Təbii fəlakət
mövzusunu siyasiləşdirməyə
cəhd göstərməklə
çaşqınlıq yaratmaq
mümkün deyil
Kür və
Araz çaylarının
məcrasından çıxaraq
daşması və uzunmüddətli intensiv yağışların yağması
respublikanın Aran bölgəsində təhlükə
yaratmış, əkin
sahələrini və
bir sıra kəndləri sel suları basmışdır.
Təbii fəlakət zonasında
yaranmış fəsadların
aradan qaldırılması
ilə əlaqədar
dərhal operativ tədbirlər görülmüş,
əhali təhlükəsiz
zonalara köçürülmüş,
onların sağlamlıqlarının
qorunması, yemək,
yatacaq və digər ləvazimatlarla təchiz olunması istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir.
Artıq təhlükə
arxada qalmış, bəndbərkitmə işləri
geniş vüsət almış və ev-eşiklərindən köçürülənlərin
geri qaytarılmasına
hazırlıq işləri
görülür.
Təəssüf hissi
ilə qeyd edək ki, bəzi qüvvələr təbii fəlakətlərin
törədə biləcəyi fəsadları siyasiləşdirməklə
özlərinə dividend qazanmaq istəyirdilər. Lakin onlar
öz mənfur niyyətlərinə nail ola bilmədilər.
Xalq yalnız dövlət başçısına güvəndiyini,
onun ətrafında sıx birləşdiyini bir daha
nümayiş etdirdi.
Biz təbii fəlakət
zonası ilə əlaqə yaradıb son vəziyyətlə,
görülən işlərlə tanış olmaq istədik.
Milli Məclisin deputatı Rüstəm Xəlilov dedi:
- Hazırda vəziyyət
sabitdir. Bəndbərkitmə işləri müvəffəqiyyətlə
başa çatmış və təhlükə demək
olar ki, aradan qaldırılmışdır. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin təbii fəlakət
zonasına gəlməsi, orada müvəqqəti məskunlaşmış
əhali ilə görüşməsi, onlara hər cür
yardım ediləcəyi, kompensasiya veriləcəyi,
uçmuş evlərin dövlət tərəfindən bərpa
ediləcəyi barədə vəd verməsi təbii fəlakətdən
zərər çəkən insanların gələcəyə
ümidini xeyli artırmışdır. Onlar yalnız dövlət
başçımıza inandıqlarını və güvəndiklərini
bildirmiş, belə ağır bir şəraitdə
görüşə gəldiyinə və təbii fəlakətdən
ziyan çəkənlərə göstərdiyi yüksək
diqqət və qayğıya görə minnətdarlıqlarını
bildirmişlər. Artıq təhlükəli vəziyyət
tamamilə aradan qaldırılmış, Şirvan - Sabirabad
yolu bərpa edilmiş, həyətlərdəki sular nasoslar
vasitəsilə çəkilmək üzrədir. Subasmalar nəticəsində
müvəqqəti olaraq digər ərazilərdə məskunlaşdırılan
sakinlərin öz evlərinə köçürülməsinə
başlanılıb. Bəndbərkitmə işləri
çox etibarlı aparıldığından gələcəkdə
yenidən təhlükə yaranması ehtimalı yoxdur. Təbii
fəlakətdən ziyan çəkənlərə
ayrı-ayrı şəxslərin yardım göstərməsinə
də heç bir ehtiyac yoxdur. Çünki dövlətimiz
iqtisadi cəhətdən çox qüdrətlidir və
öz vətəndaşlarının qayğısına
qalmağa qadirdir.
Sabirabad rayonunun Mürsəlli
kəndi ərazisində Kürün dağılmış bəndində
də bərpa işləri artıq başa çatıb. Bu ərazidə
də təhlükə tam sovuşub. Mən hadisə baş
verən gündən buradayam. Baş nazirin müavini Abid
Şərifov, daxili işlər naziri Ramil Usubov, fövqəladə
hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri
Oqtay Şirəliyev, Meliorasiya və Su Təsərrüfatı
ASC-nin sədri Əhməd Əhmədzadə demək olar ki,
bütün günü təbii fəlakət zonasında
olmuş, bəndbərkitmə işlərinə şəxsən
nəzarət etmişlər. Əmək və əhalinin
sosial müdafiəsi naziri Füzuli Ələkbərov da
müvəqqəti məskunlaşmış sakinlərə
baş çəkib. Gecə-gündüz aparılan gərgin
zəhmət öz bəhrəsini verdi. Artıq hər
şey arxada qaldı. Onu da qeyd edim ki, yerli sakinlər də
özlərini itirməmiş, dövlət tərəfindən
təşkil olunmuş canlı qüvvələrlə birlikdə
uçmuş bəndlərin bərpasında yüksək fəallıq
göstərmişlər. Xüsusilə qeyd etmək istərdim
ki, möhtərəm Prezidentimiz təbii fəlakət
zonasına gəldikdən, əhali ilə
görüşdükdən və səyyar müşavirə
keçirdikdən sonra burada böyük canlanma yarandı.
Qeyd etmək istərdim
ki, görülən operativ təbirlər nəticəsində
insan tələfatı olmamışdır. Yalnız bir nəfər
həlak olmuş, onun da meyiti tapılaraq valideynlərinə
verilmişdir.
- Rüstəm müəllim,
bəs "Azadlıq" qəzetinin 13 may 2010-cu il tarixli
sayında yazılır ki, təbii fəlakətlə əlaqədar
Sabirabad rayonu sakinlərindən 30 nəfəri itkin
düşüb...
- Bu tamamilə yalan məlumatdır.
Bir daha qeyd edim ki, yalnız bir nəfər həlak olub. Onun da
meyiti tapılaraq valideynlərinə verilib. Təəssüf
hissi ilə qeyd edim ki, bəzi qüvvələr təbii fəlakətin
törətdiyi fəsadları siyasiləşdirərək
belə məqamda çirkin niyyətlərlə xalqı
dövlətə qarşı qaldırmağa
çalışırlar. Onlar bu yolla siyasi dividend qazanmaq istəyirlər.
Ancaq əksinə, xalqın nifrətini qazandılar. Belə
qüvvələrin himayədarlıq etdikləri kütləvi
insarformasiya vasitələrində dərc olunan məqalələri
oxuyanda hiss edirsən ki, onlar bu hadisədən sevinirlər. Mən
təbii fəlakət zonasına gəlmiş "Yeni
Müsavat" qəzetinin əməkdaşına da
iradımı bildirərək dedim ki, elə
yazırsınız ki, guya nəsə çox sevindirici bir
hadisə baş verib. Ona xatırlatdım ki, bu fəlakətdən
ziyan çəkənlər azərbaycanlılardır,
doğmalarımızdır, yaxınlarımızdır. Bunu
siyasiləşdirməklə heç nəyə nail olmaq
mümkün deyil. Çünki xalq yalnız cənab Prezidentə
inanır. Mən "Azadlıq" və "Yeni
Müsavat" qəzetlərinə, həmçinin bəzi
televiziya kanallarına demək istəyirəm ki, heç bir
real faktlara əsaslanmayaraq sensasiya yaratmaq naminə yalan məlumatlar
yaymasınlar. Bu "Kütləvi informasiya vasitələri
haqqında" Qanunun da norma və prinsiplərinə ziddir. Onlara
xatırlatmaq istəyirəm ki, belə şaiyələrlə
heç kimi çaşdıra bilməyəcəklər. Hadisələrin
gərgin, çətin məqamlarında baş verən
proseslər bir daha təsdiqlədi ki, xalq Prezidentlə həmrəydir
və yalnız Prezidentə inanır. Belə yalan məlumatlar
yayanlar isə həm özlərinə, həm də təmsil
olunduqları kütləvi informasiya vasitələrinə nifrət
qazandırırlar. Bir daha deyirəm ki, Sabirabad rayonunda həyat
öz əvvəlki ahənginə düşür, heç
bir qorxu, təhlükə yoxdur. Əhali öz ev-eşiklərinə
köçürülür.
Kamil Seyidov, Azad Respublikaçılar
Partiyasının sədri:
- Mən üç
gündür ki, Saatlı rayonundayam. Arazqırağı kəndlərdəyəm.
Söz yox ki, müəyyən gərginlik
yaranmışdı. Kür çayının Sarısu
gölünə axması nəticəsində gölün
suyu durmadan artmış və ətrafdakı kəndlər
üçün təhlükə yaranmışdır. Bir tərəfdən
də Araz çayında suyun səviyyəsinin getdikcə
artması insanları qorxuya salmışdır. Lakin dövlət
tərəfindən təşkil olunmuş xilasetmə işləri,
buraya canlı qüvvə və çoxlu sayda texnika gətirilməsi
və yerli əhalinin birgə səyi nəticəsində təbii
fəlakətin törədə biləcəyi fəsadların
qarşısı alınmışdır. Sarısu gölünün
qarşısına vurulmuş bəndin uçan yerlərinin
bərpası üçün ciddi səy göstərilir və
bunun qarşısı alınmaq üzrədir. Bəzi
qüvvələrin əhali arasında xof, qorxu və vahimə
yaratmaq cəhdləri baş tutmadı. Çünki belə
çirkin niyyətlərə əl atanlar həmişə
çətin məqamlarda aranı qarışdırmağa cəhd
göstərir, lakin heç nəyə nail ola bilmir, son anda
bir daha iç üzləri bəlli olur. Onların himayəsində
olan kütləvi informasiya vasitələrində, xüsusilə
"Azadlıq" və "Yeni Müsavat" qəzetlərində
təbii fəlakətlə əlaqədar dərc olunan məqalələri
oxuyanda adama elə gəlir ki, sanki belələri azərbaycanlı
olduqlarını unudublar. Onlar təbii fəlakətlərin
törətdikləri fəsadları dövlətin adı ilə
bağlamaq istəyirlər. Məgər yağışı,
leysanı hakimiyyət yaradır, Kürün, Arazın,
Sarısu gölünün suyunu dövlət artırır? Bütün
bunların hamısı təbii fəlakətlərdir, təbiətin
törətdiyi hadisələrdir. Bu hadisələrə siyasi
don geyindirərək əhalini dövlətdən narazı
salmağa cəhd edən, dividend qazanmağa
çalışan qüvvələr unutmamalıdırlar ki,
onların bu çirkin əməlləri xəyanətkarlıqdan
başqa ayrı bir şey deyil. Mən bir partiya sədri olaraq
həmin qüvvələrin belə bəd əməllərinə
ciddi etirazımı bildirir və deyirəm ki, əgər sizdə
az da olsa azərbaycançılıq hissləri varsa, gəlin
siz də qollarınızı çirmələyib kömək
edin. Əgər belə hisslər sizdən uzaqdırsa,
heç olmasa həyatınızda bir dəfə də olsa, əsl
həqiqəti yazın, xilasetmə zamanı operativ həyata
keçirilən işlərdən, xalqın Prezidentin ətrafında
necə birləşməsindən, həmrəylik
nümayiş etdirməsindən yazın. Belə həqiqətləri
yazmaq onlara sərf etmir. Məsələn, "Azadlıq"
qəzetinin guya Sabirabad rayonunda 30 nəfərin
daşqından sonra itkin düşməsi və bir neçə
gün onlardan xəbər olmaması barədə yalan məlumat
yayması hansı milliliyə yaraşır? Belə çətin
anlarda xalqa ürək-dirək vermək əvəzinə
yalan məlumatlar yayaraq əhalini vahimə içərisində
saxlamaqda məqsəd nədir? Mən bunu xəyanət hesab
edirəm. Belə hallar bizim millətin nümayəndələrinə
yaraşan xüsusiyyət deyil.
Mən hazırda
Saatlı rayonunun Arazqırağı kəndlərdəyəm.
Heç kim öz evini tərk etməyib və heç bir kəndin
əhalisi evakuasiya olunmayıb. Buna ehtiyac da yoxdur. Halbuki, bəzi
kütləvi informasiya vasitələri və televiziya
kanalları yalan informasiya yayırlar ki, guya Saatlı rayonunun bəzi
kəndləri su altındadır. Belə hallar yoxdur. Bu yolla əhali
arasında çaşqınlıq və gərginlik yaratmaq cəhdi
baş tutmayacaq.
Prezident İlham Əliyevin
təbii fəlakət zonasında olması, əhali ilə
görüşməsi hamıda yüksək əhval-ruhiyyə,
inam yaradıb. Əhali dövlətin göndərdiyi qüvvələrlə
birləşərək sel sularının fəsadlarının
qarşısını alır və artıq bu proses başa
çatmaq üzrədir. Hazırda mən hadisə yerindən
bildirirəm ki, su altında qalan kənd yoxdur.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 19 may.- S. 5.