Neftçalada daşqınların
qarşısını almaq
üçün ciddi
tədbirlər görülür
Kürün səviyyəsinin qalxması
nəticəsində Neftçala
rayonunda 300-ə yaxın
evin həyətinə
qrunt suları daxil olmuş, 4 ev uçmuş,
30 ev qəza vəziyyətinə düşmüşdür.
Beş ailə təhlükəsiz yerə
köçürülmüşdür. Rayon fövqəladə hallar komissiyasının sədri Dilavər Əliyev müxbirimizlə
söhbətində demişdir:
- Neftçalanın
Kürboyu ərazilərində aprel ayının
sonlarından başlayaraq suyun səviyyəsinin təhlükəli
həddə yaxınlaşması ilə əlaqədar olaraq
rayonda vəziyyətin nəzarətdə saxlanılması
üçün 29 aprel 2010-cu il tarixdə operativ
yığıncaq keçirilmişdir. Yığıncaqda
Kürboyu ərazilərin inzibati ərazi nümayəndəliklərinə,
bələdiyyələrə, idarə, müəssisə və
təşkilatlara konkret tapşırıqlar verilmiş,
növbətçilik cədvəli tərtib edilmiş, ərazilərə
nəzarət artırılmış, Rayon Fövqəladə
Hallar Komissiyası gücləndirilmiş iş rejiminə
keçmişdir.
Ümumi uzunluğu 123
kilometr olan Neftçala rayonunun 21 kəndindən 35900 nəfər
əhalinin yaşadığı Kürboyu ərazilərin
sağ və sol sahillərində mövcud bəndlərin təhlükəli
vəziyyətdə olan 62,5 kilometr hissəsində rayonun idarə,
müəssisə və təşkilatlarının, eləcə
də 10 min nəfərdən çox əhalinin gücü
ilə genişmiqyaslı işlərə
başlanılmış və bəndvurma, bəndüstələmə,
torpağın kisələrə doldurulması və bərkidilmə
işləri aparılmışdır. Mübarizə tədbirləri
nəticəsində ərazilərin daşqına məruz
qalma qorxusu aradan qaldırılmışdır. Mayın 6-da
Kür çayında suyun səviyyəsi kritik həddə
çatmışdır - 2 metr 59 santimetr!
Dövlət Neft
Şirkətindən 8 təşkilata məxsus 130 texnika və
1240 nəfər canlı qüvvənin əraziyə göndərilməsi
və işlərin operativ başlanılması nəticəsində
böhranlı vəziyyət aradan
qaldırılmışdır. Texnikanın, əhalinin və
cəlb olunmuş qüvvələrin birgə səyi nəticəsində
hazırda vəziyyət normaldır. Kürboyu ərazilərdə
bəndbərkitmə işləri davam etdirilir. Rayonun idarə,
müəssisə və təşkilatlarının əraziyə
cəlb etdiyi 70-ə yaxın texnikanın və Dövlət
Neft Şirkətinə məxsus 130 texnikanın gücü ilə
5 gün müddətində artıq 13 kilometr bəndvurma
işləri aparılmışdır.
Ərazilərdə 60
min torpaqla doldurulmuş kisə tədarük edilərək bəndbərkitmə
işlərində istifadə edilmişdir. Bəndlərin
altından sızmalar baş verən ərazilərdə rayon
tərəfindən 15 kubmetr, Dövlət Neft Şirkəti tərəfindən
20 kubmetr taxta alınmış, 700 metr metal borudan istifadə
edilmişdir. Bundan başqa, rayonun gücü ilə
Kürboyu ərazilərdə qrunt sularının əhalinin
həyətyanı sahələrindən kənarlaşdırılması
məqsədilə 110 elektrik nasosu, 34 ədəd yanacaqla
işləyən motopompa və mülki müdafiə qüvvələrinə
məxsus 9 motopompa Kürboyu ərazilərdə
quraşdırılmışdır və qrunt
sularının yaşayış məntəqələrindən
kənarlaşdırılması işləri həyata
keçirilir. Ərazilərdə rayon Gigiyena və
Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya
işlərinə başlanmışdır.
Hazırda 8 gəmi
Kürün Xəzər dənizinə tökülən hissəsində
lil təmizləmə işləri ilə məşğuldur.
Bu gəmilərdən 4-ü Azərbaycan Dövlət Xəzər
Dəniz Gəmiçiliyi İdarəsinə, 2 gəmi
Dövlət Neft Şirkətinə, 2 gəmi isə
"Azenerji" ASC-yə məxsusdur.
Bunlardan başqa, Cəngan,
Qaraqaşlı, Beştalı, Pirəbbə, Yuxarı
Qaramanlı, Abasallı, Tatarməhlə, Uzunbabalı,
Aşağı Surra, Kürqarabucaq, Qaralı,
Aşağı Qaramanlı, Astanlı, Dördlər,
Xıllı, Bankə, Kürkənd, Mayak-1, Yenikənd,
Sübh və Mayak-2 kəndlərində rayonun idarə,
müəssisə və təşkilatlarına məxsus
texnikalarla birlikdə Dövlət Neft Şirkətinin Neft-Qaz,
"Azneft", Qaz emalı, "Azqaz",
"Neft-yağ", Dərin Özüllər, Neft Yanacaq və
Kompleks Qazma İdarələrinə məxsus 130 texnika bəndbərkitmə
işlərinə cəlb edilmişdir.
Telman ƏLİYEV
Mədəniyyət.- 2010.- 21 may.- S. 7.