Məcburi
köçkün həyatı olsa da...
Azərbaycanın
56 şəhər və rayonunda məskunlaşan kəlbəcərlilərin
əli işdən soyumur
- Kəlbəcərli harada
olursa-olsun zəhmətsevərliyini,
işgüzarlığını göstərəcək. Tənbəllik,
passivlik onlara xas olan xüsusiyyət deyil...
Rayon icra hakimiyyətinin
başçısı Vidadi Məhərrəmovun dediyi bu
sözlərdə böyük həqiqət var. Kəlbəcərlilər
17 ildən çoxdur ki, məcburi köçkün həyatı
yaşasalar da əlləri işdən-gücdən bir an belə
soyumayıb. Az şəhər, rayon tapılar ki, orada kəlbəcərli
məskunlaşmasın. Amma onların gündəlik həyatı
ilə yaxından tanış olduqda görürsən ki,
kiçik bir torpaq sahəsi varsa belə, orada necə əkir,
yetişdirir, mal-heyvan saxlayır, arı bəsləyir... Tarixən
belə olub, indi də belədir.
Bəs 2010-cu ildə vəziyyət necədir? Bu yaxınlarda rayon icra hakimiyyətində birinci rübə yekun vurulub. Faktlar yenə ürək açandır. Gəlin nəzər salaq.
Ağır məcburi köçkün həyatı yaşayan kəlbəcərlilərin, xüsusilə heyvandarlıqla məşğul olan sahibkarlara göstərilən köməyin və onlar üçün yaradılan lazımi şəraitin nəticəsidir ki, 2010-cu ilin I rübündə qara malın sayı 7 faiz və ya 1369 baş artıb. Qoyun-keçilərin sayı 6 faiz və ya 9867 baş, arı ailələrinin sayı 22 faiz və ya 870 ədəd çoxalmışdır.
Bu ilin birinci rübündə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 9 faiz artaraq 3 milyon 281 min manat olmuşdur, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 266 min manat çoxdur.
Adambaşına məhsul istehsalı 48,39 manat təşkil
edir. Əhalinin orta aylıq əmək haqqı 208 manatdır
ki, bu da ötən ilin müvafiq dövründəkindən
çoxdur.
Rayonun daxili imkanları hesabına 18 yeni iş yeri
açılmışdır, o cümlədən hesabat
dövründə 17 nəfər fiziki şəxs daimi iş
yerləri ilə təmin edilmiş, 1 hüquqi şəxs
qeydə alınmış, RİH-nin köməkliyi ilə 12
nəfər işə düzəlmiş, "Azəryolservis"
ASC-nin köməkliyi ilə 44 nəfər işlə təmin
edilmişdir. Ümumiyyətlə, daxili imkanlar hesabına
2003-cü ilin oktyabr ayından indiyədək rayon üzrə
654 yeni iş yeri açılmışdır. Nəqliyyat
Nazirliyinin tabe qurumlarında Kəlbəcər rayonundan olan 32
nəfər işə düzəlmişdir.
2010-cu ilin I rübündə rayonun məcburi
köçkünlərinin mənzil şəraitinin
yaxşılaşdırılması, digər sosial problemlərin
həlli rayon icra hakimiyyətinin fəaliyyətində əsas
yer tutmuşdur. Cari ilin fevral ayının 27-də Qəbələ
şəhərində ölkə başçısı
İlham Əliyevin məcburi köçkünlərlə
keçirdiyi tarixi görüş kəlbəcərlilərin
həyatında ən əlamətdar hadisəyə
çevrilib. Qəbələ rayonunda Turist bazasında müvəqqəti
məskunlaşmış 132 kəlbəcərli məcburi
köçkün ailəsi hündürmərtəbəli evlərə
və hər cür şəraiti olan yeni mənzillərə
köçürüldü. Ümumiyyətlə, son 4 ay ərzində
ölkə Prezidentinin köməyi ilə rayonun 758 məcburi
köçkün ailəsi yeni mənzillərə
köçürülmüşdür.
Məcburi köçkünlərin mənzil probleminin həlli
ilə bağlı Dövlət Proqramına uyğun olaraq 500
evdən ibarət yeni qəsəbə və rayon inzibati mərkəzi
üçün Göygöl rayonu ərazisində 40 hektar
torpaq sahəsi ayrılmışdır. Bundan başqa, Nazirlər
Kabinetinin sərəncamı ilə həmin qəsəbənin
tikilməsi üçün əlavə olaraq 20 hektar toraq sahəsi
ayrılmışdır.
Naftalan şəhərindəki "Qarabağ"
sanatoriyasında müvəqqəti məskunlaşmış
məcburi köçkünlər üçün Goranboy
rayonu ərazisində 3 ədəd beşmərtəbəli
yaşayış binaları tikilir.
Eyni zamanda Yevlax rayonu ərazisindəki "Aran" qəsəbəsində
müvəqqəti məskunlaşmış 612 məcburi
köçkün ailəsi üçün Yevlax şəhərində
12 ədəd hündürmrtəbəli evlər tikilir. Mənzil
tikintisi ilə bağlı olaraq digər işlər davam
etdirilir.
Rayon zəhmətkeşləri 2009-cu ildə 10373 ədəd
müxtəlif növ ağac əkmişlər. O cümlədən,
Gəncə şəhərinin Gülüstan qəsəbəsi
ərazisində Azərbaycan Dövlət Aqrar Universitetin 6
saylı yataqxanası ətrafında, Ağdam rayonunun
Dördyol qəsəbəsində, Goranboy rayonunun "Yeni qəsəbəsi"ndə,
Gəncə şəhəri 84 saylı hərbi şəhərcikdə
və rayon ümumtəhsil məktəblərinin həyətində
7200 müxtəlif növ meyvə, 3173 ədəd sərv
ağacı əkilmişdir.
Bu işlər cari ilin mart-aprel aylarında davam
etdirilmiş, Goranboy rayon "Yeni qəsəbə"si ətrafında
300 ədəd, Göygöl rayonunun Murovdağ məcburi
köçkün qəsəbəsində həkim
ambulatoriyasının ətrafında və qəbiristanlıqda
70 ədəd, Gəncə şəhərinin Gülüstan
qəsəbəsində 2 saylı orta məktəbin həyətində
120 ədəd, rayon baytarlıq idarəsinin ətrafında 30
ədəd, cəmi 600 ədəd sərv ağacı əkilmişdir.
Ağaclara texniki qulluq göstərilməsi təmin
edilmişdir.
Rayon əhalisi 56 rayon və şəhərin 1000-ə
yaxın məntəqəsində müvəqqəti məskunlaşıb.
Rayon rəhbərliyi mütəmadi olaraq yerlərdə olur,
görüşlər, səyyar qəbullar keçirir,
onları narahat edən sosial və digər problemlərin həllinə
nail olur. Başçı V.Məhərrəmov 2009-cu ildə
əvvəlcədən təsdiq edilmiş qrafikə uyğun
olaraq 39 şəhər və rayonun 58 yaşayış məntəqəsində
3000 nəfərdən çox vətəndaşı qəbul
edib, onların qaldırdıqları 122 tələb-təklifin
icrası ilə məşğul olub. Bu ilin I rübündə
isə 8 yerdə səyyar qəbul-görüş
keçirilib, 732 nəfər vətəndaş qəbul
olunub, problemlərinin həllinə kömək göstərilib.
Göygöl rayonu Üçtəpə kəndində 118
saylı məktəb üçün "Azəryolservis"
ASC tərəfindən əlavə 5 sinif otağının
tikintisinə başlanılmış və 2-3 aya başa
çatdırılacaqdır. Ümumiyyətlə, dövlət
başçısı İlham Əliyevin, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət
vəkili Mehriban xanım Əliyevanın qayğısı ilə
son vaxtlar məktəb tikintisi geniş vüsət
almışdır. Keçən ilin noyabr ayının 20-də
Goranboy rayonunun "Yeni qəsəbə"sində 360
şagird yerlik, bu ilin fevral ayının 27-də Qəbələ
rayonunun Zarağan məhəlləsində 188 şagird yerlik
məktəb tikilmişdir.
...Göründüyü kimi, kəlbəcərlilər
yenə də işgüzarlıq nümayiş etdirirlər.
Amma atalar məsəli var: "tək əldən səs
çıxmaz". Nə yaxşı ki, xeyirxah adamlar
soydaşlarımıza hərtərəfli qayğı
göstərirlər.
Hamlet QASIMOV,
"Xalq
qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.-
23 may.- S. 7.