İstanbulda "Heydər
Əliyev və Azərbaycanda milli siyasət" kitabının
təqdimatı olmuşdur
İstanbuldakı "Grand Cəvahir" hotelində Hidayət Orucovun Türkiyənin Dialoq-Avrasiya Platformasının
"DA Yayıncılık" nəşriyyatında türk
dilində çapdan çıxmış "Heydər
Əliyev və Azərbaycanda milli siyasət" kitabının
təqimatı olmuşdur.
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Hidayət
Orucovun dünyanın bir çox dillərinə tərcümə
olunmuş bu kitabı ulu öndər Heydər Əliyevin
dünyəvi dövlət quruculuğu və milli siyasət
sahəsindəki çoxşaxəli səmərəli fəaliyyətindən
bəhs edir və müəllifin "Ekiz qardaşıma"
başlıqlı ön sözü ilə
açılır. Burada iki qardaş xalqın tarixi kökləri,
"Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir"
deyən böyük Atatürkün, "Biz bir millət, iki
dövlətik" kəlamını söyləyən ulu
öndər Heydər Əliyevin konseptual fikirləri istiqamətində
hazırkı əlaqələrin də inkişaf
dinamikası əsaslandırılmışdır.
Kitabda, həmçinin
türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin
misilsiz xidmətləri nəticəsində möhkəm təməllər
üzərində formalaşan milli dövlətçilik, azərbaycançılıq
konsepsiyaları, demokratiya yolu ilə inamla addımlayan Azərbaycan
cəmiyyətinin sivil dünyaya inteqrasiyası məsələləri
dərin təhlillərlə öz əksini
tapmışdır. Mərasimdə Milli Məclisin mədəniyyət
komitəsinin sədri, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Nizami Cəfərov,
kitabın müəllifi Hidayət Orucov və başqaları
çıxış edərək ümummilli lider Heydər Əliyevin
Azərbaycan və türk dünyası qarşısında
misilsiz xidmətlərindən bəhs etmişlər. Vurğulanmışdır
ki, bu dahi şəxsiyyətin zəngin siyasi fəaliyyəti
kitablara sığmayacaq qədər böyükdür.
Mərasimdə ulu
öndərin həyat və fəaliyyətindən bəhs edən
sənədli film də nümayiş etdirilmişdir.
Təqdimat mərasimində
Türkiyə Böyük Millət Məclisinin deputatları,
diplomatlar, İstanbul ictimaiyyətinin nümayəndələri,
Azərbaycan diasporunun təmsilçiləri iştirak
etmişlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri Ankara
Xalq qəzeti.- 2010.- 20 may. S. 3.