Apreldə baş verən
proseslər regiona nə vəd edir?
Aprel ayı Azərbaycan
- Türkiyə - Ermənistan ətrafında cərəyan edən
siyasi-diplomatik fəallıqla yadda qaldı. Həm Ankara -
İrəvan, həm Ankara - Bakı, həm də Bakı -
İrəvan münasibətləri ilə bağlı 2009-cu ilin
həmin dövrü ilə müqayisədə yeni məqamlar
ortaya çıxdı. Bu məqamları nəzərə
alaraq demək olar ki, danışıqlar prosesində Azərbaycanın
və Türkiyənin milli maraqlarının qorunması məsələsi
strateji tərəfdaş olan iki qardaş ölkə tərəfindən
daha ciddi və qabarıq şəkildə ortaya qoyuldu.
Aprel ayında ilk diplomatik təşəbbüs
Türkiyə tərəfindən göstərildi. Əvvəlcə,
Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri
Firudin Sinirlioğlu Baş nazir Rəcəb Tayyib Ərdoğanın
xüsusi nümayəndəsi kimi aprelin 7-də Ermənistana
səfər etdi. Bu barədə ilk açıqlamanı həmin
gün Fransada rəsmi səfərdə olan Baş nazir Ərdoğan
verdi. Açıqlamadan belə məlum olurdu ki, Sinirlioğlu
səfəri zamanı Türkiyənin hökumət rəhbərinin
məktubunu Ermənistan prezidenti Serj Sarkisyana
çatdıracaq. Aparacağı danışıqlarda isə
bir daha Ankaranın Sürix protokollarındakı müddəaların
yerinə yetirilməsinə və İrəvan ilə
münasibətləri normallaşdırma prosesinə sadiq
qaldığını bildirəcəkdi. Təbii ki, bu səfər
həm də Ermənistan prezidenti ilə Baş nazir Ərdoğanın
Vaşinqtonda keçirəcəyi görüşlərin əsas
konturlarını müəyyən etməli idi. Rəsmi
İrəvanın yaydığı məlumatlardan da
anlaşılırdı ki, səfərdə qeyd olunan məsələlər
öz əksini tapıb.
Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri
aprelin 9-da Bakıya gələrək Azərbaycan Prezidenti
İlham Əliyev ilə görüşdü. Onun Ermənistandan
sonra dərhal Azərbaycana səfər etməsi, Türkiyə
tərəfinin Ermənistan ilə aparılan
danışıqlar barədə tərəfdaşını
və strateji müttəfiqini məlumatlandırmaq istəyindən
irəli gəlirdi. Bu, həm ermənilərin növbəti
dezinformasiyalar yaymasının qarşısını
almağa, həm də tərəfdaş dövlətlər
arasında vəziyyətə uyğunlaşdırılan yeni
əlaqələndirici xarici siyasətin müəyyənləşdirilməsinə
hesablanmışdı. Həmin günlərdə Türkiyənin
xarici işlər naziri Əhməd Davudoğlu azərbaycanlı
həmkarı Elmar Məmmədyarova zəng vuraraq bir daha Ermənistan
ilə aparılan müzakirələr barədə onu ətraflı
məlumatlandırması da bununla bağlıdır.
Aprelin 12-də proseslər daha da sürətləndi.
Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi
sammiti çərçivəsində Cənubi Qafqazı,
xüsusən Azərbaycanı yaxından maraqlandıran
diplomatik fəallıq müşahidə olundu. ATƏT-in Minsk
qrupunun üç həmsədrindən biri olan Amerikanın ədalətsizliyə
yol verərək rəsmi Bakını proseslərdən kənarda
saxlamağa cəhd göstərməsi Türkiyənin qətiyyətli
mövqeyi sayəsində nəticəsiz qaldı. ABŞ
Prezidenti Barak Obama ilə qardaş ölkənin Baş naziri Rəcəb
Tayyib Ərdoğan və Obama ilə Ermənistan prezidenti Serj
Sarkisyan arasında baş tutan görüşə
böyük ümidlər bəsləyən ermənilər nəticənin
onların xeyrinə olmadığını gördükdə
məyusluqlarını gizlədə bilmədilər. Xarici
ekspertlər də belə hesab edirlər ki, bu
görüşlər birmənalı şəkildə rəsmi
Ankaranın və Bakının mövqelərinin güclənməsi
ilə nəticələndi.
Türkiyənin hökumət rəhbəri ilə Ermənistan
prezidenti Serj Sarkisyan arasında gözlənilən
görüş baş tutdu. Görüşdə qardaş
ölkənin xarici işlər naziri Əhməd Davudoğlu,
Xarici İşlər Nazirliyi aparatının rəhbəri
Firudin Sinirlioğlu, Ermənistan xarici işlər naziri Edvard
Nalbandyan və Ermənistanın prezident aparatının rəhbəri
Vigen Sarkisyan iştirak edirdilər. Maraqlıdır ki, bir
saatdan çox davam edən danışıqlardan sonra tərəflər
görüşün mahiyyəti barədə mətbuata
açıqlama vermədilər. Ancaq Sarkisyan aparılan
danışıqlara eyham vuraraq bildirdi ki, Türkiyə Ermənistan
ilə müzakirələrdə Dağlıq Qarabağ
münaqişəsinin həllini ön şərt kimi irəli
sürür, amma biz buna imkan verməyəcəyik. Diplomatik mənbələrin
məlumatına görə isə, görüşdə
Sürix protokollarının aqibəti, xüsusilə Ərdoğanın
göndərdiyi son məktubda qeyd olunan məsələlər
ətraflı müzakirə edilib.
Vaşinqtonda baş tutan Türkiyə - Ermənistan
danışıqları xüsusilə ev sahibi olan ABŞ-
ın dövlət rəhbərləri tərəfindən də
diqqətlə izlənilirdi. Amerikanın dövlət katibi
Hillari Klinton hər iki ölkənin nümayəndə heyəti
ilə ikitərəfli görüşlər keçirərək
onları münasibətləri
yaxşılaşdırmağa, protokolların təsdiqini
sürətləndirməyə çağırdı. Ərdoğan
Vaşinqton səfərindən qayıdarkən aprelin 14-də
keçirdiyi mətbuat konfransında xarici işlər nazirləri
səviyyəsində danışıqların intensivləşdirilməsi
barədə razılığa gəldiklərini
açıqladı. Türkiyə - Ermənistan münasibətlərinin
yaxşılaşması üçün işğal
edilmiş Azərbaycan ərazilərinin azad edilməsinin
vacibliyini bir daha vurğuladı. Davamlı sülhün təmini
üçün ilkin mərhələdə Ağdam və
Füzuli rayonlarının azad edilməsinin əhəmiyyətli
olduğunu bildirdi. Türkiyənin xarici işlər naziri Əhməd
Davudoğlu isə bir daha bəyan etdi ki, Azərbaycan Cənubi
Qafqazın nüfuzlu və əhəmiyyətli ölkəsidir
və onun proseslərdən kənarlaşdırılmasından
söhbət gedə bilməz. Davudoğlu xüsusi
vurğuladı ki, Sürix protokollarının əsas hədəflərindən
biri həm də işğal altındakı Azərbaycan ərazilərinin
azad olunmasıdır: "Beynəlxalq ictimaiyyət dərk
etməlidir ki, Cənubi Qafqazda təktərəfli sülh
mümkün deyil. Biz ABŞ administrasiyasına izah edirik ki,
Dağlıq Qarabağ problemi həll edilmədən regionda
daimi sülh ola bilməz. Biz tam inanırıq ki, Azərbaycan
ərazilərinin Ermənistan tərəfindən
işğalı həm regional, həm də qlobal miqyasda
Qafqazda əməkdaşlığı əngəlləyir."
Xatırladaq ki, Davudoğlu aprelin 19-da Bakıya gələrək
yüksək səviyyəli görüşlər
keçirmiş, bu görüşlərdə də
Ankaranın dəyişməz mövqeyini təkrarlamışdır.
Davudoğlu Türkiyə Böyük Millət Məclisinin
aprelin 26-da keçirilən iclasındakı
çıxışında isə "bundan sonra atılacaq
addımlarla bağlı Türkiyə ilə Azərbaycan
arasında tam koordinasiya olduğunu" da bəyan etmişdir.
O, qeyd etmişdir ki, "heç bir hadisə Türkiyə ilə
Azərbaycan arasındakı dostluğa zərbə vura bilməz.
Bunu hər kəs bilməlidir".
ABŞ-ın, Türkiyənin və Ermənistanın
danışıqların bu mərhələsində ortaya
qoyduğu mövqe isə sanki daha çox 24 aprelə
hesablanmışdı. Ermənistan və erməni lobbisi
Amerika Prezidenti Barak Obamanın aprelin 24-dəki
çıxışında "soyqırımı"
sözündən istifadə etməsinə, Türkiyə və
proseslərə təsir rıçaqlarına malik olan Azərbaycan
buna mane olmağa, Obama hakimiyyəti isə strateji
maraqlarının zərbə altında qalmamasına
çalışırdı. Deyirlər, haqq nazilər, ancaq
üzülməz. Bu dəfə də belə oldu. Həqiqətən
də ermənilərin bütün fitnəkarlıqlarına
baxmayaraq, Amerika Prezidenti çıxışında
"soyqırımı" sözündən istifadə etmədi.
Obamanın çıxışına həm Türkiyədə,
həm də Ermənistanda fərqli reaksiyalar oldu. Türkiyənin
əleyhinə xeyli sərt ifadələrin işlədildiyi
çıxışa Davudoğlu və ölkənin
müxalifət liderləri haqlı olaraq sərt reaksiya verdilər.
Baş nazir Ərdoğan isə çox güman ki, sırf
daxili siyasi mövqeyinin zərər görməməsi
üçün bu çıxışı gülər
üzlə "müsbət" qiymətləndirdi.
Türkiyə müxalifəti Ərdoğan hakimiyyətini Ermənistan
ilə imzaladığı protokollara görə bir daha kəskin
tənqid etdi. Ermənistandakı bəzi siyasətçilər
Obamanın çıxışını ermənilərə
gözlənilməz zərbə adlandırdılar, bəziləri
isə bunu normal qarşıladı.
Bu arada prezidenti Serj Sarkisyan Ermənistan Təhlükəsizlik
Şurasının aprelin 21-də keçirilən iclasında
protokolların parlamentdə təsdiqi prosesini
dayandırdıqlarını açıqladı. Bu qərarın
Sarkisyanın aprelin 20-də Moskvaya səfərindən dərhal
sonra açıqlanması isə diqqətdən
yayınmadı. Görünür, ermənilər aprel
ayında əldən çıxan fürsətlərin gələcəkdə
yenidən qazanılacağına ümidlərini itirməyiblər.
Türkiyədən müəyyən istəkləri olan
dövlətlərin erməni məsələsindən kart
kimi istifadə etməsi isə artıq təbii hal alıb.
Ehtimal ki, 2010-cu ilin payızında bu istəklər ermənilərin
timsalında yenidən ortaya çıxacaq. Belə ki, bu ilin
payız aylarında uydurma "soyqırımı"
iddiası yenidən ABŞ Konqresinin gündəminə gətirilə
bilər. Buna paralel olaraq, iki ölkə arasında sərhədlərin
açılması məsələsi də
"aktuallaşacaq". Və Türkiyə növbəti dəfə
təzyiqlərə məruz qala bilər. Hətta bu mərhələdə
Ankara-Vaşinqton münasibətlərində gərginliyin
artacağı da istisna deyil.
Bütün hallarda, hazırkı ümumi mənzərə
fonunda Ermənistan işğal altındakı Azərbaycan ərazilərini
azad etmədən Türkiyə - Ermənistan münasibətlərində
normallaşmanın baş verməsi mümkün deyil.
Türkiyənin daxili ictimai-siyasi amilləri və
Araz ASLANLI,
Qafqaz Beynəlxalq Münasibətlər
və Strateji
Araşdırmalar Mərkəzinin rəhbəri
Xalq qəzeti.-
2010.- 20 may.- S. 3.