Cəbhə xətti, mübarizə
əzmi... bir də inkişaf və quruculuq
Füzulililərin həyat tərzi, gündəlik
qayğısı və problemləri
Horadizin qəribə, əgər belə demək
mümkünsə, keşməkeşli tarixi var. Əvvəllər
kənd olub, sonralar böyüyüb, inkişaf edib, qəsəbə
adını alıb. Uzun illər bu adla tanınıb.
Füzulinin ermənilər tərəfindən
işğalından sonra Horadiz də düşmən
tapdağına çevrildi. Ancaq bu, uzun sürmədi. Azərbaycan
ordusunun güclü əks-hücumu onunla nəticələndi
ki, Füzulinin Horadiz qəsəbəsi və 20-dən
artıq kəndi erməni quldurlarından azad edildi.
Bundan sonra Horadizin bərpası,
yenidənqurma və inkişaf dövrü başlandı. Cəmi
bir neçə ay erməni caynağında qalmasına
baxmayaraq, qəsəbənin elə bir küçəsi, evi
qalmamışdı ki, dağıdılmasın,
partladılmasın, yandırılmasın. Ona görə də
yerli əhali bura köçürülməmişdən əvvəl
yaşayış və ictimai binaların bərpası, vacib
sosial məsələlərin həlli, bir sözlə, normal
həyat şəraitinin yaradılması istiqamətində
geniş, ardıcıl və sistemli iş quruldu. Çox
çəkmədi ki, Füzuli Rayon İcra Hakimiyyəti,
Polis Şöbəsi, Prokurorluq, digər idarə, müəssisə
və təşkilatlar da Horadizə
köçürüldü.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ilin
oktyabr ayında müvafiq sərəncamı ilə Horadiz qəsəbəsinə
şəhər adı verildi. Beləliklə də, onun
inkişafında yeni bir mərhələ başlandı.
Müasir binalar, park və xiyabanlar şəhərə yeni
görkəm və gözəllik gətirdi. Müxtəlif təyinatlı
emal müəssisələri işə düşdü, yeni
iş yerləri yaradıldı.
Ölkə
başçısının 2008-ci il oktyabr ayının 4-də
Horadizə növbəti səfəri isə şəhərə
yeni həyat, daha sürətli və hərtərəfli
inkişaf gətirdi. Açılışlar, təməlqoyma
mərasimləri, əhali ilə keçirilən unudulmaz
görüş və söhbətlər adamlarda böyük
ruh yüksəkliyi yaratdı. O vaxtdan aylar keçib. İndi
Horadiz şəhəri öz görkəmini xeyli dəyişib,
daha abad, müasir və yaraşıqlı olub. Onu da deyək
ki, bu gün dəyişən, inkişaf edən təkcə
Horadiz şəhəri deyil, Füzulinin yenidən məskunlaşmış
digər yaşayış məntəqələri də
öz simasını təzələyib. İnkişaf və
yüksəliş hər addımda hiss olunur.
Əslində,
Füzuliyə budəfəki səfərimizin də məqsədi
elə bu idi. Cəbhə xəttində yerləşən,
namərd qonşularla üz-üzə dayanan bu bərəkətli
bölgənin bugünkü həyatından, inkişaf və
yüksəlişindən yazı hazırlamaq
üçün bir neçə gün rayonda olduq. Gəzdik,
gördük və sevindik. Ona görə ki, Horadiz şəhərində,
bütövlükdə, rayonda ölkə Prezidenti İlham Əliyevin
rayona tarixi səfəri zamanı qarşıya qoyduğu vəzifələrin
uğurla yerinə yetirilməsi istiqamətində geniş, məqsədyönlü
iş aparılır, mühüm tədbirlər həyata keçirilir.
Düşmən, necə
deyərlər, iki addımlıqda olsa da füzulililər
tikir, qurur, yaradırlar. Onların əhval-ruhiyyəsi yüksəkdir,
sağlam mənəvi-psixoloji mühit, yaradıcı, təşəbbüskar
ab-hava var. Görüşdyüm, tanış olduğum,
söhbət etdiyim insanlar sabaha böyük inamla baxır,
ölkə başçısının apardığı
müdrik, qətiyyətli daxili və xarici siyasət xəttini
ürəkdən bəyənirlər. Onlar möhkəm
inanırlar ki, sülh danışıqları, ardıcıl
və prinsipial diplomatik səylər nəticəsində
müqəddəs torpaqlarımız yağı düşməndən
azad ediləcəkdir.
Füzuli Rayon İcra
Hakimiyyətinin başçısı Nəbi Muxtarov son
vaxtlar həyata keçirilmiş və qarşıda duran
mühüm tədbirlər barədə ətraflı məlumat
verərək bildirdi ki, 2009-2013-cü illərdə
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında 5 ildə Füzuli rayonunda da böyük işlərin
yerinə yetirilməsi nəzərdə tutulur və bu tədbirlərin
icrası istiqamətində tədbirlər davam etdirilir. Heyvandarlıq,
taxılçılıq və tərəvəzçiliyin
inkişafının dəstəklənməsinin davam etdirilməsi,
Aqroservis xidmətlərinin
yaxşılaşdırılması, tikinti materialları
(gil, qum, mişar daşı və s.) yataqlarının
axtarışı, kəndlərarası yolların əsaslı
təmiri, elektrik şəbəkələrinin yenidən
qurulması, yaşayış məntəqələrinin
qazlaşdırılması və
telefonlaşdırılması; su təchizatının
yaxşılaşdırılması mühüm işlər
kimi qarşıya qoyulub. Yeni subartezian quyularının
qazılması, kəndlərə içməli su xətlərinin
çəkilməsi, Horadiz şəhərinin su təchizatının
yenidən qurulması və kanalizasiya şəbəkəsinin
yaradılması, əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması yönümündə tədbirlər
də bu sıradadır. Araz çayında sahilbərkitmə
işlərinin davam etdirilməsi, işğaldan azad
olunmuş ərazilərin minalardan və partlamamış hərbi
sursatlardan təmizlənməsi, kəndlərdə yeni səhiyyə
müəssisələrinin, mədəniyyət obyektlərinin
tikintisi də proqramda əksini tapıb. Rayonun tarix-mədəniyyət
obyektlərinin, abidələrinin bərpası,
idman-sağlamlıq obyektlərinin, orta məktəblər
üçün əlavə sinif otaqlarının tikintisi
diqqət mərkəzindədir.
İqtisadiyyatı
möhkəmləndirmək, əhalinin sosial rifahını
yaxşılaşdırmaq məqsədilə 2009-cu ildə
bir sıra işlər görülmüş, nəzərdə
tutulan tədbirlərin icrasına başlanmışdır. 2010-cu
ilin birinci rübündə də bütün sahələrdə
quruculuq işləri davam etdirilmişdir. Horadiz şəhərində
Prezident İlham Əliyevin tapşırığına və
Dövlət Proqramına uyğun olaraq, Olimpiya İdman
Kompleksinin, Böyük Bəhmənli kəndinin üstündə
tibb mərkəzinin, Yuxarı Mil kanalının Bala Bəhmənli
kəndindən keçən hissəsində su elektrik
stansiyasının tikintisində işlər uğurla gedir. Olimpiya
kompleksi və tibb mərkəzinin bu ilin oktyabr ayında istifadəyə
verilməsi nəzərdə tutulur.
2008-ci ilin oktyabr
ayında ölkə rəhbərinin
tapşırığı ilə Horadiz şəhərində
ilkin mərhələdə 300 ailəyə təbii qaz
verilmiş, mart ayının əvvəllərində, qaz təminatı
başa çatdırılmışdır. Dövlət
Proqramında nəzərdə tutulduğu kimi, bu iş davam
etdirilir. 2010-cu ildə Əhmədalılar, Qazaxlar, Mirzənağılı,
Mollaməhərrəmli, Arayatılı və Babı kəndlərinə
təbii qaz çəkilişi başa
çatdırılacaqdır. Hazırda Mollaməhərrəmli,
Babı və Arayatılı kəndlərinə qaz xətti
çəkilir. Gələcəkdə bütün kəndlərin
qazlaşdırılması nəzərdə tutulur.
Rayonda yoxsulluğun
aradan qaldırılması, adamların həyat şəraitinin
yaxşılaşdırılması üçün məqsədyönlü
iş aparılır. Kiçik və orta sahibkarlığın
inkişafına dəstək məqsədilə keçən
il Horadiz şəhərində kreditlərin verilməsinə
müvəkkil edilmiş bank əməkdaşları ilə
yerli sahibkarların görüşü səmərəsini
verməkdədir. Yüz nəfərdən artıq kiçik
sahibkarlara kredit verilmişdir. Bu il daha çox iş adamı
kredit alacaqdır. Kreditlər verilməsi genişləndikcə
bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının
inkişafına geniş zəmin yaranacaq, yeni iş sahələri
açılacaqdır.
Öyrəndik ki, əhalinin
məşğulluğunu təmin etmək, rifahı yüksəltmək
üçün rayonda sistemli iş aparılır. Zobuçuq
qəsəbələrində məskunlaşmış 2104
ailənin yaşayış şəraitini
yaxşılaşdırmaq məqsədilə hər bir ailəyə
1 hektar torpaq sahəsi verilmişdir. Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu 2500 hektar
torpaq sahəsini suvarmaq üçün həmin qəsəbəyə
suvarma suyu çəkdirmişdir. İçməli suyun
verilişində də problem yoxdur. Burada yaşayan əmək
qabiliyyətli əhali üçün yeni iş sahələrinin
yaradılması da nəzərdə tutulmuşdur.
Əhalinin elektrik
enerjisi ilə təchizatı məsələləri diqqət
mərkəzində saxlanılmışdır. Ərazidəki
39 yaşayış məntəqəsi, 10 yataq tipli
yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin
olunmuş, sıradan çıxmış transformatorların
yeniləri ilə əvəz olunması sahəsində
işlər də davam etdirilmişdir. Sayğaclaşdırma
uğurla davam etdirilmişdir. Hazırda 12 min evə sayğac
qoyulmuşdur. Horadiz şəhərində 250 kva-lıq və
Kərimbəyli kəndində 160 kva-lıq transformator məntəqəsi
quraşdırılmışdır. Rayon ərazisində su
elektrik stansiyasının tikintisi ilə bağlı ikitərəfli
10 kva-lıq xətt çəkilmiş, 40 kva və 250 kva
gücündə transformator
quraşdırılmışdır. Fasiləsiz elektrik
enerjisi ilə təminat istiqamətində işlər davam
etdirilir.
Rayon ərazisində
meliorasiya və irriqasiya işlərinin həyata keçirilməsi
sahəsində də uğurlu işlər
görülmüşdür. Kanallar və arxlar, nasos
stansiyaları vaxtında təmir edildiyindən suvarma
dövründə ciddi problemlər yaranmamışdır. Suvarma
Sistemləri İdarəsi Böyük Bəhmənli kəndi
ərazisindən keçən Quruçayı və dren
kanalları təmizləmiş, əhalini narahat edən
problemlər aradan qaldırılmışdır.
Arayatılı, Babı
kəndlərində 6, Yuxarı və Aşağı
Kurdmahmudlu kəndlərində 5, Mahmudlu kəndində 3,
Zobuçuq qəsəbələrində 5, Böyük Bəhmənli
kəndində 7, Şükürbəyli nasos stansiyasında 8
sıradan çıxmış su nasosu təmir edilib istifadəyə
verilmişdir.
Suvarmanın maneəsiz
keçirilməsi üçün Füzuli Melioservis İdarəsi
104 kilometr kanalı lildən təmizləmişdir. Qayıdış
qəsəbəsində 1100 hektar sahəni suvarma suyu ilə təmin
etmək üçün 5 nömrəli qəsəbənin ərazisində
yeni nasos stansiyasının tikintisi başa
çatmışdır. Örənqala qəsəbələrində
əlavə olaraq 600 hektar sahəni suvarma suyu ilə təmin
etmək üçün yeni nasos stansiyasının tikintisi
başa çatmışdır.
İqtisadiyyatının
başlıca sahəsi olan kənd təsərrüfatının
inkişaf etdirilməsi Dövlət Proqramının əsas
istiqamətlərindən biridir. Taxıl, şəkər
çuğunduru, pambıq, bostan-tərəvəz, meyvə,
qarğıdalı, heyvandarlıq məhsulları istehsalı
və emalının artırılmsı üçün
konkret tədbirlər nəzərdə tutulur. Ötən il
rayonda 100 min tondan artıq taxıl istehsal olunmuşdur. Bu,
rayonun tarixində ən yüksək nəticədir. Rekord
göstəricinin qazanılmasında respublika rəhbərliyinin
yardımı və diqqəti böyük rol
oynamışdır.
Statistik göstəricilərlə
tanışlıq göstərir ki, rayonda kənd təsərrüfatının
bütün sahələrində artım tempi hiss olunur. Özəl
bölmədə 29200 başa yaxın qaramal, 101 min başdan
çox qoyun-quzu, 230 min baş müxtəlif növ ev
quşları saxlanılır. Üzümçülüyün
inkişaf etdirilməsi üçün hökumətin qərarı
ilə Harami adlanan ərazidə üzüm əkmək
üçün 11789 hektar sahə ayrılmışdır.
Təhsil, mədəniyyət,
səhiyyə xidmətinin səviyyəsinin
yaxşılaşdırılması diqqət mərkəzində
saxlanılmışdır. Əhaliyə göstərilən
rabitə xidməti yaxşılaşdırılır. Horadiz
şəhərində müasir standartlara cavab verəcək
rabitə xidmətinin təşkili məqsədilə EATS-in
rekonstruksiyası işləri başa çatmaq üzrədir.
22 yaşayış məntəqəsi "Delta telekom"
şirkətinin peyk avadanlığı ilə təmin
olunmuş, ATS-lərə birləşdirilərək əhalinin
istifadəsinə verilmişdir.Horadiz şəhərində
elektron ATS-in rekonstruksiyası tam başa
çatdırılmış, əhaliyə göstərilən
rabitə xidməti müasir səviyyədə təşkil
olunmuşdur.
Rayonda abadlıq işləri
sürətlə davam etdirilir. 2010-cu ilin respublikada ekologiya ili
olduğunu nəzərə alaraq, rayonda hər həftənin
şənbə günləri iməcilik keçirilir,
yaşıllıqlar salınır, meyvə və həmişəyaşıl
ağacları əkilir. Dekabrın sonları, bu ilin
yanvar-fevral və mart aylarında rayonun yaşayış məntəqələrində
10 mindən çox çinar, şam, küknar və müxtəlif
meyvə ağacları əkilmişdir.
2009-cu ildə rayonda 209
daimi, 1000-dən çox mövsümü iş yerləri
açılmışdır, məcburi köçkünlərin
işləməsinə şərait
yaradılmışdır. Bu ilin birinci rübündə isə
49 daimi iş yeri açılmışdır. Yeni
yaradılacaq müəssisələr hesabına iş yerlərinin
sayı artırılacaqdır.
Nazirlər Kabinetinin
iclasında Prezident İlham Əliyevin ticarət müəssisələrində
keyfiyyətsiz malların satılmasına son qoyulması ilə
bağlı tapşırığına əsasən, rayonda
ictimai komissiya yaradılmış və fəaliyyətə
başlamışdır. Komissiyaya xəstəxana, GSM, sosial
müdafiə mərkəzi, statistika idarəsi, rayon qəzeti
və ictimaiyyətin nümayəndələri daxildir. Komissiya
rayon ərazisində ticarət və iaşə müəssisələrinin
təklif etdiyi istehlak mallarının keyfiyyətinə, qiymətinə
nəzarət etməklə satıcılar, əhali
arasında maarifləndirmə işləri aparır, qanun
pozuntularının aidiyyəti təşkilatlara
çatdırılması istiqamətində tədbirlər
görür. Vaxtı keçmiş, keyfiyyətsiz mallar
satışdan çıxarılır.
Görülmüş
işlərlə yanaşı, Dövlət Proqramında nəzərdə
tutulan və tutulmayan bir sıra məsələlər də
vardır ki, onlar diqqət mərkəzindədir və həll
edilməsi olduqca vacibdir. Bu məsələlərin bəzisi
barədə bu ilin yanvar ayında icra nümayəndəliklərində
keçirilən hesabat yığıncaqlarında və
fevral ayında keçirilmiş rayon İcra Hakimiyyətinin
hesabat yığıncağında əraflı
danışılmışdır. Qaldırılan məsələlərə
əsasən, Horadiz şəhəri, Alıxanlı,
Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu,
Şükürbəyli, Arayatılı, Babı, Mollaməhərrəmli,
Böyük Bəhmənli, Aşağı Yağlıvənd,
Kərimbəyli, Əhmədalılar, Qazaxlar kəndlərində
işğal dövrü yandırılmış 1500 evin bərpası
işləri sürətləndirilmişdir.
Horadiz şəhərində,
Əhmədalılar, Qazaxlar, Mollaməhərrəmli,
Babı, Arayatılı kəndlərinə və başqa
yaşayış məntəqələrinə təbii qaz
çəkilişinin başa çatdırılması da nəzarətə
götürülmüşdür. Arazboyunda yerləşən
Bala Bəhmənli, Mahmudlu - 1, Araz Dilağarda, Böyük Bəhmənli,
Aşağı Yağlıvənd kəndlərindəki
kollektor-dren kanallarının təmizlənməsinə də
diqqət yetirilir.
Əlil və şəhid
ailələri üçün 16 ailəlik yaşayış
binasının tikintisi, Horadiz şəhərində,
Qayıdış - 5 qəsəbəsində, Bala Bəhmənli
kəndində kompot, pomidor pastası, mürəbbə
istehsal edən mini emal sexləri açılması, məcburi
köçkünlərin işləməsi və torpaqdan səmərəli
istifadə etməsi üçün iri və xırda həcmli,
uzunmüddətli kreditlər ayrılması zəruri hesab
edilmişdir. Kəndlərarası və yaşayış məntəqələridaxili
yollar təmir edilir. Horadiz şəhərində, Kərimbəyli,
Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu,
Mahmudlu-1, Bala Bəhmənli kəndlərində transformatorlar
quraşdırılacaq. Horadiz şəhərində mərkəzi
kitabxana üçün bina tikiləcək. Ümumiyyətlə,
Horadiz şəhərinin yenidən qurulması davam etdiriləcək.
Hacıqabul - Horadiz
magistral yolunun 141-173-cü kilometrliyindəki ərazi
sıradan çıxdığı üçün bərpa
olunması vacibdir. Əhmədbəyli - Alxanlı, Əhmədalılar
- Qazaxlar kəndlərində yolların bərpasına ehtiyac
var. Yaşayış məntəqələrinin
telefonlaşdırılması, kəndlərdə mədəniyyət
müəssisələrinin tikilməsi vacibdir. Rayon İcra
Hakimiyyəti üçün inzibati bina tikilməsi də
günün tələbidir.
Keçən ilin
müvafiq dövrü ilə müqayisədə rayonda ərizə
və müraciətlərin sayı xeyli azalmışdır.
Rayon İcra Hakimiyyəti başçısının səyyar
qəbulları böyük səmərə verir. Ərazidəki
yaşayış məntəqələrində, Bakı,
Sumqayıt və başqa şəhər və rayonlarda xidmət
və icra təşkilatlarının rəhbərlərinin
iştirakı ilə keçirilən səyyar qəbullarda vətəndaşların
qaldırdıqları müraciətlərin əksəriyyəti
yerindəcə həll edilir, qalanlarının isə
icrası nəzarətə götürülüb. Birinci
rübdə keçirilən 12 səyyar qəbulda
qaldırılan müraciətlərin 80 faizi müsbət həll
olunmuşdur. Rayonda bütün sahələrdə inkişaf
tempi hiss olunur, adamların maddi-rifah halı yüksəlir,
iqtisadiyyat möhkəmlənir, qarşıya qoyulmuş vəzifələr
layiqincə yerinə yetirilir.
Füzulililər
müharibə və işğalın vurduğu yaraları
sağaltmaq, problemləri sürətlə aradan qaldırmaq,
güzəranı daha da yaxşılaşdırmaq
üçün dövlətin köməyindən və
daxili imkanlardan qədərincə faydalanırlar. İşlərin
gedişi göstərir ki, ilin məsul vəzifələri dəqiq,
ardıcıl həyata keçirilir, hər sahədə yeni
uğurlar qazanılır.
Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 26 may.- S. 5.