Dəli Kür sınağa çəkir

 

Biz təbii fəlakətlə mübarizədən qalib çıxacağıq

 

Kür çayının üstündən keçərək Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən körpüdən sonra qarşılaşdığım mənzərə mayın əvvəllərindən davam edən təbii fəlakətin miqyası və bu təhlükənin aradan qaldırılması üçün mübarizə aparanların əzminin böyüklüyü barədə real, söz-söhbətdən, şayiələrdən uzaq, dolğun təsəvvür yaratdı. El arasında "QAİ postu" kimi tanınan ərazidə yerləşən qərargahın yaxınlığındakı maşın karvanı ağır sınaq məqamında köməyə gələnlərin saysız-hesabsız olduğuna dəlalət edirdi.

 

Kürün Sabirabad ərazisindən keçən təqribən 90 kilometrlik hissəsinin, demək olar, hər qarışında canlı qüvvə və ağır texnika çalışır. Ayın 19-da Azadakənd kəndində suyun səviyyəsi qalxmış, həyətləri su basmışdı. Mən də həmin kəndə yollanıram. Yol boyu subasmanın nəticələri aydın görünür. Ərazidə qızğın iş gedir. Təbii fəlakətlə mübarizəyə cəlb olunan insanların təminatına xüsusi fikir verilir. Yerli əhalinin də ciddi köməyi nəticəsində suyun daha geniş ərazilərə yayılmasının qarşısı alınmış, təhlükə sovuşmuşdur.

İnsan tələfatı yoxdur. Kənd camaatı bildirir ki, dövlət başçısının göstərişi ilə ev -eşiklərimizin yenidən tikiləcəyinə və bərpa ediləcəyinə inanırıq, göstərilən qayğıdan da çox razıyıq.

Məlumat üçün bildirim ki, rayonun 42 yaşayış məntəqəsi Kürboyu ərazilərdə yerləşir. Qaralar ərazi nümayəndəliyini əhatə edən dörd kənd - Qaralar, Əsədli, Məmişlər və Qəfərli kəndləri 27 kilometr məsafədə Kür boyunda yerləşir. Burada da vəziyyət xüsusi nəzarətdə saxlanılır. Su basmalarının qarşısını almaq üçün yerli əhalinin fasiləsiz olaraq işləməsini əsl fədakarlıq saymaq olar. Rayon sakini Rüstəm Nəsirov bildirdi ki, dövlət orqanlarının diqqətini hiss edirik, xüsusilə də rayon icra hakimiyyətinin başçısı Heydər Abbasovun günün istənilən vaxtında, hətta, gecəyarısı da bizə baş çəkməsi, problemlərin həllinə köməklik etməsi bizi mənəvi cəhətdən ruhlandırır. Çünki bu, dövlətimizin və möhtərəm dövlət başçımız İlham Əliyevin məsələnin həllinə qətiyyətlə yanaşmasının bariz ifadəsidir.

Burada bizə bildirdilər ki, 2003-cü ildə də Kür çayında suyun həcmi artmışdı. O zaman saniyədə 1850 kubmetr su keçirdisə, indi bu rəqəm saniyədə 2500 kuba çatıb. Göründüyü kimi, bütün bunlar hansı ölçüdə təhlükəyə qarşı mübarizə aparıldığından xəbər verir.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Şahnaz Babayeva bildirdi ki, Nəriman Nərimanov və Mikayıl Müşfiq adına şəhər orta məktəblərində, eləcə də çadırlarda yerləşdirilmiş əhalinin zəruri ehtiyacları ən yüksək səviyyədə ödənilir. Yaradılmış tibb məntəqələri hər cür dərman preparatları ilə təmin olunub. Bu məntəqələrdə həkimlər, eləcə də digər tibb işçiləri növbəlilik əsasında əhaliyə xidmət göstərirlər.

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə ilə Nəriman Nərimanov adına məktəbin həyətində rastlaşıram. Az qala qərargah funksiyasını daşıyan məktəbin həyətində əməkdaşlara hansı işlərin görülməsi barədə operativ tapşırıqlar və göstərişlər verəndən sonra qısa da olsa bizimlə söhbətə də vaxt ayırdı. Bildirdi ki, on doqquz nazirlik və komitənin, eləcə də müxtəlif təşkilatların fəaliyyəti təsdiq olunmuş birgə proqram əsasında aparılır. Yerli icra hakimiyyətinin də bu prosesdə fərdi iştirakını xüsusi vurğulayan nazir müavini əhalinin böyük səylə, yorulmadan çalışdığını qeyd etməyi unutmadı. Dövlət başçısının təbii fəlakətin qarşısının alınması və vurduğu ziyanın aradan qaldırılması üçün göstərdiyi qətiyyət hər kəsə nümunə, örnək olmalıdır - deyən F.Tağızadə əlavə etdi ki, tək əldən səs çıxmaz, hamımız əl-ələ verib bu ağır problemin öhdəsindən gələ bilərik. Nə qədər canlı qüvvə və texnikanın səfərbər edilməsi barədə sualımı təbəssümlə qarşılayan general belə dedi:

- Bu göstəricilər vəziyyətə uyğun olaraq günbəgün dəyişir. Yalnız onu deyə bilərəm ki, bəndbərkitmə işlərinə milyonlarla kisə istifadə olunmuşdur. Əsas da odur ki, bütün respublika, belə demək mümkünsə, indi Sabirabadda səfərbər olunub. Mən bunu xüsusi qeyd etmək istəyirəm ki, heç bir beynəlxalq təşkilatdan, başqa ölkədən kömək istəmədən bu təbii fəlakətə qarşı aparılan mübarizə ölkəmizin gücünün, qüdrətinin, eləcə də dövlət başçısının vətəndaşlara diqqət və qayğısının canlı nümunəsidir.

Bir məlumatı da oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, mayın 6-da Kür çayında suyun səviyyəsi 927 santimetr, ötürülən suyun həcmi 2386 kubmetr olduğu halda, ayın 20-də bu göstəricilər müvafiq olaraq 953 santimetr və 2701 kubmetr olub. Vəziyyət tez-tez dəyişdiyindən rəqəmlər də dəqiqliyini itirir. Bir sözlə, Sabirabad rayonunda Kür çayında suyun səviyyəsinin artması nəticəsində yaranmış təhlükələrin qarşısının alınması üçün bütün dövlət orqanlarının, yerli əhalinin birgə mübarizəsini konkret rəqəmlərlə ifadə etmək, sadəcə olaraq mümkün deyil.

Ancaq təbii fəlakət bölgəsində qeyd edildiyi kimi, dövlət orqanlarının yerli sakinlərlə birgə fəaliyyəti bu inamı yaradır: dövlətimizin gücü və qüdrəti sayəsində biz bu mübarizədən də mütləq qalib çıxacaq və dəli Kürü yenidən öz məcrasına qaytardıqdan sonra onun suyundan xeyir-bərəkət rəmzi kimi bəhrələnəcəyik.

 

 

Səməd HÜSEYNOĞLU,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

 Xalq qəzeti.- 2010.- 21 may.- S. 6.