"Heydər Əliyev və Azərbaycanın
iqtisadi inkişaf strategiyası"
(əvvəli qəzetin 16 may tarixli sayında)
Aqil Əsədov, AMEA İqtisadiyyat İnstitutunun
şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə
doktoru:
- Tarixi proseslərdən və
beynəlxalq təcrübədən məlumdur ki, əgər
dövlətin, xalqın strateji, perspektiv mənafeyi
baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş
konsepsiyasını müəyyən edə bilən şəxsiyyət
yoxdursa, bu mənafeyi beynəlxalq forumlarda, yüksək
tribunalardan müdafiə edə bilən, dövlətin
strateji xəttini xalqa sadə şəkildə bəyan edən
və dövlətçiliyi ümumxalq işinə
çevirməyi, xalqı öz arxasınca aparmağı
bacaran şəxsiyyət yoxdursa və nəhayət, dövlətçiliyi
qorumağı, onun müdafiəsini təşkil etməyi əməli
surətdə həyata keçirən praktik siyasətçi-diplomat,
sərkərdə və komandan yoxdursa, daxildə əmin-amanlığı,
ölkənin iqtisadi inkişafını təmin etməyi
üzərinə götürə bilən qurucu,
yaradıcı təsərrüfat rəhbəri yoxdursa, həmin
ölkənin nikbin gələcəyindən danışmaq
çətindir. Amma dahi Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı, xalqının səsinə səs verməsi
Azərbaycan dövlətinin və xalqının xoşbəxt
gələcəyinin başlanğıcı idi. Ölkə
başçısı möhtərəm İlham Əliyevin
də qeyd etdiyi kimi: "Belə bir çətin anda, çətin
dövrdə xalqımızın müdrikliyi bir daha
özünü göstərdi. Xalqın təkidi və tələbi
ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana
qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin
inkişaf dövrü başlandı. Bütün xoşagəlməz
meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar
olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah
edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm
qoydu".
Bu gün Azərbaycan beynəlxalq
aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi
inkişafını və etibarlı siyasi sabitliyini təmin
etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz
mötəbər kürsülərdən öz
sözünü deməyə, öz haqlı mövqeyini
bildirməyə və qorumağa qadir, zəngin iqtisadi
potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində
məlum səbəblərdən bərbad hala
düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə
nail olunmasına, çox kövrək və zəif dövlət
siyasətinin güclü və aparıcı mövqeyə
yüksəlməsinə, qədim tarixi və çoxəsrlik
zəngin mədəniyyəti olan millətimizin bütün
dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin
nəticələrinə, eləcə də heç kəsə
nəsib olmayan uzunmüddətli məharətlə
başçılıq etdiyinə görə, hələ
uzun illər öncədən xalqımızın qəlbində
əvəzsiz dövlət xadimi qiymətini almış
möhtərəm Heydər Əliyevin ölkəyə rəhbərlik
etdiyi müxtəlif dövrlərdə müəyyən
etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə
əldə edilən uğurların əsasını təşkil
edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət
başçısı ölkənin inkişaf tələblərini
və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə
qadir olan, ölkənin mədəni, iqtisadi və təbii
resurslarını, potensialını əhalinin rifahı və
dövlətçiliyin inkişafına yönəltməyi
bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan
xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev
kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl
ümummilli liderə xas olan parametrlərə tam cavab verən,
eləcə də xalqımızın və dövlətimizin
qarşısında duran çətinlikləri aradan
qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda
hüquqi, dünyəvi, demokratik inkişaf yoluna
çıxarmağa qadir olan dövlət
başçısı, ümummilli lider bəxş
etmişdir.
Məlumdur ki,
xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev
kimi böyük bir şəxsiyyətin adı ilə
bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə
təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin
əməyi sayəsində Azərbaycan Respublikasını
digər SSRİ respublikaları arasında önə
çıxarmışdır. Hakimiyyətinin ilk illərindən
etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş,
istər birinci katib işləyərkən, istərsə də
ondan sonra İttifaq səviyyəli vəzifələrdə
çalışarkən, hər zaman Azərbaycan
xalqını, onun maraq və mənafeyini hər şeydən
üstün tutan Heydər Əliyev dəfələrlə
öz sinəsini sipər kimi qabağa verərək
xalqımızın və dövlətimizin əleyhinə qərar
qəbul edilməsinə mane olmuş, mötəbər
tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri
ilə düşmənləri yerində oturtmuşdur.
Bir məsələni də
qeyd etmək yerinə düşərdi ki, 70 il böyük
qardaş hesab etdiyimiz rus ordusu Azərbaycanın müstəqilliyi
ilə barışmayıb, yerli rəhbərlərin səriştəsizliyindən
istifadə edərək Bakı şəhərində 20 Yanvar
qırğınını törətdiyi zaman da, səhərin
alaqaranlığında Moskvada fəaliyyət göstərən
Azərbaycan nümayəndəliyinə ilk gələn insan
da məhz dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə
keçirilən iclasda heç nədən çəkinmədən
hələ o zaman SSRİ-yə rəhbərlik edən yüksək
mənsəbli şəxsləri açıq-aşkar tənqid
etmiş, Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin
məsuliyyət daşıdığını
açıqca qeyd etmişdir. Ümumiyyətlə, ulu öndər
Heydər Əliyevin xalqımız, müstəqilliyimiz
üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri
minlərlədir. Bütün bunlar isə dahi Əliyevin xidmətlərinin
heç də onun işlədiyi vəzifələrdən
deyil, özünün malik olduğu yüksək insani keyfiyyətlərə,
polad iradəyə, zəngin dünyagörüşünə,
hərtərəfli dərin savada malik, millətini və
dövlətini hər şeydən üstün tutmağı
bacaran bir insanın Vətəninə və millətinə
olan sevgisindən irəli gələn bir tələbat idi.
Onu da unutmaq olmaz ki, Azərbaycanın
xilaskar oğlu, xalqımızın ümummilli lideri Heydər
Əliyevin Azərbaycana rəhbərliyi biri-birindən ciddi
surətdə fərqlənən iki müxtəlif sistemə
- sosializm və demokratik cəmiyyət dövrünə təsadüf
edir. Hər iki sistemdə ölkəyə uzun illər rəhbərlik
etmiş dahi Heydər Əliyev istər sosializm, istərsə
də bazar iqtisadiyyatı şəraitində Azərbaycan
respublikasını böhrana düşmüş vəziyyətdə
qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə də
tezliklə böhran aradan qaldırılmış və
sürətli tərəqqiyə nail olunmuşdur.
Bütün bunlar isə düşünməyi bacaran hər
bir kəsi bir sual qarşısında qoyur: Bu uğurları
ölkəmizə bəxş edən hansı amillər və
səbəblərdir? Təbii ki, bu suala müxtəlif cavablar
verilə bilər, amma ölkəyə uğur gətirən
başlıca amilin ümummilli lider Heydər Əliyevin
islahatçılıq məharəti və yüksək idarəçilik
keyfiyyətləri olması danılmazdır. Tək bircə
faktı qeyd etmək kifayətdir ki, cənab Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-ci illəri
əhatə edən on ili ərzində ölkəmizin kənd
təsərrüfatına, ondan əvvəlki yarım əsr ərzində,
yəni 1920-1970-ci illərdə cəlb edildiyindən daha
çox sərmayə qoyulmuşdur. Bu isə hazırda da
sürətlə inkişaf edən kənd təsərrüfatında
dinamik inkişafın əsasını qoyaraq, hələ o
zaman Azərbaycanı digər müttəfiq respublikalardan
önə keçirmişdir.
Təbii ki, Azərbaycan
dövlətinin qarşısında duran ali məqsədə
nail olunması, ilk növbədə, iqtisadi sabitliyin də təmin
olunmasını tələb edirdi. Çünki
1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya
iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin
maddi və sosial vəziyyətini getdikcə
ağırlaşdırırdı. Birmənalı şəkildə
aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin
müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə
tədbirləri ilə inflyasiyanın cilovlanmasından və
makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin
olunmasından asılıdır. Həyat bütün kəskinliyi
ilə iqtisadi islahatların da sürətləndirilməsini
tələb edirdi. Ona görə də ölkə
iqtisadiyyatında bazar prinsiplərinin bərqərar
olmasını təmin etmək məqsədilə
liberallaşdırılma istiqamətində radikal
addımların atılması, bazar iqtisadiyyatı münasibətlərindən
doğan bir zərurət idi. Məhz bu baxımdan da
1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının
liberallaşdırılmasına başlanmış və
açıq qapı siyasətinə uyğun olaraq müvafiq
sahələrdə liberallaşdırma tədbirləri önə
çəkilmişdir. Bütün bunlar isə öz növbəsində,
qiymət islahatlarının da radikal şəkildə davam
etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq
1995-1996-cı illərdə qiymətlərin
formalaşması prosesinin inzibati-amirlik sisteminin
qalıqlarından azad olunması başa
çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas
prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst
şəkildə tələb və təklif amillərinin
qarşılıqlı təsiri altında formalaşması
prosesinin başlanması üçün yol
açılmış oldu. Bu proses bazar iqtisadiyyatının
digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi
prosesi ilə tamamlandı.
Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən qətiyyətli iqtisadi
islahatlar az bir zamanda geniş beynəlxalq dəstək
aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı həmin
islahatlara dəstək verməyə başladılar. Onlar Azərbaycanda
iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və
ölkəmizə maliyyə yardımı göstərdilər.
Həmin təşkilatlarla sıx əməkdaşlıq
şəraitində hazırlanmış sabitləşdirmə
proqramına uyğun olaraq iqtisadiyyatın
liberallaşdırılmasına yönələn radikal
islahatlar dönməz xarakter aldı. Sərt və çevik
pul-kredit, büdcə, vergi, gömrük siyasətinin
aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin
və valyuta bazarının liberallaşdırılması və
xarici kapitalın cəlb olunması nəticəsində
qısa zamanda ölkədə makroiqtisadi səviyyədə
maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Əgər
1994-cü ildə inflyasiya tempi 1800 faizə, manatın ABŞ
dollarına nisbətən dəyərsizləşməsi 1200
faizə çatmışdırsa, artıq 1995-ci ildə vəziyyət
əsaslı dəyişməyə başlamış və
həmin göstəricilər uyğun olaraq 84, 6 faiz və 3,
6 faiz olmuşdur. Sonrakı illərdə bu göstəricilər
daha da yaxşılaşmış, 1996-cı ildə inflyasiya
6 faizə enmiş, manatın isə ABŞ dollarına nisbətən
məzənnəsi 8 faiz möhkəmlənmişdir. 1997-ci
ildə inflyasiya tempi minimuma enərək cəmi 0, 4 faiz təşkil
etmiş, manatın dəyəri isə 5,1 faiz möhkəmlənmişdir.
Bu sabitlik dünya maliyyə bazarlarında baş vermiş
maliyyə böhranına baxmayaraq, 1998-ci ildə də qorunub
saxlanılmış, 7,6 faiz səviyyəsində deflyasiya
baş vermiş, manatın ABŞ dollarına nisbətən məzənnəsi
isə devalvasiyaya uğramamış, sabit olaraq
qalmışdır.
Beləliklə, ölkədə
makromaliyyə sabitliyinin təmin edilməsinin, bazar münasibətlərinin
formalaşdırılmasının əsas şərti olan
iqtisadiyyatın idarə olunmasının bütün istiqamətlərdə
liberallaşdırılmasının, bazar iqtisadiyyatının
bütün atributlarının yetişməsinə iqtisadi və
hüquqi islahatlar aparılması yolu ilə zəruri
mühitin yaradılmasının və əsaslı struktur
islahatlarının aparılmasının məntiqi nəticəsi
olaraq 1989-cu ildən sonra davam edən iqtisadi tənəzzül
dayandırıldı və ümumi daxili məhsulun həcminin
aşağı düşməsinin qarşısı
alındı. Bununla da, Azərbaycan iqtisadiyyatının
uzunmüddətli dinamik inkişafının əsası
qoyuldu.
İlkin Soltanlı, AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı:
- Ölkə
iqtisadiyyatının aparıcı sahələrindən olan kənd
təsərrüfatının yeni iqtisadi münasibətlər
sisteminə uyğun inkişafı, bu sahədə aparılan
islahatlar və onun keyfiyyətcə yeni mərhələyə
qədəm qoyması xalqımızın ümummilli lideri
Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Bilavasitə onun təşəbbüsü və rəhbərliyi
altında həyata keçirilən aqrar islahatlar nəticəsində
bu sahə böhranlı vəziyyətdən
çıxmış, keyfiyyətcə yeni inkişaf yoluna qədəm
qoymuşdur.
Ötən əsrin
sonlarında Azərbaycanda iqtisadiyyatın digər sahələrində
olduğu kimi, aqrar sahə də dərin böhran halında
idi. Əsas təsərrüfat subyektləri olan kolxoz və
sovxozların, həmçinin onların istehsal etdikləri məhsulların
emalı ilə məşğul olan müəssisələrin
iqtisadi fəaliyyəti kəskin şəkildə
azalmış, idarə edilməsi isə çətinləşmişdi.
Məhz belə bir dövrdə xalqın təkidi ilə yenidən
hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev
yaranmış vəziyyətdən çıxış
yolunun sağlam bazar münasibətlərinin qurulmasında
olduğunu bildirdi. Onun müdrikliklə söylədiyi "Azərbaycanın
aqrar bölməsində, ümumiyyətlə iqtisadiyyatda
dövlət siyasətini artıq müəyyən etmişəm.
Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın
artırılması, inkişaf etdirilməsi, mülkiyyətin
özəlləşdirilməsi, özəl bölmənin
inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı,
insanlara sərbəstlik verilməsi, sahibkarlığa və təşəbbüskarlığa
şərait yaradılmasıdır. Bu dövlət siyasətinin
əsas prinsipləridir" fikirləri həyata keçirilən
aqrar islahatların əsasını təşkil etdi.
Nəzərdə tutulan tədbirlərin
reallaşdırılması üçün, ilk növbədə,
aqrar islahatların hüquqi bazasının yaradılması
vacib idi. Bu məqsədlə 1995-ci ildə "Aqrar
islahatının əsasları haqqında", "Sovxoz və
kolxozların islahatı haqqında", 1996-cı ildə isə
"Torpaq islahatı haqqında" qanunlar qəbul edildi. Eyni
zamanda, aqrar sahədə iqtisadi islahatların və struktur dəyişikliklərinin
əsasını təşkil edən bu qanunların fəaliyyət
mexanizminin təmin edilməsi üçün lazımi
normativ-hüquqi aktlar qəbul olundu. Ümumilikdə isə, həmin
dövrdən indiyə qədər aqrar sahənin
inkişafına dair 110-dan artıq qanun və qanunverici sənədlər
(fərman, sərəncam, digər normativ-hüquqi aktlar) qəbul
olunub. İslahatın birinci mərhələsində aqrar sahədə
yeni mülkiyyətçilərin və mülkiyyət
formalarının yaradılması qarşıda duran əsas
məsələ idi. Buna görə də ictimai təsərrüfatların
hamısında (damazlıq və toxumçuluq müəssisələri
istisna edilməklə) islahatlar aparılaraq torpaq və əmlak
kənd əhalisinə paylandı. Beləliklə, kənddə
yeni mülkiyyətçilər yarandı. Onlar isə aqrar
sahədə müxtəlif təsərrüfat formaları
yaradaraq istehsal və emalla məşğul olmağa
başladılar.
Azərbaycan
iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı
xammalı və onun emalından alınan məhsulların,
ölkə ixracatında əhatəli paya malik olması zəruridir.
Çünki zəngin və əsrarəngiz təbii-iqlim
potensialının mövcudluğu, kənd təsərrüfatı
və onunla bağlı olan sahələrin gələcəkdə
də milli iqtisadiyyat sistemində önəmli mövqedə
dayanmaları üçün şərait yaradır. Məhz
bu istiqamətdə rəqabətə əsaslanan bazar
münasibətlərinə keçid şəraitində
imkanların dolğun reallaşması əsas şərtdir.
Bazar münasibətləri şəraitində milli
iqtisadiyyatın üzvi tərkib hissəsi kimi fəaliyyət
göstərən aqrar sahənin inkişafı
strategiyasının çağdaş rəqabət və
baza təsərrüfatçılığı prinsiplərinə
uyğunlaşdırılması, onun yüksək məhsuldar
sahənin təşəkkülü məqsədlərinin
reallaşdırılmasına yönəldilməsi məqsədəuyğundur.
Təhlillər göstərir ki, ümummilli liderimizin səyi
və təşəbbüsü nəticəsində
aparılan aqrar islahatların nəticəsində kənd təsərrüfatı
məhsullarının istehsal həcmi artmağa
başlamış və bu gün ardıcıl olaraq dinamik
şəkildə inkişaf etməkdədir.
İsa Alıyev:
-Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dediyi kimi, müstəqilliyin
əldə edilməsi nə qədər çətindirsə,
bu tarixi nailiyyətin qorunması ondan da çətindir.
Xalqımızın xilaskarı kimi ikinci dəfə hakimiyyətə
qayıdan böyük öndər dövlət müstəqilliyinin
qorunub saxlanılması və möhkəmləndirilməsi
kimi tarixi missiyanı öz üzərinə
götürmüş və böyük uğurla yerinə
yetirmişdir. Bu taleyüklü vəzifəni məhz Heydər
Əliyev yerinə yetirə bilərdi. Lakin bu prosesi möhtərəm
Prezidentimiz İlham Əliyev ləyaqətlə davam
etdirmiş və müstəqil dövlətimizi dünyada
sayılıb - seçilən ölkələr
sırasına çıxarmışdır. Bir sözlə,
Azərbaycan müstəqil iqtisadi inkişafında nəinki
tamamilə yeni, həm də gələcəyimiz
üçün yetkin bir mərhələyə qədəm
qoymuşdur.
Bu mərhələnin də
öhdəsinə mühüm strateji əhəmiyyətli,
taleyüklü, son dərəcə məsuliyyətli vəzifələr
düşür desək, yanılmarıq. Bu vəzifələrin
həlli çox amillərlə bağlı olsa da, ən
çox respublikamızda gələcəyin təməl
prinsiplərini müəyyənləşdirən elmin
qarşısında duran bir nömrəli vəzifələrdən
hesab olunur. "Bu gün Azərbaycan - qüdrətli dövləti,
onun iqtisadiyyatı, incəsənəti, mədəniyyəti
dinamik inkişaf edir. Azərbaycanın gələcəyi məsuliyyətli
qərarlar qəbul etməyə, milli mənafeləri
qorumağa və zamanın
çağırışlarına cavab verməyə qadir
mütəxəssislərdən asılı olacaqdır.
Qloballaşan və sürətlə dəyişən
dünyanın reallıqları, ən yeni texnologiyaların
sirrlərini mənimsəməyi, onlardan çevik
faydalanmağı olduqca aktual edir", - deyən möhtərəm
Prezidentimiz İlham Əliyev ölkə inkişafının
daha məsuliyyətli bir dövrə qədəm qoyduğunu
qeyd etməklə, bu prosesdə elmin inkişafının
danılmaz rol oynayacağını xüsusi diqqətə
çatdırmış və Azərbaycanda ümumən
elmin, konkret desək, iqtisad elminin zamanı qabaqlaya biləcək
vəzifələrin öhdəsindən gəlməsini aktual
bir vəzifə kimi qarşıya qoymuşdur.
Səhifəni hazırladılar: Əlipənah BAYRAMOV,
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 19 may.- S. 4.