Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri bütün sahələrdə inkişafa səbəb olmuşdur

 

"Mən çox şadam ki, Ağdaşda işlər yaxşı gedir, gözəl obyektlər istifadəyə verilir... Biz sizinlə bundan sonra da görüşəcəyik. Əminəm ki, Ağdaşda gözəl açılışlar hələ çox olacaqdır".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

2010-cu il fevral ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna növbəti səfər etmişdir. Ölkə rəhbəri səfər zamanı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Habil Əliyev adına Ağdaş şəhər Musiqi Məktəbində yaradılmış şəraitlə tanış olmuş, rayon mərkəzində yeni su xəttinin, Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir. Dövlət başçısı Mərkəzi Xəstəxananın yeni binasının, regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş çıxış etmişdir.

 

Artıq həmin səfərdən 3 aydan çox vaxt keçib. Bəs, bu müddətdə Prezidentin qarşıya qoyduğu konkret vəzifələrin, təklif və tövsiyələrin yerinə yetirilməsi istiqamətində nə kimi işlər görülmüş, hansı real addımlar atılmışdır? Ümumiyyətlə, bu gün Ağdaşda mövcud durum, ictimai-siyasi vəziyyət, mənəvi-psixoloji mühit, adamların əhval-ruhiyyəsi necədir?

Sözün düzü, rayona növbəti səfərimizin də əsas məqsədi elə bu idi. Ona görə də əvvəl ayrı-ayrı kollektivlərdə olduq, müxtəlif insanlarla görüşdük, ziyalılarla, ağsaqqallarla, gənclərlə söhbət etdik. Onların həyat tərzi, günü-güzəranı, arzu və düşüncələri ilə tanış olduq. Gördüklərimizə, müşahidə etdiklərimizə, şahidi olduqlarımıza əsaslanıb deyə bilərik: bu gün Ağdaş rayonu hələ də ölkə Prezidenti İlham Əliyevin bu bölgəyə tarixi səfərinin unudulmaz təsiri altındadır. Adamların əhval-ruhiyyəsi, işə münasibəti, təşəbbüskarlıq hissi ikiqat artıb. Sağlam mənəvi-psixoloji mühit mövcuddur, sabaha möhkəm inam və ümid var. Rayon sakinləri gündəlik diqqət və qayğı üçün ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını bildirir, bu qayğıya əməli işlə cavab vermək üçün bütün imkan və səylərini əsirgəməyəcəylərini bildirirlər.

 

Açılışlar, görüşlər, təməlqoyma mərasimləri

 

Prezident İlham Əliyev fevral ayının 12-də Ağdaş rayonuna səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş Habil Əliyev adına Musiqi Məktəbində yaradılmış şəraitlə tanış olmuşdur. Dövlət başçısına məlumat verilmişdir ki, tikintisinə 2008-ci ilin martında başlanmış musiqi məktəbinin binası 2009-cu ilin iyun ayında istifadəyə verilmişdir. Şəhərin mərkəzində 5500 kvadratmetr sahədə tikilmiş məktəbdə 36 sinif otağı, 200 yerlik konsert zalı və muzey vardır. Xalq artisti Habil Əliyevə həsr olunmuş muzeyə baxan dövlət başçısı İlham Əliyev burada kamança ustası ilə söhbət etmişdir. Daha sonra dövlət başçısı dərs otaqlarında və konsert salonunda uşaqların ifasını dinləmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində şəhərə ilkin suyun verilməsini bildirən rəmzi açılış mərasimində iştirak etmişdir. Dövlət başçısına bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Ağdaş şəhərinin su təchizatı probleminin həlli məsələsi Asiya İnkişaf Bankının "Azərbaycan Respublikasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə daxil edilmişdir. Layihəyə əsasən, şəhərin su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq və Qaradağlı kəndi ərazisində çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Layihənin birinci mərhələsinin başa çatdırılması nəticəsində 35 min nəfər içməli su ilə təmin ediləcəkdir. Əhalini yüksək keyfiyyətli içməli su ilə təmin edəcək layihənin 24 ay ərzində gerçəkləşdirilməsi nəzərdə tutulmuşdur.

Dövlət başçısı ölkədə sayca 25-ci olan Ağdaş Olimpiya İdman Kompleksinin açılışında iştirak edərək, obyektlə yaxından tanış olmuşdur. Məlumat verilmişdir ki, kompleksin inşasına 2006-cı ildə başlanmışdır. Ümumi ərazisi 5,5 hektar olan kompleks əsas bina, üzgüçülük hovuzu, mini futbol stadionu, voleybol və basketbol meydançaları, tennis kortu, hər biri 8 nəfərlik üç kottec və digər yardımçı binalardan ibarətdir. Örtülü idman meydançası olan ikimərtəbəli əsas binanın daxilindəki 1020 tamaşaçı yerlik idman meydançasının sahəsi 2484 kvadratmetrdir

Bundan başqa, binanın daxilində 4 məşq, bilyard, stolüstü tennis zalları vardır. Kompleks üçün artezian quyusu qazılmış, fərdi transformator və su nasosu quraşdırılmış, iki su anbarı və qazanxana tikilmişdir. Kompleksin həyəti abadlaşdırılmış və yaşıllıq salınmışdır. Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşərək, onları möhtəşəm idman qurğusunun istifadəyə verilməsi münasibətilə təbrik etmişdir.

Dövlət başçısı Mərkəzi Rayon Xəstəxanasının yeni binasının təməlqoyma mərasimində iştirak etmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə səhiyyə sektorunda aparılan islahatlar çərçivəsində inşa olunacaq 100 çarpayılıq yeni xəstəxana binası üçün Ağdaş şəhərinin girişində 5,3 hektar torpaq sahəsi ayrılmışdır. İki il ərzində istifadəyə verilməsi nəzərdə tutulan xəstəxana binasının ümumi sahəsi 22500 kvadratmetrdir. Xəstəxana kompleksi 6 korpusdan ibarət olacaqdır. Yeni xəstəxana binasının ətrafı abadlaşdırılaraq, yaşıllıq zolaqları salınacaqdır. Təməlqoyma mərasimində dövlət başçısının adından Mərkəzi Rayon Xəstəxanasına iki ədəd ən müasir təcili tibbi yardım maşını hədiyyə edilmişdir.

Dövlət başçısı İlham Əliyev rayonda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində də iştirak etmişdir. Burada dövlət başçısına bildirilmişdir ki, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mingəçevir - Abşeron enerji təminatının yenidən qurulması layihəsi çərçivəsində Ağdaş rayonunun Kükəl kəndi ərazisində 220/110 kv-luq 2x125 MVA gücündə regional elektrik yarımstansiyasının tikintisi nəzərdə tutulmuşdur. Tikinti - quraşdırma işləri 15 ay ərzində başa çatdırılacaq. Prezident İlham Əliyev elektrik yarımstansiyasının tikintisində çalışan inşaatçılara uğurlar arzulamışdır.

Ağdaş Olimpiya - İdman Kompleksində rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edən dövlətimizin başçısı rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: "Mən çox şadam ki, Ağdaşda işlər yaxşı gedir, gözəl obyektlər istifadəyə verilir. Əminəm ki, növbəti illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində əsas məsələlər, sosial-iqtisadi məsələlər öz həllini tapacaqdır... Biz sizinlə bundan sonra da görüşəcəyik. Əminəm ki, Ağdaşda gözəl açılışlar hələ çox olacaqdır".

 

Unudulmaz xatirələr...

 

Şah Səlimov: Ölkə Prezidenti İlham Əliyevi qarşılayanlar arasında mən də vardım. Həyatın hər üzünü görmüşəm, qarşıma çox döngələr, eniş-yoxuş çıxıb. Demək istəyirəm ki, böyük həyat yolu keçmişəm, təcrübəli adamam. Səmimiyyətlə etiraf edim ki, möhtərəm Prezidentimizlə keçirdiyimiz unudulmaz görüşlər, onun maraqlı, səmimi, mehriban söhbətləri əbədi olaraq ürəyimə, yaddaşıma həkk olunub. Bu, bizim hər birimizin qəlbində sonsuz minnətdarlıq duyğuları yaratmaqla yanaşı, bütün güc, imkan və səylərimizi daha yaxşı işləməyə səfərbər edir.

Heç uzağa getməyək. Ölkə bahçısının Ağdaşa tarixi səfərindən sonra qısa müddət ərzində görülən işlər, irəli sürülən vəzifələrin, təklif və qeydlərin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu dediklərimizə gözəl misaldır. Bu gün Ağdaş nəinki regionun, hətta ölkəmizin ən abad, yaraşıqlı və müasir şəhərlərindən birinə çevrilmişdir. Şəhər başdan-başa gül-çiçəyə, yaşıllığa bürünüb. Gördüyümüz müasir park və xiyabanların, meydan və fəvvarələrin, demək olar ki, hamısı son illərin yadigarlarıdır.

Bütün bu inkişaf və yüksəliş, yaradılan gözəl şərait üçün ən əvvəl ölkə prezidenti İlham Əliyevə hədsiz minnətdarlığımızı bildirirəm. Ağdaşlılar həmişə olduğu kimi, indi də möhtərəm Prezidentimizin ətrafında sıx birləşmişlər, onun apardığı müdrik və qətiyyətli daxili və xarici siyasət xəttini ürəkdən bəyənir və müdafiə edirlər.

Şəhla Hacıbalayeva: Özümü xoşbəxt hiss edirəm ki, ölkə Prezidenti İlham Əliyevi Ağdaşda qarşılayarkən rayon ictimaiyyəti adından mən çıxış etmişəm. Həmin çıxışın bir hissəsini burda bir daha xatırlatmaq istəyirəm: "Möhtərəm cənab Prezident, qəlbimdə bir sözüm də vardır. Sizin Ağdaşa ilk səfərinizdən sonra şəhərimizdə çoxlu sayda abidələr ucaldı. Mən bütün çıxışım boyu bu abidələr haqqında söhbət açdım. Ancaq o abidələrin ən möhtəşəmi, ən gözəli haqda heç bir söz demədim. O, sizin ağdaşlıların qəlbində ucaltdığınız abidədir. Zaman keçəcək, sizin bu tarixi səfərinizdən sonra Ağdaşımız daha da inkişaf edəcək, daha da gözəlləşəcəkdir. Onun simasını daha əzəmətli abidələr bəzəyəcək, ancaq abidələrin heç biri sizin qəlbimizdə ucaltdığınız abidəyə çata bilməz".

Doğrudan da, belədir və bunu duymaqdan, hiss etməkdən böyük qürur duyuram. Ölkəmizin elə bir vətəndaşı yoxdur ki, onun qəlbində ölkə Prezidenti İlham Əliyevin mərd və əzəmətli heykəli ucalmasın. Yeri gəlmişkən, onu da bildirmək istəyirəm ki, respublikamızın bütün bölgələri kimi, Ağdaşın da iqtisadi, sosial və mədəni inkişafı ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərə təsadüf edir. Olduqca xoş və fərəhlidir ki, bu gün həmin estafet etibarlı əldədir. Daha sürətlə və qətiyyətlə davam etdirilir.

Azad Gözəlov: Ağdaş tarixən həm də zəngin idman ənənələri ilə məşhurdur. Bu cəhətdən rayonumuzda Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi idmançılar və gənclər üçün ikiqat fərəhli və unudulmazdır. İndi bura bizim ən sevimli yerimizdir. Onu da bildirmək istəyirəm ki, Olimpiya İdman Kompleksinin istifadəyə verilməsindən sonra idmançılarımızın sayı 2-3 dəfə artmışdır.

Neçə ildir ki, rayonumuzda gözəl bir ənənə yaranmışdır: müxtəlif idman növləri üzrə rayon birinciliyi keçirilir və bu, ildən-ilə daha kütləvi xarakter alır. Sevindiricidir ki, bu il spartakiadanın yekun yarışları ilk dəfə olaraq Olimpiya İdman Kompleksində keçiriləcəkdir. İndi hər yerdə buna ciddi hazırlıq işləri görülür.

Ölkəmizdə geniş vüsət alan idman hərəkatı xalqımızın sabahına, gələcəyinə, əqli və fiziki cəhətdən sağlam nəslin yetişməsinə xidmət edir. Son illər rayonumuzun iqtisadi, sosial və mədəni inkişafı göz qabağındadır. Rəqəmlərin müqayisəli təhlili, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri, adamların sosial ehtiyaclarına göstərilən diqqət və qayğı haqlı razılıq və minnətdarlıq duyğuları yaradır. Möhkəm inanırıq ki, yaxın illərdə Ağdaş respublikamızın idman həyatında da öz layiqli yerini tutacaqdır. Bütün bunlar üçün, yaradılan gözəl, müasir və əlverişli şəraitə görə ağdaşlı gənclər ilk növbədə, əlbəttə, ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

 

Dinamik inkişaf davam edir

 

Biz burada son illər Ağdaşda həyatın bütün sahələrində əldə edilmiş yüksəliş, tikinti-abadlıq və quruculuq sahəsində qazanılmış uğurları əks etdirən çoxlu fakt, göstərici və rəqəm sadalaya bilərik. Ancaq etiraf edək ki, bu daha geniş bir yazının mövzusudur. Ən azı ona görə ki, inkişafın, yüksəlişin coğrafiyası və miqyası çox böyükdür. Elə isə biz yalnız cari ilin ötən ayları ərzində ölkə Prezidenti İlham Əliyevin rayona tarixi səfərində qarşıya qoyduğu konkret vəzifələrin, təklif və tövsiyələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, əldə edilmiş uğurlardan söhbət açacağıq.

Əvvəlcə, ümumi mənzərəni əks etdirən bir sıra xarakterik rəqəmlər: ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı 10,6 faiz və ya 2 milyon 428 min manat artaraq 25 milyon 287 min manat, sənaye məhsulu istehsalı 14,2 faiz və ya 163 min manat artaraq 1 milyon 310 min manat, kənd təsərrüfatı məhsulu istehsalı 7,2 faiz və ya 622 min manat artaraq 9 milyon 197 min manat, pərakəndə əmtəə dövriyyəsi 4,8 faiz və ya 301 min manat artaraq 6 milyon 524 min manat təşkil etmişdir.

2010-cu ilin ötən ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 7 milyon 65 min manat həcmində, keçən ilin eyni dövrünə nisbətən 1 milyon 109 min manat çox investisiya qoyulmuşdur.

Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində suqəbuledici qurğunun, nasos stansiyasının, su anbarlarının tikintisi davam etdirilmişdir. Şəbəkəyədək olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə də su kanal idarəsi üçün yeni inzibati binanın və istehsal bazasının tikintisi başa çatmışdır. Ağdaş şəhərindəki çoxmənzilli yaşayış binalarının su-kanalizasiya xətlərinin yenidən qurulmasına başlanılmış və hazırda bu sahədə işlər davam edir.

Ağdaş şəhərinin mərkəzi küçələrinin, eləcə də bütün kənd yaşayış məntəqələrinin daxili yollarının abadlaşdırılması işləri əvvəlcədən nəzərdə tutulmuş plan əsasında ardıcıllıqla davam etdirilmişdir.

Elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatı yaxşılaşdırmaq məqsədilə təmir işləri davam etdirilmiş, rayonun Kükəl kəndi ərazisində 220/110 kv-luq Ağdaş regional elektrik yarımstansiyasının və Ağdaş Qaz İstismar İdarəsi üçün yeni inzibati binanın tikintisinə başlanılmışdır.

Rayonda rabitə xidmətinin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, Mərkəzi Avtomat Telefon Stansiyasının 4192 nömrəlik elektron ATS-lə əvəz edilməsi sahəsində görülən işlər başa çatmışdır. Dəhnəxəlil, Pirəzə və Qaradağlı kəndlərində nömrəni avtomatik təyin edən avadanlıq quraşdırılmışdır.

Ötən dövrdə rayonda sənayenin inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüşdür. Yerli xammaldan istifadə edən qum-çınqıl karxanalarında, Kükəl kərpic istehsalı müəssisəsində istehsal prosesləri davam etmiş, "Orelay" şirniyyat istehsalı müəssisəsinin yeni sexində tikinti-quraşdırma işləri aparılmışdır. Keçən ilin eyni dövründəkindən 14,2 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sahibkarlara müqayisə olunan dövrdən 3,3 dəfə çox, yəni 1 milyon 795 min manat həcmində kredit verilmişdir. Onların şəxsi vəsaiti hesabına iki şadlıq sarayının, 2 çoxmərtəbəli yaşayış kompleksinin və bir istirahət mərkəzinin tikintisi davam edir.

Rayon iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində saxlanılmışdır. 2010-cu ilin məhsulu üçün əkilmiş 13328 hektar payızlıq taxıl və 1270 hektar tərəvəz sahələrinə aqrotexniki qulluq davam etdirilmişdir. Yazlıq əkinlər üçün ciddi hazırlıq işləri görülmüş və 107 hektar dən qarğıdalı, 593 hektar kartof, 65 hektar bostan, 802 hektar yonca əkilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamına uyğun olaraq 2010-cu ilin məhsulu üçün əkilmiş sahələrə görə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət yardımının verilməsi təmin olunmuşdur. Bitkiçilik məhsulları istehsalının artırılması üçün aqrar sektorda çalışanlara güzəştli qiymətlərlə 13 ton gübrə satılmışdır. "Aqrotexservis"ə yeni inzibati binanın və bazanın tikintisi davam etdirilir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə təsdiq edilmiş plan-qrafikə uyğun olaraq, təsərrüfatlararası kanalların lildən təmizlənməsinə başlanılmış və Ağdaş Suvarma Sistemləri İdarəsi tərəfindən 25 kənd arxı və onların qollarında 92,7 kilometr uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Pirəzə Mexaniki Suvarma İdarəsi rayonun 11 kəndinin əkin sahələrini suvarma suyu ilə təmin edir. İdarə tərəfindən Qaradeyin, Ağzıbir, Xınaxlı kənd arxlarında 128,1 min kubmetr lildən təmizləmə işləri yerinə yetirilmişdir.

Prezident İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi bu sahəyə diqqət və qayğını daha da artırmışdır. Rayon ərazisindən keçən magistral yolların ətrafında səliqə-sahman yaradılması, yaşıllıq zolaqlarının salınması, şəhərin mərkəzi küçələrindəki ağacların budanması, gül-çiçəklərin əkilməsi işləri ardıcıl olaraq davam etmişdir. Yaşıllıqların artırılması məqsədilə 30 min ədəd şam və müxtəlif növ bəzək ağacları əkilmişdir.

...Ağdaşda növbəti səfərdən aldığım təəssürat belədir: zəngin, maraqlı və fərəhli. İqtisadi yüksəliş, sosial məsələlərin uğurlu həlli, mədəni sahədəki yeniliklər... Bir də burada tanış olduğum, söhbət etdiyim insanların gözlərindəki işıq... Bu, sabahkı daha xoşbəxt və fərəhli günlərin işığı idi...

 

 

Ziyəddin SULTANOV,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 16 may.- S. 6.