Goranboy: inkişaf
sürətli və davamlıdır
Goranboy Rayon İcra Hakimiyyəti
başçısı yanında şuranın geniş
iclasında ilin 9 ayının sosial-iqtisadi inkişafına
yekun vuruldu, son rübün vəzifələrinə
aydınlıq gətirildi. Prezident İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin iclasında söylənilən
mülahizələr, verilmiş tapşırıqlar və
çıxışlar da diqqət mərkəzində oldu. 9
aylıq sosial-iqtisadi göstəricilər və cari vəzifələr
barədə məruzə edən Goranboy Rayon İcra Hakimiyyətinin
başçısı Nizaməddin Quliyev bildirdi:
- Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təsdiq
etdiyi regionların sosial-iqtisadi inkişafına dair ikinci
Dövlət Proqramının həyata keçirilməsi,
respublikanın hər yerində olduğu kimi, rayonda da
uğurla davam etdirilir. İlin əvvəlindən
bütün sahələrdə aparılan işlərin
miqyası genişləndirilmişdir. Rayonda tikinti,
abadlıq-quruculuq işləri bütün yaşayış
məntəqələrini əhatə etmişdir.
Goranboy şəhərinin Fizuli, Civəzadə, Ü.Hacıbəyov, C.Cabbarlı, R.Bağırov, M.Nağıyev və E.Bağırov küçələrinə ümumi uzunluğu 3,3 kilometr olmaqla 19,8 min kvadratmetr asfalt örtük salınmışdır. Goran və Qızılhacılı qəsəbələri, habelə Şahməmmədli kəndi istiqamətlərində müasir üslubda giriş qapıları inşa edilmişdir. 14 kilometr uzunluğunda yeni səki daşları düzülmüş, 3000 kvadratmetr səki yenidən döşənmişdir. Vüqar Bayramov küçəsi müasir üslubda yenidən qurularaq ikitərəfli hərəkət təmin edilmiş, yaşıllıq zolağı salınmış, müasir formada işıqlanma sistemi qurulmuşdur. C.Cabbarlı küçəsi 2 metr genişlənldirilmiş, yolun hər iki tərəfinə 1900 metr yeni bardür qoyulmuş, yaşıllıq salınmışdır.
Şəhərin mərkəzi küçələri boyu 900 metr uzunluğunda müasir memarlıq üslubunda yeni hasar çəkilmiş, hazırda 300 metr hasarın tikintisi gedir. Əsaslı şəkildə yenidən qurulmuş 5800 metr uzunluğunda yolun kənarlarına yaşıllıq zolağı salınmışdır. Ümumilikdə "Ekologiya ili" çərçivəsində rayon ərazisində 87 min ədəd ağac və gül kolları əkilmişdir. Ağac əkini davam edir. Qızılhacılı və Goran istiqamətində yol dairələri, Səfikürd istiqamətində isə şəlalə kompleksi tikilmişdir. C.Cabbarlı və R.Mustafayev küçələrinin kəsişməsində 2500 kvadratmetr ərazi təmizlənərək 650 kubmetr torpaq daşınmış, ağac əkilmişdir. Bütövlükdə şəhər ərazisində 9228 metr yeni bardür qoyulmuşdur.
Goran-Goranboy yoluna, C.Cabbarlı, R.Mustafayev, Civəzadə küçələrində müasir üslubda işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərdə 4 ikimərtəbəli və 1 beşmərtəbəli yaşayış binasının dam örtükləri dəyişdirilmişdir. Həmin ikimərtəbəli binaların fasadı, beşmərtəbəli binanın isə blokları təmir edilmişdir. 250 metr yeni kanalizasiya xətti çəkilmişdir. Civəzadə küçəsində xeyir-şər evi tikilmiş, mini stadion quraşdırılmışdır. Əraziyə 3000 kvadratmetr asfalt örtük salınmışdır.
Göründüyü kimi, rayonda genişmiqyaslı abadlıq, təmizlik işləri aparılır. Təmizlik idarəsinə 3 müasir texnika verilib. Respublika hökumətinin maliyyə dəstəyi ilə Goranboy şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlanmışdır. 73 kilometr su, 25,7 kilometr kanalizasiya xətti çəkiləcəkdir. Bu layihə həyata keçirildikdən sonra şəhərin içməli su və kanalizasiya problemi aradan qaldırılacaqdır.
Hesabatda daha sonra göstərildi ki, ilin əvvəlindən təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində xeyli görülmüşdür. Rus Borisi, Qurbanzadə və Azad kəndlərində müasir məktəb binaları, Bəşirli kəndində əlavə tədris korpusu tikilmişdir. Qaradağlı, Əzizbəyov, Qırıqlı, Gürzallar, Sarov, Yuxarı Ağcakənd, Abbasqulular kənd məktəbləri əsaslı təmir edilmişdir. Hazırəhmədli kəndində bina bərpa edilərək yeni uşaq bağçası açılmışdır.
Əvvəlki illərdə olduğu kimi, bu il də rayonda Heydər Əliyev Fondu tərəfindən məktəb tikintisi davam etdirilir. Hazırda Fondun dəstəyi ilə tikilən 420 yerlik şəhər 3 saylı orta məktəbi növbəti ilin yanvar ayında istifadəyə veriləcəkdir. 360 şagird yerlik Tatarlı kənd orta məktəbi üçün yeni binanın layihə-smeta sənədləri hazırlanaraq tikintiyə başlanmışdır.
Bu il Qaramusalı kəndində tibb məntəqəsi tikilmişdir. Mərkəzi xəstəxananın üç şöbəsi və Qızılhacılı həkim məntəqəsi əsalı təmir edilmişdir. Yenidən tikilməsinə və əsaslı təmirə ehtiyacı olan tibb müəssisələri çoxdur. Mövcud xəstəxanaların müasir tibbi avadanlıqlarla təchiz olunması ciddi məsələdir. Elə etmək lazımdır ki, insanlar müalicə və müayinə üçün rayondan kənara getmək məcburiyyətində qalmasınlar.
Mədəniyyət müəssisələrinin maddi bazasının yaxşılaşdırılması üçün rayonda ardıcıl tədbirlər görülür. Borsunlu və Xan Qərvənd kənd uşaq musiqi məktəbləri, Dəliməmmədli şəhər mədəniyyət evi, Şıxlar kənd klubu, Qaramusalı kənd kitabxanası əsaslı təmir edilmişdir. Rayonda mədəni-kütləvi tədbirlərin keçirildiyi yeganə qapalı yer olan şəhər Mədəniyyət evi uzun illər baxımsız qaldığından yararsız hala düşmüşdür. Hazırda burada əsaslı təmir işləri aparılır. İşlərin ümumi həcmi 75 min manatdır. İlin sonunadək bu vəsait xərclənəcəkdir. Binada tamamlama işlərinin başa çatdırılması üçün büdcədə vəsait nəzərdə tutulmalıdır.
Qızılhacılı, Xan Qərvənd, Rəhimli, Veyisli yaşayış məntəqələrində, habelə Dəliməmmədli şəhərində Bakı - Qazax avtomobil yolundan peşə məktəbinə və pambıq zavoduna qədər olan ərazidə yeni işıqlanma sistemi quraşdırılmışdır. 1671 metr piyada yolu tikilmiş, Fizuli küçəsinə 720 metr asfalt örtük salınmış, yol dairəsi tikilmişdir. Rayon ərazisində avtomobil yollarının kənarında müasir üslubda 10 dayanacaq qoyulmuşdur. Balakürd, Gülməmmədli, Səfikürd, Fəxralı, Qurbanzadə və Ağamalıoğlu kəndlərində ümumi uzunluğu 50 kilometrə yaxın kənddaxili yollar yenidən tikilmiş, digər kəndlərdə yollar təmir edilmişdir.
Ötən il Qarqucaq və Hacallı kəndlərini birləşdirən, eyni zamanda, hərbi məqsədlər üçün istifadə edilən körpünü sel suları yuyub aparmışdı. Artıq körpünün əsaslı şəkildə yenidən tikintisinə başlanmışdır. Qırıqlı kəndinə gedən yolda da çayın üzərində körpü salınacaq. Şəhər avtovağzalı üçün inzibati binanın tikintisi davam etdirilir. Goran dördyol ərazisində 600 yerlik şadlıq evi və istisu müalicə mərkəzi istifadəyə verilmişdir.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər bu il də davam etdirilmişdir. Cinli Boluslu kəndi təbii qazla təmin edilmişdir. Rayon mərkəzindən Aşağı Ağcakənd qəsəbəsinədək 38 kilometr uzunluğunda yeni daşıyıcı qaz xəttinin çəkilişi, o cümlədən Aşağı Ağcakənd, Meşəli yaşayış məntəqələrində küçə xətlərinin çəkilişi başa çatmışdır. Goranboy və Dəliməmmədli şəhərlərinin bir neçə küçəsində qaz xətləri yenisi ilə əvəz olunmuş, Veyisli kəndində 14 kilometr kəndarası yeraltı xətt, Aşağı Ballıqaya kəndində 14 kilometr küçə xətləri çəkilmişdir. Börü kəndində isə iş davam edir. Eyni zamanda, Dəliməmmədli - Fəxralı qaz xətti yenisi ilə əvəz olunur, Əlirzalı, Tap Qaraqoyunlu, Baxçakürd, Azad, Dəyirmanlar kəndlərində qaz xətləri yenidən çəkilir.
Əhalinin davamlı elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün Kürəkçay, Dəliməmmədli, Azad, Qazanbulaq, Səfikürd, Gülüstan, Çaylı yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılmışdır. Dəliməmmədli və Kürəkçay sahələrində şəbəkənin yenidən qurulması istiqamətində işlər davam etdirilir. İlin sonunadək Goranboy şəhəri ərazisində yerləşən şəbəkənin yenidən qurulması, Kələk, Xınalı, Əzizbəyov, Səmədabad, Ağamalıoğlu və Qaramusalı kəndlərində 45 elektrik dayağı və 10 kilometr naqilin dəyişdirilməsi, 10 transformatorun əsaslı təmiri nəzərdə tutulmuşdur. Qarşıdan qış mövsümü gəlir. Şura iclasında vəziyyət təhlil edilərək konkret tapşırıqlar verilmiş, rayon qərargahı yaradılmışdır. Qış dövründə heç bir problem ortaya çıxmamalıdır.
Rayonda rabitə xidməti də xeyli yaxşılaşmışdır. Aşağı Ağcakənd qəsəbəsindən Yuxarı Ağcakəndə 7 kilometr kabel çəkilərək, 128 nömrəli elektron ATS istifadəyə verilmişdir. Yerlərdə əhali ilə keçirilən görüşlər zamanı bir sıra kəndlərdə, yeni yaşayış massivlərinə, habelə evlərə telefon çəkilməsi ilə bağlı müraciətlər edilmişdir. Yaxın vaxtlarda rayonun Səmədabad, Tatarlı, Azad, Qaramusalı kəndlərinin telefon artımının icrasına başlanacaqdır.
Düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində yaxın günlərdə 2 məktəbin, mədəniyyət evinin, uşaq bağçasının, rabitə və elektrik xətlərinin bərpasına, su xəttinin çəkilişinə başlanacaqdır. Məktəblər lazımi avadanlıqlarla təchiz ediləcəkdir.
Məruzəçi sonda bildirdi ki, bu il aqrar bölmənin inkişafı üçün tədbirlər davam etdirilir. Məhsul istehsalının artırılması ilə yanaşı, onun dayanıqlı bazarının yaradılması üçün də tədbirlər müəyyənləşdirilir. Yaxın vaxtlarda rayonda iki soyuducu kameranın və süd qəbulu məntəqəsinin tikintisinə başlanılacaqdır. Süd emalı zavodunun, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi müəssisəsinin və günəbaxan emalı sexinin tikintisi ilə əlaqədar işlər aparılır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ kənd təsərrüfatı məhsulları üzrə istehsal xeyli artmışdır. Rayonun iş adamlarına verilmiş kreditlər kənd təsərrüfatının inkişafına təkan verəcəkdir.
Bu vaxtadək rayonda 10 min 850 hektar şum qaldırılmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1550 hektar çoxdur. Oktyabrın 1-dək 1984 hektarda və ya əvvəlki illə müqayisədə 99 hektar çox səpin aparılmışdır və iş davam edir.
Şura iclasında çıxış edən idarə və
müəssisə rəhbərləri, sosial-iqtisadi
quruculuğa məsul şəxslər
ayrı-ayrı sahələrdəki uğurları, mövcud nöqsanları, qarşıda duran vəzifələri ətraflı təhlil
etdilər, təklif və mülahizələrini söylədilər.
Toplantıda yekun olaraq bilidirildi ki, ilin sonuna
iki ay qalıb. Bu aylar ərzində başlanılan işlər
davam etdirilməlidir.
Bütün idarələr işlərini
təhlil etməli, nəzərdə tutulan məsələlərin icrası
başa çatdırılmalıdır.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2010.-
2 noyabr.- S. 5.