Xarici investisiyaların həcmi artır

 

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin birinci rübündə ölkə iqtisadiyyatına 1309,2 milyon ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,1 faiz çox xarici investisiya yönəldilmişdir. Sərmayələrin 54,2 faizi (709 milyon dollar) iqtisadiyyata birbaşa investisiyalar, 45,8 faizi (599,8 milyon dollar) isə maliyyə kreditləri şəklində daxil olmuşdur. İqtisadiyyatın neft-qaz sektoruna yönəldilmiş birbaşa investisiyaların həcmi 44,3 faiz artaraq 619 milyon ABŞ dolları təşkil etmişdir.

 

    Bu ilin yanvar-aprel aylarında xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 525 milyon manat təşkil edərək əvvəlki ilin müvafiq dövründəkindən 37,9 faiz çox olmuşdur.

    Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş vəsaitin 477,3 milyon manatı (90,9 faizi) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Koreya investorlarına məxsusdur.

    Bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2291,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 5,5 fax çox vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində reallaşdırılmış vəsaitin 69,2 faizini təşkil edərək 1587,7 milyon manat olmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 1384,4 milyon manat, qeyri-dövlət müəssisələri 906,9 milyon manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 1152,6 milyon manat, xidmət sahələri üzrə müəssisələrin işə salınmasında 1138,7 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.

    Əsas kapitala yönəldilmiş vəsaitin 77,1 faizini daxili, 22,9 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmişdir.

    Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri-neft sektorunda dayanıqlı inkişafı təmin edilmiş, iqtisadiyyatın diversifikasiyası nəticəsində istehsal və emal müəssisələri, xidmət və digər infrastruktur müasirləşdirilmiş, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır.

    2010-cu ilin birinci rübü ərzində ölkədə 17017 yeni, o cümlədən 12578 daimi iş yerləri açılmışdır. 2009-cu ilin yanvarın 1-dən 2010-cu ilin aprelin 1-i vəziyyətinə qədər olan dövr ərzində cəmi 90630, o cümlədən 67093 daimi iş yeri yaradılmışdır.

    Birinci rübdə yeni açılmış daimi iş yerlərinin 14,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 16,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,7 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 68,2 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.

    Yeni iş yerlərinin 74,5 faizi regionlarda, o cümlədən 18,9 faizi Aran, 17,2 faizi Gəncə-Qazax, 8,4 faizi Quba-Xaçmaz, 6,9 faizi Şəki-Zaqatala, 5,8 faizi Lənkəran, 4,9 faizi Abşeron, 4,8 faizi Naxçıvan, 4,4 faizi Dağlıq Şirvan, 2,7 faizi Yuxarı Qarabağ, 0,5 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında açılmışdır.

    Yeni açılmış iş yerlərinin 92,2 özəl sektorun payına düşür, mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmış daimi iş yerlərindən 6,2 faizi tikinti, 4,2 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 3,4 faizi emal sənayesi, 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və digər sahələrdə açılmışdır.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında əhalinin adambaşına gəlirləri də 2009-cu ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 823,1 manata çatmış və ayda orta hesabla 205,8 manat təşkil etmişdir.

    Sözügedən dövr ərzində əhali tərəfindən əldə edilmiş 7,3 milyard manatlıq gəlirin 71 faizi son istehlaka, 10,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 17,1 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.

    Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 6,6 milyard manatlıq və ya əvvəlki ildəkindən 9,2 faiz çox vəsait qalmışdır.

    Göstərilən dövrdə əhalinin əmanətləri də artmışdır. Bu ilin aprelin 1-i vəziyyətinə əhali tərəfindən banklara yerləşdirilmiş əmanətlərin həcmi 2,4 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35 faiz artmışdır.

    Əmanətlərin 980,7 milyon manatı və ya 40,9 faizi milli, 1414,3 milyon manatı isə xarici valyuta şəklində qoyulmuşdur. Özəl banklarda yerləşdirilmiş vəsaitlər əmanətlərin ümumi həcminin 76,8 faizini təşkil etmişdir.

 

 

    Vaqif BAYRAMOV

 

    Xalq qəzeti.- 2010.- 20 may.- S. 3.