Azərbaycan xalqının milli
kimlik kitabı
Etnoqrafiya elmi xalqı, xalqın özünəməxsus
xüsusiyyətlərini öyrənir, tarix, arxeologiya, eləcə
də başqa elm sahələrinin əldə etdiyi nəticələri
də özünün süzgəcindən keçirir,
tamamlayır, bütövləşdirir. Nəticədə
etnik-milli özünüdərkin,
özünütanımanın əsasını yaradır. Yəni,
maddi və mənəvi mədəniyyət əsasında
milli kimlik formalaşır, etnoqrafiya elmi isə minilliklərin
bu milli-etnik kimliyini üzə çıxarmaqla məşğuldur.
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü
il tarixli sərəncamı ilə nəşr olunan "Azərbaycan
etnoqrafiyası" üçcildliyini xalqımızın
milli kimliyinin formalaşması prosesində bir epoxanın,
minilliklərin ümumiləşdirilməsi saymaq olar. Bu
kitabları xalqımızın milli-etnoqrafik kimliyi kimi də
dəyərləndirmək mümkündür.
Belə bir əsərin
ortaya çıxması Azərbaycan Respublikasının
Prezidentinin elmə, elmi tədqiqatlara verdiyi mühüm önəmin,
yüksək dəyərin ən bariz nümunəsidir. Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin sərəncamı əsasında
"Azərbaycan etnoqrafiyası" üçcildliyinin, eləcə
də yüzlərlə əsərin kütləvi tirajlarla nəşri
Azərbaycan Respublikasının siyasi, iqtisadi, mədəni,
elmi potensialının sübutudur, bu fəaliyyət əsasında
milli-dövlət maraqlarımız həyata keçirilir,
daha da gücləndirilir.
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin əziz
xatirəsinə həsr olunan, akademik Teymur Bünyadovun rəhbərlik
etdiyi müəlliflər kollektivinin əməyi nəticəsində
ərsəyə gələn "Azərbaycan
etnoqrafiyası" əhatə etdiyi məsələlərin
çoxçalarlılığı və zənginliyi ilə
diqqəti çəkir.
Birinci cilddə Azərbaycanın
coğrafi şəraiti, tarixi ən qədim zamanlardan
başlayaraq izlənilir, tariximizin, cəmiyyətimizin
inkişafının etnoqrafik baxımdan daha çox maraq
doğuran mərhələlərinin xarakterik xüsusiyyətləri
araşdırılır. Kitabın ilk səhifəsindən
sonunadək Azərbaycan etnoqrafiyası tariximizin, təbiətimizin,
cəmiyyətimizin inkişafı, baş verən hadisələr
fonunda gözümüzün önünə gətirilir, təhlil
olunur. Kitabı oxuyanda özünü, sanki təsvir və təhlil
olunan dövrün, hadisənin içində, canlı
etnoqrafik məkanda hiss edirsən.
Birinci cilddə
"Coğrafi şərait" və "Tarixi
oçerk" kifayət qədər maraqlı, oxunaqlı
yazılmışdır. Burada Azərbaycanın yerləşdiyi
coğrafi bölgənin xüsusiyyətləri geniş şəkildə
təqdim edilir, bu biliklər də sonrakı bölmələrin
daha dəqiq, aydın başa düşülməsinə
imkan verir. "Tarixi oçerk"də Azərbaycanın ən
qədim tarixi müxtəlif arxeoloji tapıntılar, kəşflər,
tarixi hadisələr, ictimai həyatın inkişafı
fonunda təsvir olunur. Bu bölmədə Azərbaycan ərazisində
ilk insanların çox qədim çağlardan davamlı
yaşaması, Quruçay mədəniyyəti, Kür-Araz mədəniyyəti,
Xocalı mədəniyyətinin etnoqrafik təsviri
yaradılır, qədim zamanlardan başlayaraq, XX əsrin əvvəllərinədək
Azərbaycan tarixində baş verən hadisələr izlənilir.
Kitabda əkinçiliyin
inkişafının tarixi-etnoqrafik xəritəsi çəkilir.
Azərbaycanın dünyada ən qədim əkinçilik
mədəniyyətinə malik ölkələrdən biri
olduğu təsdiqlənir. Burada Neolit-yeni daş
dövründə əkinçiliyin əsas təsərrüfat
sahəsinə çevrilməsi, Eneolit dövründə əkinçilik
və maldarlığın yerli əhalininin başlıca məşğuliyyəti
sayılması, Tunc dövründə toxa əkinçiliyindən
cüt əkinçiliyinə keçidin başlanması, Dəmir
dövründə əkinçiliyin geniş şəkildə
inkişafı, Azərbaycanın qədim əkinçilərinin
əldə etdikləri yeniliklərin, addım-addım irəliləyişlərin
tam mənzərəsi yaradılır. Əkinçiliyin
inkişafı cəmiyyətin inkişaf səviyyəsindən,
dövlətçilikdən, eyni zamanda xalqımızın zəngin
bir mənəvi həyatından,
dünyagörüşündən xəbər verir. "Azərbaycan
etnoqrafiyası"nda da ilk dəfə olaraq, əkinçiliyin
təkcə təsərrüfat sahəsi kimi etnoqrafik təsviri
verilmir, həm də milli-dövlətçilik tarixində,
xalqın həyat fəlsəfəsində rolu, nəsillərarası
fasiləsiz inkişafının əsası kimi mahiyyəti
üzə çıxarılır. Aparılan tədqiqatlar ən
sadə məsələlərdə belə azərbaycançılıq
ideyasını üzə çıxarır. Burada Azərbaycanın
müxtəlif etnoqrafik bölgələrinə məxsus
materiallar lokal və ümumölkə kontekstində
araşdırılır, ümumiləşmələr
aparılır, əhalinin əsas məşğuliyyət
növləri geniş şəkildə, zəngin etnoqrafik
materiallar əsasında təsvir və təhlil edilir.
Xalqımızın təsərrüfat
həyatında mühüm əhəmiyyət kəsb edən
maldarlıq mədəniyyəti də coğrafi şəraitlə
bağlı olaraq öz rolunu oynamışdır. Kitabda
Azərbaycanda qədimdən başlayaraq maldarlığın
inkişaf etməsi etnoqrafik materiallar əsasında öyrənilir,
maldarlığın təkcə iqtisadi deyil, həm də
ictimai, etno-sosial həyatda rolu araşdırılır. Əkinçiliklə
bərabər maldarlığın inkişafı da hər bir
xalqın formalaşmasını, inkişafını, iqtisadi
səviyyəsini və s. məsələləri üzə
çıxaran faktorlardır. Bu baxımdan
etnoqraflarımızın apardığı tədqiqatların,
xüsusən, "Azərbaycan etnoqrafiyası"
üçcildliyini tariximizdəki inkişaf faktorlarını
ümumiləşdirərək üzə çıxaran
fundamental tədqiqat əsəri saymaq olar. Xüsusi
vurğulamaq lazımdır ki, hər üç cilddə tədqiqatların
vəhdəti özünü göstərir. Məsələn,
əkinçiliklə və ya maldarlıqla bağlı tədqiqatı
oxuyanda bəri başdan oxucuda qədimdən bəri Azərbaycanda
sənətkarlığın, maddi mədəniyyətin
başqa sahələrinin inkişafı barədə təsəvvür
yaranır.
Azərbaycan Qafqazda və
Yaxın Şərqdə ən qədim sənətkarlıq
ölkələrindən biridir. Ölkəmizdə 50-dən
cox sənət növləri xalqımızın məişətində
geniş istifadə olunmuşdur. Sənətkarlıqla
bağlı tədqiqatlar, eyni zamanda, təsərrüfat məişətini,
maddi mədəniyyəti, mənəvi mədəniyyəti və
s. məsələləri göz önünə gətirir.
Burada sənətkarlıq, onun müxtəlif növləri
birgə, bütöv halda tədqiq olunur, hər bir etnoqrafik
özəlliyin Azərbaycana məxsusluğu ortaya
çıxır.
Etnoqrafiya elmində təsvir
anlayışı bu sözün leksik mənasından kifayət
qədər geniş anlamdadır. Bu xalqın təsərrüfat
məişətinin, maddi və mənəvi mədəniyyətin
müxtəlif nümunələrinin sadə təsviri deyil,
minillərin, yüzillərin cilalanmış, ipə-sapa
düzülmüş təsviridir, tədqiqidir.
Üçcildlikdə belə bir təsvir özünü
göstərir. Bunun nəticəsində müəlliflər
tədqiq olunan məsələlərin Azərbaycan
etnoqrafiyasının, Azərbaycan mədəniyyətinin tərkib
hissəsi olduğunu bacarıqla sübuta yetirirlər.
"Azərbaycan
etnoqrafiyası"nın ikinci cildi əsasən maddi mədəniyyətin
tədqiqinə həsr olunmuşdur. Bu cilddə də,
birinci cilddə olduğu kimi, Azərbaycan etnoqrafiyası Qafqaz
və Yaxın Şərqin etnoqrafiyası ilə müqayisəli
öyrənilir. Hər bir etnoqrafik tədqiqat obyektinə
ümumi qanunauyğunluqlarla, müqayisəli və əlaqəli
şəkildə baxılır. Burada maddi mədəniyyətin
müxtəlif sahələrinin tədqiqinə geniş yer
ayrılır. Yeri gəlmişkən, qeyd edək ki, hər
üç cild eyni zamanda ayrı-ayrılıqda Azərbaycan
etnoqrafiyası haqqında tam təsəvvür yaratmağa
imkan verir. Çünki bu kitablarda etnoqrafiyanın
bütün məsələlərinə kompleks şəkildə
baxılır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan
Etnoqrafiya Muzeyinin yaradılması haqqında" sərəncamı
əsasında çap edilən "Azərbaycan
etnoqrafiyası" üçcildliyi, şübhəsiz, bu
muzeyin yaradılmasında iştirak edən mütəxəssislərin
stolüstü kitabı olacaqdır. Sərəncamda qeyd
olunduğu kimi, əlverişli təbii şərait və
coğrafi mühitin müxtəlifliyi bəşər
sivilizasiyasının ilk ocaqlarından sayılan bu ərazidə
ənənəvi mədəniyyətin komponentlərinin hərtərəfli
inkişafı üçün özünəməxsus
koloriti ilə seçilən tarixi-etnoqrafik bölgələri
əsrlər boyu qarşılıqlı vəhdətdə
unikal mədəniyyətin formalaşmasına təsir
göstərmişdir.
"Azərbaycan
etnoqrafiyası" üçcildliyi Azərbaycan
xalqının bu unikal mədəniyyətinin zənginliyini,
milli simasını müəyyən edən həyat tərzini,
məişət və mərasim xüsusiyyətlərini,
xalq yaradıcılığını və s. məsələləri
tədqiq edərək üzə çıxarır. Azərbaycan
Etnoqrafiya Muzeyinin yaradılmasının əsas məramı
və məqsədi olan milli mədəniyyətin gənc nəslin
yüksək vətənpərvərlik, adət-ənənələrə
bağlılıq və tarixi-mədəni dəyərlərə
ehtiram ruhunda tərbiyə olunması işinə dəstək
vermək, eləcə də xalqımızın zəngin
etnoqrafiyasının layiqincə təbliğ edilməsi,
dünyaya tanıdılması baxımından "Azərbaycan
etnoqrafiyası" çoxcildliyinin də xüsusi əhəmiyyət
daşıdığını vurğulamaq lazımdır.
Onu da qeyd etmək
lazımdır ki, Azərbaycanın yüksək dövlət
rəhbərliyi səviyyəsində elmimizin, təhsilimizin,
mədəniyyətimizin inkişafına xüsusi diqqət
yetirilir. Ötən ilin 10 oktyabrında Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva paytaxt
yaxınlığındakı Qala Arxeoloji və Etnoqrafik Muzey
Kompleksinin açılış mərasimində iştirak
etdilər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən bu yeni layihə Azərbaycanın
tarixi-etnoqrafik keçmişinin qorunub saxlanması ilə
yanaşı, ölkəmizin turizm məskənlərindən
birinə çevrilməsinə də xidmət göstərəcək.
Bundan başqa, 2008-ci il mayın 15-də Milli Parkın ərazisində
Lətif Kərimov adına Azərbaycan
Xalçaçılıq və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi binasının təməlqoyma mərasimi
keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü
və YUNESKO-nun dəstəyi ilə inşa olunan bina Azərbaycan
xalçaçılıq sənətinin qorunmasında və
təbliğində böyük rol oynayacaq.
Fikrimizcə, Azərbaycanda maddi və mənəvi mədəniyyətimizin qorunmasına, inkişafına və təbliğinə belə rəsmi səviyyədə yüksək diqqət yetirildiyini nəzərə alsaq, "Azərbaycan etnoqrafiyası"
çoxcildliyinin əhəmiyyəti bir daha ortaya çıxır.
Ailə
kiçik dövlətdir, cəmiyyətin inkişafında
xüsusi rola malikdir. Azərbaycan ailəsinin özünəməxsus
münasibətlər sisteminin öyrənilməsində
müxtəlif elmlər çərçivəsində tədqiqatlar
aparılır. Ancaq etnoqrafik tədqiqatlarsız buna nail olmaq
mümkün deyildir. "Azərbaycan etnoqrafiyası"nda Azərbaycan
ailəsinin inkişafı izlənilir, ailədaxili münasibətlər,
nikah formaları, toy və onun mərhələləri,
uşaqların tərbiyəsi və s. məsələlər
araşdırılır. Ölkəmizdə ailə
institutunun qorunması istiqamətində bir sıra siyasi,
iqtisadi, sosial qərarların qəbul olunduğu bir dövrdə
Azərbaycan ailəsinin keçmiş və indisinin əlaqələndirilməsi
baxımından ortaya qoyulmuş tədqiqat işini yüksək
qiymətləndirmək vacibdir.
"Azərbaycan
etnoqrafiyası"nda mənəvi mədəniyyət məsələləri
xüsusi tədqiq olunub. Bu, təsadüfi deyil.
Müasir qloballaşan dünyada mənəvi mədəniyyətimizin,
adət-ənələrimizin bütöv, tam qalması,
inkişafı mühüm əhəmiyyət
daşıyır. Sonuncu cild bütövlükdə mənəvi
mədəniyyətə həsr olunub, əgər belə demək
mümkünsə, bu cilddə azərbaycançılıq
ideyasının etnoqrafik əsasları əksini tapıb.
Bu cilddə xalq bayramları,
qarşılıqlı yardım formaları,
ağsaqqallıq, ağbirçəklik, qonaqpərvərlik,
musiqi, elm və təhsil, ədəbiyyat, xalq təbabəti,
xalq inamları, qədim dini etiqadlar, rənglər və
saylar, xalq çəki və ölçü vahidləri,
oyun və əyləncələr, xalq təqvimi tədqiq
olunub. Bu sahələrdən də göründüyü
kimi, əvvəlki tədqiqatlarla vəhdət
yaradılır, Azərbaycan xalqının mənəvi və
maddi mədəniyyətin bütövlüyü bir daha təsdiqlənir.
Qloballaşma bütün
xalqların, o cümlədən Azərbaycan xalqının mənəvi
mədəniyyətini, onun davamlılığını,
milliliyini bir növ sınağa çəkir. Tarixin bu
sınağından nə qədər itkisiz, eyni zamanda
qloballaşmanın gətirdiyi üstünlüklərdən
yararlanaraq çıxmaq Azərbaycan elminin, o cümlədən
etnoqrafiya elminin əsas vəzifələrindəndir. Elmi tədqiqatların
əsas vəzifələrindən biri milli kimliyimizi
keçmişdən indiyə daşımaq, indiki nəslə
öyrətmək, gələcək üçün əmanət
qoymaqdır.
Bu cilddə
Novruz bayramının mahiyyəti, tarixi kökləri
araşdırılır. Ümumiyyətlə, bu cilddəki
"Xalq bayramları" fəslini təkcə tədqiqat
deyil, eyni zamanda maraqlı illüstrasiyalarla bayramların
etnoqrafik bərpası saymaq mümkündür. Məsələn,
Novruz bayramı ilə bağlı tədqiqatı oxuduqda
buradakı mərasimlərin, ayin və nəğmələrin
mahiyyətini, tarixi köklərini bir daha dərk edirsən,
sadə etnoqrafik materiallarda zəngin bir fəlsəfi mahiyyətin,
minilliklərlə formalaşan dünyagörüşün
durduğunu görürsən. Müəlliflər hər bir
bölmədə minilliklərin etnoqrafiyasını incələyib,
çözələyib tədqiqatın obyektinə
çevirib kitabın səhifələrinə gətiriblər.
Kifayət qədər oxunaqlı bir dildə yazılan tədqiqat
insana ağlı kəsəndən bəri ailəsində, kəndində,
şəhərində, elində, obasında
gördüyü, bayram sevinci dolu mərasimləri yenidən
yaşadır, baharın ətrini hiss etdirir. İnsanın
gözünün önündə Azərbaycan xalqının
həyat fəlsəfəsi açılır.
Bu cilddə Qurban bayramı,
Orucluq bayramı kimi dini bayramlar tədqiq olunur. Yeni sosial
mühitdə Qurban və Orucluq bayramları, onların tarixi
kökləri, ayin və mərasimlər, adət və ənənələr
xalqımızın mənəvi həyatını zənginləşdirməklə
yanaşı, yeni nəslin tərbiyəsinə müsbət
təsir göstərir, onları möhkəm iradəli edir,
gənclərdə xalqa, Vətənə, müstəqilliyimizə
məhəbbət hissini daha da möhkəmlədirir.
Üçüncü cilddə
ağsaqqallıq, ağbirçəklik, qonaqpərvərlik məsələlərinin
tədqiqi də xüsusi maraq doğurur. Bu
institutların etnoqrafik baxımdan araşdırılması,
ortaya çıxarılan nəticələr
xalqımızın mənəviyyatının incəlikləri
barədə daha geniş məlumatlı olmağa imkan verir.
Eyni fikirləri
"Musiqi" barəsində də söyləmək
mümkündür. Burada ilk dəfə olaraq Azərbaycan
musiqişünaslığına,
müsiqişünaslarımızın
yaradıcılığına yeni baxış ortaya qoyulur.
Muğamlarımızın, eləcə də xalq
mahnılarının fəlsəfi-etnoqrafik mahiyyəti, tarixi
inkişafı izlənilir, xanəndəlik sənətinin və
bu sənətin nümayəndələrinin,
aşıqların yaradıcılığı, aşıq
yaradıcığının etnoqrafik anlamı, aşıq
havalarının, simli musiqi alətlərinin, rəqslərin
xarakterik xüsusiyyətləri tədqiq olunur.
Qeyd edək ki, ötən
illərdə Heydər Əliyev Fondu "Azərbaycan
muğamı" multimedia toplusunu, "Muğam aləmi"
toplusunu, "Qarabağ xanəndələri" musiqi albomunu,
"Muğam ensiklopediyası"nı nəşr edib. Fondun
dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzi,
Müasir İncəsənət Muzeyi tikilib istifadəyə
verilib, 2005-2007-ci illərdə respublika Televiziya- Muğam
Festivalı, Beynəlxalq Muğam Festivalı keçirilib, Azərbaycan
mədəniyyətinin inkişafı üçün xeyli əsaslı
işlər görülüb.
"Azərbaycan
etnoqrafiyası" üçcildliyi də mahiyyətcə,
formaca son illərdə ölkəmizdə
xalqımızın mənəvi mədəniyyətinin
qorunması istiqamətində görülən işlərlə
səsləşir.
Üçüncü cilddə
elm, təhsil və ədəbiyyat üzrə tədqiqatlar da
bütövlükdə cildləri tamamlamaq baxımından
mühüm əhəmiyyət daşıyır. Bu
cilddə xalqın milli-mənəvi dəyərlərinin
etnoqrafik tədqiqi də Azərbaycan mədəniyyətinin
bütövlüyünü, tamlığını təsdiqləmək,
azərbaycançılığın mahiyyətini izah etmək
baxımından mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə üçüncü cilddə dilimizin,
dinimizin, ruhumuzun canı-qanı, milli- mənəvi-etnoqrafik
identifikasiyamız üzə cixarılır.
İnanırıq
ki, burada əksini tapan tədqiqatlar Azərbaycanın fəlsəfə,
sosiologiya, etnososiologiya və s. elmlər sahəsində də
daha maraqlı və yeni araşdırmalar aparmağa imkan verəcək.
Çünki mahiyyətində təhlil duran etnoqrafik təsvir
bir çox nəzəriyyələrin açarıdır. Üçcildlik
"Azərbaycan etnoqrafiyası" bütün elmlərin
üz tutduğu fundamental əsərdir. Azərbaycan Milli Elmlər
Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin
akademik-katibi, akademik Ağamusa Axundovun təbirincə desək,
"Üçcildlik "Azərbaycan etnoqrafiyası"
yalnız Arxeologiya və Etnoqrafiya İnstitutunun deyil, ümumən
humanitar və ictimai elmlərimizin böyük uğuru kimi
qeyd edilə bilər".
Üçcildliyin əhəmiyyəti
zaman keçdikcə daha dərindən dərk ediləcək,
xalqımızın, dövlətimizin maraqları
baxımından necə də böyük bir iş
görüldüyü dönə-dönə təsdiqlənəcək.
Çoxcildlik başqa elm sahələrində də yeni
istiqamətli tədqiqatların aparılmasına kömək
etməklə yanaşı, etnoqrafiya elmində yeni nəzəriyyələrin
yaranmasına öz təsirini göstərəcək.
Qloballaşan dünyada Azərbaycan
xalqının etnoqrafik milli kimliyini tam halda cilalayıb ortaya
çıxarmaq böyük bir işdir. Təkcə Azərbaycan
Respublikası vətəndaşlarını deyil, tarixi Azərbaycan
torpaqlarında, eləcə də dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlıları mənəvi
baxımdan bir araya gətirmək, özünü özünə
tanıtmaq, eləcə də başqalarının bizi
tanıması üçün "Azərbaycan
etnoqrafiyası" üçcildliyinin yeri əvəzedilməzdir.
Yekunda onu bildirək ki,
akademik Teymur Bünyadov başda olmaqla "Azərbaycan
etnoqrafiyası" üçcildliyinin müəlliflər
kollektivi-ömrünü kitablara yazan alimlərimiz Azərbaycan
xalqının, dövlətinin qarşısında
mühüm bir vəzifəni uğurla yerinə yetirmişlər.
Qloballaşan, mənəvi mədəniyyətlərin
aşınmağa meyilləndiyi, maddi mədəniyyətin
sürətlə dəyişdiyi bir dünyada Azərbaycan
xalqının minilliklərinin etnoqrafiyasını tədqiq
edib, əldə olunan nəticələri kitablarda əks
etdirmək ən müqəddəs işlərdən biridir.
Üçcildlik "Azərbaycan etnoqrafiyası"nın
elmi-mənəvi dəyəri getdikcə daha dərindən
başa düşüləcək, bu əsər hər bir azərbaycanlının
milli kimlik kitabına çevriləcək.
Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq işıq üzü görən belə bir fundamental əsərin Azərbaycan Respublikasının Elm üzrə Dövlət Mükafatına təqdim olunması böyük məna və məzmun kəsb edir.
İlyas BABAYEV,
AMEA-nın müxbir üzvü,
tarix elmləri doktoru,
professor,
Qafar CƏBİYEV,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2010.- 15 may.- S. 6.