"Heydər Əliyev və Azərbaycanın
iqtisadi inkişaf strategiyası"
AMEA-nın İqtisadiyyat İnstitutunda "dəyirmi
masa" ətrafında söhbət
Ümummilli liderimiz Heydər
Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilənə
qədər respublikada gərgin bir vəziyyət hökm
sürürdü: sosial-iqtisadi sahədə tənəzzül,
durğunluq özünü göstərirdi. İqtisadiyyatı
bütövlükdə dərin və uzunmüddətli
böhran mərhələsində olan respublikada bu
ağır şəraitdən çıxış yolu
tapılmalı, iqtisadi inkişafın təmin edilməsi
üçün işlək proqramlar hazırlanmalı,
iqtisadiyyatda köklü struktur dəyişiklikləri
aparılmalı, təsərrüfatçılıqda,
iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq
olunmalı idi. Bu zəruri tələbləri düzgün dəyərləndirən
Heydər Əliyev onu da yaxşı bilirdi ki, respublikanın
gücünü, əhalinin rifah halını,
bütövlükdə siyasi müstəqilliyin təməlini
məhz onun iqtisadi qüdrəti, iqtisadi dirçəlişi
şərtləndirir.
Bütün bunlara
görə də ulu öndər qısa müddətdə
respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə
nail olmaqla Azərbaycanı xammal istehsalçısından
qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz
olunmuş sənaye bazasına çevirə bildi. Keçmiş
Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin
iqtisadi potensialından istifadə edərək respublikanı tərəqqi
yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi
sənaye sahələrinin yaradılması istiqamətində
mühüm tədbirlər reallaşdırırdı. İstehsalla
bilavasitə bağlı elmi-tədqiqat sahələrinin
inkişafı məqsədilə kompleks tədbirlər
görüldü... Heydər Əliyev 1993-cü ildə Azərbaycan
rəhbərliyinə yenidən qayıdandan sonra isə
müstəqil dövlətimizin yeni dövr üçün
iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi,
bu sahədə mövcud problemlərin həlli
yollarını elmi-nəzəri və praktiki əsasda
göstərdi...
"Dəyirmi
masa"da bütün bunlar barədə ətraflı
danışılmış, ulu öndərimizin səyi və
təşəbbüsü ilə həyata keçirilən
iqtisadi islahatlardan bəhs edilmişdir.
"Dəyirmi
masada" AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri
doktoru, professor İsa Alıyev, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin
müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri
doktoru, professor Əli Nuriyev, AMEA İqtisadiyyat İnstitutunun
şöbə müdiri, iqtisad elmləri doktoru Rəna
Sultanova, AMEA İqtisadiyyat İnstitutunun şöbə
müdiri, Azərbaycan Respublikasının əməkdar
iqtisadçısı, iqtisad elmləri doktoru Tofiq Hüseynov,
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru Aqil Əsədov,
AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı
İlkin Soltanlı iştirak edirdilər.
İsa ALIYEV, AMEA İqtisadiyyat İnstitutunun direktoru,
iqtisad elmləri doktoru, professor:
- Hörmətli tədbir
iştirakçıları, bildiyiniz kimi, 10 may bizim
üçün unudulmaz bir tarixdir. Ona görə ki,
ümummilli liderimiz, Azərbaycan xalqının xilaskar oğlu
Heydər Əliyev məhz həmin gün dünyaya gəlmişdir.
Azərbaycan xalqı qədim tarixə, dərin milli-mədəni
və mənəvi irsə, eləcə də böyük
dövlətçilik ənənələrinə malik bir
xalqdır. Tarix sübut edir ki, yalnız bu keyfiyyətləri
özündə cəmləşdirən xalqlar geniş əhali
kütləsini öz ardınca aparmağı bacaran şəxslər
yetişdirə bilər.
Bu gün Azərbaycan
beynəlxalq aləmə sürətlə inteqrasiya edən,
dinamik iqtisadi inkişafını və etibarlı siyasi
sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq
dövlətimiz mötəbər kürsülərdən
öz sözünü deməyə, öz haqlı
mövqeyini bildirməyə və qorumağa qadir, zəngin
iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk
illərində məlum səbəblərdən bərbad hala
düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə
nail olunmasına, çox kövrək və zəif dövlət
siyasətinin güclü və aparıcı mövqeyə
yüksəlməsinə, qədim tarixi və çoxəsrlik
zəngin mədəniyyəti olan uca millətimizin
bütün dünyada tanıdılması istiqamətində
yorulmaz fəaliyyətinin nəticələrinə, eləcə
də heç kəsə nəsib olmayan uzunmüddətli məharətlə
başçılıq etdiyinə görə, hələ
uzun illər öncədən xalqımızın qəlbində
əvəzsiz dövlət xadimi qiymətini almış
möhtərəm Heydər Əliyevin ölkəyə rəhbərlik
etdiyi müxtəlif dövrlərdə müəyyən
etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə
əldə edilən uğurların əsasını təşkil
edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət
başçısı ölkənin inkişaf tələblərini
və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə
qadir olan, ölkənin mədəni, iqtisadi və təbii
resurslarını, potensialını əhalinin rifahı və
dövlətçiliyin inkişafına yönəltməyi
bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan
xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev
kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl
ümummilli liderə xas olan parametrlərə tam cavab verən,
eləcə də xalqımızın və dövlətimizin
qarşısında duran çətinlikləri aradan
qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda
hüquqi, dünyəvi, demokratik inkişaf yoluna
çıxarmağa qadir olan dövlət
başçısı, ümummilli lider bəxş
etmişdir.
Məlumdur ki,
xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev
kimi böyük bir şəxsiyyətin adı ilə
bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan
Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyin
olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi
sayəsində Azərbaycan Respublikasını digər
SSRİ respublikaları arasında önə
çıxarmışdır. Hakimiyyətinin ilk illərindən
etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş,
istər birinci katib işləyərkən, istərsə də
ondan sonra İttifaq səviyyəli vəzifələrdə
çalışarkən, Azərbaycan xalqını, onun maraq
və mənafeyini bütün maraqlardan üstün tutan Heydər
Əliyev dəfələrlə öz sinəsini sipər kimi
qabağa verərək xalqımızın və dövlətimizin
əleyhinə qərar qəbul edilməsinə mane olmuş,
mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin
fikirləri ilə düşmənləri yerində
oturtmuşdur.
Bir məsələni də
qeyd etmək yerinə düşərdi ki, Bakı şəhərində
20 Yanvar qırğını törədildiyi zaman Moskvada fəaliyyət
göstərən Azərbaycan nümayəndəliyinə ilk
gələn insan da dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə
keçirilən iclasda heç nədən çəkinmədən
hələ o zaman SSRİ-yə rəhbərlik edən şəxsləri
çəkinmədən tənqid etmiş, Bakı hadisələrində
birbaşa SSRİ rəhbərliyinin məsuliyyət
daşıdığını bildirmişdir. Ümumiyyətlə,
ulu öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz
üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri
minlərlədir. Bütün bunlar isə, dahi Heydər Əliyevin
xidmətlərinin heç də onun işlədiyi vəzifələrdən
deyil, özünün malik olduğu yüksək insani keyfiyyətlərə,
polad iradəyə, zəngin dünya görüşünə,
hərtərəfli dərin savada malik olmasından, vətəninə
və millətinə dərin sevgisindən irəli gəlirdi.
Onu da unutmaq olmaz ki,
xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana
rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən
iki müxtəlif sistemə - sosializm və demokratik cəmiyyət
dövrünə təsadüf edir. Hər iki sistemdə
ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər
Əliyev istər sosializm, istərsə də bazar
iqtisadiyyatı şəraitində Azərbaycan
Respublikasını ağır böhran vəziyyətində
qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə tezliklə
böhran aradan qaldırılmış və sürətli tərəqqiyə
nail olunmuşdur. Bütün bunlar isə belə bir haqlı
sual doğurur: bu uğurları ölkəmizə bəxş
edən hansı amillər və səbəblərdir? Təbii
ki, bu suala müxtəlif cavablar verilə bilər, amma ölkəyə
uğur gətirən başlıca amilin ümummilli lider Heydər
Əliyevin islahatçılıq məharəti və
yüksək idarəçilik keyfiyyətləri olması
danılmazdır. Tək bircə faktı qeyd etmək kifayətdir
ki, cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrün 1970-1980-cı illəri əhatə edən
on ili ərzində ölkəmizin kənd təsərrüfatına
ondan əvvəlki yarım əsr ərzində, yəni
1920-1970 illərdə cəlb edildiyindən daha çox sərmayə
qoyulmuşdur. Bu isə hazırda da sürətlə
inkişaf edən kənd təsərrüfatında dinamik
inkişafın əsasını qoymuş, hələ o zaman
Azərbaycanı digər müttəfiq respublikalardan önə
keçirmişdir.
Yuxarıda qeyd
olunduğu kimi, müstəqillik illərində də
ümummilli liderin hakimiyyətə dönüşü təlatümlü,
xalqımız üçün taleyüklü bir dövrə
təsadüf edirdi. Belə ki, 1993-cü ildə
xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə
qayıdan ümummilli lider Heydər Əliyevin
qarşısında yenə də müstəqil
respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən,
ölkədə hər an baş verə biləcək vətəndaş
müharibəsindən azad etmək kimi məsuliyyətli və
tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl
bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin
siyasi-iqtisadi və idarəçilik təcrübəsinə
malik dahi Heydər Əliyev şəxsiyyəti azad edə bilər.
Çünki ümummilli liderin uzun illər ərzində
qazandığı siyasi təcrübə, idarəçilik
bacarığı və doğma vətəninə olan məhəbbəti
onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən
şərəflə gələcəyinə heç kimdə
şübhə doğurmurdu. Heç zaman seçimində
yanılmayan xalqımız bu dəfə də çox
düzgün seçim etmişdir. Ulu öndər Heydər Əliyev
bütün bacarığını səfərbər edərək
ölkədə baş alıb gedən tənəzzülü
dayandırdı və tezliklə tərəqqiyə nail
olundu. Ölkədə mövcud olan problemlər tədricən
həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və
beləliklə, iqtisadi inkişafın sürətləndirilməsi,
ölkəmizin beynəlxalq arenada nüfuzunun
artırılması, Azərbaycan həqiqətlərinin
bütün dünyaya çatdırılması və s.
istiqamətlərdə konkret proqram və layihələrin
işlənib hazırlanmasına başlanıldı.
Başqa sözlə,
siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı
dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən
idi. Ona görə də əldə edilmiş nailiyyətlər
ölkə daxilində milli birliyin təmin olunması ilə
yanaşı, həm də dünya azərbaycanlıları
arasında həmrəyliyin güclənməsinə səbəb
olmuşdur. Bu isə öz növbəsində, müxtəlif
ölkələrdə yaşayan soydaşlarımızı
daha da ruhlandıraraq onların ölkəmizin milli
maraqları ətrafında sıx birləşmələri
üçün ciddi zəmin yaratmışdır. Təbii
ki, xaricdə yaşayan həmvətənlərimizin bir ideya ətrafında
birləşdirilməsi ölkənin inkişafı
baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu
gün onlar dünyanın harasında yaşamalarından
asılı olmayaraq Azərbaycanla fəxr edir, onun
uğurlarından qürur duyur və fərəh hissi
keçirırlər. Elə bu milli birliyə və dünya
azərbaycanlılarının həmrəyliyinə nail
olduğumuza görə də türk dünyasının dahi
şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə
borcluyuq.
Əli NURİYEV, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin
müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri
doktoru, professor:
- Hər il
xalqımız may ayının 10-da ümummilli liderimiz Heydər
Əliyevin anadan olduğu günü böyük fərəh,
razılıq və minnətdarlıq hissilə qeyd edir. Bu
heç də təsadüfi olmayıb onun Azərbaycan
xalqının tarixi taleyində müstəsna rol oynaması,
həyat və fəaliyyətinin çoxcəhətliliyi və
burada bizim öyrənməli olduğumuz çox müsbət
keyfiyyətlərin mövcudluğu ilə əlaqədardır.
Onun siyasəti çoxcəhətli,
dəyişkən və çevik olmaqla nəinki
iqtisadiyyatın, həm də sosial, siyasi və mədəni həyatımızın
bütün sahələrini əhatə etmiş və burada
o bizim üçün çox faydalı bir irs qoyub
getmişdir. Belə sahələrdən biri də onun məhsulun,
işin keyfiyyətinin yüksəldilməsi uğrunda
mübarizəsi, gördüyü tədbirlərdir. Məlumdur
ki, məhsulun keyfiyyəti ilə dövlət büdcəsinin
gəlirləri arasında sıx əlaqə var. Məhsulun
keyfiyyətinin yüksəlməsi maya dəyərini
aşağı salır, məhsulun satış və əhalinin
tələbatını ödəmək imkanını
genişləndirir, rəqabət qabiliyyətini
artırır. Nəticə etibarı ilə mənfəəti
və dövlət büdcəsinin gəlirlərini
artırır. Buna görə də məhsulun keyfiyyətinin
yüksəldilməsi məsələsi həmişə
aktual olmuşdur və Azərbaycan şəraitində
xüsusilə aktualdır. Belə ki, indi Azərbaycan sürətlə
dünyaya inteqrasiya olunur, Ümumdünya Ticarət təşkilatlarına
üzv olmağa çalışır, qeyri-neft sektorunu
sürətlə inkişaf etdirməyə, burada daha çox
rəqabət qabiliyyətli məhsul istehsal və ixrac etməyə
çalışır. Belə şəraitdə məhsulun
keyfiyyətinin yüksəlməsinin və bu sahədə
Heydər Əliyevin o zamankı təcrübəsinin öyrənilməsinin
necə böyük əhəmiyyət kəsb etdiyi
özlüyündə aydındır.
Məlum olduğu kimi,
1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın
birinci katibi təyin edildiyi vaxt respublikamızın
iqtisadiyyatı durğunluq vəziyyətində idi. İstər
istehsalın artım sürətinə, istərsə də
keyfiyyət və səmərəlilik göstəricilərinə
görə Azərbaycan keçmiş müttəfiq
respublikalar arasında sonuncu yeri tuturdu.
Azərbaycanda fəaliyyət
göstərən sənaye müəssisələrinin 90
faizinin İttifaq əhəmiyyətli olmasına baxmayaraq,
onların buraxdığı məhsulun keyfiyyəti çox
aşağı idi. Məhsulun bir faizindən azı
keyfiyyət nişanı almışdı və bu göstəriciyə
görə Azərbaycan müttəfiq respublikalar arasında
axırıncı yeri tuturdu. İttifaq bazarında
özünə layiqli yer tapmayan bu məhsullar qiymətdən
düşür, müəssisələrin mənfəəti
azalırdı. Bu isə öz növbəsində Azərbaycan
iqtisadiyyatının səmərəliliyini, xüsusilə, o
zaman dövlət büdcəsinin gəlirlərində əsas
yer tutan mənfəət vergisinin miqdarını kəskin surətdə
aşağı salırdı.
Heydər Əliyevin rəhbərliyi
və təşəbbüsü ilə respublikada
yaranmış sosial və iqtisadi durum hərtərəfli təhlil
olundu, geriliyin səbəbləri müəyyən olundu,
onları aradan qaldırmaq və irəliyə doğru
inkişafı təmin etməyin proqramı hazırlandı. Burada
texniki tərrəqi, istehsalın səmərəliliyini və
məhsulun keyfiyyətini yüksəltmək ön plana
çəkilmişdi. Hələ 1974-cü ilin dekabr
ayında Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycan KP MK-nin plenumu çağırıldı. Plenum
məhsulun keyfiyyətini müzakirə edərək bu sahədə
ictimai təşkilatların, müxtəlif müəssisələrin
fəaliyyət proqramlarını müəyyən
etmişdir.
Heydər Əliyev
1976-cı ildə Azərbaycan iqtisadiyyatında yaranmış
problemlər və onların həlli yolları ilə əlaqədar
Sov.İKP MK-ya təkliflərlə müraciət etdi. "1976-1980-ci
illərdə və sonrakı dövrdə Azərbaycanda sənayenin
ayrı-ayrı sahələrinin inkişafı haqqında Azərbaycan
KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi
baradə" Sov. İKP MK-nın və SSRİ Nazirlər
Sovetinin qərarının yerinə yetirilməsi tədbirləri
müzakirə olunan 1976-cı il oktyabr plenumunda məhsulun
keyfiyyətinin yüksəlməsi məsələsini
bütün kəskinliyi ilə qarşıya qoydu. Heydər Əliyev
bütün elmi ictimaiyyətin, müəssisələrin,
partiya və sovet orqanlarının diqqətini keyfiyyətin və
səmərəliliyin yüksəlməsi probleminin həllinə
cəlb etmiş, yeni texnikanın, texnologiyaların, Azərbaycan
Elmlər Akademiyasında aparılan elmi-tədqiqat işlərinin
mühüm nəticələrinin istehsalata tətbiqini vacib vəzifə
kimi qarşıya qoymuşdu.
O özünə məxsus
qətiyyətlə qeyd etmişdir ki, bir müəssisə,
baş idarə və nazirlik əslində texniki tərəqqinin
mübariz qərargahına çevrilməli, istehsalın
texniki səviyyəsi və məhsulun keyfiyyəti
üçün tam məsuliyyət daşımalıdır.
Heydər Əliyevin böyük təşkilatçılıq
işi, tələbkarlığı və qayğısı
tezliklə özünün bəhrələrini verməyə
başladı. Belə bir faktı göstərmək kifayətdir
ki, 1970-1982-ci illərdə ölkə iqtisadiyyatında 581
adda yeni tipli maşın, avadanlıq, cihaz və aparat
nümunələri yaradılmış, 1056 adda mühüm
sənaye məhsulunun kütləvi istehsalına
başlanmış, 310 avtomatlaşdırılmış xətt,
1300 kompleks mexanikləşdirilmiş xətt və
avtomatlaşdırılmış məntəqə, sex və
istehsal sahəsi yaradılmışdır. Bunun da çox
böyük bir hissəsi Abşerondan kənar iqtisadi
rayonların, xüsusən də Gəncə,
Naxçıvan, Mingəçevir, Xankəndi, Əli
Bayramlı (indiki Şirvan) və digər şəhərlərin
payına düşürdü.
Heydər Əliyev Azərbaycan
ali məktəbləri ilə yanaşı, SSRİ-nin
qabaqcıl ali məktəblərində azərbaycanlıların
ali təhsil almağa göndərilməsinə xüsusi
qayğı göstərirdi. 1969-cu ildə SSRİ-nin
ali məktəblərində cəmi 47 nəfər azərbaycanlı
ali təhsil alırdı və bunun da çox hissəsi
başqa millətlərin nümayəndələri idi. 1981-ci
ildə SSRİ-nin qabaqcıl ali məktəblərində
3600 nəfərdən çox azərbaycanlı 244 ixtisas
üzrə ali təhsil almışdı. 1970-1985-ci illərdə
belə tələbələrin ümumi sayı 15 min nəfərdən
çox olmuşdur. Bunların əksəriyyəti Azərbaycana
qayıdıb xalq təsərrüfatında müvəffəqiyyətlə
çalışırdı.
Bütün bunlar
respublikada istehsal olunan məhsulların, o cümlədən
xırda və orta şəhərlərdə istehsal olunan sənaye
məhsullarının keyfiyyətini əvvəlki dövrlərdə
olduğuna nisbətən müqayisə olunmaz dərəcədə
yüksəldirdi. Keyfiyyət nişanlı məhsulun
xüsusi çəkisi 1969-cu ildə bir faizdən az, 1975-ci
ildə 2,2 faiz olduğu halda bu göstərici 1980-cı ildə
30,3 faiz, 1985-ci ildə 46,9 faiz olmuşdur. Keyfiyyət
nişanlı məhsulların xüsusi çəkisinə
görə Azərbaycan SSRİ-nin orta göstəricisindən
(müvafiq olaraq 29,8 və 44,7 faiz) və müttəfiq
respublikaların əksəriyyətinin göstəricilərindən
xeyli irəli keçmişdi. Ən başlıca cəhət
ondan ibarətdir ki, Azərbaycanın bir çox şəhərlərində
keyfiyyət nişanlı məhsulların xüsusi çəkisi
daha sürətlə artırdı. Məsələn,
1986-cı ildə keyfiyyət nişanlı məhsulun
xüsusi çəkisi respublikamızda 43,8 faiz, Bakı şəhərində
46,9 faiz olduğu halda, bu göstərici Naxçıvan MR-də
56,8 faiz, Gəncə şəhərində 86,9 faiz, Mingəçevirdə
59,2 faiz idi. Bütün bunlar həm qeyri-neft sektorunda
istehsalın səmərəliliyinin, həm də bunun
hesabına dövlət büdcəsinin gəlirlərinin
artmasını ifadə edirdi.
Beləliklə, hələ
70-80-ci illərdə Heydər Əliyevin çoxcəhətli
təşkilatçılıq fəaliyyəti bütün
başqa sahələrdə olduğu kimi, məhsulun keyfiyyətini
yüksəltmək sahəsində də özünün
böyük bəhrələrini verdi. Bizə elə gəlir
ki, Heydər Əliyevin məhsulun texniki səviyyəsini və
keyfiyyətini yüksəltmək haqqında bu geniş fəaliyyətinin
öyrənilməsi qeyri -neft sektorunu sürətlə inkişaf
etdirib ixrac yönümlü rəqabət qabiliyyətli məhsul
istehsalını artırmaq istədiyimiz hazırkı vaxtda
xüsusi aktuallıq kəsb edir.
Rəna SULTANOVA, AMEA İqtisadiyyat İnstitutunun
şöbə müdiri, iqtisad elmləri doktoru:
- Azərbaycanın
geopolitik vəziyyəti, zəngin təbii sərvətlərə
malik olması və dünya ölkələrinin diqqət mərkəzində
qalması, öz növbəsində, onun
iqtisadiyyatının sürətlə inkişaf etdirilməsini
tələb edir. Bunun isə təmin olunması tarixən neft
hasilatı və neft emalı sahələri ilə bilavasitə
bağlı olmuş və iqtisadiyyatın bütün sahələrinə
öz təsirini göstərmişdir.
Azərbaycan
Respublikasının inkişaf tarixində 70-80-ci illər
dönüş illəri hesab olunur ki, bu da ulu öndər
Heydər Əliyevin rəhbərliyi altında əsaslı
quruculuq işlərinin, kənd təsərrüfatının
və sənayenin inkişafının sürətləndirilməsi
ilə müşahidə olunmuşdur. Məhz bu dövrdə
əhalinin hər nəfərinə düşən milli gəlirin
iki dəfə, sənaye istehsalının isə üç
dəfə artması, respublikada 250-dən artıq
mühüm müəssisənin, yeni sexlərin texnika və
mütərəqqi texnologiya əsasında tikilib istifadəyə
verilməsi regionların inkişafına öz müsbət təsirini
göstərmişdir.
Bu dövrdə Azərbaycanda
40-dan artıq maşınqayırma və metal emalı müəssisəsi
istismara verilmişdir ki, onlar da 12 orta və kiçik şəhər
və rayonlarda yerləşdirilmişdir. Qısa bir müddətdə
respublika nəhəng tikinti meydanına çevrilmişdir ki,
bu da Bakıda, Sumqayıtda, Gəncədə,
Naxçıvanda və digər şəhər, rayon və kəndlərdə
geniş quruculuq və abadlıq işləri, həmçinin
məktəblər, mədəniyyət evləri, inzibati
binalar, yaşayış evləri, səhiyyə ocaqları,
suvarma kanallarının tikilib istifadəyə verilməsi ilə
öz təsdiqini tapır.
1991-ci ildə Azərbaycanın
müstəqillik əldə etməsi onun qarşısında
bazar münasibətlərinə keçid şəraitində
yeni imkanlar yaratmışdır. Qeyd etmək lazımdır
ki, ölkənin dinamik və davamlı inkişafı onun təbii
resurslarla, əsasən neft və qazla zəngin olması ilə
bağlıdır və ölkənin enerji təhlükəsizliyi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə, bu
dövrdə Azərbaycan iqtisadiyyatında islahatların
aparılması, sənaye sahələrınin inkişaf
etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış
siyasətin işlənib hazırlanması vəzifəsini irəli
sürmüşdür. Bu da öz ifadəsini Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə gəlişindən sonra və
1994-cü ildə "Əsrin müqaviləsi"nin
imzalanmasında tapır. Belə ki, 1991-ci ildən başlanan
siyasi və iqtisadi dəyişikliklər respublika
iqtisadiyyatının bütün sahələrinə, o
cümlədən sənayeyə də öz təsirini
göstərmiş və onların inkişaf tempini
aşağı salmışdır. Sənaye üzrə məhsul
istehsalının aşağı düşmə tempi 1995-ci
ildə 30 faiz təşkil etmişdir.
Bütövlükdə
və sonrakı illərdə keçirilən tədbirlər
nəticəsində sənayenin tənəzzül sürəti
azalmış, inkişaf meyli artmış və 1996-cı ildən
istehsalın həcminin aşağı düşməsinin
qarşısı alınmışdır. Beləliklə,
iqtisadiyyatda müsbət meyillərin daha da möhkəmlənməsi
müşahidə olunmuşdur.
Onu da qeyd etmək
lazımdır ki, 1997-ci ildən başlayaraq respublika
regionlarının inkişafını təmin etmək məqsədilə
dövlət tərəfindən bir sıra proqram, proqram məqsədli
metodlar və vasitələr qəbul edilmişdir. Onların
da əsası Heydər Əliyev tərəfindən
qoyulmuşdur. 2001-2003-cü illərdə ölkə
Prezidentinin xarici və yerli sahibkarlarla görüşündə,
respublika regionlarına səfəri zamanı etdiyi məruzə
və çıxışlarında, "Azərbaycanda
yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə
Dövlət Proqramı"nın təqdimat mərasimindəki
nitqində əsas diqqəti regionlarda qeyri-neft sektorunun
inkişaf etdirilməsini əsaslandırmışdır.
Azərbaycan
Respublikasında ardıcıllıqla həyata keçirilən
iqtisadi islahatlar ölkə iqtisadiyyatında əsaslı
keyfiyyət dəyişikliklərinə səbəb olmuş
və beləliklə, dinamik iqtisadi inkişaf təmin
edilmişdir. Bütün bunlarla yanaşı, ölkənin
sosial-iqtisadi həyatında, xüsusilə regionların
inkişafı və əhalinin məşğulluğu sahəsində
həlli tələb edilən vəzifələr ön plana
çəkilmişdir.
Məlumdur ki, ölkənin
ayrı-ayrı regionlarının inkişafını müxtəlif
amillər və yerli xüsusiyyətlər şərtləndirir.
Bu amillərin isə hər biri regionların
sosial-iqtisadi inkişaf planında nəzərə
alınmalıdır. İqtisadi inkişaf amillərinin
geniş və hərtərəfli təhlili isə
respublikanın sosial-iqtisadi inkişafının mühüm
xüsusiyyətlərini aşkar etməyə, eyni zamanda,
respublika iqtisadiyyatının inkişafında mütərəqqi
meyllərin əmələ gəlməsinə,
iqtisadiyyatın ərazi və sahə strukturunun təkmilləşdirilməsinə
imkan yaradacaqdır.
Qeyd etmək
lazımdır ki, əsas diqqəti mühüm perspektiv məsələlərin
üzərində cəmləşdirmək, optimal sahələrarası
və ərazi proporsiyaların müəyyən edilməsinə
yönəltmək vacibdir. İqtisadiyyatın və
respublika rayonlarının bir-biri ilə bağlı sahələrinin
planlaşdırılmasına, iqtisadi və sosial problemlərin
həllinə kompleks münasibətin gücləndirilməsi
tələb olunur. Bu isə əmək, maddi və maliyyə
ehtiyatlarından səmərəli istifadə edilməsini, sahə
və rayonun inkişafının əlaqələndirilməsini
tələb edir. Beləliklə, ulu öndərimiz Heydər Əliyevin
dəfələrlə qeyd etdiyi kimi, ölkə
iqtisadiyyatı sahələri arasında optimal nisbətin
yaradılması çox vacibdir.
Tofiq HÜSEYNOV, AMEA İqtisadiyyat İnstitutunun
şöbə müdiri, Azərbaycan Respublikasının əməkdar
iqtisadçısı, iqtisad elmləri doktoru:
- SSRİ-nin süqutu
onun ərazisində, eyni zamanda, 15 müstəqil dövlətin
yaranmasına və vahid iqtisadi məkanın
parçalanmasına səbəb oldu. Sovet dövründə
onlar arasında formalaşmış ticarət-iqtisadi əlaqələrin
qırılması, keçmiş SSRİ ərazisində
uzun müddət rubl məkanının saxlanması, sonralar
müstəqil respublikalarda milli valyutanın tətbiqi, milli
valyutaların bir-birinə kotirovkası ilə bağlı təşkilati,
iqtisadi və hüquqi maneələrin həllinin dəf edilməsinin
uzanması müstəqil dövlətlər arasında bank əməliyyatlarını
və bütünlükdə iqtisadiyyatı iflic vəziyyətinə
saldı. Istehsal amillərindən istifadənin səviyyəsi
sürətlə aşağı düşdü, kütləvi
işsizlik baş verdi, hiper- inflyasiya prosesləri
başlandı. Bununla yanaşı, Dağlıq Qarabağ
problemi fonunda hakimiyyətsizlik, hakimiyyət uğrunda
mübarizələr, silahlı qruplaşmalar və
qarşıdurmalar müstəqilliyini yenicə elan etmiş Azərbaycanın
siyasi mənzərəsini xarakterizə edirdi. Çox mürəkkəb
və çətin, qeyri-sabit siyasi şəraitdə ulu
öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra ölkədə ictimai -siyasi
sabitlik bərpa olundu. Bəzi respublikalardan fərqli olaraq
(Pribaltika respublikaları, Özbəkistan, Belarus), Azərbaycanda
o dövrün tələbinə uyğun olaraq, eyni zamanda, həm
siyasi sistemin, həm də iqtisadiyyatın idarə edilməsinin
demokratikləşdirilməsi prosesi həyata keçirildi.
Qısa zamanda mərkəzləşdirilmiş idarəetmə
sistemi dağıdıldı və bazar iqtisadi vasitələrinin
tətbiqinə rəvac verildi. Ölkədə o dövrdəki
makroiqtisadi durumu, Azərbaycanın malik olduğu təbii,
elmi-texniki və iqtisadi potensialını nəzərə
almaqla inkişaf ideologiyası və prinsipləri müəyyən
edildi. Belə ki, o dövrdə Azərbaycan cəmiyyəti
yüksək inflyasiya, kütləvi işsizlik, əhalinin
aşağı həyat səviyyəsi, maliyyə və əmtəə
bazarında investisiya və mal qıtlığı ilə
xarakterizə olunurdu. Belə bir şəraitdə
düzgün olaraq iqtisadi inkişaf modelinin əsas istiqaməti
inflyasiya ilə ciddi mübarizə aparılması, milli
valyuta kursunun sabitləşdirilməsi və iqtisadiyyata xarici
investisiyaların cəlb edilməsi oldu. Yaradıcısı
Heydər Əliyev olan neft strategiyası
formalaşdırıldı. Onun reallaşması, istehsal və
xidmət sahələrində, habelə maliyyə sektorunda
sabitliyin təmin edilməsi nəticəsində iqtisadi
inkişafın ümumi göstəricisi olan ümuli daxili məhsul
1996-cı ildən artmağa başladı. Burada qeyd etmək
lazımdır ki, dünyada Amerika, İsveç, Almaniya,
Yaponiya və Cənubi Koreya modelləri ən çox öyrənilən
və istifadə edilən modellərdir. Bu modelləri
bir-birindən fərqləndirən və
yaxınlaşdıran ümumi cəhətlər mövcuddur.
İqtisadi ədəbiyyatda "milli iqtisadi inkişaf
modeli" dedikdə cəmiyyətin məqsədi, inkişaf
istiqamətləri və onlara nail olunmasının
metodları, mexanizmləri və vasitələri başa
düşülür. İqtisadi inkişaf modellərini fərqləndirən
əsas xüsusiyyətlərdən biri iqtisadiyyatın tənzimlənməsidə
dövlətin iştirak səviyyəsi olduğuna görə
ümummilli lider Heydər Əliyevin bir kəlamını diqqətə
çatdırmaq istərdim. O demişdir: "Biz iqtisadiyyatı
vergilər vasitəsi ilə idarə edirik". Bu kəlam o
dövrdə Azərbaycanda dövlətin iqtisadiyyatın tənzimlənməsində
iştirakını müəyyənləşdirən
konsepsiya olmuşdur. Beləliklə, iqtisadi inkişafın
Heydər Əliyev modeli formalaşdırılmış oldu.
Bu modeli fərqləndirən cəhət onun monitar meyilli
açıq və liberal xarakter daşımasıdır. Məruzədə
bu model haqqında daha ətraflı şərh verilir.
2003-cü
ildən Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ
başladı. 2003-2005-ci illərdə ölkə Prezidenti
İlham Əliyevin irəli sürdüyü "tarazlı
iqtisadi inkişaf", "idxalı əvəz edən
iqtisadi siyasət", "neftdən və neftin qiymətindən
asılı olmayan iqtisadiyyat", "insanların iqtisadi cəhətdən
azad olması", "xarici amillərdən
asılılığın azaldılması"
konsepsiyaları Azərbaycanın iqtisadi inkişaf modelində
müəyyən prinsipial dəyişikliklərin
aparılmasını zəruri etmişdir.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində (8
dekabr 2009-cu il) dərc olunmuş məqaləsində haqlı
olaraq vurğulanır ki, ölkədə aparılan iqtisadi
islahatlar çərçivəsində müasir iqtisadi modelə
ehtiyac duyulur. Bu modelin işlənib hazırlanması
iqtisad elmi qarşısında ciddi vəzifələr qoyur.
Düşünürəm ki, söhbət ondan gedir ki, yeni
metodologiyaya əsaslanan proqnozlaşdırma və
planlaşdırma həyata keçirilsin, dövlətin
innovasiya, pul-kredit, investisiya, sənaye, aqrar, vergi, qiymət
siyasətinə dəyişikliklər edilsin.
2002-ci ildə Azərbaycan
Dövlət İqtisad Universitetindəki
çıxışında ulu öndər Heydər Əliyev
demişdir: "Bazar iqtisadiyyatına keçid uzun prosesdir....
Yalnız bu prosesi ardıcıl surətdə həyata
keçirərək Azərbaycanın iqtisadiyyatını
daha çox inkişaf etdirə və xalqımızın
rifah halını daha da yaxşılaşdıra bilərik....
Eyni zamanda, bu, nəzəriyyə ilə bağlıdır,
dünya təcrübəsi ilə bağlıdır.
Dünya təcrübəsini siz - bizim mütəxəssislər,
alimlər, bu sahənin müvafiq işçiləri
toplamalısınız. Nəzəriyyəni - yeni nəzəriyyə
icad etməyə ehtiyac yoxdur - ümumiləşdirmək,
bizim iqtisadiyyatımıza uyğunlaşdırmaq sizin vəzifənizdir...
İqtisadçılar gərək apardığımız
islahatların hər birinin həm həyata keçirilmə
prosesini, həm də nəticələrini təhlil etsinlər".
Bu dahi insanın tövsiyələrini əsas tutaraq
2003-2005-ci illərdə Azərbaycan Milli Elmlər
Akademiyasının İqtisadiyyat İnstitutunda mənim rəhbərliyim
və bilavasitə iştirakımla "Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafının
müasir durumunun qiymətləndirilməsi və investisiya
siyasəti" adlı araşdırmalar
aparılmışdır. Yekun əsasında
hazırlanmış məruzə AMEA -nın Rəyasət
Heyətində geniş müzakirə edilmiş və bəyənilmişdir.
Rəyasət Heyətinin qərarı ilə məruzə Sənaye
və Energetika Nazirliyinə və İqtisadi İnkişaf
Nazirliyinə təqdim edimiş və müsbət qiymətləndirilmişdir.
İqtisadi nəzəriyyənin
on bir məktəbinin nəzəri baxışlarını və
müddəalarını dərindən araşdırmaq və
Azərbaycan reallığı ilə müqayisə etmək əsasında
biz hesab edirik ki, iqtisadi nəzəriyyənin heç biri xalis
şəkildə Azərbaycanda iqtisadi inkişaf modelinin
xüsusiyyətlərini nəzərə almır. Bizim
fikrimizcə, keynçilərin "alıcılıq qabiliyyətli
məcmu tələbin artırılması" və
"iqtisadiyyatın dövlət tənzimlənmə
sisteminin gücləndirilməsi", təklifin
iqtisadiyyatı məktəbinin "vergi güzəştləri
vasitəsilə kapitalın
stimullaşdırılması", neoklassiklərin
"iqtisadi inkişafın xaricdən gələn kömək
üzərində deyil, daxili resurslar üzərində
qurulması", institusionalistlərin "dəyişikliklərin
əsasında texnoloji irəliləyişlərin
durması" və "planlaşdırmanın ictimai
inkişafın həlledici amili" kimi dəyərləndirilməsi
ideyaları Azərbaycanda iqtisadi inkişaf modelinin icra mexanizmlərinin
və tarazlı iqtisadi artımın nəzəri bazası
kimi qəbul edilə bilər.
Akademik Ramiz Mehdiyev
yuxarıda qeyd olunan məqaləsində də məhz yeni
inkişaf mərhələsini əhatə edən belə
araşdırmaların aparılmasının zəruriliyini əks
etdirmişdir. Məqalədə deyilir: "...Həyata
keçirilən iqtisadi islahatlar və dəyişikliklər
məhz vahid iqtisadi siyasət çərçivəsində
nəzəri cəhətdən təhlil
olunmalıdır". Düşünürəm ki, belə
bir araşdırmanın vahid plan-proqram əsasında,
iqtisadçı alimlərimizdən birinin rəhbərliyi
altında iqtisadiyyat institutlarının, Azərbaycan Dövlət
İqtisad Universitetinin, Maliyyə, Vergilər və İqtisadi
İnkişaf nazirliklərinin, Mərkəzi Bankın elmi-tədqiqat
və tədris mərkəzlərinin alim və mütəxəssislərindən
ibarət yaradıcı qrupunun təşkili və Elmin
İnkişaf Fondunun dəstəyi ilə həyata
keçirilməsi daha məqsədəuyğundur.
(ardı var)
Səhifəni hazırladılar: Əlipənah
BAYRAMOV,
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 16 may.- S. 1.