Şəkidə tanınmış gülüş ustası Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir

 

Mayın 20-də Şəki Dövlət Dram Teatrında tanınmış gülüş ustası, xalq artisti Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

 

Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov səhnəmizin parlaq istedadlarından olan Lütfəli Abdullayevin Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışmış, bu tədbirin Şəkinin mədəni həyatındakı böyük əhəmiyyətini xüsusi vurğulamışdır.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov bildirmişdir ki, qurum öz fəaliyyətində elm, mədəniyyət və incəsənətin bütün sahələrində gərgin və səmərəli nəticələr əldə etməklə, bu səhələrin korifey sənətkarlarının, kino, teatr və incəsənət xadimlərinin xidmətlərini yüksək qiymətləndirir, onları daim yad edir. Məlumat verilmişdir ki, tanınmış gülüş ustasının xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu il üçün təsdiq etdiyi tədbirlər planına uyğun olaraq keçirilir.

Mərkəzin kino bölməsinin müdiri Faiq Nəcəfov tanınmış gülüş ustasının teatr və kino sahəsindəki xidmətlərindən danışmış, onun müxtəlif tamaşa və filmlərdə yaratdığı obrazlardan söhbət açmışdır. Tədbirdə iştirak edən aktyorun sənət dostları, həmyerliləri, tələbələri L.Abdullayevin səhnə fəaliyyəti və yaradıcılığı barədə xatirələrini bölüşmüşlər.

Gülnarə Lütfəliqızı çıxış edərək atası ilə bağlı xatirələrini danışmış, tədbirin təşkilinə göstərdikləri köməyə görə ailə üzvləri adından Mədəniyyət və Turizm Nazirliyinə, Elmi-Metodiki Mərkəzə, habelə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Tədbirdə Lütfəli Abdullayevin çəkildiyi "Ulduz", "Arşın mal alan", "Qəribə əhvalat", "Əhməd haradadır" və digər kinofilmlərdən fraqmentlər, habelə gülüş ustasının yaradıcılığından bəhs edən film nümayiş etdirilmişdir. Ədəbi-bədii gecə incəsənət ustalarının, özfəaliyyət və rəqs kollektivlərinin maraqlı konsert proqramı ilə davam etmişdir.

 

 

Xalq qəzeti.- 2010.- 22 may.- S. 8.