Beynəlxalq qurumların Ermənistanı işğalçı
dövlət adlandırması
Azərbaycan diplomatiyasının
mühüm uğurlarından
biridir
Avropa Parlamentinin
Cənubi Qafqazla bağlı sonuncu qətnaməsi bunu bir daha sübut
etdi
Azərbaycanın xarici siyasət sahəsində qazandığı
uğurlar ölkəmizin dünya miqyasında nüfuzunu
getdikcə artırır. Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan xarici siyasətin bu gün
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
böyük müvəffəqiyyətlə davam etdirilməsi
Azərbaycanı təkcə regionda yox, bütün
dünyada sülhsevər dövlət kimi tanıdıb. Çünki
bizim xarici siyasətimiz sülhsevər siyasətdir və bu,
ölkəmizin daha geniş miqyasda tanınmasına xidmət
edir.
Ümummilli lider Heydər
Əliyev xarici siyasətimizi müəyyənləşdirərkən
demişdir: "Əsas vəzifəmiz dünyanın
bütün dövlətləri ilə bərabərhüquqlu,
qarşılıqlı surətdə faydalı əlaqələr
yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən
həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini
möhkəmləndirmək üçün, həm də
respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini
inkişaf etdirmək üçün səmərəli
istifadə etməkdən ibarətdir".
Ulu öndərin siyasi
kursunu layiqincə davam etdirən möhtərəm
Prezidentimizin rəhbərliyi altında həyata keçirilən
düşünülmüş xarici siyasət Azərbaycanı
dünya miqyasında daha geniş şəkildə
tanıtmış, regionda baş verən hadisələrə
təsirini gücləndirmiş və beynəlxalq aləmdə
gedən proseslərin fəal iştirakçılarından
birinə çevirmişdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində son illər baş verən proseslərə
diqqət yetirsək, bir daha aydın olur ki, artıq Azərbaycanın
bu sahədəki mövqeyi dünya səviyyəsində qəbul
olunur. Mötəbər nüfuzlu qurumların bir-birinin
ardınca qəbul etdikləri qətnamələrdə Ermənistanın
işğalçı dövlət kimi tanınması da diplomatiyamızın
uğurlarıdır. Bu vaxta qədər BMT, Avropa
Şurası, ATƏT, İslam Konfransı Təşkilatı
və digər beynəlxalq təşkilatlar tərəfindən
qəbul edilən sənədlərdə Azərbaycanın ədalətli
mövqeyi dəstəklənmiş, Ermənistanın isə
işğalçılıq siyasətindən hələ də
əl çəkməməsi kəskin pislənilmişdir.
Bu il may ayının
20-də Avropa Parlamenti tərəfindən "Avropa
İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb"
qətnaməsinin qəbul edilməsi ölkəmizin xarici
siyasət sahəsində qazandığı uğurları təsdiqləyən
daha bir tutarlı faktdır. Avropa Parlamenti də Ermənistanın
işğalçı dövlət olduğunu rəsmən təsdiqlədi.
Ən başlıcası isə odur ki, bu nüfuzlu qurumun qəbul
etdiyi qətnamədə Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal edilmiş Dağlıq
Qarabağ bölgəsindən və ona bitişik rayonlardan dərhal
çıxarılması barədə tələb öz əksini
tapmışdır. Qətnamədə "Azərbaycanın
işğal edilmiş Dağlıq Qarabağ bölgəsi"
fikrinin təsbit olunması Avropa Parlamentinin Dağlıq
Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi
olduğunu təsdiqləməsindən xəbər verir. Demək,
Avropa İttifaqı da Azərbaycanın ərazi
bütövlüyünü tanıyır və dəstəkləyir.
Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin
nizamlanmasında ölkələrin ərazi
bütövlüyünün yeganə variant olduğu, bununla
yanaşı beynəlxalq hüququn norma və prinsipləri
çərçivəsində həllinin
mümkünlüyü barədə mövqeyi bu gün beynəlxalq
aləmdə yüksək səviyyədə dəstəklənir.
Həm nüfuzlu beynəlxalq qurumların, həm də
qüdrətli dövlətlərin nümayəndələri
də ilk növbədə beynəlxalq hüququn norma və
prinsiplərinə riayət olunmasını zəruri hesab
edirlər. Avropa Parlamentinin qətnaməsində də bu vacib
məsələlər öz əksini tapıb. Belə ki, qətnamədə
münaqişənin beynəlxalq hüququn norma və prinsipləri,
dövlətlərin ərazi bütövlüyü çərçivəsində
nizamlanmasının vacibliyi, qaçqınların və məcburi
köçkünlərin hüquqlarının və
onların doğma yurdlarına qayıtması imkanının
təmin edilməsinin zəruriliyi vurğulanmışdır.
Göründüyü
kimi, Ermənistanın işğalçılıq siyasəti
ardıcıl şəkildə ifşa olunur. Avropa Parlamentinin
sonuncu qətnaməsi də bir daha təsdiqlədi ki,
bütün beynəlxalq təşkilatlar, həmçinin
dünya dövlətləri Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən sənədlər
qəbul edir və bəyanatlar verirlər. Onu da qeyd edək
ki, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə Ermənistanda
ictimai-siyasi vəziyyəti xeyli gərginləşdirib. Ermənistan
Milli Konqresinin fəallarından biri Arkadi Samvelyan yerli kütləvi
informasiya vasitələrinə verdiyi müsahibəsində
Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət
bildirərkən deyib ki, Serj Sarkisyan hakimiyyətinin uğursuz
diplomatik gedişləri Ermənistanı beynəlxalq aləmdə
rüsvay edib. Onun fikrincə, artıq elə bir beynəlxalq
qurum qalmadı ki, Ermənistanı işğalçı
dövlət adlandırmasın. A.Samvelyan bunun çox təhlükəli
olduğunu və gələcəkdə Ermənistanı
bütün yardımlardan təcrid etmək ehtimalı ilə
üz-üzə qoyduğunu bildirib. Politoloq qeyd edib ki, indi
dövr başqadır. İşğalçı dövlətə
yardım etmək istəyən, belə dövlətlərlə
əməkdaşlığa meyl göstərənlər
yoxdur. Hansı şirkət istəyər ki, ictimai-siyasi vəziyyəti
gərgin olan dövlətə sərmayə qoysun? Təbii
ki, heç bir şirkət bunu etməz. O deyib ki, bu gün
Ermənistan belə bir təhlükəli vəziyyətə
düşüb. Avropa Parlamentinin qətnaməsi bu təhlükəni
daha da reallaşdırdı. Ona görə də hakimiyyət
rəhbərləri qarşısında "nə qədər
gec deyil, qətnamənin dəyişdirilməsinə
çalışsınlar" tələbini qoyub. Bu isə
mümkün deyil. Çünki artıq qətnamə qəbul
olunmuş və beynəlxalq miqyasda yayılmışdır.
Qeyd edək ki,
böyük təşviş içərisində olan Ermənistan
tərəfi Avropa Parlamentinin qətnaməsinə düzəliş
etdirmək üçün böyük səy göstərsə
də, buna nail ola bilmədi. Ermənistan diplomatiyasının
bu sahədəki bütün cəhdləri iflasa
uğradı və qətnamə müəlliflərinə təsir
etmək imkanları heç bir nəticə vermədi. Sənədi
hazırlayan Avropa Parlamentinin Bolqarıstandan olan üzvü
Yevgeni Kirilov öz prinsipial və qəti mövqeyini sona qədər
qoruyub saxladı. Ermənistan tərəfinin əsas məqsədlərindən
biri heç olmasa, sənədin mətninə xalqların
öz müqəddəratını təyin etmə
hüququna istinadlar daxil edilməsinə nail olmaq idi. Lakin
Y.Kirilov onlara çox layiqli və tutarlı cavab verdi. Cavabda
bildirilir ki, bu, yalnız Gürcüstan ərazisindəki
münaqişələrə dair Avropa Parlamentinin
nümayiş etdirdiyi mövqedə müvafiq məsələlərin
nəzərə alınması halında mümkün ola bilər.
Bununla da oxşar münaqişələrə münasibətdə
"ikili standartlar" praktikasını tətbiq etmək
üçün göstərilən cəhdlərin
qarşısı alınmışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində aparılan danışıqlarda Ermənistan
tərəfinin hər zaman qeyri-konstruktiv mövqe
nümayiş etdirməsi artıq bütün beynəlxalq
qurumlara da bəllidir. ATƏT-in Minsk qrupunun həmsədrləri
tərəfindən təşkil olunmuş belə
görüşlərdə Ermənistan prezidentinin hörmətsizliyi
və həmsədr ölkələrin nümayəndələrinə
saymamazlıq etməsi beynəlxalq aləmin diqqətindən
yayınmır. Bütün bunlar Ermənistan tərəfinin
münaqişənin nizamlanmasında maraqlı
olmadığıını bir daha təsdiqləyir. Minsk
qrupunun təklif etdiyi Madrid prinsipinin yenilənmiş
variantı bəzi istisnalar olmaqla Azərbaycan tərəfindən
qəbul edilsə də, Ermənistan tərəfi hələ
də "ərköyünlük" edir, bu barədə qəti
mövqe bildirmir. Ona görə də Avropa Parlamenti Ermənistanı
münaqişənin nizamlanmasında konstruktiv mövqeyə dəvət
edir. Bütün bunlara rəğmən Avropa Parlamentinin qətnaməsində
Ermənistan yeniləşdirilmiş Madrid prinsipləri barədə
mövqeyini hələ də bildirməyən və artıq
çoxdan razılaşdırılmış məsələlərin
müzakirəsinə vaxtaşırı qayıdaraq
danışıqları pozmağa çalışan
qeyri-konstruktiv tərəf kimi göstərilmişdir. Bu
nüfuzlu qurum Ermənistanı təklifləri qəbul etməyə
çağırır. Həmçinin Ermənistan tərəfinin
Dağlıq Qarabağ ətrafında Azərbaycan
rayonlarının "girov" kimi saxlanılmasına son
qoyulması da tələb olunur. Xalqların öz müqəddaratını
təyin etməsi məsələsinə gəlincə isə
erməni tərəfinə bir daha xatırladılır ki,
indiki vəziyyətdə öz müqəddəratını
təyin etmənin ən yüksək həddi "daxili təyini-müqəddərat"
ola bilər.
Ermənistanın
işğalçılıq siyasətini davam etdirməsi təkcə
Avropada yox, bütün dünyada qəbul edilmir. Bu məsələ
qətnamənin demək olar ki, bütün müddəalarında
öz əksini tapıb. Avropa Parlamenti Ermənistana izah edir
ki, XXI əsrdə qonşu dövlətin ərazilərinin
işğal edilməsinə heç bir arqumentlə, o
cümlədən təyini-müqəddərat hüququ ilə
bəraət verilə bilməz. Dağlıq Qarabağın
statusu heç də Ermənistanın istədiyi tərzdə
müəyyənləşdirilə bilməz. Bu zaman beynəlxalq
hüququn norma və prinsipləri əsas götürülməlidir.
Avropa Parlamenti də bildirir ki, Dağlıq Qarabağın Azərbaycanın
tərkibində statusu yalnız bütün əhalinin tam,
birbaşa və bərabərhüquqlu iştirakı ilə
müəyyən edilə bilər. Bu əhali həm erməni
icmasını, həm də azərbaycanlı icmasını əhatə
edir. Bundan ötrü öz doğma ata-baba ocaqlarından didərgin
salınmış azərbaycanlıların yurd-yuvalarına təhlükəsiz
qayıtmaları üçün şərait yaradılmalıdır.
Bu isə Ermənistanın hərbi işğalına son
qoyulduqdan sonra mümkündür.
Qətnamədə diqqəti
çəkən əsas məqamlardan biri də Dağlıq
Qarabağdan didərgin salınmış insanların
"qaçqınlar" deyil, məhz "daxili
köçkün şəxslər"
adlandırılmasıdır. Bu isə, 1951-ci il Cenevrə
Konvensiyasına əsasən o deməkdir ki, Dağlıq
Qarabağ növbəti dəfə Azərbaycanın tərkib
hissəsi kimi tanınır.
Ermənistanın
işğalçı dövlət kimi tanınması istiqamətində
mötəbər bir qurumun da qəbul etdiyi qətnamə Azərbaycanın
xarici siyasət sahəsində irəliyə doğru
atdığı daha bir qətiyyətli addımdır. Bu
ondan xəbər verir ki, artıq Azərbaycanın mövqeyi
dünya birliyində yüksək səviyyədə dəstəklənir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 27 may.- S. 1.