Şərəfli istiqlal yolunun
başlanğıcı
Hər bir xalqın milli varlıq və özünüdərkinin
ali təzahür forması olan müstəqil
dövlət ideyasının praktik həyata vəsiqə
alması əsrlərlə davam edən tarixi mücadilə nəticəsində
mümkün olur. Dünyanın ən qədim
etnoslarından biri olmaqla, bəşər sivilizasiyasına
böyük töhfələr vermiş azərbaycanlılar
da taleyin qismətindən minilliklər boyu milli özünəməxsusluğunu
şərtləndirən keyfiyyətləri, milli dövlətçilik
ənənələrini yaşatmaq, azadlıq, müstəqillik
nemətinə qovuşmaq üçün ən çətin
və sərt sınaqlardan çıxmışlar. Bu
baxımdan azərbaycanlıların da milli dövlətçilik
şüurunun və ənənələrinin inkişafı
prosesi uzun əsrlər boyu davam etmiş, xalqın
formalaşma, təşkilatlanma və özünütəsdiqləmə
prosesinə əsaslı təkan vermişdir.
Tarix boyu bir
sıra böyük sərkərdələr, dövlət
xadimləri Azərbaycan torpaqlarını vahid dövlət
bayrağı altında birləşdirmək, milli dövlət
qurmaq istəsələr də, obyektiv və subyektiv səbəblərdən
qarşıya qoyduqları müqəddəs məqsədə
çata bilməmişlər. Müstəqil Azərbaycan
dövlətinin de-fakto qurucusu, ulu öndər Heydər Əliyevin
bəyan etdiyi kimi, əgər XX əsrin əvvəllərində
xalqımız milli azadlıq, dövlət müstəqilliyi
yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin
sonunda milli azadlığa, dövlət müstəqilliyinə
tam nail olubdur: "Müsəlman Şərqində
ilk demokratik cümhuriyyətin məhz Azərbaycan
torpağında yaranması xalqımızın o dövrdə
və o illər ərəfəsində - XIX əsrin sonunda və
XX əsrin əvvəllərində milli müstəqillik və
azadlıq duyğuları ilə yaşaması ilə
bağlıdır. O illərdə
xalqımızın qabaqcıl şəxsiyyətləri,
mütəfəkkir adamları, ziyalıları
xalqımızda milli azadlıq, milli müstəqillik
duyğularını gücləndirmiş, milli dirçəliş,
milli oyanış əhval-ruhiyyəsini yaymış və
bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasına gətirib
çıxarmışdır".
Qısa zaman kəsiyində
mövcudluğu ilə daim qürur duyduğumuz Azərbaycan
Xalq Cümhuriyyəti kifayət qədər çətin və
mürəkkəb tarixi mərhələdə meydana gəlmişdir. Rusiyada 1917-ci ilin
fevralında baş vermiş inqilabdan dərhal sonra Zaqafqaziya
Dövlət Dumasına seçilmiş deputatlar əvvəlcə
Zaqafqaziya idarəsi üzrə xüsusi komitə, sonra isə
Zaqafqaziya Komissarlığı yaratmışdılar. Zaqafqaziya respublikalarından Rusiyanın Müəssislər
Məclisinə seçilmiş və bolşeviklərin
oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən
nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə
toplaşaraq Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya
Seymini yaratmaq barədə qərar qəbul etdilər.
Zaqafqaziya Seymində və hökumətində təmsil olunan
deputatlar isə öz xalqlarının mənafeyini
ümumqafqaz mənafeyindən üstün tuturdular. Onların
ümumi platformaya malik olmaması isə növbəti
parçalanma prosesini qaçılmaz edirdi. Bu ziddiyyət və
fikir ayrılıqlarının nəticəsi olaraq 1918-ci il
may ayının 25-də Zaqafqaziya Seyminin də
mövcudluğuna son qoyuldu: ilk olaraq Gürcüstan Zaqafqaziya
Seymindən çıxaraq may ayının 26-da istiqlaliyyətini
elan etdi.
Zaqafqaziya Seymi
dağıldıqdan sonra, mayın 27-də seymin 44 nəfərlik
müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini
elan etmək və ilk milli hökuməti yaratmaq
üçün Tiflisdə toplandı. Fraksiya
Azərbaycanın idarə olunması səlahiyyətini üzərinə
götürmək qərarına gələrək
özünü Azərbaycanın Milli Şurası elan
etdi, M.Ə.Rəsulzadə isə sözügedən
şuranın sədri seçildi. 1918-ci il mayın 28-də
isə Azərbaycan Milli Şurası Həsən bəy
Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlal bəyannaməsini
qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin
hökuməti həmin bəyannamədə xalqın istiqlal və
azadlıq əzminin nəticəsi olaraq əldə olunmuş
müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli
sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə
xalqın firavan həyat tərzinə nail olmağı, hər
bir fərdin qanuni maraq və mənafeyinin
müdafiəsində dayanmağı qarşıda
mühüm vəzifələr kimi müəyyənləşdirmişdi.
1918-ci il mayın 28-də elan olunan "İstiqlal bəyannaməsi"nin
4-cü və 5-ci bəndlərində deyilirdi: "...4.Azərbaycan
Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək
və cins fərqi gözləmədən qəməlrovunda
(hüququ daxilində) yaşayan bütün vətəndaşların
hüquqi siyasiyyə və vətəniyyə təmin eləyir...5.
Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində
yaşayan bilcümlə millətlərə sərbəstanə
inkişaflar üçün geniş meydan buraxır".
Həmin
dövrdə Milli Şuranın və hökumətin
qarşısında duran ən mühüm vəzifələrdən
biri də Azərbaycanın istiqlaliyyətinin beynəlxalq aləmdə
tanınması idi. 1918-ci ilin mayın 30-da radioteleqrafla
dünyanın əsas siyasi mərkəzlərinə Azərbaycanın
öz müstəqilliyini elan etməsi barədə məlumat
verilmişdi. 1918-ci il iyunun 4-də
"Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan
Respublikası arasında dostluq müqaviləsi"
imzalanmışdı. Bu müqavilə Azərbaycan
Respublikasının xarici dövlətlərlə
imzaladığı ilk rəsmi sənəd idi. 11 maddədən
ibarət müqavilənin mühüm əhəmiyyətə
malik 4-cü maddəsində "Dinclik və
asayişi möhkəmləndirmək ölkənin təhlükəsizliyinin
təmini üçün əgər zərurət olarsa,
Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi
yardım göstərməyi öz üzərinə
götürür" müddəasının əksini
tapması son dərəcə əhəmiyyətli idi.
Milli Şura ilk hökumətin
təşkilini F.Xoyskiyə tapşırmışdı: ilk
hökuməti "Müsavat", "Müsəlman sosialist
bloku", "Hümmət", "İttihad" və bitərəflərdən
ibarət 9 nazir təmsil edirdi. Bu dövrdə
Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə
köçməsi ilə əlaqədar müxtəlif
qüvvələr arasında mübarizə gedirdi. İyunun
19-da Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə
alınaraq bütün ölkə ərazisində hərbi vəziyyət
elan edildi. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli 164
saylı sərəncamına əsasən, Azərbaycan Milli
Ordusu yaradıldı.
1918-ci il
iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti
Tiflisdən Gəncə şəhərinə
köçdü. Həmin dövrdə Gəncədə
real hakimiyyət Türkiyənin Qafqaz Ordusunun baş
komandanı Nuru paşanın əlində idi. Azərbaycan
Milli Şurası və hökumətinin həyata keçirməyə
çalışdıqları tədbirlərin "həddindən
artıq demokratik istiqamətindən" narazı qalan bəzi
qüvvələrin təsiri ilə Nuru paşa Azərbaycan
Milli Şurası və hökumətini şübhə ilə
qarşıladı. Uzun danışıqlardan sonra
qarşılıqlı güzəştlər əsasında
Milli Şuranın buraxılması və bütün hakimiyyətin
yeni yaradılacaq hökumətə həvalə olunması
barədə razılaşma əldə edildi. Bu məsələlərin
müzakirəsi üçün 1918-ci il iyunun 17-də Milli
Şuranın növbəti - sayca yeddinci iclası
keçirildi. Həmin iclasda Azərbaycan Milli
Şurasının buraxılması, bütün qanunverici və
icraedici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan
müvəqqəti hökumətinə verilməsi haqqında
iki mühüm qətnamə qəbul edildi. İclasda
çıxış edən F.X.Xoyski bəyan etdi ki, onun
yaratdığı yeni hökumətin başlıca vəzifəsi
Azərbaycanın azadlığı və istiqlaliyyəti
uğrunda mübarizə olacaqdır.
Milli hökumət
Gəncədəki fəaliyyəti dövründə - 1918-ci
ilin iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan
edilməsi haqqında" fərman imzaladı. Azərbaycan
dilli savadlı kadrların çatışmazlığı
nəzərə alınaraq, dövlət idarələrində
müvəqqəti olaraq rus dilindən də istifadəyə
icazə verilirdi. İyunun 24-də üzərində ağ rəngli
aypara və səkkizguşəli ulduz təsviri olan
qırmızı bayraq dövlət bayrağı kimi qəbul
olundu. Noyabrın 9-da isə həmin bayraq üçrəngli
- mavi , qırmızı və yaşıl zolaqdan ibarət
olan bayraqla əvəz edildi. Həmin il Azərbaycan Xalq
Cümhuriyyətinin himninin qəbul edilməsi ilə də əlamətdar
oldu. Azərbaycanın milli valyutasının - manatın
dövriyyəyə buraxılması da cümhuriyyət
hökumətinin qısa müddət ərzində həyata
keçirdiyi uğurlu tədbirlər sırasında idi.
Milli hökumət
ilk gündən Azərbaycan ətrafında mövcud
informasiya blokadasını yarmağa, respublikanı dünya
miqyasında tanıtmağa çalışır, eyni
zamanda, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa
ciddi ehtiyac duyurdu. Təsadüfi deyildir ki, Azərbaycanın
istiqlaliyyətinin bəyan edilməsindən cəmi bir il sonra
hökumət rəsmi mətbuat orqanı yaratmaq qərarına
gəlmiş və bu istiqamətdə ardıcıl
addımlar atmağa başlamışdı. Nəhayət,
maliyyə problemlərini dəf edən hökumət Gəncədə
rəsmi dövlət orqanı "Azərbaycan" qəzetinin
ilk sayının çapdan çıxmasına nail oldu. "Azərbaycan" qəzeti həmin dövrə
qədər çap olunan bir çox qəzetlərdən fərqli
olaraq tarixi bir missiyanı həyata keçirir, gənc,
müstəqil Azərbaycan dövlətinin həyatında
baş verən ictimai-siyasi və iqtisadi prosesləri
işıqlandırır, hökumətin rəsmi mövqeyini
ifadə edirdi.
Bakı şəhərini
1918-ci il iyulun sonlarında süqut etmiş Bakı
kommunasından sonra ələ keçirmiş eser-menşevik
və daşnak nümayəndələrindən ibarət
"Sentrokaspi diktaturası"ndan təmizləmək həmin
dövrdə Azərbaycan hökuməti qarşısında həyati
vacib vəzifələrdən biri idi. Bir neçə ay
davam edən qızğın döyüşlər nəticəsində
Qafqaz İslam ordusu 1918-ci il sentyabrın 15-də Bakını
düşmən ünsürlərdən təmizləməyə
nail oldu. Sentyabrın 17-də isə F.X.Xoyskinin
başçılıq etdiyi hökumət Gəncədən
köçdü və Bakı şəhəri paytaxt elan
olundu.
1918-ci il
iyunun 17-də Gəncədə fəaliyyətini
dayandırmış Azərbaycan Milli Şurası həmin il
noyabrın 16-da işini yenidən bərpa etdi. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli
Şura Müəssislər Məclisini çağırmaq
üçün görülməli işləri də
öhdəsinə götürdu. Əslində, müstəqil
parlamentin yaradılması respublikanın "İstiqlaliyyət
bəyannaməsi"ndə əksini tapmış məqsədlərin
reallaşdırılması zərurətindən irəli
gəlirdi. Həmin bəyannamənin ikinci bəndində
göstərilirdi ki, müstəqil Azərbaycanın siyasi
quruluş forması demokratik respublikadır. Məhz bu
baxımdan milli hökumət möhkəm qanunvericilik
bazası yarada biləcək orqanın formalaşdırılmasını
tez bir vaxtda başa çatdırmalı idi. Azərbaycan
parlamenti, eyni zamanda, gənc respublikanın dünyaya
tanıdılmasında, onun legitimləşdirilməsində
zəruri olan qanunvericilik bazasını çox sürətlə
formalaşdırmalı idi.
Milli hökumət
Azərbaycan parlamentini mümkün qədər tez
formalaşdırmağa çalışır, bunu bir tərəfdən
milli hakimiyyəti qanuniləşdirmək, digər tərəfdən
dövlət idarəetməsini demokratik prinsiplər əsasında
formalaşdırmaq istəyi ilə əsaslandırmağa
çalışırdı. 1918-ci il
noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə
şəraitdə Müəssislər Məclisinin
çağırılmasının
qeyri-mümkünlüyü ilə əlaqədar olaraq ali
hakimiyyət orqanı kimi "Azərbaycan parlamentinin
yaradılması haqqında" qanun layihəsini
hazırladı və həmin il noyabrın 19-da bu qanunu qəbul
etdi. Milli Şuranın tərkibi demokratik tələblərə
cavab vermədiyi üçün birpalatalı parlamentə
gizli seçkilər keçirilməsi qərara
alındı. Parlament haqqında qanun siyasi-hüquqi hadisə
kimi təqdirəlayiq olmaqla, seçkilərin keçirilməsi
üçün də hüquqi baza yaratdı. Parlamentin
yaradılması ərəfəsində ən mühüm
addımlardan biri də məhz müsəlman Şərqində
ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi
oldu.
Ekstremal şəraiti nəzərə
alan Milli Şura seçkili orqan olan
parlamentə koopitasiya qaydasında - ümumi seçki
keçirmədən, məhdud seçki qaydaları əsasında,
yerlərdəki nümayəndələrdən müəyyən
edilməklə, - Azərbaycan Cümhuriyyəti müvəqqəti
parlamentini yaratmaq qərarına gəldi. 120 nəfər
deputatdan ibarət olacaq qanunverici orqanın inzibati ərazi
vahidləri təmsilçilərindən də təşkil
edilməsi nəzərdə tutulmuşdu. Məhz bu
bölgü prinsipi həm də Azərbaycan sərhədlərini
dəqiqləşdirməklə bütün bölgələrin
iştirakını təmin edirdi. Seçki qanunu siyasi, sinfi,
dini, milli fərqləri nəzərə almadan səsvermə
hüququna malik bütün vətəndaşların
iştirakını təmin edirdi. Milli Şura
üzvlərinin qətiyyətli siyasi mövqeləri demokratik
parlamentin formalaşmasına gətirib çıxardı.
Milli hökumətin varlığını istəməyən
ermənilər və Rusiya tərəfdarları, habelə
milli hökuməti tanımaq istəməyən o vaxtkı
ingilis hərbi komandanlığı parlamentin
yaradılmasına mane ola bilmədilər.
Yeni
formalaşdırılacaq parlament ölkə əhalisinin hər
24 min nəfərinə 1 nəfər nümayəndə
hesabı ilə 120 nəfərdən ibarət olmalı, 80 nəfər
müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər
rusları, 1 nəfər almanları, 1 nəfər isə yəhudiləri
təmsil etməli idi. Milli Şuranın
19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən,
1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə
seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə
də birbaşa yeni yaradılacaq parlamentin tərkibinə
daxil edilirdi. 1918-ci il dekabrın 7-də Azərbaycanın
tarixində böyük hadisə baş verdi. Bakıda
H.Z.Tağıyevin qız məktəbinin binasında Azərbaycan
Xalq Cümhuriyyətinin parlamenti Milli Şuranın sədri M.Ə.Rəsulzadənin
giriş sözü və təbrik nitqi ilə
açıldı.
Azərbaycan parlamentində
ermənilərə 21, ruslara 10 yer ayrılmasına baxmayaraq,
onlar 2 ay müddətində ali qanunverici
orqanın açılışında iştirak etməmiş,
onun fəaliyyətini pozmağa
çalışmışlar. Bakıda fəaliyyət
göstərən Rus Milli Şurası isə Azərbaycanın
öz müstəqilliyini elan etməsi ilə "vahid və
bölünməz Rusiya"nın parçalanmasına yol
açdığını "əsas" gətirərək
Azərbaycan parlamentini boykot etmək barədə qərar qəbul
etmiş, bu qərarı erməni daşnakları da dəstəkləmişlər.
İki ay sonra parlamentin iclaslarına qatılan ermənilər
həmişə olduğu kimi, Azərbaycan dövlətçiliyinə
xəyanət mövqeyindən çıxış etmişlər.
İlk iclasda
"İttihad" fraksiyasından Q.Qarabəyli Azərbaycan
parlamentinin açılışı münasibətilə
siyasi məhbuslara ümumi amnistiya verilməsi təklifi ilə
çıxış etdi. Parlament fraksiyaları bu təklifi
yekdilliklə qəbul edərək amnistiya haqqında qanun
layihəsini hazırlamaq üçün 5 nəfərdən
ibarət işçi heyəti yaratdılar. "Azərbaycan
parlamentinin açılması münasibətilə siyasi əfvi-ümumi"
adlanan ilk qanun say etibarı ilə Azərbaycan Demokratik
Cümhuriyyətinin 7-ci rəsmi qanunu idi. Azərbaycanda
özünü ali hakimiyyət orqanı elan etmiş Milli
Şuranın "Azərbaycanın dövlət müstəqilliyinin
elan edilməsi haqqında", "Birinci Müvəqqəti
hökumətin tərkibi haqqında", "İkinci
Müvəqqəti hökumətin tərkibi haqqında",
"Müvəqqəti hökumətin hüquq və vəzifələri
haqqında", "Milli Şuranın buraxılması
haqqında" və "Azərbaycan parlamentinin
yaradılması haqqında" qanunları ilkin mərhələdə
milli qanunvericiliyin inkişafı baxımından böyük əhəmiyyət
kəsb edirdi.
Azərbaycan parlamentinin
1918-ci il yanvarın 25-də qəbul etdiyi
"Deputatlıq və məmurluq haqqında" Qanun isə
hakimiyyətlərin bölgüsü prinsipinin geniş tətbiqinə
imkan yaradırdı. Qanun layihəsi qanunverici
və icraedici hakimiyyətlərin bir-birindən ayrılıb
müstəqil olması və respublika dövlət
quruluşunun demokratik ənənələrinə
müvafiq olmasını nəzərdə tuturdu. Dövlət qulluğu ilə paralel şəkildə
parlament üzvü kimi fəaliyyət göstərməyin
qaydalarını tənzimləyən "Deputatlıq və
məmurluq haqqında" Qanun nazirlər istisna olmaqla,
bütün məmurlara hər iki hakimiyyət qolunda təmsilçiliyi
qadağan edirdi. İdarə xidmətində
çalışmayan məktəb məmurları və
ya professorlar, eləcə də müxtəlif azad peşə
sahibləri - hüquq məsləhətçiləri, həkimlər,
dövlət məmurları olmadıqlarına görə bu
sırada istisna təşkil edirdilər. "Deputatlıq və
məmurluq haqqında" Qanun Azərbaycan parlament təcrübəsində
istifadə olunan "qanun dərc olunduğu gündən
qüvvəyə minməsi" qaydasının tətbiqini də
nəzərdə tuturdu. Lakin qanun parlament
qulluqçularına və son dövrdə mükafat
almış qulluqçulara şamil edilmirdi.Parlament,eyni
zamanda,"Səpmə,yatalaq xəstəliyi ilə mübarizə
aparmaq üçün Nuxa şəhər ictimai
özünüidarə-bələdiyyəsinə 200 min rubl
dövlət xəzinəsindən kredit ayrılması
haqqında" qanunu qəbul etmişdi.
Bundan başqa, parlament "Yollar və
qara yollar, onların təmiri və inşasının Yollar Nazirliyinə verilməsi haqqında", "Müəssislər Məclisinə seçkilər üçün qanunnamə hazırlanmasına görə 20 min rubl ayrılması haqqında", "Vergilər sahəsində şikayətləri araşdırmaq üçün Maliyyə Nazirliyi nəzdindəki Ali Şura instansiyasının yaradılması haqqında", "Poçt və teleqraf nizamnaməsinin 131-ci və digər maddələrinin ləğv edilməsi haqqında", "Azərbaycan quberniya sənaye vergisi idarəsinin təşkili haqqında", "1918-1919-cu illər üçün quberniya və dairə vergi idarələrinin seçilməsi qaydaları haqqında" qanunları qəbul etmişdi.
Hökumət, eyni zamanda,
1918-ci il mart soyqırımının da təhqiqatının
aparılmasını diqqətdə saxlayırdı. 1918-ci il mart soyqırımını təhqiq edən
Azərbaycan Məhkəmə Palatası fövqəladə
istintaq komissiyasının ləğv edilməsi haqqında məlumatı
"Azərbaycan" qəzetinin 1919-cu il 26 aprel tarixli
sayında vermişdi. Məlumatda göstərilirdi
ki, Azərbaycan Məhkəmə Palatasının ali sədri,
xüsusi sərəncamla mart hadisələri ilə
bağlı materiallar toplanmasının
dayandırılması və toplanmış sənədlərin
bir hissəsinin Versal konfransına yola düşən
nümayəndə heyətinə verilməsi barədə
əmr vermişdir. Şifrələnmiş rəqəmli məlumatların
xüsusi kuryer vasitəsilə Parisə göndərilməsi
qərara alınmışdır.
Azərbaycan parlamenti 1919-cu ilin yayında qanunvericilik sahəsindəki fəaliyyətini davam etdirərək, ən müxtəlif sahələri əhatə edən qanun layihələrini o cümlədən, "Balaxanı-Sabunçu mahalında vergi polisi təsisi haqqında", "Şəhərlərdə bələdiyyə idarələri seçkiləri haqqında", "Əsgəri xidmətin müddəti barəsində", "Alkoqol məhsulundan aksiz vergisi miqdarının artırılması haqqında", "Azərbaycan hökuməti sərhəd mühafizə polkunun təsisi haqqında", "Teatr tamaşaları və əyləncə yerlərindən tutulan vergilərin hökumət xəzinəsinə idxalı haqqında", "İrəvan xeyriyyə işləri naziri və vəkilin (səlahiyyətli nümayəndə) maaşı və onun idarəsinə 177 min rubl ayrılması haqqında", "Lisenziyası olmayan içki ticarətindən alınan cərimələrin artırılması haqqında" və s. qanun layihələrini müzakirəyə çıxarmış və qəbul etmişdi.
Parlamentdə
"Hərbi mükəlləfiyyət haqqında" Qanuna nəzərdə
tutulan əlavələr və dəyişikliklər isə
orduya çağırılanların xidmət müddətini
müəyyən edirdi. Həmin vaxta qədər Rusiya imperiyası
qanunlarına müvafiq olaraq Azərbaycan Cümhuriyyətində
əsgəri xidmət 3 il 3 ay tətbiq olunurdu. Göstərilən
müddət məqbul sayılmadığından, onun 2 ilə
qədər azaldılması nəzərdə tutulurdu.
Müddətin azaldılmasında məqsəd gənclərin
hamısını orduya cəlb etmək, nisbətən
qısa müddətdə xidmət edib, ehtiyatda olanların
sayını artırmaqdan ibarət idi. Qanuna görə, 19-24
yaşı olanlar əsgərliyə
çağırılırdılar.
Ali qanunverici
orqanın fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu
oynayan "Azərbaycan parlamentinin nakazı (təlimatı)"
ilə tənzimlənirdi. Parlament Azərbaycanda hüquqi
və demokratik dövlət quruculuğuna mühüm töhfə
verdi, ölkə həyatının müxtəlif sahələrinə
dair bir sıra vacib qanunlar, qərarlar qəbul etdi. Həmin
dövrdə Azərbaycan müsəlman Şərqində
yeganə parlamentli respublika idi. 23 ay ərzində respublika
parlamentinin 145 iclası keçirildi, 270-dən artıq qanun
layihəsi müzakirəyə çıxarıldı,
onlardan 230-a yaxını təsdiq edildi.
Azərbaycan
parlamenti geniş səlahiyyətlərə malik olmuş və
ölkənin milli maraqlarının qorunması
baxımından mühüm addımlar atmışdı. Parlamentin
sədri Ə.Topçubaşovun rəhbərliyi altında
nümayəndə heyətinin Paris sülh konfransında
uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il
yanvarın 11-də Antanta dövlətləri Azərbaycanın
istiqlaliyyətini de-fakto tanımışdılar. AXC fəaliyyət göstərdiyi 23 aylıq
müddət ərzində 20-dən çox dövlətlə,
o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan,
İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka,
İtaliya, Fransa, İsveçrə, İngiltərə,
ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və s. baş konsulluq,
konsul agentlikləri səviyyəsində əlaqələr
qurmağa nail olmuşdu.
Ötən əsrin
əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan
Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik
respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi
qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi
əsaslar formalaşdırmışdır. Ümummilli
lider Heydər Əliyevin bəyan etdiyi kimi, "1918-ci
ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim
milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir,
xalqımızın böyük nailiyyətidir. Məhz bunlar
hamısı birlikdə indiki müstəqil Azərbaycanın
həm iqtisadi, həm intellektual, həm də mədəni
potensialını yaradıbdır".
Azərbaycan
Xalq Cümhuriyyəti müəyyən obyektiv və subyektiv səbəblər
üzündən süquta uğrasa da, xalqımız milli
özünüdərk və özünəməxsusluq
duyğularını, milli "mən"ini sovet
imperiyasının dövründə də yaşada bildi. Zəngin mədəniyyətə
malik mükəmməl etnos kimi bütün dünya tərəfindən
etiraf olunan azərbaycanlıların genetik birliyi, eyni etnomədəni
sistemə mənsubluğu, həmçinin milli dövlətçilik
təfəkkürü bu kimi amillərə qarşı kəskin
qadağalar müəyyənləşdirmiş Sovetlər
Birliyi dövründə də məhdudlaşdırıla
bilmədi.
Ulu öndər
Heydər Əliyevin ötən əsrin ortalarında Azərbaycanda
siyasi rəhbərliyə irəli çəkilməsi isə
respublikamızı həqiqi müstəqilliyə aparan nurlu
yolun başlanğıcı kimi xatırlanır. Tarixin
kamil şəxsiyyət, milli lider kimi Azərbaycan xalqına bəxş
etdiyi Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi
dövründə azərbaycanlıların müstəqil
düşüncə ətrafında birləşməsi, gələcəkdə
müstəqil dövlət üçün hərtərəfli
zəmin yaradılması imkanları genişləndi.
Əsrlər boyu əxz etdiyi dövlətçilik təfəkkürünü,
özünəməxsus milli-mənəvi dəyərləri,
adət-ənənələri, mental xüsusiyyətləri
müdrik rəhbərin sarsılmaz iradəsi, qətiyyəti
sayəsində vahid sistem halına gətirərək
özünütəsdiq imkanı qazanmış
xalqımız hələ keçmiş ittifaq dövründə
gələcək müstəqilliyinə etibarlı təməl
formalaşdıra bildi.
Ümumilikdə,
Heydər Əliyevin rəhbərliyi altında 70-80-ci illərdə
istər icra strukturları, istərsə də parlament səviyyəsində
həyata keçirilmiş kompleks tədbirlər
respublikamızın ötən əsrin 90-cı illərə
doğru müstəqillik uğrunda mübarizəsinə real
hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır. Bu
gün əminliklə demək olar ki, Azərbaycan Xalq
Cümhuriyyəti yaradıcılarının ideallarında
yaşatdıqları müstəqil hüquqi, demokratik,
dünyəvi dövlət məhz ulu öndər Heydər Əliyevin
1993-cü ilin iyununda respublikaya qayıdışından sonra
mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan Ali
Sovetinin Sədri seçilməsi isə ölkədə
qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə
möhkəmlənməsini təmin etməklə
yanaşı, qanunverici orqanın cəmiyyətdəki
nüfuzunu qaldırmış, onun təşəkkülünə,
ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə,
habelə milli parlamentarizm ənənələrinin
inkişafına böyük zəmin yaratmışdır.
Ali Sovetin Sədri
seçildikdən sonra ulu öndər Heydər Əliyev ona
göstərilən etimadı doğrultmağa
çalışacağını vurğulamışdır:
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi
1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik
Respublikasının ənənələri əsasında
müasir tələblərlə, dünyada gedən proseslərlə
bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam
və heç kəsin şübhəsi olmasın ki,
ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun,
yalnız və yalnız Azərbaycan Respublikasının
müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm.
Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin,
müstəqilliyini itirməyəcək, yenidən heç
bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir
başqa dövlətin əsarəti altına düşməyəcəkdir".
Ulu öndər
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin
qorunub saxlanılacağı və inkişaf etdiriləcəyi
ilə bağlı verdiyi bu vədini praktik olaraq gerçəkləşdirmiş,
sabit dövlətçilik ənənələrini
yaratmış, respublikamızı davamlı inkişaf yoluna
çıxarmış lider kimi xalqının qəlbində
yaşayır və rəğbətlə anılır. Bu
gün istər Azərbaycan Xalq Cümhuriyyəti
yaradıcılarının, istərsə də ulu öndər
Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri
ilə bağlı həyata keçməyən arzuları
Prezident İlham Əliyev tərəfindən uğurla
gerçəkləşdirilir. Ölkə iqtidarının xalqın dəstəyinə
arxalanması, hər bir məsələdə milli
maraqları önə çəkməsi sayəsində Azərbaycanın
daxili və xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə
qarşı yönələn istənilən təhdidə
çevik müqaviməti təmin edir.
Uzun illər
regionda siyasi orbitr rolunda çıxış etməyə
iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu
tərəfdaş kimi yanaşmaq məcburiyyətində
qalması, rəsmi Bakı ilə təzyiq və təhdid
dilində danışmağın mənasızlığını
dərk etməsi bu gün Azərbaycanın müstəqil
siyasət yeritməsinin ən mühüm göstəricisi
kimi vurğulana bilər. "Müstəqillik o deməkdir
ki, ölkə tam şəkildə müstəqil siyasət apara
bilsin. Ölkələr var ki, müəyyən səbəblərə
görə müstəqil siyasət aparmaq iqtidarında
deyildir, haradasa imkanları yoxdur, haradasa tədbirlər
görülməyibdir. Azərbaycan bu baxımdan ayaq
üstə çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz, borcumuz, bütün Azərbaycan
xalqının borcu ondan ibarətdir ki, bu müsbət meylləri
daha da möhkəmləndirək" - deyə Azərbaycan
Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin
90 illik yubileyi ilə bağlı keçirilən təntənəli
mərasimdə vurğulamışdır.
Bu gün
ölkə iqtidarının xalqın dəstəyinə
arxalanması, hər bir məsələdə milli
maraqları önə çəkməsi sayəsində Azərbaycanın
daxili və xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə
qarşı yönələn istənilən təhdidə
çevik müqaviməti təmin edir. Dünyada gedən
mürəkkəb, ziddiyyətli proseslərə baxmayaraq,
ölkə vətəndaşları əmindirlər ki, cənab
İlham Əliyevin yeritdiyi siyasət respublikanın siyasi
müstəqilliyini və milli təhlükəsizliyini daha da
möhkəmləndirəcək, onun inkişaf etmiş
ölkələr sırasına yüksəlməsini təmin
edəcəkdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2010.- 28 may.- S. 4.