Yetmiş illik sınaq yolu
Elə insanlar var ki,
onlar həyatın mənasını xalqa Vətənə xidmətdə
görürlər. Belə
insanların ömür
yolu çətin və əzablı, lakin mənalı və şərəfli, başı el içində həmişə
uca olur. Öz xoşbəxtliyini, səadətini nəcib əməl sahibi olmaqda görən belə insanlardan biri də istedadlı
alim, ustad-pedaqoq Şakir Bədəlovdur.
Şakir Bədəlov 1940-cı
il mayın 15-də İsmayıllı rayonunun Zarat kəndində
anadan olmuşdur. O, hələ körpə ikən atası cəbhəyə
getmiş, 1945-ci ilin mart ayında həlak olmuşdur. Kolxozda
işləyən anası üç qız və bir
oğuldan ibarət ailəni çox çətinliklə
saxlamışdır. 1958-ci ildə orta məktəbi bitirən
Şakir Bədəlov iki ilə yaxın kolxozda işləyir,
ailəyə kömək edir. 1960-cı ildə Bakıya gələrək
Qaradağ Mexanikləşdirilmiş Daş Karxanasında fəhləliyə
düzəlir. İşləyə-işləyə ali məktəbə
hazırlaşır və Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad
fakültəsinə, "maliyyə və kredit"
ixtisası üzrə qəbul olunur.
Universitetdə əla qiymətlərlə oxuyan Şakir Bədəlov elmi tədqiqata həvəs göstərir və II kursdan başlayaraq tələbə elmi cəmiyyətinə üzv olur. Hələ 1963-cü ildə III kursda oxuyarkən "Yeni cəmiyyət quruculuğunun iqtisadi qanunauyğunluqları mövzusunda TEC-də etdiyi elmi məruzə görkəmli alim, iqtisad fakültəsinin dekanı, "siyasi iqtisad" kafedrasının müdiri professor Həsən Dadaşovun və professor Bəhmən Axundovun diqqətini cəlb edir və onların tövsiyəsi ilə həmin məruzə ADU-nun Elmi Əsərləri məcmuəsində nəşr olunur.
Şakir Bədəlov 1965-ci ildə Azərbaycan Dövlət Universitetini "maliyyə və kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirir. Universitetin Elmi Şurası onu aspiranturaya qəbul olunmağa tövsiyə edir.
Şakir Bədəlov professor Həsən Dadaşovun rəhbərliyi altında "Marksın kredit haqqında təlimi" mövzusunda diplom işi yazır. Diplom işinə verdiyi rəy də professor H.Dadaşov qeyd edir ki: "əgər dövlət imtahan komissiyası diplom işini müdafiə etdikdən və dövlət imtahanlarını verdikdən sonra Ş.Bədəlovun gələcək ixtisaslaşma üçün yararlı və qabiliyyətli olduğunu müəyyən edərsə, onda arzu edərdim ki, komissiya onun aspiranturaya qəbul olunması üçün tövsiyə edilməsi məsələsini müzakirə etsin". Belə də olur. Fakültənin təqdimatına əsasən ADU-nun Elmi Şurası Şakir Bədəlovu aspiranturaya qəbul olunmağa tövsiyə edir.
O, təyinatla 1965-ci ilin avqust ayından 1966-cı ilin sentyabr ayına qədər Abşeron rayon maliyyə şöbəsində baş büdcə inspektoru vəzifəsində çalışır. 1966-cı ilin sentyabr ayında D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə və kredit kafedrasına müəllim vəzifəsinə dəvət edilmişdir. O vaxtdan bəri öz taleyini bu təhsil ocağı ilə bağlamışdır.
1975-ci ilin dekabrında Moskva Maliyyə İnstitutunda (indiki Maliyyə Akademiyası) namizədlik dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1982-ci ildə institutun maliyyə və kredit kafedrasının dosenti vəzifəsinə seçilmişdir.
1984-cü ilin oktyabr ayında maliyyə-statistika fakültəsinin dekan müavini təyin edilmiş, 1987-ci ilin aprel ayında müsabiqə yolu ilə həmin fakültənin dekanı vəzifəsinə seçilmişdir.
1990-cı ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsinin dekanı seçilmiş və 1996-cı ilə qədər bu vəzifədə çalışmışdır.
Təşkilatçılıq qabiliyyəti və işgüzarlığı nəzərə alınaraq 2001-ci ildə o, yenidən Azərbaycan Dövlət İqtisad Universiteti maliyyə və kredit fakültəsinin dekanı seçilmiş və 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır. Hazırda ADİU-nun dosentidir. Şakir müəllim işlədiyi bütün vəzifələrə böyük məsuliyyətlə yanaşmış, onları layiqincə yerinə yetirməyə çalışmışdır.
Şakir Bədəlov geniş elmi və tədris-metodiki xarakterli yaradıcılıq yolu keçmişdir. O, "Maliyyə və kredit", "Müəssisələrin və xalq təsərrüfatı sahələrinin maliyyəsi", "Maliyyə", "Büdcə sistemi" dərsliklərinin həmmüəllifi, bir sıra dərs vəsaitlərinin və çoxsaylı proqram və metodiki vəsaitlərin, 50-dən artıq elmi məqalənin müəllifidir. Bir sıra beynəlxalq elmi konfranslarda, simpoziumlarda elmi məruzələrlə çıxışlar etmişdir.
Hazırda elmi-tədqiqat işlərini davam etdirməklə yanaşı, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması üzərində işləyir.
Şakir müəllim TEC xətti ilə də tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edir. Onun rəhbərliyi altında tələbələrin bir çoxu tələbə elmi konfranslarında etdiyi elmi məruzələrinə görə diplom və mükafatlara layiq görülmüşlər.
Səmərəli elmi-pedaqoji fəaliyyətinə və institutun ictimai işlərində fəal iştirakına görə o, dəfələrlə mükafat və təltiflərə layiq görülmüşdür.
Şakir müəllim həm özünə, həm də tələbələrinə və yoldaşlarına qarşı tələbkarlığı, eyni zamanda qayğıkeşliyi, səmimiliyi və təvazökarlığı sayəsində universitetin tələbə kollektivinin və professor-müəllim heyətinin dərin hörmətini qazanmışdır. O, nümunəvi ailə başçısıdır, üç övladı var, bir oğlu atasının yolunu davam etdirir, iqtisad elmləri namizədidir.
Şakir müəllimi keçdiyi çox çətin, lakin olduqca məzmunlu və şərəfli ömür yolunun 70, səmərəli əmək və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və elmi-pedaqoji fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Əli NURİYEV,
AMEA-nın
müxbir üzvü,
əməkdar elm xadimi,
iqtisad
elmləri doktoru,
professor
Bəybala
XANKİŞİYEV
Xalq qəzeti.- 2010.-
15 may.- S. 7.