Azərbaycanın neft sənayesində nanotexnologiya
Azərbaycan Respublikası
elm, mədəniyyət və
ədəbiyyat üzrə
Dövlət Mükafatına
təqdim edilmiş
"Neft sənayesində
nanotexnologiya" (fundamental elmi araşdırmalar, ixtira və tətbiq) adlı tədqiqat əsəri diqqətimi daha da çəlb etdi. İş son zamanlar dünya elminin prioritet istiqamətlərindən biri
hesab edilən nanotexnologiyanın neft sənayesinə tətbiqinə
həsr edilib və tədqiqat işi elmin son nailiyyətlərindən hesab
edilən nanotexnologiya
üzrə mükəmməl
araşdırmadır.
Hazırda
dünyanın bir sıra inkişaf etmiş ölkələrində
nanoölçülü strukturların sintezi sahəsindəki
böyük uğurlar, bu materialların geniş miqyaslı sənaye
sınaqlarına və tətbiqinə gətirib
çıxarmışdır. Nanotexnologiyanın
inkişafı nəticəsində müəyyən
edilmişdir ki, maddəni təşkil edən hissəciklərin
ölçüləri nanometr tərtibində olduqda
onların xassələri kəskin olaraq dəyişir və nəticədə
maddə massiv materialların malik olmadığı yeni unikal
xassələrə malik olur. Hissəciklərin
ölçüləri nanometr tərtibinə qədər kiçildikcə
onların stabilliyi azalır və bu problem də
nanomaterialların stabilləşdirilmə
texnologiyasının yaradılması zərurətini ortaya
çıxarır. Ancaq fiziki və kimyəvi xassələrin
nanoölçülü sistemlərdə dəyişməsi
bu cür materialların geniş sənaye tətbiqinə də
imkan yaradır.
Nanoelmin sürətli
inkişafı elektronikada, kompyuter texnikasında,
maşınqayırmada, ekologiyada, tibbdə, kimya sənayesinə
bir çox yeniliklər gətirir. Kimya
sənayesində yüksək
effektivliyə malik katalitik nanohissəciklərin
alınmasında böyük
uğurlar əldə
edilmişdir və bu materiallar katalizator kimi uğurla istifadə edilməyə başlanılmışdır.
Son zamanlar yeni, elmi tutumlu texnologiyaların
işlənməsi hesabına
neft sənayesində böyük uğurlar əldə edilmişdir və bu sahəyə
nanotexnologiyanın nailiyyətlərindən
istifadə etməklə
neftçıxarma sistemlərində,
qazmada böyük iqtisadi səmərə əldə etmək olar.
Dünya bazarında neftin qiymətinin sürətlə
dəyişməsi, ona
artan tələbat yeni texnologiyaların tətbiqini aktual bir problem kimi önə çəkir. Mütəxəssislərin
verdiyi məlumata görə neftçıxarma
ilə məşğul
olan ölkələrin
istismar etdiyi neft yataqlarının
50-65% çətin istismar
edilə bilən yataqlardır. Bunların da əksəriyyəti istismar nəticəsində
sulaşmış və
parafinləşmiş yataqlardır.
Onların istismarı
iqtisadi cəhətdən
rentabelli olmadığı
üçün istismarı
dayandırılmışdır. Lakin bu yataqlarda
hələ də kifayət qədər neft var.
Abşeron yarımadasında istismar nəticəsində sulaşmış,
qeyri-rentabelli neft quyuları kifayət qədərdir və bu quyulardan ancaq
yeni texnologiyaları tətbiq etməklə qalıq nefti çıxarmaq olar. Bu
məqsədlə BDU-nun
və ARDNŞ-in alim və mütəxəssisləri
tərəfindən bu
cür quyulardan qalıq neftin çıxarılması üçün
yeni texnoloji üsul işlənib hazırlanmışdır. Neftçıxarmada istifadə etmək üçün nanoölçülü
metal hissəciklərin
alınması texnologiyası
işlənib hazırlanmış,
onlar səthi aktiv maddələrlə stabilləşdirilmiş, əvvəlçə
laboratoriya şəraitində,
sonra isə sulaşmış neft quyularına daxil edilərək onların neftçıxarmaya təsiri
tədqiq edilmişdir.
Müəyyən edilmişdir
ki, lay sularının
metal nanohissəcikləri ilə
işlənməsi zamanı
sistemdə təzyiqin
artmasına səbəb
olan karbon qazının ayrılması
müşahidə olunmaqla
mühitin turşuluğu
artır. Metal nanohissəciklərinin neft
quyularına daşıyıcılar
vasitəsi ilə suspenziya halında daxil edilməsi nəticəsində nanohissəciklər
sulaşmış laylarda
mövcud olan karbonatlarla reaksiyaya girərək karbon qazı yaradır və nəticədə sistemdə təzyiq artır. Müəyyən
edilmişdir ki, daşıyıcı və
stabilləşdirici rolunu
oynayan səthi aktiv maddələr də mühitdə əlavə karbon qazı yaradır. Nəticədə sistemdə
turşuluğun və
təzyiqin artması hesabına təbəqələşmə
baş verir və neft sistemin
səthinə toplaşır.
Bu təbəqələşmə zamanı proses güclü axına səbəb olur, lay suxurlarının yuyulması baş verir və neft
axını lay quyu sisteminin keçiricilik qabiliyyətini
yaxşılaşdırır və bu da
kollektora əlavə maye axınına şərait yaradır.
Nəticədə layların
neftvermə əmsalı
yüksəlir, çıxan
mayedə suyun miqdarı azalır və neftçıxarma üçün enerji sərfi xeyli aşağı düşür.
Müəyyən edilmişdir ki,
metal nanohissəciklərinin
quyulara daxil edilməsi nəticəsində
neft hasilatı 2,0-2,5 dəfə artır, neftin çıxarılmasna
sərf olunan enerjiyə 15%-ə qədər qənaət edilir, quyulardan çıxarılan mayedə
suyun miqdarı 18-24%-ə qədər azalır. Alınmış
bu nəticələrin
böyük elmi və praktik əhəmiyyəti var. Hesab edirəm ki, A.Mirzəcanzadənin, A.Məhərrəmovun,
R.Abdullayevun, X.Yusifzadənin,
E.Şahbazovun, R.Qurbanovun,
S.Əhmədovun, M.Ramazanovun,
Ş.Şəfiyevin , E.Kazımovun
həmmüəllif olduqları
"Neft sənayesində
nanotexnologiya" işinin
yüksək elmi və praktik əhəmiyyəti var və Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatını almağa
layiqdir.
Məhərrəm MƏMMƏDYAROV,
Azərbaycan Dövlət Mükafatı
laureatı,
akademik
Xalq qəzeti.- 2010.- 19 may.- S. 7.