Balakəndə Respublika Günü qeyd edilmişdir

 

Azərbaycan tarixinin ən şərəfli günlərindən olan 28 May ölkənin hər yerində olduğu kimi Balakəndə daim yüksək səviyyədə qeyd edilir. Builki əsas tədbir ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin ziyarəti abidə önünə çiçək dəstələrinin qoyulması ilə başlandı.

 

Sonra icra hakimiyyətinin binasında ümumrayon tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan rayon rəhbəri Asif Məmmədov qeyd etdi ki, milli tariximizdə əlamətdar və yaddaqalan günlər çoxdur. Onlardan biri də üç yüz illik bir monarxiyanın çökməsindən sonra yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin təsis edildiyi gün - 28 Maydır. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev 28 mayın ölkəmizdə hər il Respublika Günü kimi qeyd edilməsi barədə xüsusi sərəncam imzalamış, bu günün təntənəli bayram kimi qeyd edildiyi bütün mərasimlərdə iştirak etmişdir.

Rayon rəhbəri qeyd etdi ki, Azərbaycan xalqı 1918-ci ilin may ayında müsəlman dünyasında ilk demokratik respublikanı yaratmaqla Şərqdə yeni bir mütərəqqi tendensiyanın təməlini qoymuşdur. Azərbaycan Demokratik Respublikası qısa bir dövrdə fəaliyyət göstərsə də, xalqımızın demokratik dəyərlərə nə dərəcədə malik olduğunu təsdiq edən zəngin təcrübə formalaşdırmışdır. Təsadüfi deyil ki, həmin əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra siyasi irs kimi ilk müstəqil dövlətimizin rəmzləri və atributları qorunub saxlanılmışdır.

Yeri gəlmişkən, 90-cı illərin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi ikinci dəfə əldən getmək təhlükəsi ilə üz-üzə idi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizi həmin təhlükədən, xalqımızı isə alovlanmaqda olan vətəndaş müharibəsindən xilas etdi.

Bayram tədbirində rayon icra hakimiyyəti başçısının müavini Məmməd Şərifovun "28 May Azərbaycan xalqının tarixində" adlı məruzəsi dinlənildi. Sonra rayonun müxtəlif təşkilatlarının rəhbərləri, ziyalılar, ağsaqqallar çıxış edərək bu bayramın əhəmiyyətindən söz açdılar.

 

 

İlqar HƏSƏNOV,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 28 may.- S. 8.