Müsəlman şərqində
ilk demokratik dövlət
Tarix sübut
edir ki, hər hansı xalqın təşəkkülü
və qarşıya qoyduğu konkret hədəflərə doğru
irəliləməsi prosesində
milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən
biridir: əsrlər boyu özünütəsdiq
imkanı əldə etməyə çalışan
hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır.
Milli dövlətə
mənsubluq eyni zamanda hər bir xalqın mənəvi, siyasi, iqtisadi potensialını, keçdiyi şərəfli
mübarizə yolunu, dünya dövlətləri
sırasında layiqli
yer tutmaq əzmini nümayiş etdirmişdir.
Azərbaycan
xalqını milli müstəqilliyə aparan yol nə qədər
kəşməkəşli, əzab-əziyyətli olsa belə,
bu tarixi həqiqət bütün azərbaycanlılarda
qürur və fəxarət hissi doğurur: Azərbaycan
1918-ci il mayın 28-də müsəlman şərqində
öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi
tarixə düşmüş, xalqımız qısamüddətli
olsa da, müstəqillik ideallarına qovuşmuşdur.
XX əsrin əvvəllərində
çar Rusiyasında cərəyan edən mürəkkəb
ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş
xalqların azadlıq uğrunda mübarizəyə
qalxması 1918-ci il mayın 28-də Azərbaycana öz
istiqlaliyyətini elan etmək şansı
yaratmışdır. Tarixi faktlar göstərir ki, 1918-ci il
mayın 27-də müsəlman fraksiyası Tiflisdə
ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyini
elan etmək qərarına gəlmişdir. Eyni zamanda müsəlman
fraksiyası özünü Azərbaycan Milli Şurası
adlandırmış, beləliklə, Azərbaycanın ilk
parlamenti təsis edilmiş, Rəyasət Heyəti və sədri
seçilmişdir. 1918-ci il mayın 28-də Tiflisdə Milli
Şuranın 26 üzvünün iştirakı ilə
keçirilən iclasda isə Azərbaycanın dövlət
müstəqilliyinə dair tarixi sənəd - İstiqlal Bəyannaməsi
qəbul olunmuşdur.
Azərbaycan Parlamenti
birinci mərhələdə - 1918-ci il mayın 27-dən
noyabrın 19-dək Milli Şura adı altında fəaliyyət
göstərmişdir. 44 nəfər müsəlman-türk
nümayəndədən ibarət Milli Şura qısa zamanda
10 iclasını keçirmiş, bir sıra mühüm
tarixi qərarlar qəbul etmiş, ölkənin idarə
olunması məsuliyyətini üzərinə
götürmüşdür. Azərbaycan Milli Şurası
iyunun 17-də fəaliyyətini müvəqqəti
dayandırmaqla, 6 aydan gec olmayaraq Müəssislər Məclisi
çağrılmaq şərti ilə, bütün
qanunverici və icraedici hakimiyyəti Müvəqqəti
hökumətə vermişdir. 1918-ci il iyunun 17-də hakimiyyətə
gələn F.Xoyskinin başçılıq etdiyi Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti ağır beynəlxalq və
daxili şəraitdə, faktiki olaraq soyqırım taleyi
yaşayan Azərbaycan xalqını tarixin qanlı
burulğanından çıxarmaq məsuliyyətini üzərinə
götürmüşdür. Təcili olaraq müstəqil Azərbaycanda
dövlət quruculuğuna başlanmış, hökumət
yaranmış vəziyyətdən çıxmaq
üçün ilk günlərdən sərt tədbirlərə
əl atmışdır. İyunun 19-da Azərbaycan ərazisində
hərbi vəziyyət elan olunmuş, iyunun 26-da isə müsəlman
hərbi korpusu ayrıca Azərbaycan korpusuna
çevrilmişdir. Diviziya komandiri səlahiyyətlərinə
malik Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi
tapşırığını yerinə yetirməyə
başlamış, beləliklə, Azərbaycan silahlı
qüvvələrinin əsası qoyulmuşdur.
1918-ci il iyul
ayının 15-də Milli Şurada Fövqəladə Təhqiqat
Komissiyası yaratmaq barədə qərar qəbul olunmuş,
komissiyanın qarşısına I Dünya müharibəsi
zamanı Cənubi Qafqazda türk-müsəlman əhaliyə
qarşı törədilən soyqırım cinayətlərini,
onların əmlakının talan olunması faktlarını
araşdırıb cinayətkarları məsuliyyətə cəlb
etmək vəzifəsi qoyulmuşdur. Həmin il avqustun 11-də
"Hərbi mükəlləfiyyət haqqında" qərar
qəbul olunmuş, avqustun 23-də isə "Azərbaycan
Xalq Cümhuriyyətinin vətəndaşlığı
haqqında" fərman imzalanmışdır.
1918-ci il sentyabrın
15-də Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü
dəstələrinin köməyi ilə Bakını
bolşevik-daşnak birləşmələrindən azad etdikdən
sonra milli hökumət sentyabrın 17-də Gəncədən
yeni paytaxta - Bakı şəhərinə
köçmüş, noyabrın 16-da isə Azərbaycan
Milli Şurası fəaliyyətini yenidən bərpa
etmişdir. Milli Şuranın noyabrın 19-da
keçirilmiş iclasında "Azərbaycan Cümhuriyyətinin
parlamenti haqqında" qanun qəbul edilmiş, habelə
Müəssislər Məclisinə - geniş tərkibli Azərbaycan
parlamentinə seçkilər dekabr ayının 3-nə təyin
edilmişdir. Seçkilərlə bağlı qəbul
edilmiş qərarda göstərilirdi ki, Azərbaycanda
müxtəlif millətlər məskunlaşdığı
üçün qanunvericilik orqanında bütün millətlərin
nümayəndələri təmsil olunmalıdır. Yeni
formalaşdırılacaq parlament ölkə əhalisinin hər
24 min nəfərinə 1 nəfər nümayəndə
hesabı ilə 120 nəfərdən ibarət olmalı, 80 nəfər
müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər
rusları, 1 nəfər almanları, 1 nəfər isə yəhudiləri
təmsil etməli idi. Milli Şuranın 19 noyabr 1918-ci il
tarixli iclasının qərarına əsasən, 1917-ci ilin
sonlarında Ümumrusiya Müəssislər Məclisinə
seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə
də birbaşa yeni yaradılacaq parlamentin tərkibinə
daxil edilirdi. 120 deputatdan ibarət yeni parlamentə seçkilər
1918-ci il dekabrın 3-də tamamilə demokratik prinsiplər əsasında
keçirilmişdir.
1918-ci il dekabrın 7-də
H.Z.Tağıyevin Qızlar məktəbinin binasında
(hazırda AMEA-nın M.Füzuli adına Əlyazmalar
İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli
açılışı keçirilmişdir. Müsəlman
şərqində o dövrün ən demokratik prinsipləri əsasında
formalaşdırılmış ilk parlamentin
açılışında Milli Şuranın sədri M.Ə.Rəsulzadə
geniş təbrik nitqi söyləmiş, "Müsavat"
fraksiyasının təklifi ilə Əlimərdan bəy
Topçubaşov parlamentin sədri, Həsən bəy
Ağayev onun birinci müavini, Mehdi bəy Hacınski isə
baş katib seçilmişdir. Parlamentin ilk iclasında həmçinin,
F.Xoyski hökumətinin istefası qəbul edilərək yeni
hökumətin təşkili qərara
alınmışdır. Bu məsələ yenidən F.Xoyskiyə
tapşırılmış, o, 1918-ci il dekabrın 26-da
parlamentdə öz proqramı ilə çıxış edərək
yeni hökumətin tərkibini
açıqlamışdır. Parlament hökumətin
proqramını qəbul etmiş, eyni zamanda yeni hökumətə
etimad göstərmişdir.
Ümumiyyətlə,
peşəkar parlamentin təşkili ilə Xalq Cümhuriyyətinin
parlamentarizm tarixində ikinci mərhələ
açılmış, 1918-ci il dekabrın 7-dən 1920-ci il
aprelin 27-dək davam etmişdir. Bu dövrdə parlamentin 11
daimi komissiyası fəaliyyət göstərmiş, 145
iclası keçirilmiş, müzakirəyə 270-dən
çox qanun layihəsi çıxarılmış, onlardan
230-a yaxını qəbul olunmuşdur. Lakin parlamentdə
daxili ziddiyyətlərin kəskinləşməsi, fraksiya və
qruplaşmaların çoxluğu (10-a yaxın fraksiya
mövcud idi) onun normal fəaliyyət göstərməsini əngəlləyirdi.
Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin
məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən
üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku
"yoxsulların mənafeyini müdafiə etmək" pərdəsi
altında müntəzəm olaraq Azərbaycanın Sovet
Rusiyasına birləşdirilməsi ideyasını təbliğ
etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəliyin
açılması barədə qərarın qəbuluna nail
olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə
müdaxiləsinə tərəfdar
çıxmışdır. Xalq Cümhuriyyətinin
mövcud olduğu 23 ayda hökumətin dörd dəfə dəyişdirilməsi
də məhz bu ziddiyyətlərin nəticəsi
sayılmalıdır.
Bu illərdə Azərbaycan
Xalq Cümhuriyyətinin parlamentində "Azərbaycan
parlamentinin yaradılması haqqında", "Parlamentin
mühafizəsinin təşkil edilməsi haqqında",
"Dağlılar hökumətinə 10 milyon yardım edilməsi
haqqında", "Hərbi nazirliyin heyəti
haqqında", "Parlament iclaslarında iştirak etməyən
deputatlar haqqında", "Dövlət xidmətində
olmaqla parlament üzvü olmağın qəbuledilməzliyi
haqqında", "Deputatlıq və məmurluq
haqqında", "Fəhlə nəzarəti
haqqında", "Azərbaycan Respublikası hökuməti
idarələrində çalışan qulluqçulara birdəfəlik
müavinət verilməsi haqqında", "Yollar və
qara yollar, onların təmiri və inşasının Yollar
Nazirliyinə verilməsi haqqında", "Müəssislər
Məclisinə seçkilər üçün qanunnamə
hazırlanmasına görə 20 min rubl ayrılması
haqqında", "Vergilər sahəsində şikayətləri
araşdırmaq üçün Maliyyə Nazirliyi nəzdindəki
Ali Şura instansiyasının yaradılması
haqqında", "Poçt və teleqraf nizamnaməsinin
131-ci və digər maddələrinin ləğv edilməsi
haqqında","Azərbaycan quberniya sənaye vergisi idarəsinin
təşkili haqqında", "1918-1919-cu illər
üçün quberniya və dairə vergi idarələrinin
seçilməsi qaydaları haqqında" və digər
qanunların qəbulu xüsusi əhəmiyyət
daşımışdır.
Azərbaycan Xalq
Cümhuriyyətinin parlamenti 7 dekabr 1918-ci il tarixli ilk
iclasında qaldırılmış məsələni - həbs
olunanların ümumi amnistiyası haqqında qanun layihəsini
də müzakirə edərək təsdiqləmişdir. "Azərbaycan
parlamentinin açılması münasibətilə siyasi əfvi-ümumi"
adlanan ilk qanun say etibarı ilə Azərbaycan Demokratik
Cümhuriyyətinin 7-ci rəsmi qanunu olmuşdur. Qanunda
ümumilikdə 1918-ci il dekabrın 7-dək Rusiya
imperiyasının Cinayət Qanunnaməsi üzrə
mühakimə edilərək hökm verilmiş Azərbaycan vətəndaşlarının
əfv olunması nəzərdə tutulurdu.
Çox mürəkkəb
şəraitdə fəaliyyət göstərməsinə
baxmayaraq, AXC hökuməti və parlamenti elmin, təhsilin,
xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində
saxlamışdır. Ölkənin hər yerində müxtəlif
pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri,
uşaq bağçaları, qısa müddətli müəllim
kursları, kitabxanalar açılmış, kənd yerində
xəstəxana və feldşer məntəqələri şəbəkəsi
yaradılmışdır.
Parlamentin 1919-cu il
sentyabrın 1-də qəbul etdiyi "Bakı Dövlət
Universitetinin təsis olunması haqqında" qanununu
xüsusi qeyd etmək lazımdır. Milli universitetin
açılması cümhuriyyət xadimlərinin doğma
xalq qarşısında çox mühüm tarixi xidməti
idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə
də, onun ideyalarının yaşamasında, habelə
xalqımızın yenidən müstəqilliyə
qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol
oynamışdır. Universitetin təşkil edilməsi
ideyası özlüyündə qeyri-adi cəsarət
nümunəsi, milli vətənpərvərlik örnəyi
olmuşdur. Universitet yarandığı gündən
ictimai-siyasi düşüncənin əsas mərkəzi kimi
çıxış edən ali təhsil müəssisələrindən
birinə çevrilmiş, respublikada intellektual potensialın
formalaşmasına, yüksək səviyyəli mütəxəssislərin
hazırlanmasında yaxından iştirak etmişdir.
Əsrlərin
mücadiləsi və mübarizəsi kimi XX əsrin əvvəllərində
- 1918-ci ilin 28 mayında müstəqilliyini elan etmiş Azərbaycan
xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən
bu nemətin şirinliyini uzun müddət dada bilməmişdir:
milli hökumət 1920-ci ilin aprelində bolşevik
qaragüruhu tərəfindən devrilmiş, ölkə
işğala məruz qalmışdır. Xalqın
şüurunda dərin iz salmış milli müstəqillik və
dövlətçilik amalı növbəti dəfə
amansızlıqla boğulmuş, respublikamız uzun illər
sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət
göstərməyə məcbur olmuşdur.
Bu da etiraf
olunmalıdır ki, 70 il totalitar rejimin ideoloji-siyasi
buxovları altında yaşamalı olan Azərbaycan
xalqının qəlbində bir müstəqil dövlətçilik
idealı kök salmışdı. Ötən əsrin
ortalarında Azərbaycanda siyasi hakimiyyətə irəli
çəkilən ulu öndər Heydər Əliyev ilk
gündən həyata keçirdiyi tədbirlərlə
xalqın gələcək müstəqilliyinə iqtisadi,
siyasi və hüquqi zəmin hazırlamağa
çalışmış, bu məqsədlə
genişmiqyaslı tədbirlər həyata
keçirmişdir. Böyük öndər Azərbaycana
birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə,
təqiblərlə üzləşsə də, riskdən
çəkinməyərək əzmkar fəaliyyəti ilə
xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti,
milli adət-ənənələri və düşüncə
sistemi barədə dolğun təsəvvürlər
formalaşdıra bilmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana
uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi
də məhz Azərbaycançılıq məfkurəsinin,
milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin
inkişafı, xalqın tarixi yaddaşının özünə
qaytarılması kimi fundamental prinsiplər əsasında
milli dövlətçilik arzularının və hisslərinin
güclənməsi, real siyasi amilə çevrilməsidir. Məhz
70-80-ci illərdə ölkədə yaradılmış
möhkəm təməl əsrin sonlarına doğru Azərbaycanda
milli-azadlıq hərəkatının başlanmasına və
respublikamızın müstəqillik qazanmasına imkan
vermişdir.
1991-ci ildə Azərbaycan
özünün dövlət müstəqilliyini elan etsə
də, bu, əslində formal xarakter daşımış,
1993-cü ildə ümummilli lider Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən
sonra Azərbaycan cəmiyyətində dövlətçilik
ideyalarının bərqərar olması fundamental mahiyyət
kəsb etməyə başlamışdır. Bu mərhələdən
etibarən respublikada müstəqil dövlət təsisatları
formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş,
Milli Məclisə ilk seçkilər keçirilmiş,
bütün bunlar respublikamızın demokratik və hüquqi
inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını
qoymuşdur. 1996-cı ildən Azərbaycan müxtəlif
konvensiya və sazişlərə qoşulmuş, milli
qanunvericiliyini Avropa standartlarına
uyğunlaşdırmış, Avropa Şurası, ATƏT,
Avropa İttifaqı, NATO, İKT və digər beynəlxalq təşkilatlarla
qarşılıqlı faydalı əməkdaşlıq
istiqamətində həlledici addımlar atmışdır. Ümumiyyətlə,
Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə
Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə
və inkişafına xidmət etmişdir.
Ulu öndərin siyasi
kursunu son 7 ildə uğurla davam etdirən dövlət
başçısı İlham Əliyev də Azərbaycanın
müstəqil dövlət kimi möhkəmlənməsinə
və inkişafına, demokratik, hüquqi dövlət
quruculuğuna çalışır. "Vətəndaş
cəmiyyəti quruculuğu, demokratik proseslərin möhkəmləndirilməsi,
hüquqi dövlətin formalaşdırılması heç
də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli
inkişafının başlıca şərtidir. Bizim təcrübəmiz
göstərir ki, Azərbaycanın seçdiyi yol
düzgün yoldur" - deyən Azərbaycan Prezidenti hesab
edir ki, demokratik dövlətin bir təsisat kimi başlıca
vəzifəsi bütövlükdə cəmiyyətin və
ayrılıqda hər bir vətəndaşın maddi rifah halının
yüksəldilməsi, onların sosial müdafiəsi və
layiqli həyat səviyyəsinin təmin olunması, habelə
şəxsiyyətin azad inkişafı üçün bərabər
imkanların yaradılmasıdır.
Ümumilikdə, ötən
7 ildə ölkədə kadr siyasəti və dövlət
idarəçiliyi məsələlərində Azərbaycanın
bütün vətəndaşlarının
iştirakının təmin edilməsi, əldə edilən
iqtisadi nailiyyətlərdən hamının öz bacarıq,
zəhmət və əqli imkanlarına görə bəhrələnməsi
həm də milli birliyin möhkəmləndirilməsi istiqamətində
atılmış mühüm addımlardandır. Ölkədə
uğurla həyata keçirilən sosial-iqtisadi siyasət deməyə
əsas verir ki, hüquqi-siyasi islahatlar bundan sonra da inamla davam
etdiriləcək, ölkəmiz demokratikləşmə və
insan hüquqlarının təminatı sahəsində daha
yüksək nailiyyətlər əldə edəcəkdir.
Ülvi QULİYEV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2010.- 27 may.- S. 7.