Gədəbəy: dağlar yurdunun yeni növrağı

 

Göyün üzünü bir anda qara bulud aldı. Sıra ilə düzülmüş dağların başında şimşək çaxdı. Rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Ləzgi Zeynalov əlini gözünün üstünə qoyub "yenə yağacaq", - dedi.

 

Gədəbəyin təbiəti elədir ki, yağışın, qarın, çovğunun, sel-suyun nə vaxt gələcəyini bilmək olmur. Dəxli yoxdur, hansı fəsil olursa-olsun. Bu ayın əvvəllərində çöl-biyaban bir neçə saatın ərzində ağ örpəyə büründü. May ayında qarın yağması nadir hadisə olsa da, gədəbəylilər artıq təbiətin şıltaqlığına bir növ adət ediblər. Ona görə də hazırlıqlarını bəri başdan görürlər. Daha əvvəlki illərdə olduğu kimi, ciddi problemlərlə üzləşmirlər. Yeni çəkilən yollar, salınan körpülər, elektrik şəbəkələrinin yenidən qurulması, digər qabaqlayıcı tədbirlər nəticəsində təbiətin şıltaqlığı adamların normal fəaliyyətinə, yaşayış tərzinə bir o qədər də təsir göstərmir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadii inkişafı Dövlət Proqramı"nın yerinə yetirilməsinin gedişi ilə yaxından tanış olarkən öyrəndik ki, rayonun elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik verilişi xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması ilə bağlı proqrama daxil olmuş bəndin artıq icrasına başlanmışdır. Digər bir tədbir - yerli əhəmiyyətli yollarda yerləşən körpülərin əsaslı təmiri və yeni körpülərin də tikintisi gedir. Proqramda nəzərdə tutulan Gədəbəy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması, rayonda sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi, mərkəzi və kənd ATS-lərin rekonstruksiya edilməsi, mədəniyyət obyektlərinin təmiri, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası işlərinə artıq başlanılmışdır. Bu işlərə rayon icra hakimiyyəti, digər əlaqədar nazirlik və şirkətlər ciddi nəzarət edir.

Dövlət proqramında Gədəbəy rayonu üzrə nəzərdə tutulan tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi onu göstərir ki, bu rayon tezliklə aqrar sahədə daha böyük uğurlar əldə edəcəkdir. Proqramda kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq kənd təsərrüfatı texnikalarına olan tələbatının ödənilməsi nəzərdə tutulur. Keçən il və bu ilin ötən ayları ərzində həmin sahə üzrə xeyli iş görülmüşdür. "Aqrolizinq" ASC-nin Gədəbəy filialı tərəfindən traktor, kombayn, müxtəlif kotanlar, ot-küləş presləyən, gübrəsəpən maşınlar və s. texnika gətirilmişdir.

Rayonun qaz, elektrik xətlərinin çəkilməsi, yeni poçt binalarının, məktəb, səhiyyə, mədəniyyət ocaqlarının tikintisi, təmiri işi sürətlənib. Hazırda rayonun Novosaratovka, Qaraməmmədli, Böyük Qaramurad və Ataxal kəndlərinin qazlaşdırılması məqsədilə Qaradağ-Novosaratovka magistral qaz kəmərinin çəkilişi davam edir. Qeyd edək ki, hələlik rayon ərazisində 1 şəhər, 9 kənd olmaqla, cəmi 10 yaşayış məntəqəsində əhali təbii qazla təmin olunur. İndi sərhədyanı kəndlərin hamısına qaz çəkilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hələ 2006-cı ilin noyabrın 1-də Gədəbəyə ilk səfəri zamanı verdiyi göstərişə əsasən, həyata keçirilən bu işlər rayon əhalisi tərəfindən hədsiz sevinc və razılıq hissi ilə qarşılanmışdır.

Yolların çəkilişinə, təmirinə xüsusi fikir verilir. Çünki qış aylarının xüsusilə soyuqlu-şaxtalı keçməsi, yaz aylarında yağıntının çox olması nəticəsində avtomobil yolları, rayondaxili və kəndarası yollar sıradan çıxır, nəticədə gediş-gəliş çətinləşir. Ölkə Prezidentinin göstərişi əsasında Şəmkir-Gədəbəy magistral yolunun yenidən çəkilişi bir çox problemləri aradan qaldırmış, nəqliyyat vasitələrinin tez və rahat hərəkətinə imkan yaratmışdır.

Daxili yolların da vəziyyəti daim nəzarət altındadır. Vaxt var idi şəhərin mərkəzindən, bazarın qarşısından keçmək mümkün deyildi və çox vaxt burada, xüsusilə bazar günlərində tıxaclar yaranırdı ki, bu da adamların haqlı narazılığına səbəb olurdu. Bu yaxınlarda rayon rəhbərliyinin təşəbbüsü və köməyi ilə alternativ bir yolun çəkilişi həmin problemi birdəfəlik aradan qaldırmışdır. Qeyd etmək lazımdır ki, təkcə bu ilin birinci rübü ərzində rayonun avtomobil yollarının saxlanması və cari təmirinə 168 min manat vəsait xərclənmişdir.

Son 6 ildə Gədəbəydə tikinti-quruculuq işləri geniş vüsət almış, yeni-yeni məktəb binaları, mədəniyyət ocaqları , xəstəxanalar tikilmiş, parklar salınmışdır. Son illər müşahidə olunan yüksəliş bu il də davam etdirilir. Sənaye istehsalının həcmi çoxalır, yeni iş yerləri yaradılır. Belə bir fakt diqqəti cəlb edir ki, cari ilin birinci rübündə 24 milyon 324 min manat məhsul buraxılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 840 min manatdan çoxdur. Bir tərəfdən, son illər rayonda yaradılmış sağlam mənəvi-psixoloji mühit, digər tərəfdən, ölkə miqyasında bu ucqar dağ rayonuna xüsusi diqqət və qayğı vəziyyəti kökündən dəyişdirmişdir. Təbii ki, inkişaf ölkə Prezidenti İlham Əliyevin Gədəbəyə son üç ildə iki dəfə səfər etməsindən sonra daha sürətlə gedir. Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə bu barədə söhbət edərkən dedi:

- Möhtərəm Prezidentimizin bir il əvvəl, mayın 26-da ikinci dəfə Gədəbəyə gəlişi əhali tərəfindən yenə hədsiz sevinc hissi ilə qarşılanmışdır. Ölkəmiz üçün, o cümlədən, Gədəğəy rayonu üçün xüsusi əhəmiyyət kəsb edən Qızıl emalı zavodunun açılışında və şəhərin Heydər Əliyev parkında Aşıq musiqi məktəbi binasının təməlqoyma mərasimində iştirak etməsi, dəyərli çıxışı və tövsiyələri gədəbəylilərin gündəlik fəaliyyət proqramına çevrilmişdir. Biz fəxr edirik ki, indi ucqar dağ rayonunun adı onun hüdudlarından çox-çox uzaqlarda çəkilir...

İcra hakimiyyəti başçısının dediyi bu sözlərdə böyük həqiqət var. Hazırda rayonda istehsal edilən qızıl "Ayrum brendi" altında dünya bazarına çıxarılır. Bununla yanaşı, rayonda avtomatlaşdırılmış rejimdə işləyən, dördnövbəli və gündəlik gücü 3 ton konsentrans olan mis emalı zavodu da işə düşmüşdür.

Bir tərəfdən, qiymətli istehsalat sahələrinin işə düşməsi, digər tərəfdən, əvəzolunmaz təbiəti olan Gədəbəyə hədsiz marağın olması yeni istirahət guşələrinin, otellərin, müalicə ocaqlarının tikintisi şəbəkəsini də genişləndirir. Bu gün, mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona gəlişinin bir ili şərəfinə "Kiçik Qafqaz" istirahət mərkəzi işə düşmüşdür. Biz həmin guşəyə baş çəkdik. İstər xarici görünüşü, həyət-bacası, istərsə də daxilində yaradılmış şərait bizi heyran etdi. Bir-birindən gözəl nömrələr, konfrans zalı, restoranı, idman zalları olan mərkəz ən tələbkar qonaqlarını belə qarşılamağa hazırdır.

Təhsil, səhiyyə, mədəniyyət sahələrində baş verən dəyişikliklər hamının diqqətini cəlb edir. Rayon təhsil şöbəsinin müdiri Ramiz Məmmədov deyir:

- İnana bilməzdim ki, qısa vaxt ərzində bizim belə gözəl, hər cür şəraiti olan, müasir məktəblərimiz olacaq. Adi bir fakt deyim. 2003-cü ilə kimi rayonda 1 ədəd də kompyuter olmadığı halda, hazırda 400-ə yaxın kompyuter var. Bu illərdə məktəblərə 3500-ə yaxın parta, 300-dən çox lövhə, 600-dən artıq stol, 1400-ə yaxın stul, 400-dən çox rəf verilmişdir. Məktəblərin hamısı pulsuz dərsliklərlə təmin olunmuşdur. Kimin ağlına gələ bilərdi ki, son 6 ildə rayonda 26 yeni məktəb binası tikilib istifadəyə veriləcək. 44 məktəb binası əsaslı təmir olunmuş, 60-dan artıq əlavə sinif otaqları tikilmişdir. Təkcə ötən il dövlət proqramı çərçivəsində 200 yerlik Dəyəqarabulaq, 220 yerlik Xarxar kənd orta, 180 yerlik Arısu kənd əsas məktəbi inşa olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Bundan başqa, Çalburun kənd orta, 2 saylı şəhər orta, Ərtəpə və Mormor kənd məktəbləri əsaslı təmir edilmişdir. Nəzərə çatdıraq ki, 20-25 il əvvəl rayonun 86 ümumtəhsil məktəbinin yalnız 4-ü birtipli layihə əsasında inşa olunmuşdu və qalanları uyğunlaşdırılmış, həm də çoxu qəza vəziyyətində olan binalarda yerləşirdi. İndi vəziyyət müqayisəolunmaz dərəcədə dəyişib. Bütün bunlar bizi hədsiz sevindirir.

Uzun illər təhsil sahəsində çalışan Ramiz Məmmədov təbiətən narahat adamdır. Məktəblərdə baş verən ən adi nöqsana görə həyəcan keçirir, onun qarşısını almağa çalışır, yeni yollar axtarır, kollektivlərin köməyi ilə vəziyyəti nizamlamağa səy göstərir.

- Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadənin, təhsil naziri Misir Mərdanovun və digər səlahiyyətli şəxslərin dayağı, dəstəyi olmasaydı, yəqin ki, ruhdan düşərdik, - deyə təhsil şöbəsinin müdiri problemləri də dilə gətirir. - Orta məktəbi bitirib attestat alanların, ali məktəbə daxil olanların faiz göstəriciləri bizi qane etmir. Bunun başlıca səbəblərindən biri ayrı-ayrı ixtisaslar üzrə müəllim kadrlarına olan ehtiyacımızla bağlıdır. Bir çox məktəblərdə çalışan müəllimlərin yaş həddi 70-i keçib. Elə Söyüdlü məktəbi buna misaldır. Bu kənddən bir nəfər də olsun ali məktəbə qəbul olunan yoxdur. Ən çox coğrafiya, xarici dil, riyaziyyat-informatika, kimya-biologiya müəllimlərinə ehtiyac duyulur.

Yuxarıda şeyd etdik ki, Gədəbəy məktəbləri 20-25 il əvvəlki məktəblər deyil. İndi rayonun bir çox məktəblərində yaradılmış şərait heç də Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərin məktəblərindən geri qalmır. Belə olan tərzdə əlaqədar təşkilatlar, ilk növbədə, Təhsil Nazirliyi ayrı-ayrı ixtisaslar üzrə gənc müəllim kadrlarının rayona göndərilməsini təmin etmək barədə konkret ölçü götürməlidir. Yaşlı müəllimlərin də gənc kadrlarla əvəz olunmasının vaxtı çatmışdır. Bundan başqa, rayonun sərhəd bölgəsində olmasını, dağlıq ərazisində yerləşməsini nəzərə alaraq, gənc kadrlar üçün müəyyən imtiyazlar tətbiq edilməsi və ya onların güzəştli şərtlərlə təhsil almasına şərait yaratmaq pis olmazdı.

Səhiyyə də əvvəlki səhiyyə deyil. İndi akademik Zərifə Əliyeva adına Mərkəzi Rayon Xəstəxanasının həndəvəri saysız-hesabsız maşınlarla doludur. Daha rayon əhalisi başqa şəhərlərə üz tutmur. Mərkəzi xəstəxananın baş həkimi Ramiz Pirverdiyevin sevinci yerə-göyə sığmır. Deyir ki, Gədəbəydə yaradılan şərait bizi hamının yanında başıuca edib. Nə desən varımızdır: dərman preparatlarından tutmuş, ən müasir tibbi avadanlıqlara kimi. Yadımdadır ki, ən adi xəstəliyin müayinəsi üçün başqa şəhərlərə göndərişlər verilirdi. Daha buna ehtiyac yoxdur. Hazırda əhalinin sağlamlığı keşiyində 455 nəfər tibb işçisi dayanır ki, onun da 90 nəfəri ali təhsilli həkimdir. Rayonda 35 çarpayılıq uşaq xəstəxanası, 9 kənd sahə xəstəxanası, 9 həkim ambulatoriyası, 49 feldşer-mama məntəqəsi, Gigiyena Epidemiologiya Mərkəzi fəaliyyət göstərir. Bütövlükdə, əhalinin hər min nəfərinə 9 həkim düşür.

Keçən il Mərkəzi Rayon Xəstəxanasında, Slavyanka, Rəsullu kənd sahə xəstəxanalarında, Söyüdlü kənd həkim ambulatoriyasında əsaslı təmir işləri aparılmış, bu səhiyyə ocaqları ən müasir tibbi avadanlıq ilə təchiz edilmişdir. Yeri gəlmişkən, bu günlərdə istifadəyə verilən Söyüdlü və Qaraməmmədli kəndlərindəki tibb məntəqələri özünün xarici və daxili görkəminə, yaradılmış şəraitinə görə göz oxşayır.

Mədəniyyət ocaqları da özlərinin, necə deyərlər, "ikinci həyatı"nı yaşayır. Hazırda rayonda 109 kitabxana, 28 mədəniyyət evi, 22 klub, 4 musiqi məktəbi, 1 tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Maddi texniki baza əsaslı şəkildə möhkəmləndirilmişdir.

Son 6 ildə rayonda 15 mədəniyyət müəssisəsində təmir işləri, o cümlədən 7 mədəniyyət evi, 6 kitabxana, 1 klub, 1 muzey əsaslı təmir olunmuşdur. Təkcə 2009-cu ildə dövlət proqramı əsasında Slavyanka, Nərimankənd mədəniyyət evləri əsaslı, rayon mədəniyyət evi, Əliismayıllı, Samanlıq, Böyük Qaramurad kənd mədəniyyət evləri, şəhər incəsənət məktəbi, Slavyanka, Zəhmətkənd uşaq musiqi məktəbləri. Slavyanka kənd kitabxanası cari təmir olunmuşdur. 2009-cu ildə mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri üçün 124 min 906 manat vəsait xərclənmişdir.

Təkcə, 2009-cu ildə xüsusi evlərdə yerləşən 55 kitabxana ictimai binalara köçürülmüşdür.

Milli mənəvi dəyərlərinin qorunması, xalq yaradıcılığı nümunələrinin, tarixi abidələrin mühafizəsi, təbliği, bədii özfəaliyyətin inkişaf etdirilməsi, əhalinin asudə vaxtının səmərəli keçirilməsi kimi aktual məsələlər rayon mədəniyyət və turizm sahəsində çalışan işçilərin başlıca vəzifəsinə çevrilmişdir.

Gədəbəyin sərvəti olan meşələrin qorunması işinə xüsusi fikir verilir. Rayon Meşə Mühafizəsi İdarəsinin rəisi Vasif Nəbiyev meşə zolaqlarının salınmasında, meşələrin qorunmasında xüsusi fəallıq göstərir. Maraqlı, həm də fərəhli haldır ki, ucqar bir dağ rayonunun meşə təsərrüfatının rəhbərinə Hacıqabul magistral yol kənarında, Gəncə aeroportuna gedən yolun kənarlarında və digər yerlərdə meşə zolağı salmaq kimi çətin işlər həvalə olunur və o, bunların öhdəsindən şərəflə gəlir. Gədəbəyin özündə isə bu işlər çox sürətlə gedir, "Ekologiya ili" çərçivəsində rayonda artıq 50 mindən çox ağac əkilib. İdarə tərəfindən 30 hektar sahədə torpaq hazırlığı işləri görülmüşdür.

Rayonda imkansız ailələr, qocalar, əlillər, kimsəsizlər, azsaylı xalqların nümayəndələri daim qayğı ilə əhatə olunurlar. Rusdilli əhali ilə tez-tez görüşlər keçirilir, onların bayramlarında rayon rəhbərliyi və ictimaiyyət yaxından iştirak edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın Gədəbəydə olarkən Slavyanka kəndində rus icmasının nümayəndələri ilə görüşü hələ də yaddan çıxmır və kənd əhalisinin böyük razılığına səbəb olmuşdur.

İcra hakimiyyəti başçısının, hüquq-mühafizə orqanları, idarə, müəssisə rəhbərlərinin yerlərdəki görüşləri ənənə şəklini alıb. Ötən yazılarımızın birində qeyd etmişdik ki, ən ucqar kənddə belə kiminsə evində işıq olmayanda rayon icra hakimiyyəti aparatının ondan xəbəri olur və həmin anda tədbir görülür. Təkcə keçən il rayon icra hakimiyyəti başçısı 61 səyyar qəbul keçirib və bu qəbullarda 12 mindən çox adam iştirak edib.

Gədəbəyin bu günü gözəldir. Gələcəyi daha işıqlı, nurludur. Vaxt gələcək ki, bu ucqar dağ rayonunun sorağı bütün dünyaya yayılacaq.

 

 

Hamlet QASIMOV,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 26 may.- S. 6.