Türkiyə və Azərbaycan - iki dost, qardaş ölkə uğurla əməkdaşlıq edirlər

 

    Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Bir qədər əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılması, iki ölkə arasında diplomatik əlaqələrin yenidən bərpa edilməsi barədə söhbətlər baş qaldıranda, hətta bu məsələ ilə əlaqədar protokollar imzalananda qardaş Türkiyə Cümhuriyyətinin dövlət rəsmiləri qəti mövqe nümayiş etdirdilər: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, bu ölkə ilə hər hansı bir diplomatik əlaqələrdən və ya sərhədlərin açılmasından söhbət gedə bilməz".

 

    Qətiyyətlə bildirildi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından keçir. Üstəlik, Türkiyə-Ermənistan sərhədlərinin 1993-cü ildə bağlanmasının əsas səbəbi bir daha xatırladıldı. Məlum oldu ki, həmin vaxt Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Türkiyə Ermənistanla sərhədlərini bağlayıb və bütün diplomatik əlaqələri kəsib. Hətta, ABŞ Türkiyəyə Ermənistanla sərhədləri açmaqla əlaqədar təzyiqlər göstərsə də, bunun heç bir nəticəsi olmadı. Xatırladaq ki, yaxın vaxtlarda ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı"nın tanınması barədə qərar qəbul olunsa da, bu, Türkiyəni öz mövqeyindən döndərə bilmədi və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağırdı. Bundan sonra iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunması barədə düşünməyin mümkünlüyü bildirildi. Hətta həmin vaxt, ABŞ-ın Türkiyəyə təzyiqlər göstərdiyi bir zamanda bəzi araqarışdıran qüvvələrin Türkiyə-Azərbaycan əlaqələrini zəiflətmək cəhdləri də bir fayda vermədi. Ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bir daha öz təsdiqini tapdı. Hər iki xalqın nümayəndələri müdrik siyasi xadim Heydər Əliyevin bu sözlərinə sadiqlik nümayiş etdirdilər. Bütün dünyaya bir daha məlum oldu ki, bu tarixi ifadə sadəcə olaraq sözdən ibarət deyildir. Bu tarixi kəlam iki dost və qardaş ölkənin yolunu daha da işıqlandırıb, bütün sahələr üzrə inkişafı yeni mərhələyə çatdırıb.

    Qədim tarixə malik Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkə arasında birgə nümayiş olunan birlik bu gün daha yüksək səviyyədə həyata keçirilir. Məlum olduğu kimi, Türkiyə hazırda dünya siyasətində çox fəal və önəmli rol oynayır. Bu ölkənin təsir imkanları getdikcə artır. Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri də gündən-günə möhkəmlənir. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşmasından sonra ölkəmizin nüfuzu daha da artmışdır. Azərbaycan dünyada iri infrastruktur layihələrinin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi tanınır. İndi elə layihələr var ki, onların reallaşdırılmasında Azərbaycanla məsləhətləşmələr aparılır. Bu da ondan xəbər verir ki, Azərbaycan təkcə regionda deyil, eyni zamanda, dünyada söz sahibidir. İqtisadiyyatın inkişaf tempinə görə Azərbaycanın lider dövlət olması, həm də ölkəmizin dünyada ən islahatçı dövlət adlandırılması əlaqələrimizi daha da genişləndirib. Bu baxımdan Azərbaycan Türkiyə, Türkiyə isə Azərbaycana bağlı dövlətdir. Nüfuzlu beynəlxalq qurumların tədbirlərində də iki qardaş ölkənin nümayəndələrinin bir-birilərinə dəstək vermələri, mövqelərini müdafiə etmələri yüksək qiymətə layiqdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə-Azərbaycan "bir millət, iki dövlətdir".

    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı bunun bir daha şahidi olduq. Baş nazirin Bakıda Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsinin açılışı zamanı dediklərinə diqqət yetirək: "Türkiyə-Azərbaycan əlaqələrinin bənzərsiz mahiyyəti vardır. Təbii, qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - deyərkən ortaya qoyduğu həqiqət davam edir, bundan sonra da eynilə davam edəcəkdir. Bunu əminliklə söyləyə bilərəm ki, hansı siyasi iqtidar gəlirsə, gəlsin, aramızdakı bu əlaqəni poza bilməz. Çünki bizim aramızdakı əlaqələr qurumların əlaqəsi deyildir. Bizim aramızdakı əlaqə millətlərin əlaqəsidir. Çünki biz bir millətik, iki ayrı dövlətik. Bunu dərindən anlamaq lazımdır".

    Qardaş ölkənin Baş naziri respublikamızın sürətli inkişaf yoluna qədəm qoymasını yüksək qiymətləndirmişdir. O, Azərbaycanı ötən illərlə müqayisə edərək demişdir: " Mən bir il əvvəlki Azərbaycanla indiki arasında çox böyük fərq görürəm. Bu qədər sürətlə inkişaf edən, bu qədər sürətlə dəyişən bir Azərbaycan vardır. Bunlar təbii ki, dünya üçün bir nümunədir. Liderlər buraya gəldiyi zaman Azərbaycanı tanıyacaqlar. Bunu dəyişdirən lider vardır. Bunu təbii ki, təqdirlə qeyd edəcəklər. Tarixi şəxsiyyətlər tarixdə qurub-yaratdıqları ilə qalırlar".

    Göründüyü kimi, qardaş ölkənin rəsmisi Azərbaycandakı inkişafı yüksək qiymətləndirmiş və bu inkişafdan sevincini gizlədə bilməmişdir.

    Türkiyə - Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması türk dünyasının daha çox birləşməsində həlledici rol oynayır. Bu gün dünyanın qarışıq və mürəkkəb bir durumunda türk dünyasının sıx birlik, həmrəylik nümayiş etdirməsi çox vacib və zəruridir. Məsələn, ötən il Naxçıvanda keçirilmiş türkdilli dövlət başçılarının zirvə görüşü və bu görüşün nəticələri dünyanın diqqət mərkəzində saxladığı məsələlərdən biri olmuşdur. Çünki artıq beynəlxalq aləmdə bəllidir ki, türk dünyasının daha sıx birliyi, onların gücü yüksək səviyyədə artacaq. O da bəllidir ki, türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir.

    Möhtərəm Prezidentimiz İlham Əliyev də iki qardaş ölkənin sarsılmaz birliyinin türk dünyasının həmrəyliyinə müsbət təsir etdiyini yüksək qiymətləndirərək demişdir: "Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələr, bizim birgə nümayiş etdirdiyimiz birlik təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə üçün, dünya üçün önəmlidir".

    Qeyd etdiyimiz kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyə daim Azərbaycanın mövqeyini dəstəkləyib və bu gün də tutduğu yola sadiqdir. Qardaş ölkənin Baş naziri bir daha vurğuladı ki, Dağlıq Qarabağ mövzusu, işğal altında olan ərazilər, ümumiyyətlə, Ermənistan-Azərbaycan arasındakı problem öz həllini tapmayınca, Türkiyə Böyük Millət Məclisindən müsbət bir qərarın çıxması mümkün deyildir. Onun sözlərinə görə, Türkiyə tərəfi bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərinə də bəyan edib.

    Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə qəti fikirini bildirərək demişdir: " ... Türkiyə - Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız biri-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir".

 

 

    Əliqismət BƏDƏLOV

 

     Xalq qəzeti.- 2010.- 20 may.- S. 1.