Sülhsevər xarici siyasət Azərbaycanın dünya miqyasında nüfuzunu
daha da artırır
Ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi xarici siyasət sülhsevər
siyasətdir. Bu siyasət, ilk növbədə Azərbaycanın
dövlət müstəqilliyini təmin etməyə və
möhkəmləndirməyə yönəlmişdir. Bu sahədə
qarşıya qoyulan əsas vəzifələrdən biri də
dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu,
qarşılıqlı surətdə faydalı əlaqələr
yaratmaq və inkişaf etdirməkdən ibarətdir. Ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
daxili və xarici siyasətin möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
Azərbaycanı artıq bütün dünyada inkişaf
etmiş demokratik, sülhsevər dövlət kimi
tanıtmıhdır.
Müdrik
şəxsiyyət Heydər Əliyevin əsasını
qoyduğu xarici siyasətin uğurla davam etdirilməsi Azərbaycan
dövlətinin gələcəyi, onun daha da güclənməsi,
ərazi bütövlüyünün bərpa olunması, hər
bir vətəndaşımız üçün zəngin və
rahat şəraitin yaradılması, xalqımızın ən
ağrılı yeri olan Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri
çərçivəsində həlli deməkdir. Dövlət
başçısının düşünlmüş
diplomatik fəaliyyətinin nəticəsidir ki, nüfuzlu beynəlxalq
qurumlar və inkişaf etmiş dövlətlər Azərbaycanın
ərazi bütövlüyünü tanıyır, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
Prezident İlham Əliyevin mövqeyini dəstəklədiklərini
açıq şəkildə bəyan edirlər. Bu bəyanatlarda
birmənalı olaraq bildirilir ki, münaqişə dövlətlərin
ərazi bütövlüyü çərçivəsində
həll olunmalıdır. Məhz dövlət
başçımızın gərgin fəaliyyətinin nəticəsi
olaraq 2008-ci ildə BMT-nin Baş Məclisində yeni bir qətnamə
qəbul edildi. Məlum olduğu kimi, BMT Təhlükəsizlik
Şurasının erməni işğalçı qüvvələrinin
Azərbaycan ərazisindən çıxarılmasını
tələb edən dörd qətnamə qəbul
edilmişdir. 2008-ci ildə bu məsələnin yenidən
BMT-nin Baş Məclisinə çıxarılması
heç də asan başa gəlməmişdir. Bu, məntiqli,
davamlı və gərgin xarici siyasətin uğurlu nəticəsi
idi. İşğal edilmiş Azərbaycan ərazilərində
vəziyyət haqqında müzakirələrdən sonra
ölkəmizin xeyrinə qətnamə qəbul edilmişdir.
Avropa Parlamentinin, Avropa Şurasının, İslam
Konfransı Təşkilatının qəbul etdiyi qətnamələrdə
də Azərbaycanın dövlət
başçısının mövqeyi birmənalı olaraq dəstəklənir.
2008-ci ilin noyabrında üç dövlətin - Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları Moskva bəyannaməsində də münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin yeganə variant olduğu bildirilirdi. Moskva bəyannaməsindən sonra öz ölkəsinin tanınmış ictimai-siyasi xadimləri öz ölkələrinin Azərbaycanın xarici siyasəti və Prezident İlham Əliyevin diplomatik fəaliyyəti qarşısında tab gətirə bilmədiyini, tədricən əridiyini açıq şəkildə bəyan etmişlər. Ümumiyyətlə, bu bəyannamə Azərbaycanın xarici siyasətinin uğurlarını özündə əks etdirən dəyərli bir sənəd idi.
Dövlət başçımızın Azərbaycanı dünya miqyasında daha geniş şəkildə tanıdan xarici siyasəti ayrı-ayrı ölkələrə səfərləri zamanı da özünü bariz şəkildə göstərir. Həmin səfərlər zamanı əlaqələrmizi daha da genişləndirən, mövqelərimizi möhkəmləndirən sənədlər imzalanır, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə ətraflı məlumat verilir. Belə səfərlər zamanı Azərbaycanın sülhsevər dövlət olması, sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması, iri infrastruktur layihələrinin reallaşdırılmasında böyük təcrübəyə malik olması, demokratik, şəffaf, azad və ədalətli seçkilər keçirməyə qadir ölkə kimi tanınması artıq reallığa çevrilib. Məhz bu baxımdan hazırda dünyanın inkişaf etmiş qüdrətli dövlətləri Azərbaycanı özünə dost və güclü müttəfiq hesab edir. Bu yaxınlarda ABŞ-ın nüfuzlu "The Hill" qəzetində dərc olunmuş "Azərbaycan: Narahat regionda etibarlı tərəfdaş" sərlövhəli məqalədən bəzi məqamları diqqətə çatdırmaq istərdik. Məqalədə qeyd olunur ki, Azərbaycan ABŞ üçün strateji əhəmiyyətə malik regionda bu ölkənin dostu və güclü müttəfiqidir. Qəzet daha sonra yazır ki, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycan çox vacib rol oynayır. Azərbaycanın timsalında İslam və dünyəviliyin dinc şəraitdə necə mövcud olması açıq-aydın görünür. Vaşinqton Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün rəsmi Yerevanı danışıqlar masası arxasına gətirməkdə özünün xoş məramından istifadə etməlidir.
Göründüyü kimi, dünyanın super dövlətinin nüfuzlu qəzetlərindən biri ölkəmizin Avropa üçün əhəmiyyətli dövlət olduğunu, dünyada gedən proseslərə təsir imkanlarının artdığını dəyərləndirir. Onu da qeyd edək ki, Fransa, İtaliya, Rusiya Birləşmiş Ərəb Əmirlikləri, həmçinin digər ölkələrin kütləvi informasiya vasitələrində də Azərbaycanın daxili və xarici siyasət sahəsində qazandığı uğurlardan, beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasından bəhs edən məqalələr dərc edilir. Eyni zamanda, beynəlxalq ictimaiyyət həmin nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycan reallıqları ilə yaxından tanış olur, ölkədə baş verən dəyişiklikləri mütəmadi olaraq izləyir.
Azərbaycan Prezidentinin bu günlərdə Rusiya Federasiyasına və Ukraynaya səfərləri böyük maraqla izlənilmiş və imzalanan sənədlərlə xarici siyasət tarixinə yeni bir səhifə yazılmışdır. Dövlət başçımızın Həştərxanda Rusiya və Ermənistan prezidentləri ilə keçirdiyi görüş zamanı qəbul olunmuş humanitar xarakterli birgə bəyanat Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə doğru atılmış qətiyyətli addım oldu. Azərbaycan Prezidentinin Rusiya Federasiyasına növbəti səfəri təkcə iqtisadi-siyasi baxımdan deyil, həm də mənəvi-humanitar mənada yüksək qiymətə layiqdir. Rusiya Prezidenti Dmitri Medvedev də bu görüşün nəticəsini yüksək qiymətləndirmiş, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ciddi irəliləyişin olduğunu bildirmişdir. Rusiya Prezidenti görüşün əhəmiyyəti barəsində qısaca olaraq deimişdir ki, ən vacib məsələ odur ki, bu, təkcə danışıqlar deyil, həm də irəliyə doğru atılan addımdır. Məlum olduğu kimi, həmin görüş zamanı qəbul olunmuş birgə bəyannamədə əsir hərbçilərin və həlak olanların cəsədlərinin qeyd-şərtsiz qaytarılması üçün razılıq əldə olunması öz əksini tapıb. Rusiya Prezidenti Dmitri Medvedev bəyannaməni yüksək qiymətləndirərək demişdir: "Bu görüşdə tərəflər humanitar xarakter daşıyan birgə bəyanat razılaşdırıblar. Bu, münaqişənin həllində fikir ayrılıqlarının olduğu bir vaxtda çox mühüm hadisədir. Xüsusi olaraq söhbət əsir hərbçilərin və həlak olanların cəsədlərinin qeyd-şərtsiz qaytarılması üçün etimad tədbirlərinin möhkəmləndirilməsinə yönələn xüsusi bəyannamədən gedir". Bu bəyannamə bir də ona görə böyük əhəmiyyət kəsb edir ki, Azərbaycan və Ermənistan prezidentləri birinci addım kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların cəsədlərinin qaytarılması, eləcə də bu cür məsələlərin müstəsna humanitar xarakterlərini nəzərə alaraq gələcəkdə bu yanaşmaları rəhbər tutmaq barədə razılığa gəlmişlər.
Azərbaycan Prezidentinin Ukraynaya səfəri də böyük maraq doğurmuşdur. Çünki biz Ukrayna ilə həmişə dost və tərəfdaş olmuşuq. İki ölkə arasındakı tərəfdaşlıq artıq strateji səviyyəyə yüksəlmişdir. Dövlət başçımız səfər ərəfəsində Ukraynanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində də bu səfərin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Dövlət başçımız bildirmişdir ki, Ukrayna ilə ikitərəfli əlaqələrimiz uğurla və dinamik şəkildə inkişaf edir, qarşılıqlı siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Azərbaycan Prezidenti jurnalistlərin diqqətinə çatdırmışdır ki, ölkələrimiz uzun illər boyu, praktiki olaraq müstəqillik əldə etdikdən dərhal sonra çox sıx qarşılıqlı əlaqə saxlayır, iqtisadi sahədə ikitərəfli əməkdaşlıq genişlənir və çox yaxşı perspektivlər vardır.
2008-ci ildə BMT-nin Baş Məclisində işğal edilmiş ərazilərdə vəziyyət haqqında qətnamə irəli sürüləndə, səsvermə zamanı Ukraynanın ölkəmizi dəstəkləməsi Azərbaycanda böyük minnətdarlıq hissi ilə qarşılanmışdı. Digər məsələləri də nəzərə alsaq, iki ölkə arasında dostluq əlaqələrinin uzun tarixə malik olması bir daha öz təsdiqini tapır. Ona görə də dövlət başçımızın bu ölkəyə səfəri və imzalanan sənədlər böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin uğurlu diplomatik fəaliyyəti artıq Ermənistanı beynəlxalq aləmdə küncə sıxışdırıb. Bu gün Ermənistan tam təcrid olunub, nəqliyyat yolları və enerji dəhlizlərindən kənarda qalıb. Təbii ki, bütün bunlar Azərbaycanın xarici siyasətinin uğurlarıdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 2 noyabr.- S. 4.