Əsrlərə sığmayan
şair ömrü
Bu fikir xalq
şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş gecədə səslənmişdir
Mayın
19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında xalq şairi, SSRİ Dövlət
mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı
Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr
edilmiş poeziya gecəsi keçirilmişdir.
Filarmoniyanın foyesində Rəsul
Rzanın həyat və yaradıcılığından bəhs
edən sərgi açılmışdır.
Gecədə Baş nazirin
müavini Elçin Əfəndiyev, Prezident
Administrasiyasının humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, M.V.Lomonosov adına
Moskva Dövlət Universiteti Bakı filialının rektoru,
professor Nərgiz Paşayeva, Milli Məclisin deputatları, ədəbi
ictimaiyyətin nümayəndələri, ziyalılar, Rəsul
Rza poeziyasının vurğunları olmuşlar.
Xalq Yazıçısı
Elçin bildirmişdir ki, böyük ədibin 100 illik
yubileyinin geniş şəkildə qeyd edilməsi ilə
bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncam
ölkəmizdə ədəbiyyatın inkişafına, sənət
adamlarına göstərilən diqqət və
qayğının daha bir bariz nümunəsidir.
Vurğulanmışdır ki,
artıq ölkəmizdə və onun hüdudlarından kənarda
Rəsul Rzanın yubileyi ilə bağlı silsilə tədbirlər
keçirilir. Zaman göstərir ki, Rəsul Rza poeziyası əbədiyaşar
poeziyadır.
Tədbir
iştirakçılarına minnətdarlığını
bildirən Azərbaycan Yazıçılar Birliyinin sədri,
xalq yazıçısı Anar atası R.Rzanın 100 illik
yubileyi münasibətilə silsilə tədbirlərin
keçirildiyini diqqətə çatdırmışdır.
Bildirmişdir
ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən olan Rəsul Rza söz sənətimizə
forma və məzmunca yeniliklər gətirərək novator
şair kimi geniş şöhrət qazanmışdır.
Onun əsərləri gündən-günə gəncləşərək, daim müasir qalır, hər zaman özünə yeni oxucular tapır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran R.Rza yarım əsrə yaxın dövrdə yüksək dəyərli bədii nümunələr yaratmaqla yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.
Vurğulanmışdır ki, 1910-cu il mayın 19-da Göyçayda dünyaya göz açmış Rəsul Rza çox zəngin həyat yolu keçmişdir. Uzun illər Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Ensiklopediyasının baş redaktoru və digər vəzifələri uğurla icra edən R.Rza öz orijinal yaradıcılıq nümunələri ilə daim oxucuları düşündürmüş və onların ən sevimli müəlliflərindən olmuşdur.
Yubiley tədbirində çıxış edən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu R.Rza şeirlərinin bəşəriliyindən, milliliyindən, onun Vətənə, torpağa sonsuz sevgisindən danışmış və şairin qardaş Türkiyədə böyük maraqla oxunduğunu diqqətə çatdırmışdır.
Gecədə xalq artistləri Fəxrəddin Manafov, Xuraman Qasımova, Mələkxanım Əyyubova, Əminə Yusifqızı, əməkdar artislər Mehriban Zəki, Gülyanaq Məmmədova və başqalarının ifasında R.Rzanın şeirlərindən parçalar və onlara yazılmış mahnılar səslənmişdir.
Musiqiçiləri
xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərlik
etdiyi Azərbaycan Dövlət Kamera Orkestri müşayiət etmişdir.
Xalq qəzeti.- 2010.-20
may.- S. 5.