Heydər Əliyev elm, təhsil və
mədəniyyətin himayədarı idi
Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev
fenomenini öz dəyərincə bütün incəliklərinə
qədər qiymətləndirmək mümkün deyil. Çünki
ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və
xalqının taleyində, tarixində silinməz izlər
qoyur, məmləkətin, ölkənin ən çətin,
ağır dövründə xilaskar rolunu oynayır...
Bu dahi insanın fəaliyyətinə,
keçdiyi ömür yoluna nəzər salanda aydın
görürük ki, Heydər Əliyev bir çox siyasi
xadimin edə bilmədiyini gerçəkləşdirmiş,
müasir dünyanın ən aktual
çağırışlarına cavab vermək
bacarığı ilə XX və XXI əsrlərin
tanınmış siyasi xadimləri arasında həmişəlik
öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi
nadir dövlət xadimlərindən olan Heydər Əliyev
yaşadığı bütün həyatı boyu hər
zaman xalqını, vətənini
düşünmüşdür. Onun ürəyi Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi, doğma
xalqının xoşbəxtliyi üçün
çırpınmışdır. Ulu öndər bir dövlət
başçısı kimi Azərbaycanın ən çətin,
üzücü anlarında onu xilas etmək üçün
misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan
qurtarmağı bacarmışdır.
Azərbaycanı
inkişaf etdirmək, şöhrətləndirmək,
xalqın tükənməz potensialını üzə
çıxarmaq Heydər Əliyevin ən böyük
amalı idi. Bu dahi insan düşüncələri zəngin
olduğu qədər də tükənməz enerjiyə malik
idi. Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən
üstün cəhət bu idi ki, o, məmləkətin
inkişafı üçün zəruri olan məqamları
görə bilirdi, qarşıya konkret məqsədlər
qoyurdu və insanları bu məqsədlər naminə səfərbər
edirdi, qüvvələri səmərəli şəkildə
istiqamətləndirirdi.
Ulu öndər Heydər Əliyev
bütün fəaliyyəti dövründə elm, təhsil və
mədəniyyətin inkişafına xüsusi qayğı ilə
yanaşırdı. Bu da təsadüfi deyildi.
Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki,
Azərbaycanın tərəqqisinin yeganə yolu məhz
xalqın yüksək təhsil almasında, maariflənməsindədir,
fundamental və humanitar elmlərə mühüm əhəmiyyət
verilməsindədir.
Məhz buna görə də
ümummilli liderimizin rəhbərliyi ilə
respublikamızın iqtisadi bazasının gücləndirilməsi
əhalinin gün-güzəranının
yaxşılaşdırılması, elm və təhsilin
inkişafı ilə paralel aparılırdı. Heydər
Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın
tarixinə elmin və təhsilin, mədəniyyətin tərəqqi
dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil,
respublikamızın ucqarlarında da yüzlərlə məktəb,
kino-teatr, klub, mədəniyyət evi, kitabxana, uşaq
bağçası tikildi. Mədəniyyətin bütün
sahələrində görünməmiş uğurlar
qazanıldı. Bu qayğı sayəsində neçə-neçə
görkəmli bəstəkar, rəssam, şair,
yazıçı, heykəltəraş yetişdi. Onlara fəxri
adlar verilməsi, Bakıda və Moskvada yubileylərinin
keçirilməsi ənənə halını aldı.
Heydər Əliyev hakimiyyətinin
birinci dönəmində Bakıda ən böyük
abadlıq işləri görülmüş, müasir Azərbaycan
memarlığının əsərləri sayılan və
respublikanın siyasi və mədəni həyatında
böyük əhəmiyyəti olan bir sıra memarlıq
ansamblı, inzibati mərkəz, saray, nəşriyyat, tədris
korpusu, kompleks və özünün görkəmi ilə
şəhərə rövnəq verən neçə-neçə
digər bina istifadəyə verilmişdir. Məhz Heydər
Əliyevin təşəbbüsü sayəsində çox
sayda memarlıq abidəsinin bərpası mümkün
olmuşdur. O, Azərbaycan xalqının keçmişində,
mənəvi mədəniyyəti tarixində iz qoymuş
böyük şəxsiyyətlərin abidəyə
çevrilməsinin xalqın milli varlığına, milli
duyğularının güclənməsinə son dərəcə
müsbət təsir edəcəyini çox gözəl
bilirdi. Heydər Əliyevin mədəniyyətimizə,
tariximizə dərin ehtiram nümayiş etdirərək
göstərdiyi qayğı sayəsində Bakının ən
görkəmli yerlərində xalqımızın milli
varlığının daşıyıcısı olan
böyük insanların əzəmətli heykəlləri
ucaldılmış, böyük tarixi şəxsiyyətlərin
hər biri üçün bir mədəniyyət mərkəzinə
çevrilən ev-muzeyləri yaradılmışdır.
1993-cü ilin iyununda
xalqın istəyi ilə Heydər Əliyevin yenidən
hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə
yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar
dövlətin yüksək qayğısı ilə əhatə
olundular. Onlarca sənətkara fəxri ad, Prezident təqaüdü,
müxtəlif mükafatlar verildi. Neçə-neçə
unudulmuş mədəniyyət xadiminin yubileyləri
keçirildi... Heydər Əliyev hakimiyyətinin birinci
dövründə Qara Qarayev, Fikrət Əmirov, Niyazi,
Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza və
digərləri Sosialist Əməyi Qəhrəmanı
adına layiq görüldülər.
Heydər Əliyev
azərbaycançılıq ideologiyasına mühüm
önəm verirdi. Qədim yazılı abidə olan
"Kitabi-Dədə Qorqud"da milli düşüncə,
azərbaycançılıq ideologiyası geniş əksini
tapdığından ulu öndər alimlərin dastanın
araşdırılması və tədqiqinə normal şərait
yaratdı. "Azərbaycan ədəbiyyatı çoxəsrlik
tarixi "Kitabi-Dədə Qorqud" kimi ədəbi abidələrlə,
Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin
və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti
bahadırlarının dahiyanə əsərləri ilə,
aşıq poeziyasının həmişə canlı
nümunələri ilə zəngindir" - deyən Heydər
Əliyevin təşəbbüsü ilə "Kitabi-Dədə
Qorqud"un motivləri əsasında bədii film çəkildi.
Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə "Füzuli ensiklopediyası"nın hazırlanması və nəşr edilməsi haqqında sərəncamı, 1999-cu il mayın 15-də isə
Azərbaycan xalqının qədim tarix və mədəniyyət qaynaqlarından olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi haqqında fərman imzalaması da onun elmə və mədəniyyətə verdiyi yüksək qiymətin təcəssümüdür.
Ümummilli lider hələ
Azərbaycana birinci rəhbərliyi dövründə
yuxarıda qeyd etdiyim kimi, təhsilin inkişafına
böyük önəm verirdi. Ötən əsrin
70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi
altında təhsil müəssisələrinin geniş şəbəkəsinin
yaradılması və həmin şəbəkənin zəngin
maddi-texniki bazasının formalaşdırılması,
respublika hüdudlarından kənardakı ali məktəblərə
gənclərin göndərilməsi, hərbi kadrların
yetişdirilməsi, respublika elmlər akademiyasının
elmi-tədqiqat institutlarında fundamental elmin
inkişafının təmin olunması gələcəkdə
milli müstəqillik üçün zəruri intellektual zəmin
yaratmışdır. Ulu öndər yaxşı bilirdi ki,
yüksək ixtisaslı mütəxəssislər
yetişdirilməsi istənilən ölkədə dövlət
müstəqilliyinin əsasını təşkil edən ən
mühüm amillərdən biridir. Buna görə dahi öndər
cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə
və maarifçilikdə görürdü, bu sahənin
inkişafına diqqət və qayğısını əsirgəmirdi.
Keçmiş sovetlər dövründə ulu öndər Azərbaycan
təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri
aradan qaldırmış, mövcud potensialı ölkənin
gələcək inkişafının elmi əsaslar üzərində
qurulmasına, respublikanın mədəni intellektual
resurslarının gücləndirilməsinə, Azərbaycan
üçün layiqli vətəndaşların
yetişdirilməsi işinə səfərbər etmişdir.
Məhz həmin illərdə respublikada məktəblərin,
ali və orta ixtisas müəssisələri üçün
yeni binaların tikintisi geniş vüsət almış, təhsil
infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı
kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri
açılmışdır. Respublikanın müxtəlif
bölgələrində 800-ə yaxın məktəb tikilərək
istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət
göstərən ali məktəblərin ümumi sayı
12-dən 17-yə, tələbələrin sayı 70 mindən
100 minə qədər artmışdır.
O illərdə Azərbaycanın
əldə etldiyi mühüm tarixi nailiyyətlərdən
biri də xalqın uzaq gələcəyini nəzərdə
tutan milli kadr potensialının, o cümlədən nadir
ixtisaslar üzrə mütəxəssis kontingentinin
yaradılmasıdır. Bu məqsədi uğurla həyata
keçirmək üçün Heydər Əliyev hər il
azərbaycanlı gənclərin təhsil almaq
üçün böyük qruplarla keçmiş
SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi
ənənəsinin əsasını qoymuşdur. O dövrdə
SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə
yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə
800 tələbə yola salınmışdır.
Ümummilli lider Heydər Əliyev
öhdəsinə düşən bütün işləri
yüksək səviyyədə reallaşdırdığı
üçün məhz 1983-cü ildə SSRİ-də məktəb
islahatı da Nazirlər Soveti sədrinin birinci müavini kimi
ona tapşırılmışdı. Ulu öndərin
bu işin öhdəsindən layiqincə gəldiyini
yaxşı xatırlayırıq.
1993-cü ilin iyununda
Bakıya qayıdan ümummilli liderin xüsusi diqqət
yetirdiyi məsələlərdən biri təhsil sisteminin
yaxşılaşdırılması ilə bağlı idi. Buna
görə də ulu öndər təhsilin milli tərəqqinin
gerçək amilinə çevrilməsi üçün
geniş islahatlar proqramının hazırlanaraq
reallaşdırılması vəzifəsini qarşıya
qoydu. 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil
sahəsində islahatlar üzrə dövlət
komissiyasının yaradılması haqqında" sərəncamı
imzalaması isə bu sahədə təkmil qanunverici
bazanın formalaşdırılması, təhsil
konsepsiyasının hüquqi əsaslarının yaradılması
məqsədindən irəli gəlmişdi. Çox qısa
müddətdə komissiyanın hazırladığı
"Azərbaycan Respublikasının təhsil sahəsində
islahat proqramı" geniş müzakirələrdən sonra
1999-cu ilin iyununda imzalanaraq qüvvəyə minmişdi. Həmin
proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq
standartlara uyğunlaşdırılması ilə
yanaşı, milli təhsil ənənələrinə sadiq
qalmasını da təmin etdi.
Heydər Əliyevin
"İnsan təhsilin əsasını orta məktəbdə
alır. Ona görə də bütün təhsil sistemində
orta məktəb xüsusi yer tutmalıdır" - konseptual
göstərişini əsas tutaraq ümumi orta təhsil
sistemində də bu müddət ərzində ciddi irəliləyişlər
əldə olunub.
Ümumi təhsildəki ən
ciddi yeniliklərdən biri yeni əlifbaya keçilməsi -
latın qrafikalı əlifbanın reallığa çevrilməsi
idi. Heydər Əliyevin "Bizim bu günümüz, gələcəyimiz
məhz latın əlifbası ilə bağlıdır"
- tarixi çağrışı təhsil sistemində
özünün tam həllini tapıb.
İstedadlı gənclərin
təhsilə marağını daha da artırmaq və dəstəkləmək
üçün Prezident Heydər Əliyevin ali məktəblərə
qəbul imtahanlarından ən yüksək bal toplamış
abituriyentlərlə şəxsən görüşüb,
onlara "Prezident təqaüdü"nün verilməsi barədə
qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin
daha bir nümunəsidir.
Ulu öndər Heydər Əliyev
azərbaycançılığın ən mühüm
komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də
mühüm tədbirlər həyata keçirmişdir.
Ümummilli liderimizin fikrincə, ana dili azərbaycançılığın
təməl prinsipi idi. Buna görə də xalqa milli-mənəvi
dəyərlərini aşılamaq üçün ona ilk
növbədə öz dilini qorumağın, inkişaf etdirməyin
vacibliyini yaxşı bilirdi. Eyni zamanda, xatırlamaq yerinə
düşər ki, ulu öndər o dövrdə bütün
rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu
bütün rəhbər vəzifəlilərə də
tövsiyə edirdi. Başqa bir fakt. 1978-ci ildə Azərbaycan
SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, Azərbaycan
dilinin ana dili kimi təsbitlənməsi də Heydər Əliyevin
cəsarətinin, Azərbaycan dilinə qəlbən
bağlılığının, sevgisinin əyani təzahürü
idi... Bundan başqa dahi öndərimizin ötən əsrin
70-ci illərində nəşr olunmuş 3 cildlik
"Müasir Azərbaycan dili" dərsliyinə dövlət
mükafatı verməsi də dediklərimizə bariz
nümunədir. "Millətin milliliyini saxlayan onun dilidir.
Şübhəsiz ki, musiqi də, ədəbiyyat da,
ayrı-ayrı tarixi abidələr də millətin milliliyini
təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən
onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan
dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı
biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət
dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf
etməsi də bizim ən böyük nailiyyətlərimizdən
biridir. Bu, təkcə dil məsələsi deyil, həm də
azərbaycançılıq məsələsidir" - deyən
Heydər Əliyevin azərbaycançılığa, Azərbaycan
dilinə sevgisi bitib-tükənməz idi, kökdən gəlirdi.
Ona görə də dilin saflığı, təmizliyi
uğrunda daim mübarizə aparırdı.
Xalq Cəbhəsi-Müsavat
cütlüyünün hakimiyyəti dövründə elm, təhsil
sahələrində bir durğunluq hökm sürürdü.
Ziyalılara qarşı olan laqeydlik o həddə
çatmışdı ki, onların çoxu baş
götürüb ölkədən getmişdi. Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışından sonra uzaq
düşən, xaricə üz tutan alimlərimiz tədricən
geri qayıtmağa başladılar. Elmlər
akademiyasının fəaliyyətində canlanma, yeni istiqamətlər
müəyyənləşdi. İlk görüşlərindən
birini 1993-cü il sentyabrın 21-də Azərbaycan
Respublikasının Elmlər Akademiyasında keçirməsi
də təsadüfi deyildi. Həmin görüşdə Heydər
Əliyevin söylədiklərinin bizcə, heç bir şərhə
ehtiyacı yoxdur. "Mənə sədalar gəlir ki, Elmlər
Akademiyasını, institutları dağıtmaq istəyirlər,
elm ocaqlarına biganə münasibət var. Biz bunların
hamısına son qoyacağıq. Nəyin bahasına
olursa-olsun, elm inkişaf etməlidir". Həmin vaxt
deyilmiş bu sözlər elm və təhsilin perspektivini
cızdı və Heydər Əliyev doğrudan da vədlərini
yerinə yetirib ən çətin şəraitdə
yaşayan dövlətdə təhsil islahatlarının
başlanğıcını qoydu. O islahatları
reallaşdıranlar da elə Heydər Əliyevin 1969-1982-ci
illərdə elm və kadr potensialının yüksəldilməsini
təmin etmək üçün həyata keçirdiyi tədbirlər
nəticəsində yetişmiş yüksək ixtisaslı
elm və təhsil nümayəndələri idi.
İkinci dəfə hakimiyyətə
qayıdan Heydər Əliyevin elm və təhsil sahəsində
atdığı addımlardan ən əsası 15 may 2001-ci
il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər
Akademiyasına Milli Elmlər Akademiyası adı verilmiş və
bununla da akademiyanın elmimizin inkişafındakı rolu və
nailiyyətləri rəsmən təsdiqlənmişdi.
1997-ci il yanvarın 31-də
Heydər Əliyev Elmlər Akademiyasının rəhbərliyini
və aparıcı alimlər qrupunu qəbul edərək, elm
sahəsində islahatların aparılmasının vacibliyini
təsdiqləyib, Azərbaycanda elmin inkişaf
strategiyasının əsas müddəalarını qəti
olaraq müəyyənləşdirib. Bu tarixi
görüşdən başlayaraq, Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti ulu öndərin
tövsiyələrini rəhbər tutaraq akademiyada
islahatların aparılması, elmi tədqiqat istiqamətlərinin
dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın
hazırlanması sahələrinə dair qərarlar qəbul
etdi və tədbirlər həyata keçirdi. Eyni zamanda,
"Elmin strateji inkişafı və Azərbaycanın Milli
Elmlər Akademiyasında islahatlar" konsepsiyası
hazırlandı.
Akademiya alimləri ilə
keçirdiyi həmin görüş zamanı Heydər Əliyev
Azərbaycan elmi qarşısında dayanan əsaslı
problemlərə toxunmuş, onların
aktuallığını əsaslandıraraq alimlərimizə
Azərbaycan dövləti, xalqı üçün daha gərəkli
strateji məsələlərlə məşğul
olmağı tövsiyə etmiş, elmin inkişaf
strategiyasının əsas müddəalarını irəli
sürmüşdür. Humanitar elmlərin xüsusi əhəmiyyətə
malik olduğunu vurğulayan ulu öndər ədəbiyyat, mədəniyyət
tarixinin yazılması zəruriliyi barədə söhbət
açmış, çoxəsrlik Azərbaycan tarixinin dərindən
öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında
şərhinin dövlət üçün mühüm əhəmiyyət
daşıdığını diqqətə
çatdırmışdır. Ulu öndərin həmin
görüş zamanı dediyi : "Əlbəttə,
müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və
başqa fənlərin hamısı inkişaf etməlidir.
Ancaq bunların hərəsinin özünəməxsus
çərçivəsi vardır. Amma tarix hər bir insan
üçün yeniyetməlikdən başlayaraq
lazımdır. O cümlədən, mədəniyyətimizin,
ədəbiyyatımızın, elmimizin tarixi
lazımdır" - sözləri hər bir ziyalının,
alimin fəaliyyət prinsipinə çevrilmişdir.
Yeni istiqamətlərə
uyğun olaraq Heydər Əliyevin hakimiyyəti dövründə
bir çox təhsil ocaqlarının adları dəyişdirildi.
Milli Münasibətlər İnstitutunun adı dəyişdirilərək
Beynəlxalq Münasibətlər, Bəhmənyar adına Fəlsəfə
və Hüquq İnstitutunun adı isə Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutu adlandırıldı.
Demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm
qoymuş müstəqil Azərbaycan dövləti
üçün insan hüquqları və azadlıqları
problemlərinə dair elmi tədqiqat işlərinin
aparılması mühüm məsələlərdən biri
idi. Bu məqsədlə Heydər Əliyevin sərəncamı
ilə 1999-cu ilin sentyabrında AMEA İctimai Elmlər Bölməsi
nəzdində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutu yaradıldı...
Heydər Əliyev xalqın
milli yüksəlişi, milli-mənəvi dəyərlərin
qorunması, milli özünüdərk prosesinin güclənməsi,
xalqın tarixinin düzgün, obyektiv
işıqlandırılması yönündə nələr
etməmişdir?!. Kim xalq şairi Bəxtiyar Vahabzadənin,
Xəlil Rza Ulutürkün həbs təhlükəsi ilə
üzləşəndə ulu öndərin onları xilas etməsini
bilmir?!. Nəriman Nərimanovun Bakının ən
hündür nöqtəsində abidəsinin
ucaldılması zamanı Heydər Əliyevin hansı çətinliklərlə
üzləşməsindən də biz ziyalılar
yaxşı xəbərdarıq...
Ulu öndərimiz söz, mətbuat
azadlığı sahəsində də misilsiz xidmətlər
göstərib. Azərbaycan mətbuatının gələcək
inkişafının istiqamət və perspektivlərini müəyyənləşdirib,
ölkədə çoxlu sayda müstəqil mətbuat
orqanlarının fəaliyyətə başlamasına təkan
verib. 1993-cü ilə qədər qeyri-müəyyənlik
içərisində çapalayan, siyasi təzyiqlərə,
"senzor qayçısının" amansız həmlələrinə
məruz qalan ölkə mətbuatı ulu öndər Heydər
Əliyevin siyasi iradəsi nəticəsində buxovlardan azad
oldu.
Ümummilli lider ölkənin
demokratik inkişafında KİV-in rolunu çox yüksək
qiymətləndirirdi. Ulu öndər Heydər Əliyev ictimaiyyətə
doğru informasiyanı yalnız KİV-in köməyi ilə
çatdırmaqda görürdü. Müstəqil dövlətin
qurulmasında KİV-in rolunu Heydər Əliyev çox
gözəl bilirdi və hakimiyyətdə olduğu illər ərzində
məsələyə daim həssaslıqla
yanaşırdı. Bunu təsdiqləyən saysız-hesabsız
faktlar mövcuddur. Ulu öndər jurnalistlərlə
görüşlərində qeyd edirdi ki, fəaliyyətinin
bütün mərhələlərində KİV nümayəndələrinə
böyük önəm verib.
Ulu öndər Heydər Əliyevin
mətbuata münasibəti daim demokratik inkişafın zəruri
tələblərinə söykənirdi. 1998-ci il
avqustun 6-da ulu öndər Heydər Əliyev "Ölkədə
söz, fikir və məlumat azadlığının təmin
edilməsi sahəsində əlavə tədbirlər
haqqında" fərman imzaladı. Həmin fərmanın
bir bəndi ilə mətbuatda dövlət sirlərini
mühafizə edən idarə ləğv olundu. Bu,
senzuranın aradan götürülməsi demək idi. Həmin
vaxtdan etibarən Azərbaycan mətbuatında yeni bir mərhələ
başlandı.
Bu gün iftixar hissi ilə
qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi
olduğu milli dövlətçilik strategiyası onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu siyasətin bundan sonra illər və
on illər uzunu davam etməsi Azərbaycan dövlətinin tərəqqisi
üçün ən böyük təminatdır.
Siyasi mübarizədə
müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət
idarəçiliyində ustalıq - Heydər Əliyev siyasi məktəbinin
əsasını təşkil edən bu amillər Vətənə
və xalqa xidmət naminə real siyasətlə məşğul
olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki
Heydər Əliyev şəxsiyyəti özlüyündə
bir tarixi hadisə idi. Mən bir müəllim, alim kimi bu
böyük şəxsiyyətin siyasi irsindən bəhrələnməyi
hər zaman özümə şərəf hesab etmişəm.
Bu böyük insanla bir zamanda, onun ideyaları ilə
yaşadığımla fəxr edirəm və indiyədək
olduğu kimi, bundan sonra da Heydər Əliyev şəxsiyyəti
mənim üçün şəksiz və danılmaz siyasi
örnək olaraq qalacaqdır.
Məmməd ƏLİYEV,
Azərbaycan Müəllimlər
İnstitutunun Quba filialının
direktoru, filologiya elmləri doktoru,
professor, respublikanın əməkdar müəllimi
Xalq qəzeti.- 2010.- 16 may.- S. 4.