Tariximizin parlaq səhifəsi
Müsəlman Şərqində ilk demokratik cümhuriyyət
XX əsrin əvvəlində müsəlman Şərqində
ilk demokratik respublika - xalq cümhuriyyəti quran və
parlamentarizmin əsasını qoyan Azərbaycan
xalqının öyünməyə haqqı çatır. 1917-ci
ilin fevralında Rusiyada baş verən inqilab nəticəsində
imperiyanın süqutu yaxınlaşdı və mərkəzdənqaçma
meyilləri gücləndi. Rusiya Dövlət Dumasına
seçilmiş Cənubi Qafqazdan olan deputatlar əvvəlcə
Xüsusi Komitə, noyabr ayında isə Zaqafqaziya Komissarlığı
yaratdılar. 1918-ci il fevralın 23-də Rusiyanın Müəssislər
Məclisinə seçilmiş deputatlar Tiflisdə
toplaşaraq əvvəlcə Zaqafqaziya Seymi, aprelin 22-də isə
müstəqil Zaqafqaziya Federativ Respublikası yaratdılar. Hər
üç millətin nümayəndələrinin təmsil olunduqları
Zaqafqaziya Seymində xarici və daxili amillərin sayəsində
ümumi dil tapmaq çətinləşirdi. Mayın 26-da
Zaqafqaziya Seymi özünün axırıncı
iclasını keçirir. Ertəsi gün Gürcüstan
öz müstəqilliyini elan edir. Mayın 27-də seymin
müsəlman fraksiyası Azərbaycan Milli
Şurasını elan edir. Milli Şuranın rəyasət
heyəti və sədri seçilir. Müsavat
Partiyasının təmsilçilərinin təklifi ilə
M.Ə.Rəsulzadə şuranın sədri seçilir.
Azərbaycan Milli
Şurasının 44 üzvündən 26-sının
imzaladığı dövlət müstəqilliyi haqqında
bəyannamə (Əqdnamə) ilə türk-müsəlman
dünyasında parlamentli respublikanın yaranmasının əsası
qoyuldu. Azərbaycanın öz müstəqilliyini elan etməsi
haqqında mayın 30-da hökumətin
başçısı Fətəli xan Xoyskinin imzası ilə
dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqraf
göndərildi. Sonralar Əsas Qanunun - Konstitusiyanın qəbul
edilməsi mümkün olmadığı üçün
İstiqlal bəyannaməsi Xalq Cümhuriyyətinin
süqutunadək bir növ Konstitusiyanı əvəz
etmişdir.
Bəyannamənin
6-cı maddəsində qeyd edilirdi ki, Müəssislər Məclisi
toplanıncaya qədər Azərbaycana xalqın seçdiyi
Milli Şura və Milli Şura qarşısında məsuliyyət
daşıyan müvəqqəti hökumət rəhbərlik
edəcək. İyunun 16-da Azərbaycan
hökuməti Tiflisdən Gəncəyə
köçdükdən sonra Qafqaz İslam ordusunun
komandanı Nuru paşa ilə Azərbaycan hökuməti
arasında gərginlik yaranmışdı. Belə mürəkkəb
vəziyyətdə Milli Şura fəaliyyət göstərməyin
mümkün olmadığını görüb, daha əlverişli
vaxta qədər özünü buraxmağa məcbur
olmuş və öz səlahiyyətlərini Fətəli xan
Xoyski hökumətinə həvalə etmişdi. Hökumət
həm qanunverici, həm də icraedici orqan funksiyasını
ifa edirdi.
Həmin
dövrdə Bakı erməni-bolşevik qüvvələrinin
işğalı altında idi. İyunun 12-də Bakı
Sovetinin hərbi qüvvələrinə Gəncə üzərinə
hücum əmri verilmişdi.
Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan edilməsi (19 iyun 1918-ci il), Azərbaycan Milli Ordusunun (Korpusunun) yaradılması (26 iyun 1918-ci il), türk dilinin (Azərbaycan türkcəsinin) dövlət dili elan olunması (27 iyun 1918-ci il), hərbi nazirliyin təsis olunması(1 noyabr 1918-ci il) ilə tarixi yaddaşımıza daxil olmuşdur.
Xalq cümhuriyyətinin
parlamenti və hökuməti mövcud olduqları müddətdə
fəaliyyətlərini daha çox sosial-iqtisadi və maliyyə
problemlərinin həllinə, ölkənin ərazi
bütövlüyünü təmin etməyə, vətəndaşların
hüquqlarını qorumağa, dövlətin demokratik və
hüquqi əsaslarını möhkəmləndirməyə,
Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri
tərəfindən tanınmasına nail olmağa, xarici
ölkələrlə siyasi, iqtisadi və ticarət əlaqələri
yaratmağa yönəltmişdi. Həmin dövrdə vətəndaşlıq
haqqında, ümumi hərbi mükəlləfiyyət
haqqında, mətbuat haqqında, Milli Bankın təsisi
haqqında, Bakı Dövlət Universitetinin
açılması haqqında, gömrük və
poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi
haqqında, məhkəmə qanunvericiliyi haqqında və
sair qanunlar qəbul edilmişdi.
Zəngin
dövlətçilik ənənələrinə malik olan
müstəqil Azərbaycan dövlətinin
atributlarının yaradılması hökumətin diqqət
mərkəzində olmuşdur. Müvəqqəti hökumətin
21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində
ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri
olan qırmızı rəngli bayraq Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul
edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin
başçısı Fətəli xan Xoyskinin məruzəsi
əsasında Azərbaycanın yeni üçrəngli -
mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və
üzərində ağ rəngli aypara və səkkizguşəli
ulduz təsviri olan milli bayrağının təsdiq
edilməsi haqqında qərar qəbul etmişdir. Bu gün Azərbaycan Respublikası üzərində
dalğalanan dövlət bayrağımız ilk dəfə
1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurasının yerləşdiyi binada (indiki Azərbaycan
Dövlət Neft Şirkətinin yerləşdiyi, o zamankı
neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş
və qaldırılmışdır.
Üçrəngli dövlət
bayrağımız 70 il sonra 1990-cı il
noyabrın 17-də qədim Azərbaycan diyarı
Naxçıvanda XX əsrin böyük siyasətçisi və
dövlət xadimi Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul
edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti
ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası
Ali Soveti "Azərbaycan Respublikasının dövlət
bayrağı haqqında Azərbaycan Respublikasının
Qanunu"nu qəbul etdi. Bu qanunla
üçrəngli milli bayrağımız Azərbaycan
Respublikasının dövlət bayrağı kimi təsdiq
edildi və bu müqəddəs istiqlal rəmzimiz
bütün Azərbaycan üzərində dalğalanmağa
başladı. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr
2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının
9-nun Azərbaycan Respublikasının Dövlət
Bayrağı günü kimi qeyd edilməsi qərara
alınmışdır.
Azərbaycan
Respublikasının dövlət gerbi istər
simvollarının zənginliyi, istərsə də Azərbaycan
milli dövlətçiliyinin, xalqımızın tarixi-mədəni,
milli-mənəvi görüşlərini hərtərəfli,
dolğun əks etdirməsi ilə seçilir. Müstəqil
Azərbaycan Respublikasının dövlət gerbinin layihəsi
1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan
Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə
onun qanunvericilik səviyyəsində qəbul edilməsi
mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan
Respublikasının gerbi və möhürünün, milli
himninin və hərbi ordenlərinin layihələrinin
hazırlanması haqqında" yenidən qərar qəbul
etmişdir. Qərarın birinci bəndində hərbi
ordenlərin yaradılması üçün müsabiqə
elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə
milli himnin, dövlət gerbi və möhürünün
layihələrinin hazırlanması ilə bağlı
müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə
həvalə edilmişdi. Birinci qərara əsasən
1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və
möhürü layihələrinin hazırlanması
üçün müsabiqə elan edilmişdi. Lakin təəssüf ki, 27 aprel 1920-ci il bolşevik
istilası və milli dövlətimizin süqut etməsi bu
ümummilli və dövlət əhəmiyyətli məsələləri
həll etməyə Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinə imkan vermədi. XX əsrin
sonunda Azərbaycan yenidən öz dövlət müstəqilliyini
bərpa etmək ərəfəsində - 1991-ci il fevralın
5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə
dövlət gerbinin hazırlanması üçün
müsabiqə elan olunmuşdur. 1991-1992-ci illər ərzində
müsabiqəyə dövlət gerbinin onlarla layihəsi
təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci
illərdə hazırlanmış layihələrdən
birinin qəbul edilməsi ilə bağlı təkliflər səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti
1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə
1919-1920-ci illərdə hazırlanmış dövlət
gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə
Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiq
etmişdir.
Özünü Azərbaycan
Xalq Cümhuriyyətinin varisi elan edən müasir Azərbaycan
Respublikasının parlamenti 1992-ci il
mayın 27-də "Azərbaycan Respublikasının dövlət
himni haqqında" Qanun qəbul etmişdir. Qanuna əsasən,
1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov
və şair Əhməd Cavad tərəfindən tərtib
edilmiş "Azərbaycan marşı" Azərbaycanın
dövlət himni kimi təsdiq edilmişdir. Beləliklə,
Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri
bərpa olunmuşdur.
1918-ci il
sentyabrın 15-də Qafqaz İslam ordusunun və Azərbaycan
ordusunun köməyi ilə Bakı daşnak-bolşevik
işğalından azad edildi. İki gün sonra Azərbaycan
hökuməti Gəncədən Bakıya köçdü.
F. X. Xoyskinin müraciətinə əsasən noyabrın 16-da
Milli Şura yenidən fəaliyyətə başladı. Milli
Şuranın noyabrın 19-da M. Ə. Rəsulzadənin sədrliyi
ilə keçirilən iclasında qərara alındı ki,
Azərbaycan parlamentində ölkədə yaşayan
bütün qeyri-millətlərin nümayəndələri təmsil
olunmalıdırlar. Parlamentin 120 nəfərdən
ibarət olması qərara alındı. Həmin dövrdə
Milli Şuranın Azərbaycanın mübahisəsiz hesab
etdiyi ərazilərdə - Bakı və Gəncə
quberniyalarında, Zaqatala dairəsində, İrəvan və
Tiflis quberniyalarının Azərbaycana bitişik və
soydaşlarımızın kompakt yaşadıqları ərazilərdə 2 milyon 750 min əhali yaşayırdı.
Onlardan 1,9 milyon nəfəri müsəlman, yarım milyonu erməni
230 min nəfəri ruslar idilər. Əhalinin hər 24 min nəfərinə
bir nümayəndə olmaqla, parlamentdə müsəlmanları
80, erməniləri 21, rusları 10, almanları bir, yəhudiləri
bir deputat təmsil etməli idi. Kvotaya uyğun gəlməsə
də, gürcülərin və polyakların da hərəsinin
bir nümayəndə ilə parlamentdə təmsil
olunmaları qərara alınmışdı.
Milli
Şuranın qərarına əsasən hələ 1917-ci
ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə
seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə
avtomatik olaraq yeni yaradılacaq parlamentin tərkibinə daxil
edilirdi. Qalan
deputatlar yeni seçilməli idi. Yeni seçiləcək 36
müsəlman deputat üçün yerlər
aşağıdakı qaydada ayrılmışdı: Bakıdan 5, Göyçay, Lənkəran,
Şamaxı və Zaqataladan 2, Quba, Gəncə və
keçmiş İrəvan quberniyasının azərbaycanlıların
əksəriyyət təşkil etdikləri
(Naxçıvan, Ordubad və Şərur-Dərələyəz
qəzaları) hissəsindən 3, Cavanşir, Qazax, Cəbrayıl
qəzalarının və Borçalının hərəsindən
bir deputat. Əsasnaməyə görə parlamentdə təmsil
olunmaq üçün ayrılan 21 erməni yeri
aşağıdakı qaydada bölünmüşdü: Gəncə
və Şuşadan hər birindən 8 nəfər, Bakı
Erməni Milli Şurasından 5 nəfər.
1918-ci il
dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin
Tağıyevin qızlar məktəbinin binasında
(hazırkı Əlyazmalar İnstitutunun binası) Azərbaycan
parlamentinin təntənəli açılışı oldu.
Binanın ətrafı həmin gün bayramsayağı
bəzədilmişdi. Bu parlament bütün müsəlman
Şərqində demokratik prinsiplər əsasında
formalaşdırılmış ilk parlament idi.
Parlamentdə o
dövrdə Azərbaycanın siyasi palitrasını əks
etdirən bütün partiyalar təmsil olunmuşdular. "Müsavat" və
bitərəflər fraksiyası ən böyük fraksiya
olaraq parlamentdə 38 deputatla təmsil olunmuşdu. Sollar -
hümmətçi menşeviklər və sosialistlər bloku
13 deputatla, "İttihadi-İslam" partiyası 13, "Əhrar"
fraksiyası 6, müstəqillər 3 yerlə parlamentdə təmsil
olunmuşdular. Milli bayraqlarla və xalılarla bəzədilmiş
iclas zalında müsavatçılarla azlıqda qalan millətlərin
nümayəndələri orta cərgədə, hümmətçi
menşeviklər və sosialistlər solda, bitərəflər
və ittihadçılar isə sağda əyləşmişdilər.
Diplomatik nümayəndələr lojasında
general Tomsonun nümayəndəsi polkovnik F.Kokkerel,
İranın konsulu Saed-ol Vezarya Marağei, Dağlılar
Respublikası hökumətinin sədri T.Çermoyev,
Gürcüstanın diplomatik nümayəndəsi Karsevadze,
Araz-Türk Respublikasının nümayəndəsi P. Əliyev
və digər qonaqlar əyləşmişdilər.
Parlamentin ilk
iclasını Milli Şuranın sədri M.Ə.Rəsulzadə
açaraq təbrik nitqi söyləmiş və parlamentin rəhbərliyini
seçməyi təklif etmişdi. Şəfibəy
Rüstəmbəylinin təklifi ilə o dövrdə
bütün Rusiya müsəlmanlarının lideri hesab olunan
siyasət nəhəngi, bitərəf Əlimərdan bəy
Topçubaşov parlamentin sədri, "Müsavat"
partiyasının üzvü Həsən bəy Ağayev isə
sədrin birinci müavini seçildilər. Həmin vaxt Ə.M.Topçubaşov
Azərbaycan nümayəndə heyətinin
başçısı kimi İstanbulda idi və sonradan Paris
sülh konfransında iştirak etmək üçün
Fransaya getmişdi. Parlamentin süqutunadək Ə.M.Topçubaşov
Azərbaycana qayıda bilməsə də, qiyabi olaraq
axıradək parlamentin sədri vəzifəsini
daşımışdı.
Parlamentdə
ermənilərə 21, ruslara 10 yer ayrılsa da, onlar parlamentin
açılışında iştirak etmədilər. Lakin sonradan Azərbaycanda
yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə Rus Milli
Şurası parlamenti boykot etmək haqqında qərarını
ləğv etdi və ruslar parlament iclaslarına
qatıldılar. Erməni deputatlardan isə 11 nəfəri
iki fraksiyada qanunverici orqanın fəaliyyətində
iştirak etmişdi.
Ümumiyyətlə,
Azərbaycan parlamentində 11 fraksiya və qrup fəaliyyət
göstərmişdir.
Tədqiqatçılar
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
parlamentçilik tariximizi iki dövrə ayırırlar. Birinci dövr - Milli
Şura dövrü, yəni 1918-ci il mayın 28-dən
noyabrın 19-dək olan dövrü əhatə edir.
İkinci dövr isə 1918-ci il dekabrın 7-dən 1920-ci il
aprelin 27-dək olan dövrü əhatə edir. Birinci
dövr 6, ikinci dövr 17 ay davam etmişdir. Birinci dövrdə
Milli Şuranın 9 iclası keçirilmişdir. Onlardan 7-si
Tiflisdə və Gəncədə, 2-si isə Bakıda
keçirilmişdir.
Xalq
cümhuriyyəti parlamentinin 145 iclası keçirilmişdir.
Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi
çıxarılmış və onlardan 230-u qəbul
edilmişdir. Parlamentdə 11 komissiya fəaliyyət göstərmişdir.
Azərbaycan
Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə 5 dəfə
hökumət kabinəsi qurulmuşdur. Bunun 2-si
parlamentçilik tariximizin birinci dövrünə, 3-ü isə
ikinci dövrünə təsadüf edir. Beş kabinədən
3-nə Fətəli xan Xoyski, 2-nə isə Nəsib bəy
Yusifbəyov rəhbərlik etmişdir. Sonuncu üç kabinədə
hökumətin tərkibi beynəlmiləl olmuşdur.
Azərbaycan
Xalq Cümhuriyyəti dövrünün əsas problemləri
ölkə daxilində erməni separatizminin güclənməsi,
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi
iddiası və qaçqınlar problemi olmuşdur. XX əsrin
sonunda müstəqil Azərbaycan Respublikasının yenə
də həmin problemlərlə üzləşməsi onu
göstərir ki, həmin problemlər eyni mənbələrdən
qaynaqlanır və Ermənistanın arxasında duran qüvvələr
onu körükləyir.
Azərbaycan Xalq Cümhuriyyətinin
mübahisəsiz ərazisi 97.297,67 kv.km (Bakı
quberniyasında 39.075,15 kv.km, Gəncə quberniyasında 44.371,29
kv.km, Zaqatala quberniyasında 3.992,54 kv.km, İrəvan
quberniyasında 9.858,69 kv.km) təşkil etmişdir. Azərbaycanın
Ermənistan və Gürcüstan arasında mübahisəli ərazisi
16.598,30 kv.km (İrəvan quberniyasında 7.913,17 kv.km, Tiflis
quberniyasında 8.685,30 kv.km) olmuşdur. AXC dövründə
mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi
113.895,97 kv.km olmuşdur.
Yeni yaranmış respublikalar arasında sərhədlərin müəyyən edilməsi üçün aparılan danışıqlarda Azərbaycan tərəfi "millətlərin öz müqəddəratını təyinetmə prinsipi"ni əsas götürürdüsə, Ermənistan tərəfi "tarixi prinsipləri" əsas götürür, guya qədimdə həmin mübahisəli ərazilərin "Böyük Ermənistan" ərazisinə daxil olduğunu iddia edirdi. Üstəlik, Azərbaycan Milli Şurasının 29 may tarixli iclasının qərarı ilə İrəvan şəhərinin Ermənistana paytaxt kimi güzəştə gedilməsi erməniləri yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməyə şirnikləndirmişdi. Gürcüstan nümayəndələri isə əsasən "əlverişli iqtisadi şəraiti" ön plana çəkir, əvvəlki inzibati-ərazi bölgüsünün (quberniya) saxlanmasına çalışırdı. Hər üç respublikanın biri digərinə qarşı ərazi iddiası, xüsusən də Ermənistan respublikasının fürsətdən istifadə edərək silah gücünə daha çox əraziləri ələ keçirmək cəhdləri milli münaqişələrin dərinləşməsinə, nəticədə isə yüz minlərlə əhalinin etnik torpaqlarından qaçqın düşməsinə səbəb olmuşdu. Ümumiyyətlə, həmin dövrdə Cənubi Qafqaz respublikaları arasında 11 zonada mübahisəli ərazi problemi meydana çıxmışdı. Azərbaycan tərəfi mübahisəli ərazilər problemini danışıqlar yolu ilə, bu mümkün olmasa, beynəlxalq güclərin iştirakı ilə yaradılmasını təklif etdiyi arbitraj yolu ilə həll edilməsini istəyirdi. 1919-1920-ci illərdə mübahisəli ərazilər və qaçqınlar problemini həll etmək üçün Bakıda və Tiflisdə dörd dəfə konfrans keçirilmişdi. Lakin bu konfranslar heç bir nəticə verməmişdi. 1919-cu ilin payızında Azərbaycan ordusunun Zəngəzuru erməni işğalından azad etmək üçün hərbi əməliyyatlara başlamasından sonra Ermənistan tərəfi müttəfiqlərin ali komandanlığının vasitəçiliyi ilə noyabrın 23-də Tiflisdə keçirilən konfransda atəşkəs əldə edilməsinə nail olmuşdu. Azərbaycan tərəfi birtərəfli qaydada qoşunlarını Zəngəzurdan geri çəkmiş, Ermənistan qoşunları isə fürsətdən istifadə edərək 1920-ci ilin yanvarında Zəngəzuru tamamilə işğal etmişdi. Azərbaycanın bundan sonra diplomatik danışıqlar yolu ilə Zəngəzuru azad etmək cəhdləri heç bir nəticə verməmişdi.
Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə
köçdükdən sonra Səhiyyə və Himayəçilik
Nazirliyi yaradılmış, Xudadat bəy Rəfibəyov nazir
təyin edilmişdi. Hökumət Bakıya köçən
zaman bu nazirlik iki yerə - Səhiyyə Nazirliyinə və
Himayəçilik Nazirliyinə bölünmüşdü.
Himayəçilik Nazirliyinin qarşısında 2 əsas vəzifə
dururdu: qaçqınlar məsələsi (qonşu ölkələrdən
Ermənistan və Türkiyədən) gələn
qaçqınları qəbul etmək,
onları ilkin zəruri ərzaq və qida məhsulları ilə
təchiz etmək, əkin üçün toxum və
işçi heyvanları ilə təmin etmək, bəzi kənd
icmalarında fərdi təsərrüfatları dirçəltmək
üçün faizsiz kredit vermək və
qaçqınları işlə təmin etmək) və himayəçilik məsələsi
(azyaşlı yetim uşaqların saxlanması
üçün yetimxanalar və düşərgələr
təşkil etmək, kasıblar üçün ucuz qiymətlə
yeməkxanalar, qida məntəqələri açmaq, fərdi
və ictimai xeyriyyəçilik fəaliyyətinə nəzarət
etmək, onun inkişafına yardım göstərmək).
Nazirlik yerlərdə məsələləri
qaydasında həll etmək üçün 6 dövlət
himayəçiliyi dairəsi təşkil etmişdi:
1)Bakı dairəsi (Bakı şəhəri, Bakı, Quba qəzaları
daxil idi), 2)Gəncə dairəsi (Gəncə şəhəri,
Gəncə və Qazax qəzaları), 3)Şamaxı dairəsi
(Şamaxı və Göyçay qəzaları),
4)Nuxa dairəsi (Nuxa, Ərəş qəzaları, Zaqatala
quberniyası), 5)Qarabağ dairəsi (Cavanşir, Şuşa,
Cəbrayıl və Zəngəzur qəzaları), 6)Lənkəran
dairəsi (Lənkəran və Cavad qəzaları). Bu
dairələrdə işlərə himayəçilik
müfəttişləri rəhbərlik edirdilər. Qaçqınlara yardım məsələsi Himayəçilik
Nazirliyində üç əsas istiqamətdə
qurulmuşdu: 1)Bakıda və onun mədən rayonlarında,
2)ölkənin digər yerlərində, 3)xarici dövlətlərdə.
1919-cu ildə qaçqınlar, kimsəsizlər və qocalar
üçün Suraxanıda, Ramanıda, Maştağada,
Bülbülədə, Ermənikənddə
və Bayılda yeməkxanalar açılmışdı.
Himayəçilik dairələrində müsəlman
qaçqınlarla yanaşı, erməni
qaçqınları üçün də ayrıca yeməkxanalar
açılmışdı. Ümumiyyətlə, 1919-cu ildə
yeməkxanaların sayı 17-yə
çatdırılmış, 2 ərzaq paylanma məntəqəsi,
5 çayxana fəaliyyət göstərmişdi. Ermənistandakı
müsəlman qaçqınların problemini həll etmək
üçün 1919-cu il iyulun 8-dən etibarən vəkil
Zülfüqar bəy Makinski Himayəçilik Nazirliyinin
İrəvanda müvəkkili kimi işə
başlamışdı.
Xalq cümhuriyyəti
hökumətinin başlıca məqsədi onun müstəqilliyinin
tanınmasına nail olmaqdan ibarət idi. Parisdəki Azərbaycan
nümayəndə heyəti bu məqsədlə çoxtərəfli
görüşlər keçirmişdi. Nəhayət,
1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycanın
müstəqilliyi de-fakto tanındı. Bu əlamətdar hadisə
ilə bağlı yanvarın 14-də bütün Azərbaycan
ərazisində bayram şənlikləri və Azərbaycan
parlamentinin xüsusi iclası keçirilmişdi.
8 aprel 1920-ci
ildə keçirilən parlament iclasında Azərbaycan
Cümhuriyyətinin Qərbi Avropa dövlətləri və
Amerikada diplomatik nümayəndəliklərinin təsis edilməsi
və
Azərbaycan
parlamenti mövcud olduğu dövrdə İstiqlal bəyannaməsinə
əməl etmişdir. Onun fəaliyyəti isə "Azərbaycan
parlamentinin "nakazı" ("təlimatı") əsasında
idarə olunmuşdur.
1920-ci ilin əvvəlində
parlamentin rəyasət heyətində dəyişiklik baş
vermişdir. Daxili nizamnaməyə əsasən bir illik səlahiyyət
müddəti başa çatdıqdan sonra Həsən bəy
Ağayev istefa vermişdir. Onun yerinə Məmməd Yusif Cəfərov
parlament sədrinin birinci müavini seçilmişdir. Xalq
cümhuriyyətinin süqutunadək parlamentə M.Y.Cəfərov
sədrlik etmişdir.
Lakin Azərbaycanın
daxili-siyasi həyatında yaranan sabitlik uzun sürmədi.
Ölkənin başının üstünü bolşevik təhlükəsi
almışdı. Rusiya qoşunları Azərbaycanın
şimal sərhədlərində cəmləşmişdi.
Xarici təhlükə ilə yanaşı, aprel ayının
əvvəllərindən başlanan hökumət
böhranı Azərbaycanda siyasi vəziyyətin daha da gərginləşməsinə
səbəb oldu. Mart ayında Qarabağda başlanan erməni
qiyamını yatırmaq üçün Azərbaycan ordu
hissələrinin Bakıdan Qarabağa göndərilməsi
Qırmızı Orduya qarşı ciddi müqavimət
göstərməyi mümkünsüz etdi. Azərbaycan
parlamenti 1920-ci il aprelin 27-də keçirilən sonuncu
iclasında Rusiyanın hərbi müdaxiləsi nəticəsində
fakt qarşısında qalaraq hakimiyyətin bolşeviklərə
təhvil verilməsi barədə qərar
çıxardı. Şimali Azərbaycan yenidən
Rusiyanın əlinə keçsə də, Azərbaycan Xalq
Cümhuriyyəti xalqımızın
azadlıq hərəkatı tarixində dərin iz buraxdı.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq
Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil
yaşamağa, öz dövlətçilik ənənələrini
bərpa etməyə qadirdir.
Azərbaycan
Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik
və ictimai-siyasi fikir tarixində rolu misilsizdir. Sovet
tarixşünaslığında xalq cümhuriyyətinin fəaliyyəti
qərəzli şəkildə
saxtalaşdırılmışdır. Müasir Azərbaycan
Respublikası XX əsrin əvvəlində mövcud olmuş
xalq cümhuriyyətinin varisi kimi, onun zəngin ənənələrindən
istifadə edir, onun irsinin üzə
çıxarılması və nəşr edilməsi istiqamətində
mühüm işlər görmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ərəfəsində
imzaladığı 30 yanvar 1998-ci il tarixli sərəncamı
ilə yaradılmış Dövlət Komissiyasının qərarı
ilə xalq cümhuriyyətinin irsinin mühüm sənədləri
7 cilddə çap olunmuşdur. Xalq cümhuriyyətinin
irsi tariximizin həm şanlı, həm də ibrətamiz səhifələridir.
Nazim MUSTAFA,
tədqiqatçı
Xalq qəzeti.- 2010.- 28 may.- S. 5.