Yalnız fitri istedadı və zəhməti ilə ucalanlar əbədiyaşar
olurlar
Əsl sənətkarlar ürəyi
daim köklənmiş
bir sim kimidir.
Belə insanlar həyatın mənasını
yaratmaq naminə yaşamaqda, sənəti ilə Vətənə, cahana, insana, əhatə olunduğumuz gözəl, mükəmməl
və mütərəqqi
nə varsa hamısına məhəbbət
oyatmaqda görürlər.
Qəhrəmanım Azərbaycan
Dövlət Opera və Balet Teatrının
aparıcı solisti, respublikanın əməkdar
artisti Fidan Hacıyeva da məhz belə sənətkarlardandır.
Fidan Hacıyevanın ulduzu opera səhnəmizin
yeni səslərə, nəfəsə və simalara
ehtiyacı olan bir dövrdə parlamışdı. Onu səhnəyə
talenin özü gətirmişdi. Ondan sonra teatra gənclərin
axını başlanacaqdı. Hələlik isə o, müstəqilliyini
yenicə bərpa etmiş və həyatın bütün sahələrində
quruculuq işlərinə başlamış bir ölkədə
uzun sürən durğunluqdan sonra canlanmağa
başlamış Akademik Opera və Balet Teatrına üz
tutan ilk qaranquşlardan idi.
Amma əslində, onun heç
vokalla məşğul olmaq niyyəti yox idi. Musiqisevərlər
ailəsində dünyaya gələn Fidan mehrini göz
açıb gördüyü pianoya salmışdı. O
pianoya ki, atası tez-tez onun arxasına keçib xalq
havaları, o cümlədən muğam çalar, anası isə
məlahətli səslə oxuyardı. Yaşadığı
mühit, sirli-sehirli saydığı pianonun əsrarəngiz
səslər çıxaran dilləri hələ körpə
ikən Fidanda incə musiqi zövqü
formalaşdırmış və onu Bülbül adına Orta
İxtisas Məktəbinə gətirmişdi. Amma bir məsələ
vardı. Məktəbdə əla qiymətlərlə oxuyan
Fidan nə qədər
çalışırsa-çalışsın, imtahan
zamanı barmaqları titrəyir, ixtisas fənnindən istədiyi
nəticəyə nail ola bilmirdi. Titrəyən barmaqları
sanki onu başqa gələcək gözlədiyinə
işarə edirdi.
Bir gün belə bir məqam
yetişir. Musiqi nəzəriyyəsi dərsində dinlədiyi
kamil bir ifa 14 yaşlı yeniyetmənin həyatında əsl
dönüş yaradır. Dərsdən sonra
"Koroğlu" operasından Nigarın ariyasını
ifasına heyran qaldığı Azərbaycan səhnəsinin
primadonnası Firəngiz Əhmədova kimi oxumağa
çalışır. Fidanın səsi rəfiqələrinin
o qədər xoşuna gəlir ki, onların təkidi ilə
vokal imkanlarını yoxlamağı qərara alır. Onu dinləyənlər
Fidana gözəl gələcək vəd edirlər. O,
1994-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının həm piano, həm də vokal sinfinə
daxil olur. Vokal müəllimi, 40 il ərzində Azərbaycan
opera səhnəsində bir çox aparıcı
partiyaların ifaçısı Hüseyn Əliyev onun opera
müğənnisi kimi formalaşmasında böyük rol
oynayır. Müəlliminin tez-tez tələbələrinə
danışdığı bir əhvalat Fidanın sənət
devizinə çevrilir: vaxtilə gənc Pavorottiyə
xeyir-dua verən böyük italyan tenoru Benyamino Cili hələ
musiqi aləminə təzə qədəm qoyan həmkarının
"Ustad, siz musiqi təhsilinizi nə vaxt bitirmisiniz"
sualına cavabında deyir: "Dünən. Bu gün hələ
başlamamışam". Maraqlıdır, 1994-cü ildən
başlayan müəllim-tələbə münasibətləri
bu günədək davam edir və Fidan xanım hələ də
özünü ustadı qarşısında adi tələbə
sayır, ondan daim öyrənməyə
çalışır.
Ümumiyyətlə, qəhrəmanımın
həyatı xoş təsadüflərlə doludur. "Gülüstan"
sarayında ulu öndər Heydər Əliyevin və onun
qonaqları şərəfinə konsertə dəvət edilməsi
belə təsadüflərdən biri olmuşdur. Milli
musiqimizin vurğunu olan, böyük sənətkarlara həmişə
hədsiz ehtiram və hörmətlə yanaşan ümummilli
lider konsertdən sonra adəti üzrə incəsənət
xadimlərinə yaxınlaşır, yalnız özünəxas
açıq təbəssümlə böyük sənətkarlara
qısılıb duran Fidana "Bura gəl, bura gəl. Sənin
nə gözəl səsin var. Bax, öz üzərində
işlə, çünki sənin gələcəyin var"
sözlərini deyir, sonralar da öz dəstəyini ondan əsirgəmir.
Ulu öndərin xeyir-duası Fidanın səhnəyə daha
möhkəm bağlanması üçün stimul olur. Həmin
gün Fidan yerinin məhz opera səhnəsində olduğunu,
bunun bir Tanrı payı olduğunu bir daha yəqin edir. Çünki
əlləri ən çətin sınaq günlərində
onu darda qoyduğu halda, səsi ona sadiq qalır, bu
böyük insanın və hörmətli qonaqlarının
qarşısında çox sərbəst
çıxış edir.
Fidan xanımı böyük səhnəyə
aparan yol həmin gündən başlayır. İkinci kursda
teatrda solistlər arasında keçirilən müsabiqəyə
müəlliminin təşəbbüsü ilə qatılan
Fidanın ifası münsiflər heyətini necə heyran
edirsə, dərhal teartda işə qəbul olunur və rol
alır: Ü.Hacıbəylinin "Koroğlu"
operasında Xanəndə qız, Jorj Bizenin "Karmen"ində
Mersedes. Amma ən böyük arzusu səhnədə məhz
Karmeni oynamaq idi. Karmenin ehtiraslı, çılğın,
güclü və dolğun xarakteri təbiətən ona
çox yaxındır. Çox işləyib-çalışır,
Flamenqo rəqsini öyrənir və nəhayət məqsədinə
çatır: 21 yaşında səhnəmizin ən gənc
Karmeni olur. Son dərəcə təbii və
inandırıcı cizgilərlə yaratdığı bu
obraz ona böyük uğur gətirir, Azərbaycanı xaricdə
məhz bu obrazla təmsil edir. Türkiyədə keçirilən
"Türksoy" günlərinə qatılan müğənni
Mərsin Opera və Balet Teatrı ilə müqavilə
imzalayır, Milli Opera və Balet Teatrında işləyə-işləyə
Mərsin, İstanbul, İzmir, Ankara teatrlarının səhnəsində
Karmen obrazı ilə çıxış edir. Qazandığı
pulları yollara xərcləyir, lakin milli operadakı işindən
imtina etmir. Antalyada, daha çox turistlərin
toplaşdıqları məşhur "Aspendus" antik
teatrında, açıq havada 15 min
tamaçaşının qarşısında onun
iştirakı ilə iki dəfə "Karmen" operası
oynanılır. Fidanın ifasına valeh olan italyanlar onu
2002-ci ildə İtaliyanın "Kidjiano" Akademiyasında
keçirilən beynəlxalq müsabiqəyə dəvət
edirlər. Fidan müsabiqəyə qatılır və onun
qalibi olur, İtaliya hökumətinin verdiyi təqaüdlə
operanın vətənində ustad dərsləri dinləyir. Burada
Fidan Hacıyevanın daha bir məziyyəti - vətənpərvərliyi
özünü göstərir. Gənc istedadlı müğənninin
təkidlə İtaliyada qalmasını istəsələr də,
o, Vətənə qayıtmağa, xaricdə yalnız Azərbaycanı
təmsil etməyə üstünlük verir, ilk növbədə
azərbaycanlı olduğunu unutmur.
Vətənə dönər-dönməz
təhsilini aspiranturada, elə sevimli müəllimi Hüseyn Əliyevin
sinfində davam etdirir. Opera va Balet Teatrının səhnəsində
bir-birinin ardınca gözəl obrazlar - Cüzeppe Verdinin
"Aida" operasında Amneris, "Trubadur"da
Azuçena, "Riqolleto"da Maddalena, "Traviata"da
Flora, Cakoma Rossininin "Seviliya bərbəri"ndə Rozina,
Maskaninin "Kənd namusu"nda Santutzza, Üzeyir Hacıbəylinin
dünya şöhrətli "Arşın mal alan"
operettasında Asya, Fikrət Əmirovun "Sevil"ində
Gülüş partiyalarını yaradır. Dünyanın
bir çox ölkələrində, o cümlədən
Almaniya, Yaponiya, Rusiya, Ukrayna və İtaliyada keçirilən
konsertlərdə Azərbaycanı layiqincə təmsil edir. Müdafiə
Nazirliyinin Həzi Aslanov adına Mahnı və Rəqs
Ansamblının baş solisti kimi cəbhə bölgələrində
əsgərlərimiz üçün vətənpərvərlik
mövzusunda silsilə konsert proqramları ilə
çıxış edir. Ötən il "Türksoy"
Beynəlxalq Opera günləri çərçivəsində
İstanbul və Mərsin şəhərlərində, habelə
Şimali Kiprdə konsertlər verir. Azərbaycanda opera sənətinin
inkişafına verdiyi töhfəyə görə 2006-cı
ildə respublikanın əməkdar artisti fəxri adına və
Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq
görülür.
Bu il martın 17-də daha bir layihəsini
- doğma teatrın səhnəsində Hüseyn Əliyevin
digər yetirmələri - gənc vokalçılar Fərid Əliyev,
Süleyman Süleymanov, Azər Rzayev və Anton Feştanqla birlikdə
"Fidan və dostları" adlı konsert proqramını
gerçəkləşdirir. Klassik Azərbaycan və Avropa bəstəkarlarının
əsərlərindən ibarət konsert həqiqətən
çox böyük maraqla qarşılanır və Novruz
bayramı ərəfəsində sənətsevərlərə
gözəl hədiyyə olur.
Gələcəyə
böyük ümidlərlə baxan Fidan xanımın
planları çoxdur. Gənclərdə klassik və milli
musiqiyə maraq oyatmaq, onların estetik zövqünün
formalaşmasına kiçik töhfəsini vermək
üçün Azərbaycan televiziyasında
"Harmoniya" adlı veriliş hazırlayır. Bundan
başqa, vizit kartı "Karmen" operası
üçün tamamilə yeni tərzdə Flamenqo rəqsi
hazırlamaq, obrazı tam özününküləşdirmək
üçün fransız dilini təkmilləşdirmək,
öz təbiətinə uyğun başqa obrazlar yaratmaq niyyətindədir.
Ümumiyyətlə, Fidan xanım güclü obrazlara
meyillidir. Bəlkə də buna görə "Sevil"də
Gülüş partiyasına, "Aida"da isə Amnerisə
üstünlük vermişdir.
Fidan xanım evdən işə,
işdən evə tələsən xoşbəxt
insanlardandır. Gözəl ailəsi, iki şirin balası
vardır. Ömür-gün yoldaşı Filip ölkəmizdə
çalışdığı 15 il ərzində Azərbaycana,
onun mədəniyyətinə vurulmuşdur. Özünü
artıq azərbaycanlı sayır, sənətini inkişaf
etdirməsi üçün xanımına hər cür dəstək
göstərir.
Müğənni yaxşı
bilir ki, gözəl səs, ilahi nəfəs Allah vergisi olsa
da, işlətməyəndə kökdən
düşür. Kamil sənətkar səviyyəsinə
yüksəlmək üçün isə Tanrının bəxş
etdiyi istedadı, gözəlliyi zəhmətlə birləşdirmək,
daim çalışmaq lazımdır. Yalnız fitri
istedadı və zəhməti ilə ucalanlar əbədiyaşar
olurlar. Biz ona bu yolda uğurlar arzulayırıq.
Sevda ƏHƏDOVA,
AzərTAc-ın müxbiri
Mədəniyyət.- 2010.- 20 may.- S.
7.