Bütün qüvvələr təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına yönəldilmişdir

 

Son vaxtlar yağan aramsız yağışlar nəticəsində respublikamızın qırx rayonunun ərazisində subasma halları baş vermiş, ilkin məlumatlara əsasən 20 minə yaxın ev, 50 min hektardan çox əkin örüş sahələri su altında qalmış, 300-dən çox ev uçmuş, 2 minə qədər ev qəzalı vəziyyətə düşmüş, çoxsaylı infrastruktur digər sosial təyinatlı obyektlər sıradan çıxmışdır.

 

Yaranmış vəziyyətlə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən bütün aidiyyəti qurumlarla birlikdə operativ qaydada görülən zəruri tədbirlər təbii fəlakətin daha böyük fəsadlarının qarşısını almış, zərər çəkən insanlar öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülmüş, onlara müxtəlif kommunal, iaşə, səhiyyə və digər xidmətlərin görülməsi təşkil olunmuşdur.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgələrin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın hesablanıb ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında xüsusi hökumət komissiyası yaradılmışdır. Baş nazir Artur Rasizadənin sədrliyi altında yaradılan komissiyanın üzvlərinə - baş nazirin iki müavininə, fövqəladə hallar, daxili işlər, maliyyə, iqtisadi inkişaf, səhiyyə, ekologiya və təbii sərvətlər, kənd təsərrüfatı, nəqliyyat, rabitə və informasiya, əmək və əhalinin sosial müdafiəsi, təhsil nazirliklərinin rəhbərlərinə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirinə, müvafiq komitə sədrlərinə, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədrinə, "Meliorasiya və Su Təsərrüfatı", "Azərsu", "Azərenerji" ASC-nin prezidentlərinə konkret tapşırıqlar verilmişdir. Dünən hökumət komissiyasının ilk iclası keçirilmiş, bundan sonra görüləsi işlər müəyyənləşdirilmişdir.

Hazırda ölkənin aparıcı təşkilatlarının bütün qüvvələri təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına yönəldilmişdir. Son məlumatlara görə, Kür çayı Hacıqabul rayonunun Talış kəndi istiqamətində birinci qoruyucu bəndi yarıb. Bu, gecə saatlarında baş verib. Əraziyə cəlb olunan çoxsaylı texnika və canlı qüvvə bəndbərkitmə işləri aparırlar. Qeyd edək ki, Bakı şəhərini su ilə təchiz edən əsas kəmər mənbəni bu kənddən alır. Ancaq Kürün bəndi yarmasının su kəməri üçün heç bir təhlükəsi yoxdur.

Kür çayı qırağında yerləşən kəndlərdə vəziyyət gərgin olaraq qalır. Həmin ərazilərdə qrunt suları 1 metr qalxıb. Dünənə olan məlumata görə, Sabirabad rayonunda Kür çayının səviyyəsi yenidən 4 santimetr yüksəlib. Çayın Salyan rayonundan keçən hissəsində isə əksinə, enmə müşahidə olunub. Burada çayın səviyyəsi 18 santimetr aşağı düşüb.

Sabirabad RİH-dən aldığımız məlumata əsasən deyə bilərik ki, Azadkənd kəndi istiqamətində Kür çayının qarşısında qurulan bəndin dağılmasından sonra yaşayış məntəqəsinin bir hissəsi - 150-yə yaxın ev suyun altında qalıb, 60-dan çox ev selin təsirindən uçub. "Meliorasiya və Su Təsərrüfatı" ASC prezidentinin müavini Rafiq Aslanovun rəyinə görə, həmin bəndin yarılması Salyan və Neftçala rayonlarını daha çox subasmadan xilas edib və həmin ərazilərdə suyun səviyyəsi aşağı düşüb. Beləliklə, yeni daşqınların təhlükəsi aradan qalxıb.

Kür çayında bəndlərin yarılması nəticəsində Sabirabad rayonu üzrə daşqından 21 kənd zərər çəkmişdir. Həmin kəndlərdən ümumilikdə 5474 ev (27446 nəfər) daha təhlükəsiz yerlərə, müvəqqəti məskunlaşma məntəqələrinə köçürülmüşdür. Dövlət qurumlarının həyata keçirdikləri bərpa işlərindən sonra mayın 20-dək 2803 ailə, cəmi 14410 nəfər öz evinə qayıtmışdır.

Sabirabadla əlaqədar daha bir faktı nəzərinizə çatdıraq. Təbii fəlakət başlayanda, yəni 6 may 2010-cu il tarixdə rayon ərazisində suyun səviyyəsi 927 santimetr, ötürülən suyun həcmi isə 2386 kubmetr olmuşdusa, dünənə bu rəqəmlər müvafiq surətdə 950 santimetr və 2716 kubmetr təşkil etmişdir.

Araz çayının sahilboyu yaşayış məntəqələrində də vəziyyət ürəkaçan deyil. Suyun səviyyəsinin qalxması yenidən müşahidə olunur. Bütün canlı qüvvələr, texnika, maşın və mexanizmlər səfərbər edilmişdir. Bununla belə, İmişli, Saatlı və Sabirabad rayonlarının ərazilərini tutan Sarısu gölündə suyun səviyyəsinin qalxması vəziyyəti gərginlikdə saxlayır. İmişlidə iki kənd, Saatlıda isə Kamallı, Hacıqasımlı, Musalı, Nərimankənd, Dəlilər, Novruzlu kəndləri və 436 nəfərlik məcburi köçkün qəsəbəsi təhlükə altındadır.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2010.- 21 may.- S. 3.