlərə baxmayaraq, həmin proqam 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə reallaşmağa başladı. Dahi siyasətçinin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni oldu.

Ulu öndərmizin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmışdır. Ölkəmizdə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olmuşdur. Ümummilli liderimizin "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır" - deyimi Konstitusiyanın 1-ci maddəsində təsbit olunmuşdur.

Konstitusiyamızda dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Əsas Qanunumuz dövlətin məhz vətəndaşların mənafeyinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

Azərbaycan Konstitusiyasının hətta inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək məziyyətlərindən biri Əsas Qanunda sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan dövlətinin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunluğudur. Konstitusiyamız, həmçinin, ölkə qanunvericiliyinin inkişafı üçün əsas baza rolunu oynayır. Konstitusiyanın qəbulu nəticəsində qarşıya çıxan ən mühüm vəzifələrdən biri yeni hüquq sisteminin formalaşdırılması olmuşdur.

Ölkəmizdə bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazası yaradılmış, məhkəmə - hüquq islahatları həyata keçirilmişdir. Hazırda bu istiqamətdə ümummilli liderimizin siyasi kursunun və dövlətçilik ənənələrinin layiqli davamçısı olan dövlətimizin başçısı İlham Əliyev xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sahələrin dəqiq tənzimlənməsinə xidmət edən uğurlu siyasət yürüdür.

Heydər Əliyevin apardığı uğurlu xarici siyasət Azərbaycanın bir çox ölkələrlə, mötəbər beynəlxalq təşkilatlarla əlaqəsini gündən-günə möhkəmləndirdi. Bu gün Azərbaycanın ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarla sıx əlaqə saxlaması və bu qurumlarda bilavasitə iştirakı hüquq islahatları sahəsində təcrübə qazanmaqda respublkamıza çox böyük fayda verir.

Azərbaycanın dünya miqyasında tanınması ümummilli liderimiz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o müstəqil yaşamaq istəyir və ərazisinin sahibi olmağa, bütün sərvətləri ilə bağlı müstəqil qərar qəbul etməyə qadirdir. Azərbaycan Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində dünya birliyində layiqli yer tutmuşdur.

Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, ulu öndərimizin Azərbaycanın qüdrətlənməsinə və xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzm və uğurla davam etdirilir.

Yüz minlərlə yeni iş yerlərinin yaradılması, regionların sosial-iqtisadi inkişafı, yaşayış səviyyəsinin gündən-günə yüksəldilməsi, elm, təhsil, səhiyyə, mədəniyyətin inkişafına dövlət qayğısının artması, Azərbaycanın enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi, insan hüquq və azadlıqlarının əsas məqsədlərdən biri olması, balanslaşdırılmış xarici siyasət kursu və hərbi qüdrətinin artırılması möhtərəm dövlət başçımız İlham Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil edir.

Ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev ötən 7 il ərzində ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Bunun nəticəsində respublikamızda demokratik proseslər sürətləndirilmiş, qanunçuluq bütün səviyyələrdə möhkəmləndirilmiş, sosial ədalət meyarına riayət olunmuş, hakimiyyət bölgüsü prinsipi qorunmuş və hüquq-mühafizə orqanlarında zamanın tələblərinə cavab verən islahatlar həyata keçirilmişdir. Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində əsasını qoyduğu siyasətin bu gün uğurla davam etdiyinin bariz nümunəsidir.

Ölkəmizdə bütün sahələrdə böyük inkişaf və tərəqqi davam edir. Azərbaycan artıq regionun lider dövlətinə çevrilmişdir. Hər bir azərbaycanlı bu uğurlara görə ümummilli liderimiz Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə borcludur.

Azərbaycanın xilaskarı, Azərbaycan dövlətinin memarı və qurucusu, bütün şərəfli ömrünü xalqının səadətinə həsr etmiş Heydər Əliyev xalqımızın qəlbində və tariximizdə əbədi yaşayacaqdır.

 

 

Rəşadət SADIQOV,

ədliyyə müşaviri

 

Xalq qəzeti.- 2010.- 16 may.- S. 5.