Təhsildəki uğurlar
dövlətimizin bu sahəyə qayğısının
nəticəsidir
Son illər respublikamızda iqtisadi sahədə olduğu kimi, sosial sistemdə, o cümlədən də təhsildə mühüm uğurlar əldə edilmişdir. Müasir dünya təcrübəsi
əsas tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması,
məqsəd və vəzifələrin yeni təfəkkür baxımından
formalaşdırılması, fənlərin məzmununun
konseptual müddəalarının
müəyyənləşdirilməsi, fənn kurikulumlarının
yaranması və s. bunun bariz
ifadəsidir.
Hazırda ölkəmizdə bütün
şagirdlərin təxminən 50 faizi müasir tələblərə
cavab verən təhsil ocaqlarında oxuyur. Bu sahədə Heydər
Əliyev Fondunun, şəxsən onun prezidenti Mehriban xanım
Əliyevanın xidmətləri göz önündədir. Bununla
əlaqədar diqqəti bir fakta yönəltmək istərdim.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
reallaşdırılan "Yeniləşən Azərbaycana
yeni məktəb" və "Uşaq evləri və
internat məktəbləri" proqramları çərçivəsində
son illərdə 226 yeni məktəb tikilmiş, 39 məktəb,
10 uşaq bağçası əsaslı təmir
olunmuşdur.
Ümumtəhsil məktəblərinin
müasir avadanlıqlarla təmin edilməsi, kompyuterlə təchizatı
sahəsində də xeyli iş görülmüş,
elektron təlim materiallarından istifadəyə xüsusi diqqət
yetirilmişdir.
Məktəbimizdə təlimin təşkilində
şagirdlərin potensial imkanları nəzərə alınır,
təlimin diferensial xarakterinin təmin edilməsinə, tədris
ocağında şagirdə yaşından asılı
olmayaraq bir şəxsiyyət, təhsil prosesinin səmimi və
səmərəli "müəllim-şagird" əməkdaşlığı
formasında qəbul olunmasına xüsusi diqqət yetirilir.
İstedadlı şagirdlərin
üzə çıxarılması və onlarla məqsədyönlü
iş aparılması üçün tədbirlərin
keçirilməsinə də mühüm əhəmiyyət
verilir. İnşa yazı müsabiqələri, fənn
olimpiadaları şagirdlərin təhsilə
bağlılığını daha da artırır,
onların yüksək səviyyədə bilik nümayiş
etdirmələrini şərtləndirir.
Lakin təəssüflə
xatırlatmalıyam ki, bəzi müxalifət mətbuatında
təhsil sistemində əldə edilən uğurlara kölgə
salmağa cəhd göstərilən yazılar verilir. Bu
yazılarda elə təsəvvür yaradılır ki, guya təhsil
sistemimiz acınacaqlı vəziyyətdədir, şagirdlər
məktəbə getmir, müəllimlər isə dərs
keçmirlər... Əslində, təkrar edirəm, bu,
inkişafımızı, təhsildəki uğurları
görməyən, daha doğrusu, görmək istəməyən
şəxslərin qərəzindən başqa bir şey
deyil.
Azərbaycanın təhsil
sistemində özünü büruzə verən davamlı
inkişafı bizim məktəbin timsalında da görmək
olar... 2008-2009-cu dərs ilində məktəbimizin məzunlarının
50 faizi tələbə adını qazanmışdır.
Qazandığımız
bütün uğurlara görə şagirdlərimizə minnətdarıq.
Çünki onlara verdiyimiz biliklər nəticəsiz
qalmayıb. Bu gün dərs dediyimiz şagird 675 bal
toplayırsa, bizim sevincimizin həddi-hüdudu yoxdur. Hazırda
yüzlərlə şagirdimiz müstəqil dövlətimizin
tərəqqisi naminə müxtəlif təhsil
ocaqlarında, idarə və müəssisələrdə
çalışır. Bu gün onlardan bizimlə
çiyin-çiyinə işləyənlər də var və
biz onlarla qarşılaşanda qürur hissi keçiririk.
Müəllimlərimizin nailiyyəti
də bizi fərəhləndirir. İbtidai sinif müəllimi
Sevil Quliyevanın "Ən yaxşı müəllim"
adı qazanaraq ilin müəllimi müsabiqəsinin qalibi olması
sözün həqiqi mənasında təkcə onun deyil, eləcə
də məktəbimizin mükafatıdır.
Möhtərəm Prezidentimizin
idmana göstərdiyi böyük diqqət bizi də bu sahədə
gücümüzü səfərbər etməyə
ruhlandırır. Bu da nəticəsiz qalmır. Belə ki,
şagirdlərimizdən Röyal Abbasov, Niyaməddin Əlizadə
İranda keçirilən karate üzrə beynəlxalq
yarışlardan medalla qayıtmışlar. Elçin Eminov
İtaliyada keçirilən beynəlxalq "Kinq-Boksinq"
yarışında I yeri tutmuşdur.
Bütün bu uğurlar hörmətli
Prezidentimiz cənab İlham Əliyevin idmana qayğısının
məntiqi nəticəsidir ki, biz müəllimlər bundan
qürur duyuruq.
Ramazan VƏLİYEV,
Binəqədi
rayonundakı 179
nömrəli orta məktəbin
Azərbaycan dili
və ədəbiyyatı
müəllimi
Xalq
qəzeti.- 2010.- 20 may.- S. 6.