Azərbaycan Universitetində
"Türkiyə, Qafqaz
və Mərkəzi Asiya arasında ticarət, enerji və nəqliyyat yolu ilə münasibətlərin
inkişafı" mövzusunda
beynəlxalq konfrans
Azərbaycan Universiteti ilə
Konfransın
açılış mərasimində çıxış
edən Azərbaycan Universitetinin rektoru professor Akif Musayev
bildirib ki, tədbirə Türkiyənin Başkənd,
Çankaya, Osmanqazi, Yüzüncüyıl, Süleyman Dəmirəl
universitetlərindən 23 iqtisadçı alim dəvət
olunub, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad
elmləri doktoru İsa Alıyev də iştirakçılar
arasındadır. Konfrans iştirakçılarını
salamlayan və uğurlar arzulayan Akif Musayev nitqində qeyd edib
ki, Azərbaycan iqtisadiyyatı hər sahədə yüksək
inkişaf tempinə malikdir: "Əgər 2000-ci ildə
ÜDM 4718,1 milyon manat idisə, 2009-cu ildə bu rəqəm
34578,7 milyon manatdır. Nəqliyyat sektorunda yük dövriyyəsi
eyni dövrdə 15948 milyon tondan 97704 milyon tona, xarici ticarət
dövriyyəsi 2917,3 milyon ABŞ dollarından 20818,2 milyon
ABŞ dollarına çatıb". Azərbaycandakı
investisiyaların həcmi haqqında da məlumat verən Akif
Musayev deyib ki, müstəqilliyin bərpasından sonra bu rəqəm
70 milyard dollara çatıb, gündəlik investisiyaların
həcmi isə 2009-cu ildə təxminən 30 milyon dollar təşkil
edir.
Azərbaycanın idxal -
ixrac dövriyyəsi potensialının ən yüksək səviyyədə
olduğunu deyən rektor həmçinin bildirib ki, Azərbaycan,
Türkiyə, Orta Asiya, Qafqaz bütövlükdə iqtisadi
inteqrasiyanın ən yüksək səviyyəsinə
çatmağa imkanı olan bir regiondur: "Təsadüfi
deyildir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə İpək Yolunun qərargah evi Bakıda yerləşir.
Bu, əlaqələrin hansı səviyyədə inkişaf
etdirilməsinə çox böyük önəm verən
bir faktdır". Akif Musayev iştirakçıların diqqətinə
çatdırıb ki, ölkə Prezidenti cənab İlham Əliyev
Azərbaycanın böyük inteqrasiya potensialına malik
olduğunu və bu sahəyə dövlət dəstəyinin
mövcudluğunu hər zaman vurğulayır.
Akif Musayev ticarət,
enerji və nəqliyyat məsələləri ilə
bağlı müəyyən tövsiyələrin
hazırlanmasında konfransın çox böyük nəticələr
əldə edəcəyinə ümidvar olduğunu bildirib.
ADAM-ın rəhbəri
Dr. Mehmet Bulut isə Azərbaycan və Türkiyənin bir millət,
iki dövlət olduğunu xatırladıb: "Türkiyə-Azərbaycan
münasibətləri tarixi köklərə söykənir. Biz
uzun müddət qardaş kimi yaşamış iki ölkəyik.
20-ci əsrdə araya uzun bir fasilə girsə də, son 20 ildə
siyasi, iqtisadi, mədəni, ticarət münasibətlərimiz
sürətlə inkişaf edir".
Konfransın məqsədinin
dünyanın və regionun problemlərini müzakirə etmək
olduğunu bildirən Mehmet Bulut elm adamları arasında
münasibətlərin əhəmiyyətini vurğulayıb:
"Elm heyətləri arasında aparılan müzakirələr
uzunmüddətli və yaddaqalan olur. Türkiyə başda Azərbaycan
olmaq üzrə Qafqaz və Orta Asiya coğrafiyasındakı
bütün ölkələrlə əlaqələrini
inkişaf etdirmə yolundadır. Bu işlərdə elm
adamlarının yol göstəriciliyinin əhəmiyyətli
olduğuna və konfransın yeni bir başlanğıc
olacağına inanıram".
Açılış
nitqlərindən sonra konfrans başlayıb. Azərbaycan
Universitetində keçirilən konfransda ticarət, energetika
və nəqliyyat sahələrinə dair 30-a yaxın məruzə
dinləniləcək və müzakirələr aparılacaq.
Konfrans öz işini mayın 21-də yekunlaşdıracaq.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 21 may.- S. 3.