Lerikdə cari ilin doqquz
ayında görülmüş işlər
təhlil olunmuşdur
Lerik Rayon İcra
Hakimiyyətinin şura iclasında Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin
2010-cu ilin doqquz
ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasından irəli gələn vəzifələr və cari ilin yanvar-sentyabr
aylarında rayonda görülmüş
işlər, qarşıda duran vəzifələr müzakirə
edilmişdir.
Tədbiri
giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyətinin
başçısı Rövşən Bağırov
açaraq qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin
ideyaları əsasında müəyyənləşdirilmiş
və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən inamla həyata keçirilən
sosial-iqtisadi kurs əvvəlki illərə xas olan
ardıcıllıqla ölkə iqtisadiyyatının
davamlı artımını təmin etməklə
xalqımızın maddi rifahının
yaxşılaşdırılmasını şərtləndirmişdir.
Respublikamızdakı uğurlu iqtisadi islahatların Lerikin də
sosial-iqtisadi inkişafına ciddi təsir göstərdiyini
diqqətə çatdıran natiq rayonun simasının
tanınmaz dərəcədə dəyişdiyini, bütün
ərazilərdə abadlıq- quruculuq işlərinin vüsət
aldığını və iqtisadiyyatın bütün sahələrində
uğurlara imza atıldığını qeyd etmişdir.
Bütövlükdə
isə 2010-cu ilin doqquz ayında rayonda görülmüş
işlər və qarşıda duran vəzifələr Lerik
Rayon İcra Hakimiyyəti başçısının
sosial-iqtisadi məsələlər üzrə müavini Habil
Məlikovun məruzəsində geniş əksini
tapmışdır.
Azərbaycan
Respublikasının sosial-iqtisadi tərəqqisinin getdikcə
sürətləndiyini, həyata keçirilən
mühüm dövlət proqramlarının, məqsədyönlü
islahatların ölkənin davamlı və tarazlı
inkişafına geniş imkan yaratdığını
vurğulayan məruzəçi 2010-cu il iyun ayının 25-də
Lerikə üçüncü dəfə səfər
etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
bir neçə sosial obyektin açılışında
iştirakını, ictimaiyyətlə görüşü
zamanı söylədiyi fikirləri rayonda
görülmüş işlərə verilən ən
böyük qiymətin təzahürü olduğunu
bildirmişdir.
Qeyd
olunmuşdur ki, 2009-cu ilin aprel ayından icrasına
başlanılan regionların sosial-iqtisadi inkişafı II
Dövlət Proqramı rayonda həlli vacib bir çox məsələlərin,
layihələrin və tədbirlərin həyata keçirilməsi
üçün əsas stimuldur. Belə ki, rayon icra hakimiyyəti
tərəfindən Dövlət Proqramının vaxtında
icra edilməsi üçün yuxarı dövlət
orqanlarına müraciətlər edilmiş,
hazırlanmış tədbirlər planına uyğun olaraq
ötən dövr ərzində rayonda 1159, o cümlədən
cari ilin doqquz ayında 650 yeni iş yeri
açılmışdır. Ümumilikdə 2004-2010-cu illər
ərzində Lerikdə 5726 nəfər, o cümlədən
2400 nəfər daimi işlə təmin edilmişdir.
İlin əvvəlindən rayonda tikinti-abadlıq işləri nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq davam etdirilmişdir. 2010-cu il iyunun 25-də açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi əsaslı təmir olunmuş rayon mədəniyyət evi, rayon mərkəzi xəstəxanası, yeni inşa edilmiş Heydər Əliyev Mərkəzi, ulu öndərin möhtəşəm abidəsi, Heydər Əliyev parkı, Bayraq Meydanı rayon sakinlərinin istifadəsinə verilmişdir.
Məruzəçi qeyd etmişdir ki, cari ilin doqquz ayında 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə rayonda ümumi məhsul buraxılışının həcmi 16,5 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 14,7 faiz, sənaye məhsulunun ümumi həcmi 6,6 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 7,9 faiz, nəqliyyat xidməti 1,4 faiz, ticarət 7,2 faiz artmışdır. Rayonun tikinti sektoruna ötən ilin müvafiq dövrünə nisbətən 3 milyon 645,6 min manat çox vəsait qoyularaq xərclər 8 milyon 179,5 min manata çatdırılmışdır. Pərakəndə əmtəə dövriyyəsində 12,4 faiz, əhaliyə göstərilən pullu xidmətdə 11,9 faiz artım müşahidə edilmişdir. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 17,9 manat artaraq 245,4 manata, əhalinin gəlirləri 5,5 faiz artaraq 42 milyon 320 min manata çatmışdır.
Natiq cari ilin 9 ayında aqrar sektorda əldə olunmuş uğurlardan bəhs edərək bildirmişdir ki, ilin əvvəlindən görülmüş kompleks tədbirlər nəticəsində rayonda iribuynuzlu mal-qaranın baş sayı 35995-ə, qoyun və keçilərin sayı isə 126287-yə çatdırılmışdır. Təsərrüfatlarda diri çəkidə 3259 ton ət, 12724 ton süd, 2981 min ədəd yumurta, 223,5 ton yun istehsal olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq rayonda aztəminatlı ailələrin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən söhbət açan məruzəçi bildirmişdir ki, 2010-cu ilin 9 ayı ərzində ünvanlı dövlət sosial yardımı üçün 1400 nəfərdən çox vətəndaş müraciət etmiş, komissiya tərəfindən araşdırma aparıldıqdan sonra 900 nəfər aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Hazırda rayon üzrə ünvanlı sosial yardım alan 1380 ailənin 7874 nəfər üzvünə hər ayda orta hesabla 138 min vəsait ödənilir.
Lerik şəhəri tam qazlaşdırılmışdır. Hazırda 2007-ci ildən qaz xətti çəkilmiş Ordahal kəndinin şəbəkəyə qoşulması üçün iş aparılır. Bundan əlavə, Cəngəmiran, Perzəkücə, Anbu, Blaband, Lüləkəran kəndlərinə, Lənkərandan qaz xəttinə qoşulmaqla Piran kəndinə və Lənkəran-Lerik magistral yolunun kənarında yerləşən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsinə başlanılmışdır.
İlin əvvəlindən Lerik Yüksək Gərginlikli Elektrik Şəbəkəsi tərəfindən 04-10 və 35 kv-luq elektrik hava xətlərində və yarımstansiyalarda əsaslı və cari təmir işləri görülmüşdür.
Şəhər əhalisinin və 30-a yaxın kənddə yaşayan əhalinin içməli suya olan tələbatının tam ödənilməsi və kanalizasiya sisteminin yaradılması ilə bağlı Dünya Bankı artıq rayonda işə başlamışdır.
Rayon icra hakimiyyəti başçısının müavini H.Məlikov ilin ötən dövrü ərzində Lerikdə yol infrastrukturunun yaxşılaşdırılaması, abadlıq-quruculuq işləri sahəsində həyata keçirilmiş işlərdən bəhs etmiş, təhsil sahəsində əldə olunmuş uğurları diqqətə çatdırmışdır.
Məruzə ətrafında rayon maliyyə idarəsinin rəis müavini Güləmirzə Ağayev, yüksək gərginlikli elektrik şəbəkə rayonunun rəisi Əlican Şahbazov və əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Vəligülla Alışov çıxış etmişlər. Şura iclasında sadalanan nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə qərar qəbul olunmuş, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tövsiyə və tapşırıqlar verilmişdir.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2010.- 2 noyabr.- S. 5.