"Üzeyir dünyası muzeylərdə" şüarı altında Beynəlxalq Muzeylər Günü ölkəmizdə qeyd edildi

 

Muzeylər tarixin müxtəlif dövrlərinə aid izləri özündə yaşadır. Onların hər bir xalqın, eləcə bəşər tarixində əhəmiyyəti nəzərə alınaraq hər il 18 may-Beynəlxalq Muzeylər Günü dünyanın əksər dövlətlərində, eləcə ölkəmizdə təntənə ilə qeyd edilir. Bu il görkəmli bəstəkar, publisist, Şərqdə ilk operanın müəllifi Ü.Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar ölkəmizdə Ü.Hacıbəyli ili elan edildiyindən, Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin qərarı ilə Beynəlxalq Muzeylər Gününü "Üzeyir dünyası muzeylərdə" şüarı altında keçirir.

 

Bu əlamətdar gün münasibəti ilə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində tamaşaçılara musiqi ilə rənglərin ahəngindən təşkil olunmuş xüsusi tədbirlər proqramı təqdim edildi.

İki hissədən ibarət tədbirin birinci hissəsində "Məhəbbət" mövzusunda xalçalardan ibarət sərgi qonaqların ixtiyarına verildi. Sərgidə XIX əsr Qarabağ qrupuna aid "Leyli və Məcnun", E.Mikayılzadənin "Şəbi-hicran" xalçaları nümayiş edildi. Daha sonra "Leyli və Məcnun" operasının müşayiəti ilə "Nizami obrazları xalçalarda" mövzusunda slayd -şou təqdim edildi.

"Qobelenlər- dünən, bu gün" mövzusunda peşəkar və gənc rəssamların əl işlərindən ibarət sərgi isə qonaqların marağına səbəb oldu. Modelyer Minarə Quliyevanın təqdimatında milli geyimlərdə və libaslarda xalça interpretasiyası nümayiş edildi.

Muzeyin vokal qrupunun ifasında dahi bəstəkar Ü. Hacıbəylinin "Arşın mal alan" operettasından və "Leyli və Məcnun" operasından qızların xoru, "Səni tərənnüm edirəm, Azərbaycanım" - xalq və müəllif mahnıları tamaşaçılara xoş anlar bəxş etdi.

Muzeylər Günündə uşaqlar da diqqətdən yayınmamışdı. Muzeyin Uşaq Teatrının ilk tamaşası - "Tıq-tıq xanım"ın yeni quruluşda Bülbül adına orta ixtisas musiqi məktəbinin və 7 saylı orta məktəbin şagirdlərinin ifasında təqdimatı, "Öz xalçanı yarat", "Kəndirdartma" kimi əyləncəli yarışlar uşaqlara sevinc bəxş etdi. "Azərbaycan musiqi ritmləri" instrumental ansamblının ifasında musiqilər səsləndirildi.

Qeyd edək ki, builki aksiya "Muzeylər sosial harmoniyanın forması kimi" devizi altında keçirilir və muzeylərin həyatımızda tutduğu sosial mövqeyi əks etdirir. Bu ayda muzeylərdə Beynəlxalq Muzeylər Günü münasibəti ilə Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbüsü ilə "Muzeylər gecəsi" aksiyası bir-birindən maraqlı tədbirlərlə təntənəli şəkildə qeyd edilir.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2010.- 19 may.- S. 7.