Hüquqi dövlətin
qurucusu
Hər bir
xalqın tarixi şans və milli iradə əsasında müstəqil
dövlət qurmaq istəyini gerçəkləşdirməsi,
ilk növbədə, lider
fenomeni ilə bağlıdır. XX əsrdə
xalqımızın dünya
siyasətinə bəxş
etdiyi fenomen şəxsiyyət - ümummilli
lider Heydər Əliyev daim xilaskar və qurucu lider kimi
xatırlanır, onun dövlət və xalq qarşısındakı
xidmətləri ehtiramla
yad edilir.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr də
bütövlükdə xalqın azadlıq, müstəqillik
arzularının gerçəkləşməsinə real
hüquqi, siyasi və iqtisadi əsasların yaradılması,
bu möhkəm baza üzərində qazanılmış
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
xalqın təbii konstitusion hüquqlarına sahib
çıxması, milli-mənəvi yüksəlişə
nail olması, fərdin özünü vətəndaş kimi
dərk etməsi iftixar doğuran şanlı epoxanı əhatələyir.
Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini,
milli dəyərləri, nailiyyətləri ali keyfiyyətləri
məhz Heydər Əliyevin rəhbərliyi altında - azərbaycançılıq
ideologiyasında sistem halına gətirərək, müstəqil,
hüquqi, dünyəvi, demokratik dövlətini qurmuş,
millət kimi mövcudluğunu, özünü idarə etmək
bacarığını yüksək səviyyədə
nümayiş etdirmişdir.
Ümummilli liderin Azərbaycan
qarşısındakı əvəzsiz tarixi xidmətlərinin
ən qabarıq siyasi təzahürü isə onun
dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir.
Xalqımız tarixən milli dövlət qurmaq uğrunda
davamlı mübarizə aparsa da, yalnız ötən əsrin
sonlarında uzunmüddətli istiqlal mübarizəsinin məntiqi
yekunu olaraq bu arzusuna qovuşmuşdur. Hələ 1991-ci il 18
oktyabr tarixində ulu öndər Heydər Əliyevin də
imza atdığı "Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyi haqqında Konstitusiya
Aktı" dövlətimizi rəsmi olaraq 1918-ci il mayın
28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan
Demokratik Respublikasının varisi və müstəqil
respublika elan etmişdir. Həmin aktda Azərbaycan
xalqının eyni zamanda idarəetmə formasını
seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək,
siyasi, iqtisadi və mədəni həyatını öz
tarixi və milli ənənələrinə, ümumbəşəri
dəyərlərə uyğun inkişaf etdirmək hüququ
təsbit olunmuşdur. "Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyi haqqında Konstitusiya
Aktı"ın 12-ci maddəsində Azərbaycan
xalqının müstəqil, dünyəvi, demokratik,
hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini
tapmışdır.
Fəqət, dövlət
müstəqilliyinin ilk illərində - 1991-ci ildən
1993-cü ilin iyununa qədərki mərhələdə
respublikada mövcud olmuş fəlakət və
sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik,
anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin
qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir.
1991-1993-cü illərdə respublikamız de-yure müstəqil
sayılsa da, əslində, bu müstəqillik formal xarakter
daşımış, xalqımız ədalətli və
sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə
bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə
xalqın etmad göstərdiyi siyas qüvvənin olmaması
dövlət idarəçiliyi mexanizmlərinin
formalaşmasında ciddi maneəyə çevrilməklə
yanaşı daxili böhranın, vətəndaş itaətsizliyinin,
xaos və anarxiyanın yaranmasına rəvac vermiş,
qanunçuluğun və hüquq qaydalarının təmini,
vətəndaşların azad, təhlükəsiz yaşamaq
hüququnun, ən nəhayət, ictimai asayişin qorunması
sahəsində əsaslı problemlər yaratmışdı.
Həmin illərdə hakimiyyətdə olan qüvvələrin
naşı və yarıtmaz fəaliyyəti nəticəsində
hüquq-mühafizə orqanlarının üzərinə
düşən qanuni vəzifələri həyata keçirə
bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində
hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar
ünsürlərin mütəşəkkil fəaliyyətinə,
silahlı qruplaşmaların cövlan etməsinə
münbit şərait formalaşdırmış, daxildə
qeyri-sabit və təhlükəli vəziyyətə səbəb
olmuşdu. Belə şəraitdə nəinki hüquqi
dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz
yaşamaq kimi fundamental hüququndan danışmaq
mümkün deyildi.
Belə bir mürəkkəb
şəraitdə xalqın səsinə səs verərək
hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı
milli müstəqilliyin itirilməsi təhlükəsindən
qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin
xilaskarı, qurucusu kimi daxil olmuşdur. Böyük strateqin rəhbərliyi
altında hakimiyyət boşluğu qısa müddətdə
aradan qaldırılmış, respublikanın müxtəlif
bölgələrində dövlətçiliyə qəsdlər
təşkil edən cinayətkar ünsürlər xalqın
dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş
sülhü və həmrəyliyinin təminatı istiqamətində
ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda
ardıcıl və sistemli olaraq hüquqi dövlət
quruculuğu və vətəndaş cəmiyyətinin
formalaşdırılması prosesinə başlamaq imkanı
yaratmışdır.
Ümummilli lider Heydər
Əliyev bu mərhələdən etibarən daxili işlər
orqanlarının qanunauyğun fəaliyyətinin təmini,
habelə DİN-nin xalqın və dövlətin ehtibarlı
müdafiəçisinə çevrilməsi
yönümündə səylə
çalışmış, daxili işlər orqanları əməkdaşlarının
qarşısında yeni vəzifələr müəyyənləşdirilmişdir.
1994-cü il aprelin 29-da ulu öndərin DİN rəhbərliyinin
iştirakı ilə keçirdiyi müşavirədə
daxili işlər orqanlarının fəaliyyətində yol
verilmiş nöqsan və çatışmazlıqlar qeyd
olunmuş, onların tez bir zamanda aradan qaldırılması,
cinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsi
ciddi tələb kimi qarşıya qoyulmuşdur.
Azərbaycan polisi fəaliyyətini
tamamilə yeni norma və prinsiplər üzərində
quraraq dövlətçiliyin, ictimai asayişin və
qanunçuluğun qorunması üçün böyük fədakarlıqlar
göstərmişdir. 1994-cü ilin oktyabrında və 1995-ci
ilin martında dövlət çevrilişinə cəhdlərin
qarşısının qanun çərçivəsində
alınmasında daxili işlər orqanları da qətiyyətli
mövqe tutmuş, üzərlərinə düşən vəzifənin
öhdəsindən layiqincə gəlmiş, dövlətçilik
sınağından üzüağ çıxmışlar.
Sonrakı dövrdə də Azərbaycan polisi ictimai
asayişin qorunması və cinayətkarlığa
qarşı mübarizə sahəsində diqqətəlayiq
uğurlara imza atmışdır.
Ölkədə
ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq
qaydalarının möhkəmləndirilməsi, dövlət
çevrilişləri cəhdlərinin qarşısının
xalqın dəstəyi ilə qətiyyətlə
alınması ulu öndər Heydər Əliyevə ölkənin
Əsas Qanunu olan Konstitusiyanın qəbulu istiqamətində
real addımlar atmaq imkanı yaratmışdır. Ulu öndərin
rəhbərliyi altında hazırlanaraq 2005-ci ilin 12
noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti
quruculuğunun hüquqi əsaslarını yaratmış,
ölkədə çoxpartiyalılıq əsasında
demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət,
söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olunmuşdur.
Əsas Qanunun qəbulu
Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət
ideallarına sadiqliyini bir daha təsdiqləməklə, onun
beynəlxalq aləmdə daha yaxından tanınmasına, ikitərəfli
və çoxqütblü əməkdaşlığının
dərinləşməsinə də real imkanlar açmışdır.
İlk milli Konstitusiyamızda xarici siyasətin, "beynəlxalq
əlaqələrin konseptual xarakterinin, məqsəd və vəzifələrinin
səhih şəkildə əksini tapması da məhz ulu
öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi
sahəsində mümkün olmuşdur. Dövlətin idarəetmə
sisteminin əsasını təşkil edən
Konstitusiyanın 10-cu maddəsinə görə, Azərbaycan
başqa dövlətlərlə və beynəlxalq aləmlə
münasibətlərini beynəlxalq hüquq normaları və
ölkənin maraqlarını nəzərdə tutan prinsiplər
əsasında qurur.
Bu prinsipləri rəhbər
tutan Azərbaycanın 1996-cı ildən avrostrukturlara
inteqrasiya prosesi sürətlənmiş, nəticədə
Avropa Şurası Parlament Assambleyası Bürosunun qərarı
ilə respublikamıza 1996-cı il iyunun 28-dən təşkilatda
"xüsusi qonaq statusu" ilə təmsil olunmaq imkanı
yaradılmışdır. Bu, milli qanunvericiliyin Avropa
standartlarına yüksəlməsinə, təşkilatla əlaqə
və dialoqun intensivləşməsinə daha geniş imkanlar
açmışdır. Eyni zamanda, ulu öndər Heydər Əliyevin
8 iyul 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan
Respublikası arasında proqramının həyata
keçirilməsi tədbirləri haqqında", 20 yanvar
1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan
Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi
sahəsində tədbirlər haqqında", habelə 14 may
1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa
Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi
və Azərbaycan Respublikasının Avropada mənafelərinin
təmin edilməsi haqqında" sərəncamları Avropa
Şurasına üzvlük üçün tələb
olunan hüquqi-siyasi prosedurların sürətlə
keçilməsinin işlək mexanizmlərini
hazırlamağa imkan vermişdir.
Azərbaycanın
hüquqi dövlət və humanizm ideallarına sadiqliyini təsdiqləyən
daha bir mühüm hadisə isə Avropa Şurasına
üzvlüyə qədər ölüm hökmünün
tamamilə ləğvi olmuşdur. Təşkilatın qəbul
etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı
Protokolunda da ölüm hökmünün yolverilməzliyi
birmənalı əksini tapmışdır. 1993-cü ildən
ölüm hökmü cəzası üzərində
moratoriumun qoyulması, 1995-ci ildə əfv
komissiyasının bərpası, 1998-ci ilin 10 fevralında
ölüm cəzasının tam ləğvi isə ulu
öndərin daxilən yüksək humanizm, insanpərvərlik
kimi keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir.
1996-cı ilin mayında Milli Məclis Azərbaycan Prezidentinin
qanunvericilik təşəbbüsünü dəstəkləyərək
yaşı 65-dən yuxarı olanların ölüm cəzasından
azad olunması ilə bağlı qərar qəbul etmiş,
eyni zamanda ölüm cəzasının tətbiqini nəzərdə
tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə
endirilmişdir. Ulu öndər insanları
bağışlamaqla dövlətin, onun rəhbərinin vətəndaşlara
humanist münasibətini daim önə çəkmişdir. 1996-2003-cü
illərdə 32 əfv fərmanının, 8 amnistiya
aktının imzalanması da deyilənləri bir daha təsdiqləyir.
Bəzi iddiaların əksi olaraq ölüm hökmü cəzasının
ləğvi, amnistiya və əfv fərmanlarının
imzalanması ciddi tərbiyəvi məzmun kəsb edərək,
ağır və xüsusilə ağır cinayətlərinin
sayının azalmasına gətirib
çıxarmışdır.
1996-2000-ci illərdə
respublikamız insan hüququ və azadlıqlarının,
habelə demokratik təsisatların inkişafının təminatı
ilə bağlı bir sıra beynəlxalq konvensiyalara,
sazişlərə qoşulmuşdur. Bütün bunların nəticəsi
kimi 1996-cı ildən Avropa Şurasında "xüsusi qonaq
statusu" ilə təmsil olunan Azərbaycan 2001-ci ilin 17
yanvarında qurumun Nazirlər Komitəsinin qərarı ilə
Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul
edilmişdir. 2001-ci il dekabrın 25-də respublikamızın
qanunverici orqanı olan Milli Məclis "İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında" Avropa Konvensiyasını
ratifikasiya etməklə demokratik ənənələrə, ədalətə,
yurisdiksiyası altında olan insanlar üçün əsas
hüquq və azadlıqların təminatına yüksək
sadiqlik nümayiş etdirmişdir.
Ümummilli lider Heydər
Əliyevin 1998-ci ilin 22 fevralında imzaladığı
"Azərbaycan Respublikasında insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında" fərmanla
insan hüquqlarının təminatı yönümündə
həyata keçirilən tədbirlərin mahiyyəti və
konsepsiyası səhih şəkildə müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixdə
təsdiq etdiyi "Azərbaycan Respublikasında İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramı" isə insan hüquqlarının müdafiəsi
sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini
artırmışdır. Dövlət proqramında əksini
tapmış insan hüquqları üzrə Azərbaycan
Respublikasının Müvəkkili təsisatının
(ombudsman) yaradılması, respublikamızın insan
hüquqları ilə bağlı mühüm beynəlxalq
sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat
institutunun yaradılması, normativ hüquqi aktların insan
hüquqlarına dair beynəlxalq standartlara tam
uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin
təkmilləşdirilməsi, insan hüquqları sahəsində
fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın
inkişaf etdirilməsi və digər mühüm vəzifələr
ötən illərdə uğurlu həllini
tapmışdır.
Ümumiyyətlə,
respublikamızda üçpilləli məhkəmə
sisteminin formalaşdırılması, seçki
qanunvericiliyinin təkmilləşdirilməsi, Konstitusiya Məhkəməsinin
fəaliyyətə başlaması, İnsan Hüquqları
üzrə Müvəkkil institutunun yaradılması, vətəndaşlara
Konstitusiya Məhkəməsinə və Avropa İnsan
Hüquqları Məhkəməsinə birbaşa müraciət
imkanının verilməsi, Azərbaycan Konstitusiyasında ilk
dəfə 2004-cü il 24 avqust tarixdə insan
hüquqlarına dövlət təminatını gücləndirən
mütərəqqi əlavə və dəyişikliklərin
edilməsi, respublikamızın mühüm beynəlxalq
konvensiyalara qoşulması ulu öndər Heydər Əliyevin
hüquqi dövlət quruculuğu siyasətinin ən
qabarıq məqamları kimi diqqəti çəkir.
Ulu öndərin
hüquqi və demokratik dövlət quruculuğu xəttini
yeni dövrün tələblərinə uyğun davam etdirən
dövlət başçısı İlham Əliyev ötən
6 ildə ölkədə insan və vətəndaş
hüquq-azadlıqlarının təmini istiqamətində
kompleks tədbirlər həyata keçirmişdir. Cənab
İlham Əliyevin qanunçuluğa, hüquq qaydalarına, ədalətə
bağlı olması, insan və vətəndaş hüquq və
azadlıqlarının təminatçısı kimi
çıxış etməsi həm də onun zəngin mənəviyyatından
rişələnmişdir. Bunun nəticəsi olaraq
respublikamızda demokratik proseslər sürətləndirilmiş,
qanunçuluq bütün səviyyələrdə möhkəmləndirilmiş,
sosial ədalət meyarına riayət olunmuş, hakimiyyət
bölgüsü prinsipləri qorunmuş, hüquq-mühafizə
orqanlarında dövrün tələblərinə cavab verən
islahatlar aparılmış, siyasi mühitin
liberallaşdırılması istiqamətində davamlı
addımlar atılmışdır. Son 6 ildə insan hüquq
və azadlıqlarının daha etibarlı təmini
baxımından "Korrupsiyaya qarşı mübarizə
üzrə Dövlət Proqramının (20040-2006-cı illər)
təsdiq edilməsi haqqında" 3 sentyabr 2004-cü il
tarixli, "Azərbaycan Respublikasında məhkəmə
sisteminin müasirləşdirilməsi və bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli, "Ədliyyə
orqanlarının inkişafı haqqında" 17 avqust
2006-cı il tarixli, habelə "Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi
haqqında", "Azərbaycan Respublikasında İnsan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planı"nın təsdiq edilməsi haqqında" 28
dekabr 2006-cı il tarixli, "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə"
28 iyul 2007-ci il tarixli, "Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
yaradılması haqqında" 13 dekabr 2007-ci il tarixli fərman
və sərəncamlarını xüsusi vurğulamiaq olar.
İnsan və vətəndaş
hüquq-azadlıqlarının etibarlı təmini
baxımından 2009-cu il martın 18-də Azərbaycan
Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin
edilməsini nəzərdə tutan ümumxalq referendumunun
keçirilməsini xüsusi vurğulamaq lazımdır. Ümumxalq
referendumunda ciddi ictimai dəstək almış yeniliklər
hüquqi baxımdan Konstitusiyanın bir çox
normalarını yeni dövrün tələblərinə
uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və
vətəndaş hüquq və azadlıqlarının təmini
sahəsində dövlətin məsuliyyətini
artırmış, onun üzərinə bir sıra yeni
hüquqi öhdəliklər qoymuşdur. Referendumda ictimai dəstək
almış hüquqi yeniliklər 1948-ci il tarixli
"Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"nə,
1950-ci il tarixli "İnsan Hüquqları üzrə Avropa
Konvensiyasına" 1966-cı il tarixli "Vətəndaş
və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt"a, 1989-cu
il tarixli "Uşaq hüquqları haqqında"
Konvensiyasının və s. müddəalarına tam uyğun
olmaqla, ölkənin milli qanunvericiliyinin beynəlxalq hüquq,
prinsip və normaları ilə uzlaşdırılmasına
yönəlmişdir.
Müasir dövrdə
demokratiyanın inkişafı, qanunçuluğun təminatı,
insan hüquq və azadlıqlarının qorunması həm
də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir.
Respublikamızın iqtisadi imkanları genişləndikcə,
Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq
mütərəqqi yolla irəliləməklə, insan
hüquq və azadlıqlarının təminatı,
demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza
atır. Dövlət başçısı Azərbaycanın
sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə
proseslərini bir-birindən təcrid olunmuş şəkildə
götürmədən hər iki xətti Azərbaycanın gələcək
yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır.
Əgər ulu öndər
Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin
itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar
yoluna çıxardığı Azərbaycan hazırda onun
layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi altında dünyanın ən sürətlə
inkişaf edən, yeniləşən, müasirləşən,
demokratikləşən dövlətinə
çevrilmişdir. Respublikamız hazırkı qlobal
böhran şəraitində belə sürətli
sosial-iqtisadi inkişafını qoruyub saxlayır,
böyük infrastruktur layihələri, regional proqramlar həyata
keçirir, Avropanın enerji təhlükəsizliyində
sözünü deyir. Cəmiyyətin bütün sahələrində
özünü göstərən dirçəliş, intibah
meyilləri insan hüquqlarının təmini sisteminin təkmilləşdirilməsində
də öz sözünü deyir.
Vüqar SƏRDAROV
Xalq qəzeti.- 2010.- 16 may.- S. 5.