"Onunçün öyrətdim ki,
əlimi bu sənətə..."
Söhbət iqtisadi rayonların
texniki peşə təhsili şəbəkəsindən gedir
Avropada peşə təhsili müəssisələri
ilə müxtəlif dövlət və qeyri-dövlət təşkilatları
arasında səmərəli əlaqələr sahəsində
təkmil sistem formalaşıb. Bu, peşə liseylərinə
cəmiyyətin inkişafında fəal iştirak etməyə,
baş verən dəyişikliklərə uyğun inkişaf
istiqamətlərini müəyyənləşdirməyə
imkan yaradır.Tərəfdaşlar isə ölkənin
inkişafında xüsusi çəkisi olan peşə liseylərin
və cəmiyyət üçün ixtisaslı kadr
potensialının formalaşmasına yardım etmək
imkanı qazanır. Həmin ölkələrdə nəinki
məktəbyaşlı yeniyetmələrin, həmçinin
yaşlıların, hərbi xidmətdən
qayıdanların, mühacirlərin və fiziki cəhətdən
qüsurlu insanların peşə hazırlığı nəzərdə
tutulur. Əsas uğur şagirdlərin istehsalat təcrübəsi
hesabına əldə edilir. Lisenziyalaşdırma zamanı
kadr hazırlığı prosesinin dörddə-üçünün
qeyri-auditoriyada təşkili, işəgötürənlə
real sifarişin olması tələb edilir. Bir sözlə,
öyrənməli cəhətlər çoxdur.
Ölkəmizdə
ilk peşə məktəbi 1843-cü ildə Şəkidə
açılıb. Orada ipəkçi ustalar
hazırlanırdı. Bundan 52 il sonra Bakıda mexaniki
inşaat sənət məktəbi yaradılıb. 1914-cü
ildə artıq on sənət məktəbində 2400-dən
çox şagird peşələrə yiyələnirdi.
Böyük Vətən müharibəsindən sonra bu şəbəkə
daha da genişləndi, artan tələbata uyğun yeni binalar
tikildi, tədris-təcrübə bazaları möhkəmləndirildi.
Təəssüf ki, 1988-93-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb iqtisadi-siyasi şərait nəticəsində peşə təhsilinə münasibət heç də ürəkaçan olmayıb. Ənənələr pozulub, binalar qarət edilib və təcrübəli mühəndis-pedaqoji kadrlar dağılıb. Hətta bu təhsil sahəsinin gərəkliyini lazımınca qiymətləndirə bilməyənlər sistemin bütövlükdə ləğv olunmasını təklif edirdilər.
Lakin bütün
bunlar arxada qalıb. Son illərdə bütövlükdə təhsil
sistemimizdə olduğu
kimi, onun peşə təhsili pilləsində də inkişaf hiss olunmaqdadır.
1996-cı ildə Nazirlər Kabineti "Azərbaycan Respublikasında
peşə təhsili
sisteminin təkmilləşdirilməsi
tədbirləri haqqında"
qərar qəbul edib. Bəzi məktəblərin bazasında liseylər yaradılıb. Elə həmin
ilin sonunda YUNESKO-nun təşkil etdiyi
"YUNEVOK" şəbəkəsi vasitəsilə Bakıda peşə təhsilinin inkişafına həsr olunmuş beynəlxalq
seminar keçirilib və
çoxlu təkliflər,
arzular səslənib.
İxtisaslı mütəxəssis və fəhlə kadrlarının hazırlığının
əmək bazarının
tələblərinə uyğunlaşdırılması
zərurəti qeyd edilib. Nəhayət, 2007-ci ildə Prezident
İlham Əliyevin sərəncamı ilə
"Azərbaycan Respublikasında
texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət
Proqramı (2007-2012-ci illər)"
təsdiq olundu. Bu çox aktual
və dəyərli dövlət sənədində
texniki peşə təhsilinin hərtərəfli
inkişafının konkret
yolları aydın göstərilir. Məqsəd peşə təhsili sahəsində maddi-texniki
bazanın möhkəmlənməsi,
iqtisadi münasibətlərin
formalaşması, idarəetmə
və kadr hazırlığının təkmilləşməsi,
peşə təhsilinin
ictimai statusunun yüksəlməsi və
məzmununun müasir
tələblər səviyyəsində
yeniləşməsidir.
Proqramın qəbulundan ötən
müddətdə Təhsil
Nazirliyi səviyyəsində
xeyli iş görülüb. Xüsusi olaraq
Fəaliyyət Planı
təsdiqlənib və
icrası ciddi nəzarətə götürülüb.
Nazirliyin Avropa Komissiyası ilə birgə həyata keçirdiyi
"Peşə təhsili
və təlim sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş
rayonunda pilot icrası"
layihəsi çərçivəsində
işlər görülməyə
başlanıb. Yeri gəlmişkən, bu yaxınlarda keçirilmiş konfransda
nazir Misir Mərdanov və həmin layihənin rəhbəri xanım Ann Kastis sistemin mahiyyətindən və bu sahədə görüləcək işlərdən
ətraflı bəhs
ediblər. Qazanılan uğurlar,
mövcud problemlər,
perspektivlər nəzərə
çatdırılıb.
KNAUF şirkəti ilə
də birgə layihələr həyata keçirilir. Ötən tədris ilində ölkəmizdə 108 peşə-ixtisas
təhsili müəssisəsi
fəaliyyət göstərib,
25201 şagirdin peşə
hazırlığı ilə
3700 nəfərlik mühəndis-pedaqoji
heyət məşğul
olub. Bəs, Dövlət Proqramının
icrası ilə bağlı yerlərdə
həyata keçirilən
tədbirlər qaneedicidirmi?
Bu qeydləri hazırlayarkən
cənub bölgəsindəki
bir neçə liseyin və peşə məktəbinin
vəziyyəti ilə
tanış olduq.
Biləsuvar peşə liseyi şəhərin mərkəzində,
Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan
lisey-məktəb kompleksinin
yaxınlığında yerləşir. 1975-ci ildə 146 saylı TPM kimi yaradılıb. Amma 90-cı illərin burulğanı bu məktəbə də ciddi zərbə
vurub, onu diqqət və qayğıdan kənarda qoyub. Yaxşı ki, son illərdə
burada işlər tədricən yaxşılaşmağa
başlayıb.
Liseyin binası
ikimərtəbəli, səliqəlidir. Təmir edilib,
yeni avadanlıq alınıb. Burada 9
kabinet var. Liseyin yeni direktoru Teymur Poladovun dediyinə görə, müqavilələrə əsasən,
şagirdlər Biləsuvar
baytarlıq-diaqnostika kabinetində,
"Aqroservis" və
"Məişət xidməti"
SC-lərdə istehsalat
təcrübəsi keçir
və geniş profilli traktorçu-maşinist,
təmirçi çilingər,
modelçi-dərzi, baytarlıq
operatoru, qaynaqçı-çilingər
ixtisaslarına yiyələnirlər.
Son vaxtlar Təhsil
Nazirliyi ilə "Azərsun Holdinq" Şirkətlər Qrupu arasında əməkdaşlıq
layihəsi çərçivəsində
razılaşmaya əsasən,
əmək bazarı ehtiyaclarına uyğun kadr hazırlığının
tənzimlənməsi yönümündə
birgə fəaliyyətə
start verilib.
Masallının Bədəlan kəndində,
uyğunlaşdırılmış binalarda yerləşən
orta texniki peşə məktəbi Nazirlər Kabinetinin məlum qərarı ilə 1996-cı ildə peşə məktəbi statusu alıb. Əvvəllər burada çaybecərən
ustalar, inşaatçı-dülgərlər,
avtoçilingərlər hazırlanırdı.
İndi biçici, tikişçi, traktorçu,
elektrik qaz qaynaqçısı, kompyuter
üzrə operator, tomat
və tərəəvəz
konservləri hazırlayan
usta və digər ixtisaslı kadrlar hazırlanır.
Məktəbin direktoru Reyhanxanım Xəlilova 1997-ci ildən bu vəzifədədir. Onun rəhbərliyi
altında 35 nəfər
mühəndis-pedaqoji işçi
çalışır. Dediyinə görə, məktəbin
müəyyən uğurları
da, çətinlikləri
də var. Mövcud tədris bazası hazırlanan peşələr
üzrə plan və
proqramların tələblərinə
cavab vermir. Yalnız birinci korpusda vəziyyət nisbətən
qənaətbəxşdir. Yataqxana, yeməkxana, dörd ailəli yaşayış
binası var. 1986-cı ildən
mövcud olan maşın və mexanizmlərin isə texniki vəziyyəti yaxşı deyil. Bütün bunlarla bərabər, biz də şahidi olduq ki, məktəbdə
daxili intizam güclüdür, şagirdlərin
dərsə davamiyyəti
normaldır. Hər
il bir
pedaqoji işçi ixtisasartırma kursuna göndərilir. Son vaxtlar məktəbə çoxlu sayda yeni ədəbiyyat gətirilib. Təhsil
Nazirliyi kollegiyasının
qərarı ilə
"Sənətkar" jurnalının
40 illik yubileyi ərəfəsində ilk peşə
təhsili müəssisələrinin
işçiləri arasında
"Ən yaxşı
məqalə müəllifi"
kimi məktəbin istehsalat təlimi ustası Əmsal Şahbazov 2-ci yeri tutub. Bu il
daha iki kompyuter dəsti verilməklə İKT-nin
sayı 7-yə çatdırılıb.
Nazirlik tərəfindən məktəbə
ixtisaslar üzrə 2
min manatlığa qədər
əyani vəsait və plakatlar verilib. Cari təmir işləri
görülüb. Ötən
il Masallı
peşə məktəbində
nazirliyin keçirdiyi
yoxlamadan sonra burada müəyyən kadr dəyişikliyi edilib, çatışmazlıqların
aradan qaldırılması
üçün tədbirlər
görülüb. Lakin qrupların
sayının və dərs saatlarının azaldılması müəyyən
çətinliklə müşayiət
olunur. Cənub bölgəsində turizmin sürətli inkişafı bu sahədə ixtisaslı kadrlara olan tələbatı
xeyli artırıb.
Bunu nəzərə alaraq, Lənkəran peşə
liseyində yeni ixtisasın incəliklərini
öyrənmək, təcrübə
mübadiləsi aparmaq
məqsədilə Qəbələ
rayonundakı peşə
liseyi ilə birgə tədbirlər görülüb. Liseyin direktoru
bildirdi ki, yeni ixtisasın tədrisi üçün
burada uyğunlaşdırılmış
kabinet hazırlanıb.
Bu lisey peşə
məktəbi kimi
1969-cu ildə yaradılıb. Vaxtilə Lənkərandakı
üç TPM-dən
biri olub. Lakin
1993-cü ildə Əlikram
Hümbətovun tərəfdarları
binanı zəbt edərək bərbad hala salıblar. Yataqxana binası xüsusilə yararsız vəziyyətə
düşüb. Hazırda 328 şagirdin təhsil aldığı, 33 müəllimin
və 19 ustanın çalışdığı liseyin əsaslı təmirə ehtiyacı
var.
Göytəpə şəhərində kompleks binada yerləşən Cəlilabad
peşə liseyinin direktoru Təhmasib Baxşıyev söhbət
zamanı dedi ki, əvvəlki gur dövrlərdəki kimi olmasa da,
lisey fəaliyyətini
uğurla davam etdirir. Burada 8 qrup var. Avtomobil
çilingəri, geniş
profilli traktorçu-maşinist,
təmirçi-çilingər, meliorasiya üzrə traktorçu, yük avtomobili sürücüsü
kimi peşələr
öyrədilir. Bundan başqa,
ödəniş əsasında
mühasib və fərdi kompyuter operatoru ixtisaslarına da yiyələnmək mümkündür. Peşə təhsili
ocağının mühəndis-pedaqoji
kadrları öz işini sevən təcrübəli mütəxəssislərdir.
Liseyin binası hər il
cari təmir edilir, amma əsaslı
təmirə ehtiyac duyulur.
Öyrəndiyimizə görə, Cəlilabad, Yardımlı və Lerik peşə məktəblərinin də
əsaslı təmirə,
ya da yeni
binalara ehtiyacı var.
Dövlət Proqramında da göstərildiyi kimi, sosial-iqtisadi infrastrukturun qurulmasında mühüm
önəm daşıyan
TPT sistemində şəbəkənin
optimallaşması üçün
müəyyən tədbirlər
görülsə də,
mövcud vəziyyət
bir çox hallarda müasir tələblərə cavab
vermir. Maddi-texniki bazanın təzələnməsi
xüsusilə vacibdir.
Regionların hərtərəfli tərəqqisi ixtisaslı
işçi qüvvəsi
probleminin əmək resursları baxımından
və yerli xüsusiyyətləri nəzərə
almaqla həllini qarşıya qoyur.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 2 noyabr.- S. 6.