31 may ümumdünya tütündən
imtina günüdür
Qlobal tütün epidemiyasına qarşı qlobal
mübarizə
Bu mübarizədə Azərbaycan da var
Bəşəriyyət XXI əsrin əvvəllərindən
başlayaraq daha bir problemlə - ağ ciyərin
xroniki xəstəliklərinin kəskin artması ilə
üz-üzə qalmışdır. Ekologiyanın pisləşdiyi,
qlobal tütün epidemiyasının genişləndiyi bir
şəraitdə bu növ xəstəliklər təkcə
sürətlə yayılmır, həm də bu səbəbdən
ölüm halları kütləvi şəkildə
artır.
Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) proqnozları da artıq bəşəriyyətin
qlobal tütün epidemiyası ilə üz-üzə
qaldığını və qarşısı alınmazsa
bunun böyük fəsadlar törədəcəyini konkret rəqəmlərlə
gündəmə gətirir. ÜST-nin apardığı təhlillər
göstərir ki, son 20 ildə tütündən istifadənin
miqyası nəinki azalıb, əksinə bəzi regionlarda kəskin
artıb. Xüsusilə gənclər və inkişaf etməkdə
olan ölkələrin əhalisi arasında müşahidə
olunan bu tendensiya ona gətirib çıxaracaq ki, 2030-cu ilə
qədər olan dövrdə hər il tütün
tüstüsü 5 milyondan 8 milyona qədər insanı
ölümə məhkum edəcək. Bu isə
QİÇS-dən, vərəmdən və malyariyadan bir
yerdə ölənlərin sayından çoxdur. Nəfəs
yollarının patalogiyası səbəbindən həyatını
itirənlərin 50 faizinin ölümünə məhz
tütün səbəb olacaq. Mütəxəssislər belə
nəticəyə gəliblər ki, bu epidemiyanın
qarşısının alınması üçün
dünya dövlətləri səy göstərməzsə,
qarşıdakı 50 ildə tütündən istifadədən
520 milyon insan öləcək. Çünki hazırda bu
ziyanlı vərdişdən bir milyarddan çox insan əziyyət
çəkir və 2025-ci ilə qədər onların
sayı 1,5 milyardı keçəcək.
Bütün dünyada xəstəliklərin
inkişafının risk faktoruna görə tütün
dördüncü pillədədir. Tütündən istifadəyə
görə çəkilən xərclər iqtisadiyyata da
dağıdıcı zərbə vurur.
Ən təhlükəli
və təşviş doğuran gerçəkliklərdən
biri də ondan ibarətdir ki, bu gün məktəb yaşlı
və yeniyetmə uşaqlar arasında da bu ziyanlı vərdişə
yoluxanların sayı sürətlə artır. Mövcud
araşdırmalar göstərir ki, bu gün tütün
tüstüsü aludəçilərinin üçdə
ikisi məhz yeniyetmə yaşlarından siqaret çəkməyə
başlamışlar. Bir sözlə, siqaret - bu sadəcə zərif
kağıza bükülmüş tütün yarpağı
deyil, asılılıq yaratmaq və öldürmək
üçün hazırlanmış yüksək texnoloji məhsuldur.
Bu işdə tütün industriyası heç bir millətə
və xalqa fərq qoymadan qlobal güc alaraq fəaliyyət
göstərir. Bu gün tütünün xeyrinə bir dənə
də olsun həqiqi iqtisadi və tibbi arqument yoxdur. O, sadəcə,
insanlara qəsd edir və milli xəzinəni boşaldır. Təsəvvür
edin ki, tütün sənayesinə və onların marketinqinə
gündəlik 11 min yeni tütün istifadəçisi
lazımdır ki,bu insanlar onların məhsulu üzündən
həyatlarını itirmiş adamları əvəz etsin. Hər
səkkiz saniyədə tütünlə bağlı xəstəlikdən
bir insan ölür və elə bu müddətə də onu
yeni birisi əvəz edir.
Təbii ki, kifayət qədər
həyəcanlı və qorxulu bu rəqəmlər və
arqumentlər bizim ölkədən, xalqımızdan da yan
keçmir. Azərbaycanın göstəriciləri
də ürəkaçan deyil. 1999-cu ilin statistikasına
görə bizim ölkədə kişilərin arasında
tütündən istifadə 30,2 faiz olmuşdursa 2006-cı
ildə Azərbaycanda keçirilmiş demoqrafiya və
sağlamlıq sorğusunun nəticələrinə görə
15-49 yaş arasında bu zərərli vərdişin
aludəçiləri 49 faiz təşkil etmişdir. Unutmaq
olmaz ki, bizdə qadınların tütündən istifadəsi
də istisna deyil. 1999-cu ilin məlumatına görə
qadınların 1,1 faizi tütündən istifadə edirdisə,
hazırda bu rəqəm daha böyük ola bilər.
Beləcə,
tütünün bütün dünyanın
sağlamlığına hücuma keçdiyini görən
Ümumdünya Səhiyyə Təşkilatı bu qlobal
çağırışa cavab verdi. 1996-cı ildə qlobal tütün
epidemiyasının qarşısını almaq məqsədilə
49-cu Ümumdünya Səhiyyə Assambleyası tütünlə
mübarizə haqqında beynəlxalq çərçivə
konvensiyasının işlənib hazırlanması təşəbbüsü
ilə çıxış etməyi Ümumdünya Səhiyyə
Təşkilatının baş direktorundan xahiş etdi.
ÜST-ün belə presedentsiz təşəbbüsünə
səbəb tütündən istifadənin insanların
sağlamlığına təsirinin miqyası haqqında real
elmi məlumatlar oldu.
21 may 2003-cü ildə
Ümumdünya Səhiyyə Assambleyası bütün
dünya dövlətlərinin tam hüquqlu nümayəndələrinin
işləyib hazırladıqları tütünə
qarşı mübarizə üzrə çərçivə
konvensiyasının bitmiş mətnini təsdiq etdi.
Konvensiya 2003-cü il iyunun 30-dan 2004-cü il iyunun 29-na qədər
BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında bütün
dünya dövlətlərinin imzalaması üçün
açıq idi. Bu müddətdə konvensiyanı
dünyanın 167 dövləti imzaladı. Bu gün
onların sayı 192-yə çatır və bu sırada Azərbaycan
Respublikası da var.
Bu günə
olan məlumata görə Çərçivə
Konvensiyasını 160-dan çox dövlət ratifikasiya
etmişdir və onların sayı çox sürətlə
artır.
Çərçivə
sazişi də qeyd etdiyimiz kimi, məhz tütün
epidemiyasının qloballaşmasına cavab olaraq
yaranmışdır... Bu epidemiya müxtəlif mürəkkəb
faktlar - ticarətin liberallaşması və birbaşa xarici
investisiyaların sayəsində yayılır. Başqa
faktorlar - qlobal marketinq, transmilli tütün reklamı,
satışın stimullaşdırılması və
sponsorluq, həmçinin, beynəlxalq kontraband və kontrafakt
tütün məmulatlarının daşınması da
tütündən istifadənin təhlükəli
artımına öz xidmətini göstərir.
Çərçivə
Konvensiyasının iştirakçı dövlətləri,
həmçinin, Azərbaycan öz üzərinə bir tərəfdən
tütün məhsullarına tələbatın və istifadəsinin
azalması ilə, digər tərəfdən isə
tütün məmulatlarının idxalına nəzarətlə
bağlı siyasət və qanun işləyib hazırlamaq və
qəbul etmək öhdəliyi götürürlər.
Azərbaycan Respublikası
2005-ci il sentyabrın 20-də
"Tütünə qarşı mübarizə haqqında"
Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə
Konvensiyasına qoşulmaq barədə qanun qəbul etmiş
və bununla da üzərinə bir çox öhdəliklər
götürmüşdür. Beş il
müddətində həyata keçiriləcək bu öhdəliklərin
ən əsası ÜST-ün Çərçivə
Konvensiyasının tələblərinə uyğun
tütünə qarşı mübarizə üzrə Milli
Strategiyanın və antitütün siyasətinin daha səmərəli
tədbirlərinin həyata keçirilməsini də
özündə birləşdirən planın qəbul edilməsidir.
Qəbul ediləcək Milli Strategiya dövlətin
antitütün siyasətinin prioritetlərini göstərəcək
və əsasən lobbistlərin destruktiv təsirindən
müdafiəyə xidmət edəcək.
Çərçivə
sazişi tütün məmulatlarından istifadənin məhdudlaşdırılması
və onun təsirinin azaldılması üçün əsasən
dövlətlərin hökumətləri qarşısında
aşağıdakı vəzifələri qoyur: - əhalini
tütünün tüstüsündən müdafiə edəcək
qanunun qəbul edilməsi. Bu məsələ ilə
bağlı Azərbaycan Respublikasının Milli Məclisində
qanun layihəsi hazırlanır və Səhiyyə Nazirliyi də
parlamentin müvafiq komissiyasına öz təkliflərini
vermişdir.
Qiymətlərin
müəyyənləşdirilməsi və vergi tədbirlərinin
tətbiqi vasitəsilə insanları tütün məmulatı
almaqdan uzaqlaşdırmaq. Konvensiyasının bu tələbi
ilə bağlı müvafiq təkliflər işlənib
hazırlanmış və respublikanın Taarif Şurasına
və parlamentə təqdim olunmuşdur. Bunu zəruri edən
bir çox amillər var.
Ekspertlər
qiymət amilinin tütünlə mübarizədə
xüsusi əhəmiyyət daşıdığını
bildirirlər.
Müqayisə üçün qeyd edək ki, Aİ
ölkələrində aksizlərin minimal məbləği
1,8 dollar təşkil edir, Avropa ailəsindən olan bir
çox ölkələrdə isə bu rəqəm 7,5-8
dollara bərabərdir. Məsələn,
Polşadakı təcrübə göstərir ki,
tütünə olan aksizlərin Aİ-nin minimum səviyyəsinə
uyğunlaşdırılması belə, 2008-ci ildə
tütünə tələbatı 10 faiz, 2009-cu ilin ilk
rübündə isə 2008-ci illə müqayisədə
daha 15 faiz aşağı salıb. Nəzərə
almaq lazımdr ki, tüstü çəkməyin "qiyməti"
- təkcə insan sağlamlığı üçün
faciəli nəticələr vermir, həm də böyük
sosial iqtisadi xərcdir. Təsəvvür edin ki, bütün
dünya ölkələrinin tütün çəkənləri
ildə siqaretə 100 milyard ABŞ dolları xərcləyirlər.
Məsələn, təkcə Qazaxıstandakı
tütün şirkətlərinin illik gəliri 250 milyon
dollar təşkil edir ki, bu da ölkənin səhiyyəsinə
ayrılan büdcənin tən yarısıdır.
Çərçivə
Konvensiyasının digər mühüm tələblərindən
biri tütün məmulatlarının reklamının və
hərəkətinin, tütün şirkətlərinin
sponsorluğunun tam qadağan olunmasıdır. 102
ölkədə aparılmış təhlillər göstərir
ki, tütündən istifadənin reklamının tam
qadağan olunması istifadənin azalmasına kəskin təsir
göstərir. Azərbaycanda bu məsələ
bir çox qanunvericilik aktları ilə tənzimlənsə
də, elə bilirik ki, tütünün reklamının
qanunla tam qadağan olunması onun dolayı yollarla
reklamını da aradan qaldırardı. Bu da belə nəticəyə
gəlməyə əsas verir ki, respublika parlamenti
"Tütünə qarşı mübarizə" haqqında
ayrıca bir qanun işləyib hazırlamalı və qəbul
etməlidir.
Mühüm tələblərdən
biri də tütündən istifadənin təhlükəliliyi
haqqında əhalinin məlumatlandırılması və
maarifləndirilməsi üzrə proqramın işlənib
hazırlanmasıdır. Bu istiqamətdə Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzi
müvafiq layihələr işləyib
hazırlamışdır. Bununla paralel olaraq mərkəz
proqram qəbul edilənə qədər də bir sıra
mühüm tədbirlər həyata keçirmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkədə sosial iqtisadi, o cümlədən səhiyyə
sahəsində həyata keçirilən islahatlar biz səhiyyə
işçiləri qarşısında da çox ciddi vəzifələr
qoyur. İstər regionlarda, istər paytaxtda yeni və
müasir tələblərə cavab verən
səhiyyə obyektlərinin tikintisi, fəaliyyətə
başlayan bu səhiyyə müəssisələrinin ən
qabaqcıl texnologiya ilə hazırlanmış tibbi
avadanlıqla təchiz edilməsi, səhiyyə nazirinin
bilavasitə rəhbərliyi ilə gerçəkləşən
səhiyyə islahatları, bir çox xəstəliklərə
qarşı mübarizə məqsədilə
qısa vaxtda işlənib hazırlanmış və qəbul
edilmiş 9 Dövlət Proqramının həyata
keçirilməsi üçün büdcədən kənar
dövlət vəsaitinin ayrılması onu göstərir ki,
əhalinin sağlamlığı dövlətimizin prioritet
hesab etdiyi vacib məsələlərdəndir. Azərbaycanın,
əvvəldə qeyd etdiyimiz kimi, 2005-ci ildə
"Tütünə qarşı mübarizə üzrə"
Çərçivə Konvensiyasına qoşulmasının
da mahiyyətində məhz respublika vətəndaşlarının
sağlamlığının dövlət təminatı
durur.
Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və
İslahatlar Mərkəzi (İSİM) yarandığı ilk
gündən ÜST-ün Çərçivə
Konvensiyasının qarşıya qoyduğu vəzifələr
istiqamətində müxtəlif istiqamətlərdə bir
sıra mühüm tədbirlər həyata
keçirmişdir.
Mütəxəssislərimizin
və ekspertlərimizin qarşısında qoyduğumuz ilk vəzifə
Azərbaycan Respublikasının tütünlə mübarizə
üzrə Milli Strategiyasının hazırlanması
olmuşdur. İlkin variantı hazır olan strategiyada
ÜST-ün Çərçivə Konvensiyasının
qaydalarına uyğun olaraq, dövlətin antitütün
siyasətinin əsas istiqamətləri və
görüləcək tədbirlər əksini
tapmışdır. Bunlardan, əsasən,
dördü daha səmərəli tədbirlər hesab olunur:
tütün məmulatlarına aksizlərin
qaldırılması, qapalı yerlərdə 100 faiz
tütünsüz mühitin yaradılması,
tütünün istənilən reklamının və
istehsalçılarının sponsorluğunun tam qadağan olunması,
həmçinin, siqaret qutularının üstündə
tütünün insan sağlamlığı
üçün ziyanını göstərən rəngli
şəkillərin yerləşdirilməsi.
Bu gün siqaret qutusunun
üstündə tütün çəkməyin
ölümcül təhlükəsini göstərən təsvirin
verilməsini həyata keçirən 20 ölkənin təcrübəsi
göstərir ki, belə təsvirlər bu ziyanlı vərdişin
sahiblərini daha ətraflı məlumatlandırır, nəinki
bu təsviri siqaret qutusunun üzərində verməyən
ölkələrin siqaret çəkənlərini.
Milli strategiyada
əksini tapan bu tədbiri bu gün real olaraq həyata
keçirmək imkanımız olmasa da, digər kütləvi
maarifləndirici tədbirləri müntəzəm həyata
keçiririk.
Bu tədbirlər sırasında paytaxtda,
şəhər və rayonlarda əhali ilə "Siqareti
atın", "Tütünsüz həyat",
"Tütün və qadınlar", "Tütün və
xərçəng - bir yerdə", "İdman
tütünə qarşı" mövzularında mühazirə
və söhbətlər aparılır, səhiyyə və
müalicə profilaktika müəssisələrində
tütün çəkməyin ziyanı haqqında sanitar
bülletenlər, plakatlar vurulur, yeniyetmələr və gənclər
arasında tütün çəkməyin
yayılmasının ziyanı mövzusunda konfranslar
keçirilir. Tibb işçilərinin
iştirakı ilə məktəblilərlə
"Tütün çəkmək haqqında bütün həqiqətlər",
"Sağlam bədəndə sağlam ruh olar", "Bir
damcı nikotin öldürür..." və sair mövzularda
söhbətlər aparılır, disputlar keçirilir.
İSİM-in mütəxəssislərinin hazırladıqları "Ziyansız tütün olmur", "Siqaret, yoxsa sağlamlıq", "Sağlamlıq üçün təhlükə" və sair müxtəlif buklet və əyani vəsaitlər ali və orta ümumtəhsil məktəblərində, kütləvi tədbirlərdə əhaliyə paylanır.
Etiraf etmək
lazımdır ki, tütünün ziyanı, tütün
çəkməyin insan sağlamlığı
üçün təhlükəsinin miqyasını
geniş əhali kütləsinə çatdırmaq işində
kütləvi informasiya vasitələri daha çox köməyimizə
gəlir. Müxtəlif qəzet və jurnallarda dərc
etdirdiyimiz mütəxəssis yazılarında tütün
tüstüsünün təkcə onun birbaşa istifadəçilərinə
deyil, ətrafdakı insanların sağlamlığına da
ciddi təhlükə törədildiyi geniş əksini
tapır.
Televiziya
kanallarında "Siqaretə "yox" deməyi bacar",
"Siqaretsiz həyat" kimi film-çarxlar
vaxtaşırı nümayiş etdirilir.
Lakin biz
çox istərdik ki, KİV, xüsusilə, televiziya
kanallarımız bəşəriyyət üçün, o
cümlədən bizim xalqımız üçün
böyük bəlaya çevrilən tütün
epidemiyası ilə bağlı materiallar, verilişlər
hazırlasınlar, bu tüstünün insan həyatını
necə zəhərlədiyini tamaşaçılarına,
oxucularına çatdırsınlar. Mənə elə gəlir ki,
tütünə qarşı mübarizədə onlar da vətəndaşlıq
mövqeyi nümayiş etdirməlidirlər.
Qarşıda 31 may
ümumdünya tütündən imtina günü gəlir və
bununla bağlı İSİM bir çox tədbirlər nəzərdə
tutub. Bu tədbirlər sırasında
uşaqlar arasında tütünə qarşı mübarizəni
əks etdirən rəsm müsabiqəsinin və jurnalistlər
arasında bu mövzuda yaradıcılıq müsabiqəsinin
keçirilməsi əsas yerlərdən birini tutur.
Artıq bir ilə
yaxındır ki, İSİM-in tütünlə mübarizə
məqsədilə hazırladığı www.tobaccocontrol.az
saytı fəaliyyət göstərir. Saytda tütünlə
mübarizə, onun tarixi, insanlıq üçün törətdiyi
bəlalar, mütəxəssis rəyləri və müxtəlif
tədqiqat materialları yer almışdır.
Görülən
bütün bu tədbirlər tütünə qarşı
mübarizə üzrə Milli Strategiyamızın əsas
istiqamətləridir. İlkin variantı müzakirə edilən bu Milli
Strategiyada Səhiyyə Nazirliyi ilə yanaşı, Təhsil,
Kənd Təsərrüfatı, Daxili İşlər, Vergilər,
Ekologiya və Təbii Sərvətlər, Gənclər və
İdman nazirliklərinin, Dövlət Gömrük Komitəsinin,
Ailə, Qadın və Uşaq problemləri üzrə
Dövlət Komitəsinin də üzərinə
böyük vəzifələr düşür.
Çərçivə
Konvensiyası, həqiqətən ictimai səhiyyə sahəsində
tarixi bir sənəddir. Bu gün, tütün
epidemiyasının qloballaşdığı bir şəraitdə,
əgər tütünə nəzarətin milli və beynəlxalq
aspektlərinə birgə baxılmazsa bu, tütünə nəzarət
üzrə ən yaxşı və hərtərəfli milli
proqramı belə məhv edəcək. Məhz buna
görə qlobal tütün epidemiyasına qarşı birgə
qlobal mübarizə aparılmalıdır.
Azərbaycanın
dövlət başçısının da, respublika
hökumətinin də bu istiqamətdə mövqeyi ölkəmizdə
həyata keçirilən tədbirlərdən aydın
görünür. Şübhəsiz ki, Azərbaycan
tütünün və tütün məmulatlarının
qlobal yayılmasına qarşı mübarizədə həmişə
Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə
Konvensiyasına qoşulan ölkələrlə birgə
olacaq.
Aris RÜSTƏMOV,
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin kadrlar
idarəsinin rəisi
Xalq qəzeti.- 2010.- 28 may.- S. 8.