Ağsu: gələcəyi quranlar qədim şöhrəti də bərpa edirlər

 

Qəribədir, ilk anda yazının sərlövhəsində rayonun adını yazmaq istəmədim. Söhrab Tahirin "İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmürəm daha" - ifadəsinin təəssüratı ötəri də olsa belə bir hiss yaratdı. Ölkənin aran rayonlarını sel, su, daşqın və bu qəbildən olan təbii fəlakətlər elə şəkildə cənginə alıb ki, Ağsu rayonunun adındakı "su" sözü də bir andaca ötəri təlaş yaratmışdı. Ancaq susuz həyat yoxdur. Bir də ki, ağ gün ifadəsi kimi ağ su, Ağsu sözləri də arzu, istək, aydınlıq mənasında işlədilir. Bilmirəm nə qədər yerinə düşür, amma onu bilirəm ki, ağsulular elə öz əməllərini, fəaliyyətlərini istəklər, arzular üstündə qururlar və həmin arzuların işığında uğurlar, nailiyyətlər əldə edirlər.

 

...Ötən əsrin ən böyük imperiyalarından olan SSRİ çökəndə bu nəhəng məsələyə hərə öz prizmasından yanaşır, özünəməxsus tərzdə münasibət bildirirdi. SSRİ-nin taleyini keçmiş imperiyaların taleyi ilə müqayisə edənlər 70 ilin imperiya üçün çox az bir dövr olduğunu söyləyirdilər. O zaman ağsulu dostumuz Muğamat Səmədov maraqlı bir fikir söyləmişdi: "Bizim Ağsu 71 il Şirvan hakimlərinin baş şəhəri olub, şərəfli tarix yaradıb, SSRİ heç bu qədər də dözə bilmədi". O zaman həmin söhbətə bir az gülmüş və sonra tamamilə yaddan çıxartmışdıq. Çünki hamımız Şirvanın paytaxtının Şamaxı və Bakı olduğunu yaxşı bilirdik. Aradan təxminən 20 il keçəndən sonra jurnalist dostum Muğamatın həmin ifadəsiylə razılaşmalı olduq.

Ağsuda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə təşkil edilmiş "Mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi" adlı elmi-kütləvi tədbir zamanı bu diyarın tarixi barədə çoxsaylı maraqlı faktlarla tanış olduq. Rayon icra hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı başda olmaqla 42 nəfər elm xadimi iştirak edirdi. Alimlər əsaslı, tarixi faktlara istinad edərək söylədilər ki, XVIII əsrin 30-cu illərində Şirvana hücum edən Nadir Şah sən demə Şamaxı əhalisinin göstərdiyi müqavimətdən qəzəblənərək bu şəhəri yandırıb, əhalini isə Şamaxıdan 37 kilometr aralıda olan bir əraziyə - indiki Ağsuya köçürüb. Həmin ərazi 1735-1806-cı illərdə Şirvan hakimlərinin iqamətgahı kimi fəaliyyət göstərib. Yəni, Muğamatın söylədiyi "ağsulular gələcəyi qurmaq üçün qədim şöhrəti bərpa edirlər" - ifadəsi də fakt idi. Özü də möhtəşəm fakt.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə söhbətimiz zamanı da bu diyarın son illər əldə etdiyi çoxsaylı uğurlar barədə danışmazdan əvvəl alimlərin iştirakı ilə keçirilən tədbirdən söz düşdü, Ənvər müəllim qeyd etdi ki, 1969-82-ci illərdə Azərbaycan xalqı ulu öndərdən tarixə, dünənə münasibətin ən böyük nümunəsini öyrənib. Heydər Əliyev böyük qurucu, yaradıcı lider, xalqı sabaha, dövləti gələcəyə aparan öndər idi. Ancaq onun fikri sabahda, gələcəkdə olsa da, diqqəti tarixdə, dünəndə idi. Ulu öndər ölkənin hər yerindəki tarixi abidələrin dərindən öyrənilməsini, mühafizə edilən abidələr siyahısına salınmasını və beynəlxalq aləmdə təbliğinə nail olunmasını həmişə diqqətdə saxlayırdı. İndi Azərbaycanda mövcud olan tarix-diyarşünaslıq muzeylərinin və tarixi yer kimi mühafizə olunan Qoruq muzeylərin demək olar ki, 90 faizi məhz həmin illərdə qeydə alınmış və rəsmiləşdirilmişdi. Biz məmnunuq ki, cənab Prezident İlham Əliyev də həmin ənənəni böyük ustalıqla davam etdirir, yaşadır. Dövlət başçımızın təşəbbüsü və şəxsi qayğısı nəticəsində ərsəyə gəlmiş açıq səma altında Qala Tarixi-Etnoqrafik Muzeyi (Bakıətrafı ərazi) Azərbaycan tarixinin və məişətinin beynəlxalq aləmdə nümunəvi şəkildə təbliğ olunmasını təmin edir. Bakının qonağı olan əcnəbilərin hamısı İçərişəhərlə bərabər həmin muzeylərlə də tanış olur, öz ölkələrinə milli tariximiz barədə zəngin təəssüratla qayıdırlar. Yəni bizim Ağsuda Elmlər Akademiyası ilə müştərək təşkil etdiyimiz həmin tədbiri ulu öndərimizin və cənab Prezidentin bu sahəyə ayırdığı qayğı və diqqətin cavabı kimi qiymətləndirənlər tamamilə haqlıdırlar.

Ənvər müəllim əlavə etdi ki, Ağsu ərazisindəki Mehravan şəhərinin qalıqları xeyli müddətdir ki, tədqiq olunur. Bölgə tarixinin öyrənilməsində həmin tədqiqatların xüsusi əhəmiyyəti vardır. Bu ilin mart-aprel aylarında isə hələ ötən əsrin 80-ci illərindən tədqiq edilməyə başlanan "Xaraba şəhər" ərazisində arxeoloji qazıntılar sürətləndirilmiş, nəticədə XVIII əsr tariximizi öyrənmək üçün əvəzsiz materiallar əldə edilmişdir. Bu istiqamətdə aparılan işlər müasir Azərbaycan dövləti üçün çox böyük önəm daşıyır. Çünki bu gün respublikamız bütün sahələrdə iti sürətlə inkişaf edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları "inkişafın Azərbaycan nümunəsi" ifadəsini tez-tez dilə gətirirlər. Yəni yolumuz daha firavan sabahadır. Həmin yolun möhkəmləndirilməsi, əbədiləşdirilməsi üçün isə mütləq dünənimizi, tariximizi dəqiq öyrənməliyik. Bu, Heydər Əliyev dərsidir.

Həmsöhbətimin "Azərbaycan bütün sahələrdə iti sürətlə inkişaf edir" - ifadəsindən sonra mənim də deməyə sözüm var idi: "Əlbəttə, həmin inkişafa ağsulular da öz töhfələrini verirlər". - Səmimiyyətdən uzaq olsa da bizim rayonun da həmin prosesdə özünəməxsus xidmətləri, rolu var - desək yanılmarıq. Ancaq mən heç nə deməyəcəyəm. Yaxşısı budur özünüz baxın, özünüz qiymət verin.

Məsələ aydın idi. Rayon rəhbəri Ağsunun sosial-iqtisadi uğurları barədə danışmaq istəmirdi. Ona görə də biz başçının birinci müavini Rasim Novruzovla söhbət edib ətraflı məlumat aldıq. Rasim müəllim bildirdi ki, ölkə Prezidentinin rayona səfəri, görülən işlərə verdiyi qiymət, xüsusilə də ağsuluların minillik su həsrətinə son qoyulması məqsədilə içməli su kəmərinin çəkilməsi üçün dövlət büdcəsindən 3,7 milyon manat vəsait ayırması rayon əhalisinin sevincinə səbəb olub, insanların fəallığını artırıb. Bütün bunlara görə ağsulular möhtərəm Prezident İlham Əliyevə həmişə minnətdardırlar. 25 kilometr uzunluğunda içməli su kəmərinin çəkilməsi və Ağsu şəhərinin içməli su təchizatının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanır. Yaxın vaxtlarda tədbirin icrasına başlanılacaqdır. "Ekologiya ili" çərçivəsində kəndlərin su təchizatının yaxşılaşdırılması məqsədilə rayonun 8 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün torpaqayırma sənədləri də hazırlanıb.

Ağsu şəhərində idman-sağlamlıq obyektlərinin tikintisinə başlanılıb. Təməli ölkə Prezidenti tərəfindən qoyulan 3 min yerlik müasir tipli stadionun tikintisi davam etdirilir. Həmçinin stadionun ərazisində voleybol və basketbol meydançaları da inşa olunur. Hazırda Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonun Qaraqoyunlu kəndində 220 şagird yerlik orta məktəb binasının tikintisində son tamamlama işləri aparılır və Kalva kəndində 220 şagird yerlik orta məktəb binasının tikintisində işlər davam etdirilir.

Rayon ərazisində mədəniyyət obyektlərinin tikintisinə başlanılıb, təməli 29 oktyabr 2009-cu ildə ölkə Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən qoyulan Səməndər Rzayev adına Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin tikintisinin başa çatmasını bilirsiz ağsulu gənclər necə gözləyirlər?

Rayonda fəaliyyət göstərən emal müəssisələrinin istehsal prosesi qaydaya salınıb. İstehsal olunan məhsulların çeşidini artırmaq, daxili və xarici bazarlara keyfiyyətli məhsul çıxarmaq üçün yeni emal xətlərinin quraşdırılması və sexlərin tikintisi istiqamətində də işlər davam etdirilir.

Son illər Azərbaycanda müşahidə olunan dinamik yüksəliş, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoyub. Bu sektorun ümumi daxili məhsulda payı 85 faizə yüksəlib. Bu gün Ağsuda kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi mexanizmləri daha da təkmilləşdirilib. İş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması bu sahədə inkişafa mane olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlığa süni maneələrin yaradılması, hüquq-mühafizə və icra orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını daim pisləyib, bu münasibət konkret qərarlarla müşayiət olunub.

Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı da bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu davamıdır.

Fərman iştirakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, habelə həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır.

Məhz xüsusi diqqətin nəticəsidir ki, rayonda sahibkarlığın inkişafı geniş vüsət alıb. Ağsu şəhərində, eləcə də kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilib. Azərbaycan-Almaniya birgə müəssisəsinin şirə və şərab emalı zavodunun tikintisində son tamamlama işləri aparılır, şəhərdə sutkalıq istehsal gücü 30 ton olan çörək zavodunun, rayonun Padar kəndində saatlıq istehsal gücü 30 kubmetr olan qum-çınqıl karxanasının, onlarla ticarət, iaşə, məişət və servis, həmçinin digər xidmət obyektlərinin tikintisi davam etdirilir.

Ağsu şəhərində Mədəniyyət və İstirahət parkının, S.Vurğun küçəsində və Heydər Əliyev küçəsinin cənub hissəsində piyada səkilərinin, gecə işıqlandırma sisteminin, yaşıllıq sahələrinin yenidən qurulması işlərinə başlanılmışdır. Rayonun kəndlərində də abadlıq, quruculuq, tikinti və infrastrukturun bərpası sahəsində əsaslı işlərə start verilib. Ümumiyyətlə 2010-cu ilin I rübündə fəaliyyətə başlayan yeni və bərpa edilən müəssisələrdə, aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 340 nəfər işlə təmin olunub ki, onlardan 45 nəfəri daimi işlə təmin olunanlardır.

İnsanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial islahatların tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi ölkə vətəndaşlarının, ekoloji problemlərin həlli ilə məşğul olan dövlət qurumlarının, kütləvi informasiya vasitələrinin və digər ictimai təşkilatların qarşısında mühüm vəzifələr qoyur. Ölkə rəhbərliyinin bu həllivacib məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermişdir.

Ekoloji sabitliyin qorunması və ətraf mühitin yaxşılaşdırılması sahəsində rayonda xeyli işlər görülüb və bu işlər bu gün də davam etdirilir. Belə ki, 2009-2010-cu illərin payız-qış mövsümündə şəhərin küçələrinə, parklara, ictimai və inzibati binaların ərazisinə, həmçinin magistral yolların kənarına 19 min 440 ədəd ağac, 6347 ədəd gül və bəzək kolları əkilib, 19 min 245 kvadrat metr sahədə yaşıllıqlar salınıb. Ümumiyyətlə, son illər Ağsuda ətraf mühitin mühafizəsi, meşə zolaqlarının, parkların və tingliklərin salınması, eləcə də ekoloji cəhətdən mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlər sahəsində böyük işlər görülüb.

Rasim Novruzovla Ağsuda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdən, rabitə və nəqliyyat xidmətinin müasirləşdirilməsindən, əhalinin pensiya və müavinətlərinin vaxtında ala bilməsi üçün görülən işlərdən və başqa məsələlərdən də danışdıq. Düşündük ki, Ağsuda bu gün sözün həqiqi mənasında böyük, möhtəşəm işlər görülür, qədim şöhrəti bərpa edilir və gələcəyə möhkəm zəmin yaradılır.

...20 il qabaq "Ağsu 71 il Şirvanın mərkəzi olub" - deyən Muğamatla görüşə bilmədim. Görüşsəm deyəcəkdim ki, rayonu bu qədər inkişaf etdirməklə bəlkə yenə də Şirvanın mərkəzi olmaq iddiasına düşmüsünüz?

Yaxşısı budur, Muğamatla görüşümüzü və sualımızı növbəti səfərə saxlayaq.

Elə bu sözlərlə yazıya nöqtə qoymaq istəyirdim ki, birdən yadıma düşdü ki, Ağsuda Mədəniyyət və istirahət parkının sökülüb yeni layihə əsasında salınmasından axı heç danışmadıq. Düzdür, rayonda gözəl Heydər Əliyev parkı salınıb, respublikada analoqu olmayan Heydər Əliyev seyrəngahı inşa edilib. Hər ikisini gəzdikcə gəzmək istəyirsən. Bir azdan Ağsunun da çal-çağırlı günləri başlayacaq. Həm parkda, həm də seyrəngahda səhərə qədər, bəli təəccüblənməyin, məhz səhərə qədər insanlar istirahət edəcəklər.

Ərazisi 1,5 hektar olan yeni parkın eskizini görmüşəm. Çox gözəldir. Burada da hər şey olacaq. Uşaq əyləncə mərkəzindən tutmuş idman oyunları meydançaları, müxtəlif istirahət guşələrinə qədər hər şey ağsuluların istifadəsinə veriləcək. Daha heç nə demirəm. Yaxşısı budur Ağsunun gecələrini və ağsuluların sevincini gözünüzün qarşısına gətirin...

 

 

İlqar HƏSƏNOV,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 27 may.- S. 9.