Gənclər Xocalı soyqırımının təbliğində daha fəal olmalıdırlar

 

Dünən "Xocalı soyqırımı tanıtma" İctimai Birliyinin təşkilatçılığı ilə "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ən dəhşətli təzahürü" mövzusunda konfrans keçirildi. Konfransı açıq elan edən aparıcı Bilal Dədəyev bildirdi ki, dünyada tarixən bir sıra münaqişələr, toqquşmalar baş vermişdir. Lakin bunlardan heç biri Xocalı faciəsi qədər dəhşətli nəticələr doğurmamışdır.

 

Təəccüb doğuran isə odur ki, bu faciə insan hüquqlarının diqqət mərkəzində olduğu bir dövrdə - XX əsrin sonlarında beynəxalq ictimaiyyətin gözləri qarşısında baş vermişdir.

Tədbirin məqsədi barədə ətraflı söz açan "Xocalı soyqırımını tanıtma" İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Zümrüd Rzazadə qeyd etdi ki, faciə barədə təbliğat işləri daha çox gənclər arasında və xarici ölkələrdə aparılmalıdır. Bu baxımdan xüsusən, Azərbaycan gəncliyinin üzərinə mühüm vəzifələr düşür. Gənclər istər elektron informasiya vasitələri ilə, istərsə də təhsil aldıqları və ya işlədikləri ölkələrdə xalqımızın başına gətirilən müsibətlər barədə ictimaiyyəti məlumatlandırmalı, diaspora fəaliyyətində aktiv iştirak etməlidirlər. Z. Rzazadə çıxışını faktlarla davam etdirərək dedi ki, 1992-ci il fevralın 26-da ermənilər Xocalı şəhərinin 613 dinc sakinini vəhşicəsinə qətlə yetirdilər. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadınlar və qocalar idi. Həmin gün 150 nəfər itkin düşdü, 478 nəfər yaralandı, 1275-i əsir götürüldü. Əsir götürülən 68 qadından və 26 uşaqdan bugünədək xəbər yoxdur.

"Xocalı soyqırımını tanıtma" İctimai Birliyinin sədri Yaqub Hüseynov isə dedi ki, tədbir silsilə xarakteri daşıyır və bu ilin oktyabrınadək bu mövzuda müxtəlif vaxtlarda seminarlar keçiriləcək. Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olan polis mayoru Aidə Şirinova isə bildirdi ki, haqq işimizin müdafiəsi və Xocalı soyqırımının təbliği istiqamətində bütün cəmiyyətimiz səfərbər olmalı, dövlətimizin bu istiqamətdə yürütdüyü siyasətə fəal dəstək verməlidir. Çünki bu məsələ dövlətin deyil, bir millətin var olma, özünü təsdiq etmə məsələsidir. Digər çıxış edənlər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən və onun doğurduğu nəticələrdən ətraflı danışdılar. Qeyd olundu ki, bu gün Azərbaycan dövləti siyasi-diplomatik vasitələrlə beynəlxalq səviyyədə ermənilərin simasında faşizmlə mübarizə aparır. Mübarizənin hərbi yolları isə istisna edilmir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın müharibə yolu ilə azad olunması barədə əmr verdiyi anda hamı bir nəfər kimi haqq işimizin müdafiəsinə qalxacaq.

 

 

R. KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2010.- 19 may.- S. 6.