Masazır: görülmüş
işlər sakinlərdə
razılıq doğurur
Son illər regionların sosial-iqtisadi inkişafı dövlətimizin
diqqət mərkəzindədir. Bu sahədə ardıcıl
islahatlar aparılır,
dövlət proqramları
qəbul edilir, abadlıq və quruculuq tədbirləri geniş vüsət alır, yeni infrastruktur sahələrinin
yaradılması və
köhnələrinin müasirləşdirilməsi
günümüzün reallığına
çevrilir. Son nəticədə
görülən işlər
regionlarımızdakı şəhər,
qəsəbə və
kəndlərin simasını
əhəmiyyətli dərəcədə
dəyişdirir, əhalinin
sabaha inamını artırır, eyni zamanda, insanların rahatlığının təmin
olunmasına gətirib
çıxarır.
Azərbaycanın
çiçəklənən, sosial-iqtisadi cəhətdən
ardıcıl inkişafda olan ölkəyə çevrilməsi
ideyası əslində ümummilli lider Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi illərdən
reallaşdırılmağa başlayıb. Sonrakı illərdə
Prezident İlham Əliyev bu ideyanı dönmədən həyata
keçirməkdədir. Hazırda istər paytaxt Bakı
şəhərinin, istər rayon mərkəzlərinin, istərsə
də qəsəbə və kəndlərin
abadlaşdırılması və müasirləşdirilməsi
bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu fikirləri
Masazır bələdiyyəsinin sədri Siyənfər Əliyev
söylədi.
Bələdiyyə sədrinin
sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nı imzalamaqla bu və ya digər sahəyə
rəhbərlik edən, cavabdehlik daşıyan hər kəsə
görüləcək işlərin, aparılacaq
islahatların konkret istiqamətlərini göstərmişdir.
Bu ilin martında Dənizkənarı Milli Parkdakı Bakı
Biznes Mərkəzində çıxışı zamanı
möhtərəm Prezidentimiz vurğulamışdır ki,
birinci dövlət proqramında olduğu kimi, yeni proqramda da
sosial infrastruktun daha da inkişaf etdirilməsi, müasir tələblər
səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir.
S.Əliyev sözünə
davam edərək dedi:
- Biz də Abşeron
rayonu ərazisindəki bələdiyyələrdən biri
olaraq öz üzərimizə düşən vəzifələrəi
layiqincə yerinə yetirməyə çalışır,
ölkəmizin çiçəklənməsi işinə
töhfələrimizi verməyi özümüzə borc
bilirik. Bu yaxınlarda Masazır qəsəbəsinin abadlaşdırılması
və müasirləşdirilməsi ilə bağlı müəyyən
tədbirlər həyata keçirmişik. Artıq 5 kilometrə
yaxın yolun genişləndirilərək asfalt döşənməsi
işini uğurla başa çatdırmışıq. Köhnə
yolun enini 3 metr genişləndirərək 10 metrə
çatdırmış, bu yola 9 santimetr
qalınlığında asfalt döşəmişik. 4
kilometrdən çox yolun kənarlarına bardürlər
düzülmüş, yolun bir tərəfi boyunca piyadalar
üçün səki düzəldilmişdir. Eyni zamanda,
yolun ətraflarının müasir dünya standartlarına
uyğun şəkildə qurulması işini həyata
keçirərək yol kənarlarında 10 min ədəd
müxtəlif növ ağac və bəzək kolları əkmişik.
Abadlıq işləri
aparılmış yolun 3 kilometrdən çox hissəsinin hər
iki tərəfinə Daşkəsən, Ağstafa,
Xaçmaz, Siyəzən, Qəbələ, Qax və Şəki
rayonlarından gətirilmiş çay və qaya
daşları ilə bəzək vurulmuşdur. Abadlıq
işlərinin tam bir panoram yaratması üçün
yolların kənarlarındakı mağaza və obyektlər
alkopan və üzlük daşlarla bəzədilmişdir. Bütün
bunlarla bərabər, 95 elektrik dirəyi təmir olunaraq
küçələrin işıqlandırılması təmin
edilmişdir. Yol keçidlərində suların
ötürülməsi məqsədilə drenajlar
qurulmuşdur.
Bələdiyyə sədri
bildirdi ki, qəsəbədə görülmüş
abadlıq və quruculuq işləri bunlarla tamamlanmır. Son
vaxtlar Heydər Əliyev Fondunun dəstəyi ilə yeni
yaşayış massivində müasir standartlar səviyyəsində
yeni məktəb binası, uşaq bağçası və
stadion tikilərək istifadə verilmişdir. Bunlardan əlavə,
son zamanlar Masazırda 1680 kilometrdən çox qaz xəttinin
çəkilişi işinə başlanmışdır və
bu işlərin ilin sonuna qədər başa
çatdırılması nəzərdə tutulur.
Görülmüş
bütün işlər rayonun daxili imkanları və
Masazır bələdiyyəsinin vəsaiti hesabına həyata
keçirilmişdir. Abşeron rayon rəhbərliyi,
xüsusilə RİH başçısı Zakir Fərəcov
bu tədbirlərin həyata keçirilməsi
üçün əlindən gələni etmişdir. Masazır
bələdiyyəsi bundan sonra da regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı çərçivəsində
öz töhfələrini verməkdə davam edəcək.
Masazır Abşeron
rayonunun on beş yaşayış məntəqəsindən
biri olsa da, buranı digərlərindən fərqləndirən
xüsusiyyətlər var. Əsası da budur ki, Masazır ərazisindən
hər gün xeyli insan keçir, bunların da çoxusu,
qonşu yaşayış məntəqələrinin -
Sumqayıt şəhərinin, Saray qəsəbəsinin və
Novxanı kəndinin sakinləridir. Bir sözlə, Masazır
ərazisindəki yeniliklər, hamının gözü
qarşısındadır.
Dörd-beş il əvvəl
Abşeron rayonunun kəndlərindən birinə yeni asfalt yol
çəkilmişdi. Yaşı yüzü haqlamış
bir ixtiyar təəccüb qarışıq sevincini və
heyrətini gizlətməyərək bu yaşında kəndlərində
asfalt yol gördüyünü bildirmişdi və o vaxt rayon
İcra hakimiyyətinin başçısı kimi təzə
fəaliyyətə başlayan, bu işin əsas təşəbbüskarlarından
biri olan Zakir Fərəcova minnətdarlığını
bildirmişdi. Masazırda da hamı inanır ki, çəkilən
təzə yol da, görülmüş digər işlər
də Masazırın daha gözəl günləri
üçün zəmin yaradır.
Səməd HÜSEYNOĞLU,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 26 may.- S. 6.