Gənclərin elmə marağı artırılmalıdır
Bu yaxınlarda AMEA-nın
prezidenti Mahmud Kərimov televiziya çıxışında bildirdi
ki, son illər gənclərin elm sahəsinə
marağı xeyli zəifləmişdir. Bu,
həqiqətən belədir.
Söz yox ki, bunun əsasında
müəyyən obyektiv
və subyektiv səbəblər dayanır.
Ancaq bu o demək deyil
ki, elmə gələnlər arasında
gənclər yoxdur. Elə həmsöhbətim
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu da gəncdir, elm aləminə yeni qədəm basmışdır. Onun bu yaxınlarda müdafiə etdiyi dissertasiya Ali Attestasiya Komissiyası tərəfindən təsdiq
olunmuşdur.
Cahid
İsmayıloğluna ilk sualım onu elmə gətirən səbəblərlə
bağlı oldu. Bildirdi ki, hələ uşaqlıqda elm
mühitində böyüyüb, bu mühitdə tərbiyə
alıb. Yadımdadır, - deyir, orta məktəbdə oxuyanda
atam məni pəncərənin qabağında oturdardı,
deyərdi ki, şəhərə bax, nə görürsən
yaz, səhv-düz. İnşa yazmağı belə öyrəndim.
Bakı Dövlət Universitetində də oxuyanda hələ
aşağı kursdan atam məni dərsdən sonra "Respublika"
qəzetində çalışmağa göndərdi, orada
da sağ olsunlar məni müxtəlif obyektlərə
göndərir, reportajlar, xəbərlər
hazırlamağı tapşırırdılar. Yazmağı
belə öyrəndim. Yəni, tədqiqatçı biliklərə
yiyələnməklə yanaşı, yazmağı, tədqiqat
aparmağı da bacarmalıdır.
- Niyə məhz
türkologiya sahəsini seçdiniz?
- Magistraturada oxuyanda türkoloji dilçilik ixtisasına yiyələndim.
Aspiranturaya da həmin ixtisas üzrə daxil oldum. Mövzu seçimində hörmətli
dilçilərimiz mənə
Mahmud Kaşğarlı
ilə bağlı tədqiqat aparmağı məsləhət bildilər.
Konkret olaraq bu böyük türkoloqun "Divanü-lüğat-it-türk"
əsərində onomastik
vahidləri öyrənmək
tapşırıldı. Toponimlər
xalq təfəkkürünün
məhsuludur, insanın
maddi və mənəvi həyatını
hərtərəfli nümayiş
etdirir.
Məşhur
toponimçi alim A.Popovun belə bir fikri var:
"Toponimikanı daha müfəssəl
aşağıdakı şəkildə müəyyənləşdirmək
olar: o, coğrafi adların toplanması, onların mənşəyi,
dəyişməsi, tarix səhnəsini tərk etməsi və
digər yerli adlarla əvəz edilməsi ilə məşğul
olur". İndi
də dəyişdirilmiş,
tarix səhnəsini tərk etmiş neçə-neçə toponimlərimiz
var. Bu proses isə hələ də davam etməkdədir. Bunun əsas səbəbi siyasi-ideoloji fikirlərlə bağlıdır.
İndi toponimikada ictimai-siyasi proseslərlə
əlaqədar dəyişmələr
baş verir. Bir rayonun adı
dəyişir, köhnə
adı gətirilir. Məsələn, Dəvəçinin
adı keçmiş
adına (Şabran) qayıtdı. Şabran Azərbaycanın tarixdə
mövcud olub, həyat səhnəsindən
bir zaman çıxmış paytaxt
şəhərlərindən biri, daha doğrusu,
Şirvanşahlar dövlətinin
ilk paytaxtı olmuşdur.
Bu adı yenidən bərpa etməklə dövlətimizin gördüyü
işləri qiymətləndirmək
lazımdır.
- Sovet dövründə bir çox mövzular elə bil yaddan
çıxmışdı. Siz də həmin
mövzulardan birini tədqiq etmisiniz.
- Elədir,
Mahmud Kaşğarlı
kimi nəhəng türkoloqun irsini hərtərəfli öyrənmək
sovet dövründə
yasaqlanmışdı. Dil
tarixçilərimiz də
danışırlar ki,
bu "Divan"ı sovet dövründə Azərbaycan dilinə tərcümə edənlər
olub, amma bir müddətdən sonra tərcümələr
yoxa çıxıb.
Bilən yoxdur, niyə? Dahi türk dilçisi və ensiklopedisti Mahmud Kaşğarlının
"Divanü lüğat-it-türk"
əsəri dünya dilçilik elminin ən qədim və möhtəşəm
örnəklərindən biridir.
Türk dünyasının
və türkologiya elminin ən parlaq, ən əhəmiyyətli əsəri
olan "Divan" yalnız
türk dili və ədəbiyyatının
deyil, eləcə də türk tarixinin, türk mədəniyyətinin və
psixologiyasının tədqiqi
üçün misilsiz
mənbə, bitməz-tükənməz
qaynaqdır. Bu şah
əsər haqlı olaraq min il bundan
əvvəlki türk
dünyasının ensiklopediyası,
türklüyün aynası,
Mahmud Kaşğarlı
isə türkçülüyün
və türkologiyanın
banisi sayılır.
Bu mövzu ürəyimcə
oldu, çünki 1000 il öncə formalaşmış
tarixi adlarımızı öyrənməliydim. İnstitutumuzun direktoru,
akademik Ağamusa Axundovun dəstəyi ilə Türkiyəyə
ezam olundum, orada Mahmud Kaşğarlı
irsi ilə məşğul olan tanınmış alimlərlə
- Şükrü Haluk
Akal, Ahmed Ercilas, Yavuz Akpınar, Fikrət Türkmən və digərləri ilə tanış oldum, onlar mənə
lazım olan mənbələri əldə
etməkdə çox
kömək oldular. Türkiyədə Mahmud Kaşğarlı haqqında
maraqlı araşdırmalar
aparılmışdır. Bəsim
Atalay bu "Divan"ı türk dilinə çevirmişdir.
Bu böyük alimin min
illik yubileyi ilə əlaqədar Türkiyədə, Orta Asiya
respublikalarında, Çində və başqa ölkələrdə
Mahmud Kaşğarlıya həsr edilmiş simpoziumlar,
konfranslar keçirildi. Çünki bu yubiley YUNESKO- nun qərarı
ilə keçirilirdi.
İnstitutun türk dilləri şöbəsinin
əməkdaşları ilə
birgə mən də Türkiyədə olan tədbirlərdə iştirak etdim. Elmi rəhbərim, filologiya elmləri doktoru Məhəbbət xanım Mirzəliyeva Çindəki tədbirdə
iştirak etdi. Türkiyənin Rizə şəhərindəki tədbirdə
də şöbə
əməkdaşlarından iştirakçılar oldu.
- Azərbaycanda
necə, Mahmud Kaşğarlı irsi ilə bağlı tədqiqatlar qənaətbəxşdirmi?
- Azərbaycanda
Arif Rəhimov bu "Divan"ın leksikasını Azərbaycan
dili ilə müqayisəli öyrənib.
Az bir müddət
ərzində Ramiz Əsgər "Divan"ı
Azərbaycan dilinə
tərcümə etdi.
Sonra bu əsərin morfoloji quruluşundan doktorluq işi müdafiə etdi. Yaqut Quliyeva
"Mahmud Kaşğarlının
oğuz dünyası"
adlı sanballı bir monoqrafiya yazdı. İndi gənc tədqiqatçılarımıza
Mahmud Kaşğarlıdan
dissertasiya mövzuları
verilib.
- Bu gün
Azərbaycanda "Divan"dakı
toponimlərin izlərinə
rast gəlmək olurmu?
- Tarixi toponimlərin taleyi qəribədir. Onların
bir hissəsi tarixi inkişafın gedişində itib-batır,
bəziləri isə
zəmanəmizə qədər
gəlib çıxır.
Mahmud Kaşğarlının
lüğətindəki toponimləri
bizdən on əsr ayırır. Lakin buna baxmayaraq, bu toponimlər öz izlərini (Kayı-Qayalı, Xalac-Xələc,
Beqdili-Bəydili, Oğuz-Oğuzqışlaq,
Çepni-Çəpni, Kanglı-Kəngərli,
Turug-Turu gədiyi və s.) Azərbaycan ərazisində də qoruyub saxlamışdır.
- Bu barədə
işlədiyiniz institutda
tədqiqatlar aparılırmı?
- Əlbəttə,
Toponimika komissiyasının
üzvü, professor, tanınmış
toponimçi alim Qara Məşədiyevin rəhbərliyi altında
Onomastika şöbəsi
bu deyilən prosesləri vaxtaşırı
izləyir, rayonlara, bölgələrə ezam
olunur, Bakı şəhərindəki dəyişdirilməli
olan küçə,
prospekt adlarını,
bu sahədə ümumi prinsipləri müəyyənləşdirirlər.
- Dövrün
problemlərindən biri
də elmin kompyuterləşməsidir. Azərbaycan
elmində bu sahədə hansı boşluqlar var?
- Hörmətli
Prezidentimiz İlham Əliyev ölkəmizi informasiya cəmiyyətinə
qovuşdurmaq üçün
əhəmiyyətli tədbirlər
həyata keçirir.
Bu sahədə məxsusi
dövlət proqramları
qəbul olunmuşdur.
Qaldı elmin kompyuterləşməsi məsələsinə,
burada da nailiyyətlər var. Bu texnologiyaların
təsir dairəsi elm
sahələrini də
əhatə etməkdədir.
İnformasiya texnologiyalarının
yeni bir sahəsi internetdir. İnternet vasitəsilə
ayrı-ayrı elm sahələrinə
aid informasiyalar yayılır.
Azərbaycan elmində
belə bir boşluq vardır ki, hələ də elmi tədqiqat
əsərlərinin, dissertasiyaların
yayılmasında informasiya
texnologiyalarından yetərincə
yararlanmaq olmur.
Xarici təcrübədə
internet məkanında elektron universitetlər, tədqiqat mərkəzləri
fəaliyyət göstərdiyi halda, bizdə hələ də
mövcud olan bu qurumlar internetə çıxa bilməmişlər.
Fikrimcə, ayrı-ayrı
elm sahələrində də
qlobal informasiya mühiti yaradılmalıdır.
Belə bir mühitin yaradılması,
zənnimcə, həm
sosial-iqtisadi, həm də humanitar sahələrinin yeni formalarının yaradılmasına,
təhsil sisteminin də təkmilləşdirilməsinə,
beynəlxalq, regional və
milli səviyyədə
informasiya mübadiləsi
sistemlərinin imkanlarının
genişləndirilməsinə gətirib çıxara bilər.
- Bu problemlər
elmin hansı sahələrində daha çox nəzərə çarpır?
- Məsələn,
elə mənim məşğul olduğum
toponimika elmini götürək. Toponimika
bir elm kimi xalqın tarixi, indisi ilə çox yaxından bağlıdır. Akademik
A.Axundov da deyir ki, toponimikanın
həyatla birbaşa əlaqəsi var. Bu gün
insanların xüsusi
adların tarixinə marağı, həmin adların mənşəyini,
mənasını, dəyişməyə
məruz qalmasını
öyrənmək istəyi
bir daha sübut edir ki, bu sahədə
qlobal informasiya mühiti yaradılmalıdır.
Elmi tədqiqatlardan bəhrələnmənin yeni
formaları tapılmalıdır.
Elm sahələrində bilik
bazarı yaradılmalı
və inkişaf etdirilməlidir. Bu zaman ümumi elm və mədəniyyət səviyyəsi
yüksələ bilər.
İnformasiya və kommunikasiya texnologiyalarının
tətbiqinin səviyyəsi
alimlərin intellektual
və elmi potensialının inkişafının
başlıca göstəricisi
kimi diqqəti cəlb edir. İndi Azərbaycanda da aparılan elmi tədqiqatlar sahəsində informasiya resursları formalaşmaqdadır.
Elmi ictimaiyyətə
internet vasitəsilə geniş
bilgilər ötürülür.
Bu məqsədlə internetdə
məlumatların ötürülmə
şəbəkələri də yaradılmışdır.
- Vebsaytda
toponimlərin hansı
əlamətləri əks
oluna bilər?
- Vebsaytda
qədim toponimlərin,
xüsusən də Mahmud Kaşğarlının
"Divan"ındakı toponimlərin
interpretasiyası verilə,
biblioqrafik bazası yaradıla bilər. Bazanın strukturu tarixi toponimlərin bir sıra xarakterik
xüsusiyyətlərini özündə
birləşdirir. Buraya
toponimin qrammatik əlamətləri, semantik
komponentləri, obyektin
fiziki-coğrafi cəhətləri,
toponimin tarixi formaları, toponim haqqında xalq etimologiyası, onun motivləşməsi və
s. daxil ola bilər. Müasir ümumi informasiya şəbəkələrində toponimin rolu, mənası, coğrafi obyektin identifikatoru, yəni, məkan və oriyentasiyası təqdim oluna bilər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 19 may.- S. 6.