Mənalı ömrün
anları
Xatirələr, xatirələr!
Doğma əziz xatirələr! Göz yaşı tək
dupduru, tərtəmiz xatirələr. Acılı-şirinli,
bəzən xoş, bəzən də kədərli xatirələr.
Mənalı, ibrətamiz, heyrətamiz xatirələr.
Heç vaxt unudulmaz, yaddan çıxmaz xatirələr. Tarix
olan, tarixləşən xatirələr. Elə isə...
1951-ci il. Azərbaycan Dövlət Universitetini başa
vurduğumuz çağlar. Uzun illər dostlarımızla
keçirdiyimiz tələbəlik illəri. Heç vaxt
unudulmayan tələbəlik illəri. Ayrılıq kədəri,
görüşərik təsəllisi...
Azərbaycan Elmlər
Akademiyasında böyük təbib, dahi alim, vitse-prezident
akademik Mustafa bəy Topçubaşovun qəbulunda olduq. Görüşdə
söhbət qısa oldu. Böyük alim dedi: "Əziz
balalarım, artıq yuxarıda siyahı təsdiqlənib. Hazırlaşın,
bu günlərdə Moskvaya yola düşəcəksiniz.
Aspiranturaya qəbul orada aparılacaq. Qorxmaq lazım deyil,
oxumaq lazımdır. Hər kəs öz ixtisası üzrə
imtahan verəcək. Sizi Azərbaycanımızın
adından göndərir və ümid bəsləyirik.
Axı, siz sayseçmələrsiniz! İmtahan ərəfəsində
bərk çalışın, gecəni gündüzə
qatın..."
Fit verildi, qatar yola
düzəldi. Ürəyim
tel-tel oldu, telləndi. Biləcəridən keçəndə
az qala özümü vaqondan atmaq istəyirdim.
Şenliyimiz, oylaqlarımız,
yaylaqlarımız yadıma düşürdü. Dəli Kürün laylasını hey
xatırlayırdım. Anamın küskün
məzarı ürəyimi göynədirdi. Elə bil
hamı məndən: "hara gedirsən?" - sualına cavab gözləyirdi.
Kupedə birlikdə getdiyim
oğlanla
Tezliklə
Moskvanın qaynar həyatına qovuşduq. Görmədiyimiz
möcüzələr, kitablardan oxuduğumuz tarixi abidələr.
Ancaq bu möhtəşəmlik
gözümüzə görünmürdü. İlan vuran yatar, biz isə səhəri gözlərimizlə
diri açardıq. Neyləyim, necə eləyim
intizarında qalmışdıq. Könülsüz
məşğələlərə gedir, könülsüz də
məşğələlərdən qayıdırdıq.
Nə qaçmağa imkanımız vardı, nə
uçmağa qanadımız.
Bu arada Azərbaycan
Elmlər Akademiyasının prezidenti, akademik Musa Mirzə
oğlu Əliyev Moskvaya gəldi. Hamımızı
şam yeməyinə dəvət etdi. Söhbət əsnasında
o bizə bildirdi: "Dostlar, siz Azərbaycan kimi bir ölkənin
adından gəlmisiniz. Gərək
davranışınız, biliyiniz və təbiətinizdə
xalqımızın xarakteri özünü göstərsin.
Sizə böyük ümid bəsləyir, sizdən
çox şey gözləyirik. Çox
keçməz, böyük uğurla Vətənə dönər,
hərəniz öz ixtisasınız üzrə bir sahəyə
rəhbərlik edərsiniz. Mən buna qəti
əminəm. Ola bilər, bəziləriniz
xarici dili zəif bilirsiniz. Bu münasibətlə sabah kafedra müdiri Baziyevin yanında olacam. Lakin siz çalışın, özünüzə
güvənin, hünərinizi göstərin". Xuduynan mənim qanımız lap qaraldı. Biz
Vətənə getmək fikrində, akademik isə burada bizim
yerimizi möhkəmlətməkdə...
Qəbul
imtahanlarını uğurla versək də, qəlbimizdə
narahatlıq vardı. Xudu ilə Vətənə qayıtmaq
üçün yollar axtarır, bəhanələr fikirləşirdik.
Xudu nə yatır, nə dincəlirdi. Əslinə
qalsa, mən bir az sakitləşmişdim. Nisgilimi ürəyimdə gəzdirir, heç kəsə
aça bilmir, içimi yeyirdim. Atamı
1937-ci ildə xalq düşməni maddəsilə güllələmişdilər.
Bu məsələni tərcümeyi-halımda
gizlətmişdim. Ona görə də
qayıdıb getsəm və bunlar da bəlli olsa, taleyim betərdən
betər olar. Məni də atamın yoluna
göndərərdilər. Ah, mən çəkənləri
heç düşmənlərim də çəkməsin...
Gördüm məsələ
son həddə çatır. Xudu ipə-sapa
yatmır. Qaldım neynəyim, necə eləyim
də. Gecə yollar axtarırdım.
Birdən bir fikir ağlıma gəldi. Bütün bu düşüncələri Əhməd
müəllimlə bölüşmək qərarına gəldim.
Lakin Xududan ehtiyat edirdim. Qorxurdum
eşidər, məni satqın adlandırar.
Hər gün
olduğu kimi bu dəfə də Əhməd müəllimlə
kitabxanada görüşdüm. Deyim-deməyim
arasında yanırdım. Lakin qərarlaşdırdım
ki, gec-tez deməliyəm. Başqa yol yoxdu.
Açılışdım. Nə üçün Əhməd müəllimə
deməyim səbəbsiz deyildi. O, bizdən 4-5 yaş
böyük idi. İkinci dünya müharibəsinin
od-alovundan çıxıb gəlmişdi. Sinəsi ordenli, medallı. Ürəyi
hünərli, təpərli. Həm də bizdən hələ
bir il əvvəl SSRİ Elmlər
Akademiyasının İqtisad İnstitutunda aspirant idi. Hər
şeyi görmüş, elmi mühitlə
Əziz oxucular! İcazənizlə, Əhməd müəllim
haqqında bir qədər ətraflı. Məncə
xatirələrdə belə məqamları da bilmək
faydalıdır. Qarayanız,
çatmaqaş, gülərüz. Şirin
Naxçıvan ləhcəsiylə danışması da bir
ayrı. Enlikürəkli, ağayana
yerişi, şahanə duruşu yaddaqalan. Az
danışan, mənalı danışan. Yersiz
danışanları sevməyən. Zarafatcıl,
lakin zarafatı ölçülü və yerində. Sözünü deyən, eşitdirən, xətirə
də dəyməyən. Yeri gələndə
"qızım, sənə deyirəm, gəlinim sən
eşit" - deməyə üstünlük verən.
Sadə, səmimi, özü bütöv, sözü
bütöv, istiqanlı, vətəncanlı...
Həyəcan
keçirə-keçirə, deyim-deməyim arasında üz
tutdum Əhməd müəllimə. Əhməd müəllim qəlbimdən
keçənləri duymuş kimi söhbətə
körpü saldı: "Bu gün xoşuma gəlmirsən,
kefsiz görünür, sözlü adama
oxşayırsan". Başladım, nə
başladım, ürəyimi boşaltdım, nə
boşaltdım.
Kitabxanadan evə
qayıdanda vurğun vurmuşa döndüm. Gecəni
ağzı üstə qaldım. Dərdim,
məlalım birə-beş artdı. Elə
bil, yüküm qurğuşun yükü oldu. Min bir əzab, əziyyət. Xudu
eşidəndən sonra mənə nə deyəcək, necə
baxacaq? Deməli, qara günlərim hələ qabaqda
qalıb...
Əhməd
müəllim başqa yerdə qalırdı. Ertəsi
gün qapımız döyüldü. Gələn
Əhməd müəllim idi. Salam-kəlamdan sonra:
"ay uşaqlar, bir hind çayı təşkil edin,
yanıram". Xudu çay gətirdi. Əhməd müəllim içmədi.
Qarabuğdayı çöhrəsi bir az
da tutulmuşdu. Mən isə: "ölmə, diril" vəziyyətdə.
- Ovqatınız mənə
xoşagəlməz görünür. Hamı
aspiranturaya qəbuldan, sevincdən, hünərdən
danışır, siz isə fikirli-zikirli
görünürsünüz. Qırımınızdan
nisgil tökülür. Olmaya ev
üçün darıxırsınız?! Qulağıma
da buna bənzər sədalar dəyir. Deyəsən,ı özünüzü itirmisiz,
uşaqlıq edirsiniz.
Sonra bir qədər də
ciddi görkəm alaraq:
- Belə gözəl imtahan
verəsiniz, qəbul olunasınız, sonra da bütün
uğurları yerə vurasınız. Evinizə
teleqram vurub intizarda qalanları sevindirmisinizmi? Buraxın boş xülyaları,
ağlınızı başınıza yığın, elm
dünyasına baş vurun, hamımızı sevindirin. Açıq sözümdü, inciməyin,
görünür dar düşünürsünüz.
Bir qədər də kəsərli:
- Necə ki, gec deyil,
papağınızı qabağınıza qoyun, fikirləşin.
Yüz ölçün, bir biçin. Geriyə yol yoxdur, irəliyə, yalnız irəliyə.
Mən də böyük qardaş kimi həmişə
yanınızda, həmişə sizinlə. O, qanı
qaraldığından çayını da içməyib
getdi.
Xudu
qulaqlarına inanmır, yuxu görmüş kimi mat-məəttəl
qalmışdı. Mən də ölü məyus,
günahkar kimi. Birdən Xudu acıqlı bir görkəmdə:
"Bu sənin əməlindir, sən demisən. Bu qərarı məyər bizdən başqa bilənlər
olub? Daha sənə sözüm yoxdu".
"Sən getmirsən, özün bilərsən,
mənim fikrim qətidi".
Bir neçə
gün incik gəzdik. Nə dindik, nə danışdıq.
Dinməz, söyləməz. Bir neçə
gündən sonra barıt çəlləyi kimi partladım:
- Aya, ay Xudu,
hamısını mən demişəm. Başqa
çarəmiz varmı? Mən elə elədim
ki, yayda gedək qürurla kəndimizdə gəzək,
hamının sevimlisi olaq. Moskvadan gəliblər: - desinlər.
Bir neçə dəfə üz göstərmədi,
yamanca alınmışdı. Sonra yumşaldı,
muma döndü. Gülümsəyərək:
- Nə qədər fikirləşdim,
götür-qoy elədimsə, bundan yaxşısı yoxdur. Sonu pis olardı. Əhməd
müəllimin də, sənin də ölənləriniz cənnətlik
olsun. Çalışmaq və sonra Vətənə
üzüağ qayıtmaq ən düzgün yoldur.
Sevindiyimdən
qucaqladım, öpdüm. Fərəhli günlərimiz,
gözəl çağlarımız başladı. Ürəyimizdə el-obamız, əzizlərimiz,
diləyimizdə elmimiz, Azərbaycanımız.
Maraqlıdır,
Xudu Məmmədov sonralar dünya şöhrətli alim kimi məhşurlaşdı. Elmimizə
baş ucalığı gətirdi. Hamımız
onunla fəxr etdik.
1955-ci il.
Artıq Moskvadakı günlərimiz tədricən
öz köçünü Vətənə sarı
sürürdü. Birimiz bir az tez,
birimiz bir az gec müdafiə edir, Bakı eşqilə
yaşayırdıq. Hamımız döndük
Vətənə, başladıq qızğın elmi fəaliyyətə.
Acgözlüklə, bir ayrı həvəslə
araşdırmalarımızı davam etdirirdik. Vətənə xidmət, xalqa xidmət arzusu ilə.
Hərə öz işində, öz
axtarışında.
Tez-tez
toplaşır, Moskva günlərimizi, keçən
çağlarımızı xatırlayırdıq. Aramızda evlənən,
yeni həyat quranlar da az deyildi. Bir-birimizin toyunda iştirak edir, xoşbəxtlik
arzulayırdıq. Hamı evli-eşikli,
hamı ailə sahibi. Bir-birimizlə tez-tez
əhval tutur, çətinlikləri,
narahatçılıqları aradan qaldırmağa
çalışırdıq. İlahi, nə qədər
doğmalıq vardı aramızda!
Əhməd
müəllim də ailə qurmuşdu. Xoşbəxt
bir ailə. İki gözəl
övladı gəldi dünyaya. Bir
oğlan, bir qız.
Əhməd
müəllim qibtəyə layiq bir ailə
başçısı idi. Bu böyük alim
övladlarının təlim-tərbiyəsinə də
xüsusi diqqət yetirirdi. Onların
böyüyüb kamil insan kimi yetişməsinə
çalışırdı. İstəyirdi
ki, onlar əslə, nəslə layiq olsunlar, kök üstə
köklənsinlər, Vətənə layiq, xalqa sadiq olsunlar.
Öz yeri, öz sözlərilə
sayılsınlar, seçilsinlər.
Valideynlərin arzuları
Zaman keçdi,
yavaş-yavaş yoldaşlar doktorluq müdafiəsinə
başladılar. O vaxt akademiyada İctimai Elmlər Üzrə Müdafiə
Şurasının sədri akademik İsmayıl Hüseynov,
elmi katibi Əhməd Mahmudov idi. Mənim
doktorluq işimin başı çox bəlalar çəkdi.
Mane olanlar, üzümə gülüb, arxada
qeybət edənlər. İşim
çox müşkülə düşdü. Ora apar, bura apar, rəy gətir. Min
bəhanə. Bu münasibətlə Əhməd
müəllimlə təklikdə görüşdük.
- Teymur, əsərin
xalqımızın qədim və orta əsrlər tarixinə
həsr edilib. Oxudum, xoşuma gəldi. Görürəm, narahatsan, həyəcan içindəsən.
Lakin hər şey düzələr,
İsmayıl müəllimlə bu barədə söhbətimiz
olub. Səni bərk müdafiə edir.
Bu işdə maneçilik törətmək istəyənlər
də ola bilər, ağız büzənlər
də tapılar. Bil ki, həyatın, elmin
yolları enişli-yoxuşludur, fikir vermə.
- Ay Əhməd müəllim,
sadəcə olaraq paxıllıq, gözügötürməzlik.
Hətta məni dost adlandıran bəziləri üzümə
gülür, ayağımın altını eşirlər. Görünür, bu da mənim acı taleyimdi.
Bir gün
İsmayıl müəllim məni yanına
çağırdı. Əhməd müəllimlə qabaq-qənşər
oturmuşdular. Əhməd müəllimin
üzü gülür, İsmayıl müəllim isə
ciddi görkəm almışdı. Salam-kəlamdan sonra
İsmayıl müəllim:
- Teymur, bədniyyətlər
nə qədər çalışsalar da, qalib gələcəyik.
Görünür, sənin
çalışqanlığın, tez-tez əsər
çap etməyin onları təşvişə salıb.
Bu günlərdə sənin müdafiənə
yaşıl işıq yandırmaq Əhmədlə mənim
boynuma.
Məndən əvvəl
Əhməd müəllim sevincək İsmayıl müəllimə
təşəkkür elədi.
Müdafiə
çox maraqlı və bir səslə keçdi. Başqa
respublikadan və Azərbaycandan olan opponentlərim dissertasiya
işinin məziyyət və çatışmayan cəhətlərini
qeyd etdilər. Dissertasiya işi Moskvaya təsdiqə
göndəriləndə də, Əhməd müəllim əlindən
gələni etdi...
Bir qayda olaraq,
çıxan əsərlərimizi bir-birimizə
bağışlayır, hədiyyə verirdik. Mən Vətənimi, onun ayrı-ayrı
bölgələrini vəsf etməyi,
tanıtdırmağı düşünürdüm. Bu yönümdə elmi-populyar əsərlər
yazmaq niyyətinə düşmüşdüm. İlk qələm sınağımı Qazaxdan
başladım. Oranın təbiətini,
tarixini, mötəbər insanlarını daha yaxşı
tanıdığım üçün. Bir
xeyli vaxtdan sonra "Ana kürüm" adlı bir əsərim
işıq üzü gördü. Qaydası
üzrə birini Əhməd müəllimə hədiyyə
etdim. Vərəqlədi, şəkillərə
diqqət çəkdi. "Ay qardaş, lap
gözündən vurmusan ki! Burada gör kimlər var, Osman
Sarıvəlli, Molla Vəli Vidadi, Molla Pənah Vaqif,
Vurğun, Əliağa Şıxlinski, Qaçaq Kərəm,
İsrafil ağa Biləndərli. Maraqlıdı, mütləq
oxuyacam"...
Xeyli vaxt
keçdi. Bir gün iclasda iştirak edirdik. İclasdan
sonra Əhməd müəllim:
- Gedək otağıma,
kitabın haqqında verdiyim vədi yerinə yetirim.
- Çox yaxşı,
çox gözəl.
- Bu səpkidən olan əsərlər
ictimaiyyətimiz üçün maraq doğurur. Hamı dünəni, bu günü ilə çox fəxr
edir, qürur duyur. Əsərin məzmunu da
yaxşıdır, qayəsi, niyyəti də...
Lakin etiraf etməliyəm
ki, Mehdi Hüseynlə bağlı oçerkin məni qane etmədi. Başqalarına
nisbətən bu bölmə ürəyimcə deyil. Görünür, qayınatan olduğuna görə
təvazökarlıq etmisən. Mehdi
Hüseynin heç kəsə ehtiyacı yoxdur.
Böyük yazıçı və ictimai xadimdir...
Əhməd
müəllim mütaliə etməyi çox sevirdi,
ensiklopedik biliyə, geniş erudisiyaya, güclü məntiqə,
dərin müşahidə qabiliyyətinə malikdi. Müdriklər
kimi hardan desən, nədən söhbət açsan
müzakirə etməyə, cavab verməyə hazır idi.
Azərbaycanın
başı üzərini qara buludlar alırdı. Müdhiş müharibə
xəbərləri ara vermirdi. Narahatlıq artırdı. Gah Topxananı
yandırdılar, gah laçınlılar dəhşət
içində, gah da
Qədim
Bakı heç vaxt görünməmiş kimi təlaş
içində idi. Hamı qaşqabaqlı, hamı dinməz-söyləməz
xəyallar aləmində. Cəmiyyətdəki
əhval ruhiyyə müxtəlif idi. Bir
qisim insanlar çaşqınlıq və inamsızlıq
içində idilər. Bir çoxunun
gözlərində isə intiqam
qığılcımları parlayırdı. Artıq yetər, dözmək olmur. Hücum, yalnız hücum. Yerimək,
yürümək, düşmən üstünə.
Zəng çaldılar,
heç bir salamsız-kəlamsız, bir qədər rəsmi:
"Təcili filan yerə gəlməlisiniz. Tez
sizi gözləyirik". Hər şey
aydın idi. Həyəcan təbili
çalınırdı. İçəri
girəndə təkrarsız insan, məşhur
hüquqşünas, gözəl ziyalı Abdulla İbrahimovu
gördüm. Həm pərişan idi, həm
də gözləri şimşək kimi çaxırdı.
Məsələni mənə başa saldı: "Qazağa
gedirik. İnsanlar narahatdı, nigarandı.
Gedək, söhbət aparaq, qəlblərində
ümid şöləsi yandıraq. Camaatla
bir yerdə olaq, məsləhət, məşvərət
aparaq. Qoy inamları güclü olsun.
Əlbir olaq, dilbir olaq. Bundan
şərəfli nə var ki? Qarı
düşmən xar olsun".
Yenidən
qapı açıldı. Gələn akademik Əhməd
Mahmudov idi. Həmişə gülərüz,
şirin ləhcəli olan bu insan sanki dəyişmiş,
başqalaşmışdı. Məsələ
aydın idi. Göstəriş aldıq,
axşam qatarda görüşdük. Narahatçılıqlar,
nigarançılıqlar qəlbimizə hakim kəsilmişdi.
Gecəni dirigözlü açdıq. Qazaxda bizi mehribanlıqla qarşıladılar.
Şər
qarışar-qarışmaz izdihamlı bir məclis təşkil
olundu. Necə deyərlər, iynə atsan yerə
düşməzdi. Gəlişimizlə
adamların çöhrəsində ümid şölələri
parlayırdı. Elə bil,
özümüzlə yenilməz bir ordu gətirmişdik,
düşmən üzərinə yeriyəcəydik. Məqsəd-məramımızı bildirdik. Mənalı, məzmunlu söhbətlər qanad
aldı. Hamı bir ağızdan, elliklə:
"Hamımız hazırıq! Az bu
dığaların nazıyla oynayaq. Qudurmuşları
yerlərində oturtmasan çox qudurmuşluq edəcəklər.
Dünənə qədər qapımızda
quyruq bulayıb yaltaqlananlar indi meydan sulamaq, hərbə-zorba gəlmək
istəyirlər. Qaçaq Kərəmin, İsrafil
ağanın törəmələri deyilik? Qana
qan, vəssalam!"
Əhməd müəllim
çıxışlarında bir qayda olaraq fikrini belə
vurğulayırdı: "Əziz qazaxlılar, siz qeyrətli
camaatsınız. İlk Azərbaycan şahini Fərrux
Qayıbovun yerlilərisiniz. Rus
artilleriyasının allahı, xalqımıza
başucalığı gətirən, tayı-bərabəri
olmayan general Əliağa Şıxlinskinin həmvətənlərisiniz.
Ellər-obalar vurğunu, dahi şairimiz Səməd
Vurğunu xalqımıza bəxş edənlərsiniz. Düşmənlə
qarşı-qarşıyasınız. Qeyrətiniz,
cəsarətiniz hamıya bəllidir. Gəlin
əl-ələ, çiyin-çiyinə verək. Yurdumuzu mənfur ermənilərdən qoruyaq. Əminəm ki, siz candan, qandan keçəcək, düşmənə
qənim kəsiləcəksiniz. Başqa
yolumuz yoxdur".
Abdulla müəllim
də, mən də təxminən eyni məzmunda
çıxışlar edir, qazaxlılara ürək-dirək
verir, "qayım-qada olun" - deyirdik. Xalqımız
sizinlədi, arxanızda, yanınızdadı deyirdik. Yağılara qarşı birləşməli, əlbir-dilbir
olmalıyıq. Başqa
çıxış yolumuz yoxdur. Ya elliklə
məhv olmalı, ya da torpaqlarımızı
qorumalıyıq".
...Sonralar xalqımızı
hələ çox sınaqlar gözləyirdi,
müşküllər hələ irəlidəydi. Ümidlər isə Xilaskara qalmışdı.
O, faciədən, hərc-mərclikdən Qurtuluş gətirəcəkdi...
Əhalinin əhval-ruhiyyəsi
bizi çox sevindirirdi. Elə bil, keçmiş
torpaqlarımız olan Dilican dərəsi yolumuzu gözləyirdi.
Ertəsi günü də eyni hal-əhval, eyni
ruh yüksəkliyi. Bu arada Vaqif Səmədoğlu
da Bakıdan gəlib dəstəmizə qoşuldu. Şəhəri gəzir, camaatla
görüşür, hal-əhval tutur, məzmunlu söhbətlər
aparırdı. Kəndlərə gedir,
eyni məqsədimizi insanlara bildirirdik.
Gecə qonaq
evində mən Əhməd müəllimlə, Abdulla
İbrahimov isə Vaqif Səmədoğlu ilə bir otaqda
qalırdıq. Axşamçağı xeyli söhbət
etdik, dünyanın ədalətsizliyindən
danışdıq.
Xoş təəssürat,
ümidlərlə Qazax torpağından ayrıldıq. Qazaxlılar
da andlarına sadiq qaldılar, düşmənə
qarşı alınmaz qalaya çevrildilər. Müqəddəs torpaqlarının əbədi
sakinləri öz Vətən borclarını şərəflə,
namusla, qeyrətlə yerinə yetirdilər.
Akademik Əhməd
Əkbər oğlu Mahmudov ömrünün 25 ilini Azərbaycan
Elmlər Akademiyası İqtisadiyyat İnstitutuna rəhbərlik
etdi. Respublikada iqtisad elminin yenidən təşəkkülü
və inkişafında böyük xidmətlər göstərdi.
Misilsiz töhfələr verdi. O, az yaşasa da, mənalı ömür
sürdü, yazdı, yaratdı. 200-ə
yaxın qiymətli əsərin müəllifi kimi
tanındı. İqtisadiyyat elmi üzrə
yüksək ixtisaslı kadrların yetişməsində
böyük işlər gördü. Hazırda
iqtisad elminin belə geniş vüsət almasında onun yeri,
payı nə danılır, nə də yaddan
çıxır.
Əhməd
Mahmudovun yaşadığı Bakıda, Hüseyn Cavid
prospektində tuncdan hazırlanmış xatirə lövhəsi,
Naxçıvanda Şərur rayonunda Türk liseyi
qarşısında büstünün ucaldılması diqqəti
çəkir.
Dünya okeanlarında üzən Azərbaycan gəmisinin
"Əhməd Mahmudov" adını daşıması
alimə böyük ehtiram əlamətidir.
Əhməd
müəllim ürəyini çox yüklədi. Ona heç
yazığı gəlmədi. Ürək
nə qədər dözə bilərdi. Vətən
yarası onu odlara qalayırdı. Ona
görə də ürək vaxtsız susdu, dayandı. Gözləri qüruba boylandı, söndü.
İnsan ölər,
insanlıq qalar bu dünyada. Kişilər
köçər, kişilik qalar bu dünyada. Alim dünyasını dəyişər, alimliyi,
elmi yadigar qoyar bu dünyaya. Bəli, Əhməd
müəllim insanlığın, kişiliyin,
ziyalılığın, alimliyin bariz nümunəsi,
carçısı kimi əbədidir, həmişəyaşardır.
Nə unudulan, nə yaddan çıxandır.
Mənalı ömrün azı-çoxu olmur.
Yəqin ki, belə yaşamaq, əbədiləşmək,
elinin, obasının qəlbində yuvalanmaq hər şeydən
üstün və əvəzsizdir. O gözəl insan, əsl
ziyalı və dönməz vətənpərvər, bir
sözlə böyük şəxsiyyət baharın
güllü-çiçəkli və təravətli ayı
mayda dünyaya gəlmişdi. Dünyasını da
Şuşanın alınması ilə Azərbaycanın
torpaqlarının işğalının miqyasının
genişləndiyi may ayında dəyişdi. Vətən
dərdinə dözə bilmədi.
Xatirələr
yaşayır, xatırladığımızı da
yaşadır, bizi də yaşadır. Gənclikdən,
tələbəlikdən, aspiranturadan gələn dostluq davam
edir. Dostlarımızın, müəllimlərimizin,
şəxsiyyətlərinə ideal kimi
baxdığımız insanların bir qismi yanımızda,
bir qismi isə xatirələrimizdə. Yazıram ki,
xatirələrimiz yazılarda yaşasın, gələcək
nəsillər kimin kim olduğunu bilsinlər,
dostluğa, müdrikliyə daim hörmət etsinlər.
Teymur BÜNYADOV,
Akademik
Xalq qəzeti.- 2010.- 23 may.- S. 7.