Azərbaycan mədəniyyəti dünyanı fəth edir

 

Bunun başlıca səbəbi ölkədə həyata keçirilən uğurlu mədəniyyət siyasətidir

 

Xalq bir çox xüsusiyyətləri ilə tanınır dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Qədim zəngin mədəniyyət ölkəsi olan Azərbaycan öz mənəvi dəyərlərini qoruyub nəsillərdən nəsillərə ötürə bilmişdir. Xalqımızın mənən zənginləşməsində, dünya xalqları arasında öz rolunu mövqeyini qoruyub saxlamasında mədəniyyətimizin əvəzsiz rolu olmuşdur. Bu gün bizim bəşər mədəniyyətini zənginləşdirən mədəniyyət xadimlərimizlə, milli-mənəvi dəyərlərimizlə fəxr etməyə haqqımız var. Uzun illər Azərbaycan SSRİ-nin tərkibində olsa da, xalqımız öz mədəniyyətini, milli-mənəvi dəyərlərini ləyaqətlə qoruyub saxlaya bilmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin mədəni nailiyyətləri xalqın uzun illər yaşatdığı, nəsillərdən nəsillərə ötürdüyü milli-mənəvi dəyərlərin əsasında formalaşmaqdadır.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra milli mədəniyyətimizin inkişafında da yeni dövr başlandı. Mədəniyyətimizin Heydər Əliyev erası xalqımızın bütövlükdə milli-mənəvi dəyərlərə yeni münasibətinin formalaşdığı dövr kimi xarakterizə olunmaqdadır. Bu dövrün mədəni tərəqqisinin əsas xarakteristikası ondan ibarətdir ki, ulu öndərin yaratdığı və həyata keçirdiyi mədəniyyət siyasəti ölkəmizin milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə və inkişafına güclü zəmin yaratmış, onu yeni-yeni çalarlarla zənginləşdirmişdir. Müstəqillik illərində Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yoluna qədəm basdı. Sovet dövrünün sosialist məzmunlu mədəniyyəti yeni məzmun kəsb etməyə başladı. Azərbaycan Respublikasının yeni mədəniyyət siyasətinin düzgün və daha effektiv, milli maraqlarımıza uyğun təşkili əsas istiqamətə çevrildi. Ulu öndər millətin tərəqqisində tarixi-milli-mədəni köklərə bağlılıq, qarşılıqlı anlaşma, milli birlik, yaradıcı münasibət, çağdaşlıq, qanunçuluğa və demokratik prinsiplərə sayğı və diqqət kimi təməl meyarların sistemini yaratmışdır. Bu sistem içərisində mədəniyyətin təsir dairəsinin genişlənməsi dövrün xarakterik xüsusiyyətinə çevrildi. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Məhz onun hakimiyyəti illərində mədəniyyətə, milli-mənəvi dəyərlərə münasibət köklü şəkildə dəyişdi və ölkəmizdə mədəniyyətin inkişafında yeni dövrün başlanğıcını qoydu.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan hörmətli Prezidentimiz İlham Əliyev mədəniyyət sahəsində də ümummilli liderin başladığı islahatları uğurla davam etdirir. Bu islahatlar mədəniyyətin inkişafına yeni stimul verdi. Azərbaycan mədəniyyəti dünyada daha geniş şəkildə tanınmağa başladı, incəsənətin ayrı-ayrı sahələrinin tərəqqisinə xidmət göstərən dövlət proqramları qəbul olundu.

2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin strukturunda dəyişiklik edilməsi nəticəsində dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsi daha çevik xarakter aldı, bu sahədə islahatlar sürətləndi, dövlət proqramlarının reallaşması istiqamətində uğurlu addımlar atıldı. Ölkənin mədəniyyət siyasəti dövrün tələblərinə uyğunlaşdırıldı. İslahatların prioritet sahələri dəqiqləşdirildi. Bunlar mədəni və tarixi irsin mühafizəsi, yaradıcılığın dəstəklənməsi, milli kinematoqrafiyanın dirçəlişi və inkişafı, kitab nəşrinin inkişafı məsələləridir. Bundan başqa, cəmiyyətin məlumatlandırılmasına yönəldilən və bununla da onun daha çox demokratikləşməsinə, həm də dünya birliyinə inteqrasiyasına rəvac verən kitabxana və muzey sistemlərinin köklü şəkildə modernləşdirilməsi, yenidən qurulması da dövlətin mədəniyyət siyasətində mühüm yer tutur.

Hazırda mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişafı ilə bağlı dövlət proqramı qəbul edilməsin. Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli proqramlar bu sahələrin yenidən qurulmasına imkan yaradır, ayrılan dövlət vəsaitləri hesabına mədəniyyətin maddi-texniki bazası möhkəmləndirilir.

Bakıda, region mərkəzlərində teatrlarımız təmir olunur, müasir üslubda yenidən qurulur. Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Musiqili Komediya Teatrı əsaslı təmirdən sonra yenidən öz qapılarını tamaşaçıların üzünə açmışdır. Azərbaycan Milli Dram Teatrında əsaslı təmir işləri davam etdirilir. Regionların Dövlət teatrlarında da belə təmir işləri aparılmış, hətta bəzilərində yeni teatr binaları istifadəyə verilmişdir.

Kino yaradıcılığı sahəsində də yeni proqram reallaşdırılmaqdadır. Dövlət sifarişi ilə çəkilən filmlərin sayı artmaqda davam edir. Filmlərimizin saxlanc yeri olan Dövlət Film Fondu üçün yeni binanın tikilməsi və onun müasir avadanlıqlarla təmin olunması mənəvi sərvətimiz olan filmlərimizin qorunması, bərpası və gələcək nəsillərə saxlanılmasında əhəmiyyətli rol oynayacaq. Təsadüfi deyildir ki, hörmətli Prezidentimiz bu binanın istifadəyə verilməsi mərasimində iştirak etmiş, bina ilə, onun daxili şəraiti ilə tanış olmuşdur. Filmlərimizin reyestr məsələsi həll olunmuşdur, onlar milli sərvət kimi qorunur.

Çəkilən yeni filmlər beynəlxalq kino festivallarında iştirak edir, kino kadrlarının hazırlanması işinə diqqət artırılır. Gənclərin kinoya cəlb olunması üçün məxtəlif yaradıcılıq müsabiqələri keçirilir, onların ən yaxşıları seçilib mükafatlandırılır. Bu gün ölkəmizin ən iri kino teatrında - Bakıdakı Nizami adına kinoteatrda yenidənqurma işləri uğurla davam etdirilir. Bu kinoteatr Avropa standartları səviyyəsində yenidən qurulub tamaşaçıların istifadəsinə veriləcək.

Musiqi sahəsində nailiyyətlərimiz daha çox sevindiricidir. Xüsusilə Azərbaycan muğamının dünyada təbliği, ölkəmizdə muğamın inkişafına göstərilən qayğı bunu deməyə əsas verir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Muğam festivalının keçirilməsi, gənc muğam ifaçılarının sənətə cəlb olunması, Bakıda Beynəlxalq Muğam müsabiqəsinin keçirilməsi, eyni zamanda Dənizkənarı parkda Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi bu sahədəki nailiyyətlərimizdəndir. Aşıqlar Birliyi rəhbərliyinin dəyişməsi sayəsində xalqımızın qədim aşıq sənətinin yenidən canlanması da son illərin uğurlu mədəniyyət hadisələrindəndir.

Muzeylərimiz, kitabxanalarımız yenidən qurulur. M.F.Axundov adına Milli Kitabxananın fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, elektron kataloqların yaradılması, mərkəzləşmiş kitabxana sistemlərinin müasir tələblərə uyğunlaşdırılması, onların latın qrafikalı əlifba ilə çap olunmuş əsərlərlə komplektləşdirilməsi işi sürətləndirilib.

Bu gün regionlarımızda yaradılan Heydər Əliyev muzeylərinə əhali xüsusi maraq göstərir. Bu muzeylərdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar gənc nəslin tərbiyəsində əhəmiyyətli rol oynayır.

Muzeylərimiz yenidən təmir olunur. Dövlət İncəsənət Muzeyi, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Tarix Muzeyi tamamilə yeni üslubda təmir olunub tamaşaçıların istifadəsinə verilmişdir.

Azərbaycan Xalça Muzeyi üçün yeni bina inşa edilməkdədir. Özünəməxsus üslubda inşa edilən bu muzey orijinal memarlıq həllinə görə diqqəti cəlb edir.

2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Qala kəndində açıq səmada yaradılan Arxeoloji-Etnoqrafik Muzey Kompleksi də mədəniyyət tariximizdə yeni hadisədir.

Azərbaycan tarixinin qədim ənənələrini özündə yaşadan Qobustanın YUNESKO-nun maddi irs siyahısına daxil edilməsi də çox önəmli nailiyyətdir. Dövlətimizin apardığı məqsədyönlü mədəniyyət siyasəti nəticəsində İçərişəhər, Şirvanşahlar Saray Kompleksi ilə birgə, muğam sənəti Qobustan və aşıq sənətimiz bu nüfuzlu beynəlxalq təşkilatın maddi və mədəni irs siyahısında öz yerlərini tutmuşlar. Azərbaycan mədəniyyətinin bu maddi və mənəvi abidələri bəşəriyyətin yaratdığı çox dəyərli əsərlər siyahısına salınmaqla ölkəmizin qədim mədəniyyət diyarı olduğu bir daha təsdiqlənmişdir.

Son illər abidələrimizin qorunması və bərpası istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlər diqqətəlayiqdir. Müxtəlif qalalarımızın, gümbəz və qəbirüstü abidələrin, tarixi binaların, məscidlərin qorunub gələcək nəsillərə çatdırılması üçün və Azərbaycanda turizmin inkişafına təsir göstərmək məqsədilə bu tədbirlərin həyata keçirilməsi olduqca əhəmiyyətlidir.

Azərbaycan Şərqlə Qərbin qovuşağında yerləşdiyindən bizim ölkənin mədəniyyəti hər iki tərəfin mədəniyyətinin elementlərini özündə birləşdirmişdir. Ona görə də Azərbaycan mədəniyyətinin dünyada qəbul edilməsi, xüsusilə Şərq və Qərb ölkələrinin bizim mdəniyyət və incəsənətimizə maraq göstərməsi təsadüfi deyil. Bu gün Azərbaycan mədəniyyəti dünyaya yüksək sürətlə inteqrasiya etməkdədir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, eləcə də ayrı-ayrı ölkələr Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından maraqlanır. Azərbaycan Respublikasında aparılan məqsədyönlü xarici siyasətin uğurları mədəniyyətimizin təbliğinə də geniş imkanlar yaratmışdır. Beynəlxalq festivallarda, konfrans və seminarlarda Azərbaycan incəsənəti nümunələri nümayiş etdirilir, eləcə də belə tədbirlərdə incəsənət xadimləri iştirak edir, ölkəmizin mədəni nailiyyətlərini dünyaya tanıdırlar. Amerikada, Kanadada, Rusiyada, Fransada, Avstriyada, Almaniyada, İranda, Çində, Yaponiyada, Misirdə, Qətərdə və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri son illər davamlı xarakter almışdır. YUNESKO-nun Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı, bu təşkilatın xətti ilə Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, bu təşkilatın baş katibinin Bakıya səfəri əlaqələrin getdikcə genişlənməsinin bariz nümunəsidir. Söz yox ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu təşkilatın xoşməramlı səfiri adına layiq görülməsi da böyük etimadın nəticəsidir.

Son illər Azərbaycanın İslam Konfransı Təşkilatı ilə mədəni əməkdaşlığı da genişlənməkdədir. Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum ölkəmizin mədəniyyətlərarası dialoqda fəal mövqe tutmasının nümunəsidir.

2007-ci ilin noyabrında Liviyanın paytaxtı Tripoli şəhərində İSESKO-ya üzv dövlətlərin Mədəniyyət Nazirlərinin beşinci konfransında qəbul edilmiş qətnaməyə uyğun olaraq Bakı şəhərinin 2009-cu ildə "İslam Mədəniyyətinin Paytaxtı" elan edilməsi Azərbaycanın mədəni həyatında çox mühüm hadisəyə çevrildi.

Bu münasibətlə Bakıda keçirilən rəngarəng tədbirlər silsiləsi il boyu davam etdirildi. Mədəniyyət və Turizm Nazirliyinin Bakıda təşkil etdiyi beynəlxalq konfrans, ayrı-ayrı tədbirlər İslam həmrəyliyinə, mədəniyyətlərarası dialoqun inkişafına çox əhəmiyyətli töhfə idi. Bu, ölkəmizin mədəniyyət siyasətinin uğurlu nəticələrindən biri kimi yüksək qiymətləndirilməlidir.

Azərbaycan öz təbiəti, maddi və mədəniyyət abidələrinin zənginliyi ilə turizmin inkişafına geniş imkanlar açır. Mədəniyyət və Turizm Nazirliyi yarandığı vaxtdan turizmin inkişafını diqqət mərkəzində saxlamışdır. Bunun nəticəsidir ki, həm xarici, həm də daxili turistlərin sayı ilbəil artmaqdadır. Yeni çoxulduzlu hotellərin inşası, mədəniyyət və tarixi abidələrin bərpası turizmin inkişafı üçün əlverişli şərait yaratmışdır.

Bu yaxınlarda cənab Prezident İlham Əliyevin ölkədə turizmin inkişafı ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığı sərəncam bu sahənin gələcək perspektivləri üçün yeni şərait yaradılacağını təsdiq edir.

Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti öz uğurlu nəticələrini verməkdədir. Cənab Prezidentin mədəniyyətə xüsusi qayğısı nəticəsində milli mədəniyyətimiz bundan sonra da sürətlə inkişaf edəcək, beynəlxalq aləmdə daha çox tanınacaq.

İşğal altında olan torpaqlarımızda zəngin mədəniyyət nümunələrimiz məhv edilmişdir. Bu barədə beynəlxalq konfrans və müşavirələrdə dəfələrlə məlumat verilmişdir. Lakin erməni vandalları heç bir beynəlxalq hüquq normalarına məhəl qoymur, tarixi-mədəniyyət abidələrimizi özlərinin adlarına çıxmağa çalışırlar. Dövlətimizin apardığı siyasət gec-tez bu problemin həllini təmin edəcəkdir.

Son olaraq bir məsələni də diqqətə çatdırmaq istərdim. Cənab Prezident hakimiyyətə gəldiyi vaxtdan mədəniyyətin inkişafına həsr olunmuş 200-dən çox sərəncam imzalamışdır. Mədəniyyət və Turizm Nazirliyinin iki cilddə çap etdirdiyi "İlham Əliyev və mədəniyyət" kitabında dövlət başçımızın mədəniyyət məsələləri ilə bağlı qəbulları, sərəncamları, nitqləri, çıxışları, görüşləri, səfərləri və müsahibələri öz əksini tapmışdır. Maraqlıdır ki, kitabın elektron versiyası da hazırlanmışdır. Bu yazını həmin kitabdan cənab Prezidentin aşağıdakı fikri ilə tamamlayırıq. "Müstəqillik illərində Azərbaycan xalqının mənəvi potensialı daha da zənginləşmiş, milli mədəniyyət və incəsənət, azərbaycançılıq məfkurəsi əsasında inkişaf etmişdir". Və bu inkişafın əsasında dövlətimizin Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə son illər həyata keçirdiyi davamlı, məqsədyönlü siyasət dayanır.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 21 may.- S. 5.