Yetmiş illik sınaq yolu
Elə insanlar
var ki, onlar
həyatın mənasını
xalqa Vətənə
xidmətdə görürlər.
Belə insanların
ömür yolu çətin və əzablı, lakin mənalı və şərəfli, başı
el içində həmişə uca olur. Öz xoşbəxtliyini,
səadətini nəcib
əməl sahibi olmaqda görən belə insanlardan biri də istedadlı
alim, ustad-pedaqoq Şakir Bədəlovdur.
Şakir Bədəlov
1940-cı il mayın 15-də İsmayıllı rayonunun Zarat
kəndində anadan olmuşdur. O, hələ körpə ikən
atası cəbhəyə getmiş, 1945-ci ilin mart ayında həlak
olmuşdur. Kolxozda işləyən anası üç
qız və bir oğuldan ibarət ailəni çox çətinliklə
saxlamışdır. 1958-ci ildə orta məktəbi bitirən
Şakir Bədəlov iki ilə yaxın kolxozda işləyir,
ailəyə kömək edir. 1960-cı ildə Bakıya gələrək
Qaradağ Mexanikləşdirilmiş Daş Karxanasında fəhləliyə
düzəlir. İşləyə-işləyə ali məktəbə
hazırlaşır və Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad
fakültəsinə, "maliyyə və kredit"
ixtisası üzrə qəbul olunur.
Universitetdə əla
qiymətlərlə oxuyan Şakir Bədəlov elmi tədqiqata
həvəs göstərir və II kursdan başlayaraq tələbə
elmi cəmiyyətinə üzv olur. Hələ 1963-cü ildə
III kursda oxuyarkən "Yeni cəmiyyət quruculuğunun
iqtisadi qanunauyğunluqları mövzusunda TEC-də etdiyi elmi məruzə
görkəmli alim, iqtisad fakültəsinin dekanı,
"siyasi iqtisad" kafedrasının müdiri professor Həsən
Dadaşovun və professor Bəhmən Axundovun diqqətini cəlb
edir və onların tövsiyəsi ilə həmin məruzə
ADU-nun Elmi Əsərləri məcmuəsində nəşr
olunur.
Şakir Bədəlov 1965-ci ildə
Azərbaycan Dövlət
Universitetini "maliyyə
və kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirir. Universitetin
Elmi Şurası onu aspiranturaya qəbul olunmağa tövsiyə edir.
Şakir Bədəlov professor Həsən
Dadaşovun rəhbərliyi
altında "Marksın
kredit haqqında təlimi" mövzusunda
diplom işi yazır. Diplom işinə verdiyi
rəy də professor H.Dadaşov qeyd edir ki:
"əgər dövlət
imtahan komissiyası diplom işini müdafiə etdikdən və dövlət imtahanlarını verdikdən
sonra Ş.Bədəlovun
gələcək ixtisaslaşma
üçün yararlı
və qabiliyyətli olduğunu müəyyən
edərsə, onda arzu edərdim ki, komissiya onun
aspiranturaya qəbul olunması üçün
tövsiyə edilməsi
məsələsini müzakirə
etsin". Belə də olur. Fakültənin
təqdimatına əsasən
ADU-nun Elmi Şurası Şakir Bədəlovu aspiranturaya qəbul olunmağa tövsiyə edir.
O, təyinatla
1965-ci ilin avqust ayından 1966-cı ilin sentyabr ayına qədər Abşeron
rayon maliyyə şöbəsində
baş büdcə inspektoru vəzifəsində
çalışır. 1966-cı ilin sentyabr ayında
D.Bünyadzadə adına
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
maliyyə və kredit kafedrasına müəllim vəzifəsinə
dəvət edilmişdir.
O vaxtdan bəri öz taleyini bu təhsil ocağı ilə bağlamışdır.
1975-ci ilin dekabrında Moskva Maliyyə İnstitutunda (indiki Maliyyə Akademiyası) namizədlik dissertasiyası
işini müvəffəqiyyətlə
müdafiə edərək
iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1982-ci ildə institutun maliyyə və kredit kafedrasının dosenti vəzifəsinə
seçilmişdir.
1984-cü ilin oktyabr ayında
maliyyə-statistika fakültəsinin
dekan müavini təyin edilmiş, 1987-ci ilin aprel ayında
müsabiqə yolu ilə həmin fakültənin dekanı vəzifəsinə seçilmişdir.
1990-cı ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsinin dekanı seçilmiş və 1996-cı ilə qədər bu vəzifədə çalışmışdır.
Təşkilatçılıq qabiliyyəti və işgüzarlığı nəzərə
alınaraq 2001-ci ildə
o, yenidən Azərbaycan
Dövlət İqtisad
Universiteti maliyyə və kredit fakültəsinin dekanı
seçilmiş və
2005-ci ilə qədər
bu vəzifədə çalışmışdır. Hazırda
ADİU-nun dosentidir. Şakir müəllim işlədiyi bütün
vəzifələrə böyük
məsuliyyətlə yanaşmış,
onları layiqincə yerinə yetirməyə çalışmışdır.
Şakir Bədəlov geniş elmi və tədris-metodiki
xarakterli yaradıcılıq
yolu keçmişdir. O, "Maliyyə və kredit", "Müəssisələrin
və xalq təsərrüfatı sahələrinin
maliyyəsi", "Maliyyə",
"Büdcə sistemi"
dərsliklərinin həmmüəllifi,
bir sıra dərs vəsaitlərinin
və çoxsaylı
proqram və metodiki vəsaitlərin,
50-dən artıq elmi
məqalənin müəllifidir.
Bir sıra beynəlxalq elmi konfranslarda, simpoziumlarda elmi məruzələrlə
çıxışlar etmişdir.
Hazırda elmi-tədqiqat işlərini
davam etdirməklə yanaşı, yeni dərslik və dərs vəsaitlərinin
hazırlanması üzərində
işləyir.
Şakir müəllim TEC xətti ilə də tələbələrin elmi-tədqiqat
işlərinə rəhbərlik
edir. Onun rəhbərliyi altında
tələbələrin bir
çoxu tələbə
elmi konfranslarında etdiyi elmi məruzələrinə
görə diplom və mükafatlara layiq görülmüşlər.
Səmərəli elmi-pedaqoji fəaliyyətinə
və institutun ictimai işlərində fəal iştirakına görə o, dəfələrlə
mükafat və təltiflərə layiq görülmüşdür.
Şakir müəllim həm özünə, həm də tələbələrinə
və yoldaşlarına
qarşı tələbkarlığı,
eyni zamanda qayğıkeşliyi, səmimiliyi
və təvazökarlığı
sayəsində universitetin
tələbə kollektivinin
və professor-müəllim
heyətinin dərin hörmətini qazanmışdır. O, nümunəvi
ailə başçısıdır,
üç övladı
var, bir oğlu atasının yolunu davam etdirir,
iqtisad elmləri namizədidir.
Şakir müəllimi
keçdiyi çox çətin, lakin olduqca məzmunlu və şərəfli ömür yolunun 70, səmərəli əmək
və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi
münasibətilə səmimi
qəlbdən təbrik
edir, ona uzun ömür, möhkəm cansağlığı,
ailə səadəti
və elmi-pedaqoji fəaliyyətində daha
böyük uğurlar
arzulayırıq.
Əli NURİYEV,
AMEA-nın müxbir
üzvü,
əməkdar elm xadimi,
iqtisad elmləri doktoru,
professor
Bəybala XANKİŞİYEV
Xalq qəzeti.- 2010.- 15 may.- S. 7.