Leysan yağışları vəziyyəti daha da gərginləşdirir

 

Kür Araz çayları mənbələrini Türkiyə Respublikasından alır. Kür qonşu Gürcüstanın ərazisindən keçərək Azərbaycanın tən ortası ilə axaraq Xəzər dənizinə tökülür. Araz çayı isə Ermənistanın, Naxçıvan Muxtar Respublikasının İran ərazilərindən axaraq Sabirabad rayonunda Kürə qovuşur. Hər iki çay keçdikləri ərazilərdə irili-xırdalı bir sıra güclü suaxarlarla birləşir. Adlarını sadaladığımız ölkələrdə eləcə Azərbaycanda havaların yağmurlu keçməsi Kür Araz çaylarında suyun həcminin artmasına birbaşa təsir göstərir.

 

Mayın 20-dən etibarən həmin ölkələrdə də leysan yağışları yağır. Belə vəziyyət ayın 25-dək davam edəcək. Deməli, Kür və Araz çaylarında suyun səviyyəsi yenidən qalxacaq. Üstəlik, mənfur qonşularımız Dağlıq Qarabağdakı Sərsəng su anbarını açaraq Tərtər və Bərdə istiqamətinə axıtmaqla vəziyyəti ağırlaşdırmağa çalışırlar. Bu azmış kimi, bir tərəfdən də sürətlə axan suya partlayıcı mərmilər atırlar ki, ziyan daha çox olsun.

Təbii fəlakətə qarşı aparılan mübarizə tədbirləri günbəgün intensivləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan hökumət komissiyasının üzvləri təhlükəli yerlərdə növbə çəkirlər. Harada gərginlik yaranırsa, qüvvələr operativ surətdə o istiqamətə yönəldilir. Hazırda ən təhlükəli ərazi Sarısu gölünün ətrafında yaranıb. Gölün suyu Mil-Muğan kollektoru vasitəsilə axıdılsa da vəziyyət gərgin olaraq qalır. Şirvan şəhərində, Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında Kürboyu bəndbərkitmə işləri aramsız davam etdirilir.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sözlərinə görə, Kür və Araz çaylarında suyun azalması müşahidə olunmur, əksinə leysan yağışları vəziyyəti daha da gərginləşdirir. Daşqınların qarşısının alınması üçün əlavə tədbirlər planı hazırlanır.

Nazir onu da bildirib ki, bu səbəbdən həm fövqəladə hallar, həm daxili işlər nazirliklərinin, həm digər qurumların əməkdaşları təhlükəli ərazilərdə növbə çəkirlər. İki gün əvvəl Hacıqabul rayonunun Talış kəndi istiqamətində Kürün yardığı bənddə bərkitmə işləri aparılır. Orada Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kürün daşmasının qarşısını alıblar.

Kəmaləddin Heydərov Sarısu gölü digər istiqamətlərdə daşqınların qarşısının alınması üçün bütün qüvvələrin cəlb olunduğunu da açıqlayıb: "Cənab Prezidentin sərəncamı əsasında yaradılan dövlət komissiyası bütün qüvvələri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yönəldib. Bununla bağlı əlavə tədbirlər planı hazırlanır".

İki gündür hökumət komissiyası qərargahını İmişli rayonundakı Bəhramtəpə qəsəbəsinə köçürüb. Burada Araz çayının məcrasını dəyişmək üçün hazırlıq işləri gedir. "Meliorasiya Su Təsərrüfatı" ASC-nin prezidenti Əhməd Əhmədzadə dünən telefon vasitəsilə bizə bildirdi ki, bu plan ehtiyat üçün nəzərdə tutulub. Şəmkir, Mingəçevir, Varvara dəryaçalarında suyun səviyyəsi durmadan artır, aramsız yağan leysan yağışları da vəziyyəti gərginləşdirir. Dağ çaylarında daşqınlar baş verir. Türkiyədən, Gürcüstandan, Ermənistandan, Naxçıvan Muxtar Respublikasından İrandan axan suların hamısı üstümüzə gəlir. Daha böyük fəlakətlərlə üzləşməmək üçün alternativ yollar axtarılır.

Əhməd Əhmədzadə dedi ki, Arazın məcrasının dəyişdirilməsi ideyası həmin alternativ yollardan biridir. İmişli rayonu ərazisində Araz çayının köhnə yatağı var. Əgər çıxılmaz vəziyyət yaransa, çaydakı suyun istiqaməti Mahmudçala deyilən əraziyə yönəldiləcəkdir. Biləsuvar rayonuna kimi uzanan həmin yerlər qədimdən qış otlaqları kimi istifadə olunub. Bir daha təkrar edirəm, bu, hələlik ehtiyat üçün nəzərdə tutulan variantdır.Bununla bağlı, ölkənin müxtəlif informasiya vasitələri həyəcanlı xəbərlər yaymaqla əhali arasında vahimə yaratmasınlar. Hər şey nəzarət altındadır.

Son bir gün ərzində Kür Araz çaylarının səviyyələrində azalma müşahidə olunub. Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya bildirilib ki, mayın 21-də səhər saat 8.00-dan dünən 8.00-a olan məlumata görə, Kürün səviyyəsi Qıraq Kəsəmənlidə 6 sm azalıb. Yevlaxda 29 sm azalıb. Zərdab məntəqəsində isə səviyyə 2 sm artmışdır. Şirvan şəhərində suyun səviyyəsi 1 sm, Surrada 3 sm, Salyanda 1 sm, Bankədə 3 sm azalıb. Araz çayının səviyyəsi Novruzlu məntəqəsində 7 sm azalsa da, Qanıx çayının səviyyəsi Əyriçayda 10 sm artıb.

Araz su anbarında suyun səviyyəsində azalma müşahidə edilir. Mingəçevir su anbarında isə səviyyə artaraq 82,99 metrə çatıb. Qeyd edək ki, anbarda suyun nominal səviyyəsi 83 metr olduğundan bu səviyyəyə çatmağa cəmi 1 santimetr qalıb.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2010.- 23 may.- S. 4.