Paytaxtın təhsil ictimaiyyəti ilk "Təhsil sərgisi"ni keçirdi

 

    Mayın 19-da Bakıda ölkəmizin təhsil həyatında ilk dəfə olaraq "Təhsil sərgisi" keçirildi. Təhsil naziri Misir Mərdanov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Ombudsman Elmira Süleymanova, paytaxt rayonlarının və Təhsil Nazirliyi qurumlarının rəhbərləri, eləcə də çoxsaylı kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə keçirilən açılış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə xanım Rzaquliyeva tədbirin mahiyyəti barədə qısa məlumat verdi.

 

    Qeyd edildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları öz uğurlu nəticələrini verməkdədir. Bu uğurları Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı, bu sahənin inkişaf etdirilməsi üçün təsdiq və icra edilən 16 Dövlət Proqramı daha da artırır. Dövlət başçısının 31 mart 2006-cı il tarixli sərəncamı əsasında yaradılmış Bakı Şəhəri üzrə Təhsil İdarəsi də milli təhsimizin inkişafına özünəməxsus töhfələrini verir.

    Ötən 4 ildəki fəaliyyətində demokratik idarəetmənin təkmilləşdirilməsini, təhsilin keyfiyyətinin yüksəldilməsini, pedaqoji prosesə innovasiyaların daha geniş şəkildə tətbiqini, tərbiyə işinin yenidən qurulmasını, pedaqoji işçilərin və rəhbər kadrların işə qəbulunda yeni mexanizmlərin tətbiqini, məktəblərdə informasiya - kommunikasiya texnologiyalarından istifadə üzrə Dövlət Proqramının icrasını, istedadlı uşaqların üzə çıxarılması üçün "İstedad bankı"nın yaradılmasını, məktəb tikintisi, məktəblərin təmiri, təchizatı və təminatının yaxşılaşdırılmasını, eləcə də bir sıra başqa məsələləri prioritet istiqamət kimi götürən Bakı Şəhəri üzrə Təhsil İdarəsi qeyd edilən bütün sahələrdə kifayət qədər uğurlar qazanmışdır. Bu uğurlar həm dövlət və hökumət, həm də valideynlər və ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Əldə edilmiş uğurların miqyasını ölkə ictimaiyyətinə əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyan idarə rəhbərliyi "Təhsil, zaman və biz" adlı ilk baxış - sərgi keçirmək qərarına gəlmişdir. Məktəb direktorlarının, dövlət başçısının sərəncamı ilə son 4 ildə mükafatlandırılmış və fəxri adlara layiq görülmüş yüzlərlə müəllimin, Azərbaycanı beynəlxalq olimpiadalarda, spartakiadalarda yüksək səviyyədə təmsil etmiş şagirdlərin iştirakı ilə keçirilən sərgi, sözün həqiqi mənasında, uğurlar qalereyası təsiri bağışlayırdı.

    Sərgidə "məktəbəqədər təhsil", "ibtidai təhsil", "kurikulum" və "sağlam həyat" bölmələrindən başlayaraq orta ümumtəhsil məktəbinin bütün sahələrini əhatə edən 44 bölmə yaradılmışdı. Buraya ənənəvi fənn bölmələri ilə yanaşı (riyaziyyat, kimya, biologiya və sair) "interaktiv təlim", "demokratik idarəetmə", "innovativ məktəb", "inklüziv təhsil", "Valideyn - Müəllim Assosiasiyası", "Ekologiya ili" və başqa yeni məzmunlu, dünya təhsil təcrübəsinə əsaslanan bölmələr də var idi. Qonaqlar həmin bölmələrin hər birinə yaxınlaşdıqca bu sahə üzrə uğurlar qazanmış məktəblilərin sevincləri, müəllimlərin iftixar hissi artırdı. Elə bir bölmə yox idi ki, orada naziri və deputatları heyrətləndirən ən azı üç-dörd məqam olmasın.

    134 nömrəli məktəbin bazasında formalaşdırılmış Beynəlxalq Təhsil Kompleksinin "Demokratik məktəb" layihəsi daha maraqlı qarşılanırdı. Buradakı "Şagird idarəetmə orqanı"nın və "Kiçik akademiya"nın üzvləri sərgi iştirakçılarına çox böyük maraq və səriştə ilə məlumat verirdilər.

    İnklüziv təhsilin ən uğurlu nümunələrindən olan "Bağça - məktəb - lisey" kompleksinin şagirdləri isə nəinki fəal idilər, həm də bu qəbildən olan təhsil müəssisələrinin işıqlı gələcəyindən xəbər verirdilər. 2004-cü ildə yaradılmış 295 nömrəli orta məktəbin (Sabunçu rayonu) "İnnovativ kabineti" şagirdlərin yeniliklərə nə səviyyədə alışdığından, 23 nömrəli orta məktəbin şagirdi (Nəsimi rayonu) Cavid İmanlı isə şagirdlərin elmi yaradıcılığa nə dərəcədə məsuliyyətlə yanaşmasından xəbər verirdi. Cavidin "Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" adlı elmi konfransda oxuduğu "Hidrogen dünyanı xilas edəcək" mövzulu məruzəsi paytaxt üzrə birinci yeri tutmuşdur.

    Sərgidə təkcə təhsil, elm, mədəniyyət (yüksək səviyyəli musiqi ifaları da səsləndirildi) nümunələri deyil, tariximiz, milli-mənəvi dəyərlərimiz, alət-ənənələrimiz, məişətimizi də əks etdirən çox maraqlı bölmələr nümayiş etdirildi. Məsələn 291 nömrəli məktəbin ikinci sinif şagirdi milli geyimli Səbinə Nəzərlinin oxlovla xəmir yayması, onun sinif yoldaşı Ayxan Məmmədovun kirkirdə dən üyütməsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanırdı. Şahmat bölməsində 10 yaşlı bir qızın özünün 8 medalını və məharətini nümayiş etdirməsi, güləş üzrə üç dəfə Bakı çempionu olmuş birinci sinif şagirdinin medallarına tamaşa edən qonaqlara fəxrlə gülümsəməsini hamı maraqla qarşılayırdı. Ancaq ən böyük maraq doğuran bölmə gənc texniklərin yaratdığı, pultla idarə edilən üçan qurğular idi.

    Bir sözlə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi çox möhtəşəm bir ənənənin təməlini qoymuş oldu. Ziyalılardan bəziləri belə sərgilərin hər il keçirilməsini, digərləri isə bu qəbildən olan sərgilərin ali təhsil sahəsində də təşkil edilməsini arzuladılar. Təhsil naziri Misir Mərdanov isə bu sərgini yüksək qiymətləndirdi. Onun fikrincə, təkcə paytaxt təhsilinin deyil, ümumiyyətlə, Azərbaycan təhsilinin uğur və nailiyyətləri gündən-günə artır və genişlənir.

 

 

    İttifaq MİRZƏBƏYLİ

 

    Xalq qəzeti.- 2010.- 20 may.- S. 5.